Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-6151/2021 16.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Nəzərova Fatimə Fəxrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra - Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 02 aprel 2021-ci il tarixli **********832600 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, cavabdeh İddiaçı MMC-də kameral vergi yoxlaması keçirmişdir. Bütün tələb olunan sənədlər təqdim edilsə də, cavabdeh 12.01.2021-ci il tarixli **********845300 nömrəli məktuba əsasən Vergi Məcəlləsinin 224.1.2-ci maddəsinin tələblərini nəzərə alaraq araşdırma zamanı iddiaçının fəaliyyətinin pandemiyadan əziyyət çəkənlər siyahısında olmadığı üçün tətbiq edilmiş güzəşt məbləğinin silinməklə hesablama aparılması qənaətinə gəlmiş və 2020-ci il üzrə 19956,30 manat məbləğində əlavə vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 02.04.2021-ci il tarixli **********832600 saylı Qərar qəbul etmişdir. Lakin İddiaçı MMC pandemiyadan zərərçəkmiş müəssisədir. Pandemiya vaxtı iddiaçının fəaliyyətinə məhdudiyyətlər tətbiq olunmuş və işçilərin cəmi 50%-nə işləmə icazəsi verilmişdir. İddiaçı işçilərini virusdan qorumaq üçün müəssisədaxili olaraq növbəli iş rejimi tətbiq etmişdir ki, kütləvi yoluxmanın qarşısını alsın. Bu da öz növbəsində iddiaçının istehsal gücünün azalmasına səbəb olmuşdur. Həmçinin İqtisadiyyat Nazirliyinin rəsmi səhifəsində pandemiyadan zərərçəkən sahibkarlara ödənilən maliyyə yardımı siyahısında İddiaçı MMC-nin adı da mövcuddur. Cavabdeh məhkəməyə təqdim edilmiş iddiaya etirazında göstərmişdir ki, iddiaçı tərəfindən 2020-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin 5 nömrəli əlavəsində Vergi Məcəlləsinin 224.1.2-ci maddəsinə istinad edərək mənfəətinin 75 faiz miqdarında azadolma qeyd edilməsinə baxmayaraq ididiaçının fəaliyyətinin vergi güzəştinin şamil edildiyi fəaliyyət kateqoriyalarına aid edilməməsi müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə təqdim etdiyi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Çünki iddiaçı cavabdehin qərarının ləğv edilməsini xahiş edir ki, bu iddia mübahisələndirmə haqqında iddiadır (İPM, maddə 2.2.1). Qərar iddiaçı barəsində qəbul edilməklə onun üçün əlverişsiz nəticə - vergi öhdəliyi yaratdığından onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1). İddiaçı qanunvericiliklə nəzərdə tutulmuş müddətdə aidiyyəti məhkəmədə iddia qaldırmışdır. Belə ki, mübahisələndirilən qərar 02.04.2021-ci il tarixdə qəbul edilmiş, iddiaçı isə mübahisələndirmə haqqında iddialar üzrə nəzərdə tutulmuş 30 gün müddətində, 28.04.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir (İPM, maddə 38). Məhkəmə qeyd edir ki, iddia həm də əsaslıdır. Belə ki, işdə olan 2020-ci il üçün dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsindən görünür ki, iddiaçı 2020-ci il üzrə ümumi gəlirini 5236625,66 manat, gəlirdən çıxılan xərcini 5103583,66 manat, vergiyə cəlb edilən mənfəətini 133042 manat bəyan etməklə 6652 manat mənfəət vergisi bəyan etmişdir. Cavabdeh 15.02.2021-ci il tarixdə 2020-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsi üzrə yaranmış uyğunsuzluq barədə iddiaçıya məktub ünvanlamış, fəaliyyətinin koronavirus pendemiyasından əziyyət çəkənlər kateqoriyasına aid edilmədiyinə istinad edərək zəruri sənədlərin təqdim edilməsini tələb etmişdir. İşdə olan “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 02 aprel 2021-ci il tarixli **********832600 saylı qərarından görünür ki, cavabdeh iddiaçıya 2020-ci ilin mənfəət vergisi üzrə əlavə 19956,30 manat olmaqla, cəmi 26608,40 manat məbləğində vergi hesablamışdır. Əlavə verginin hesablanması üçün əsas iddiaçının fəaliyyətinin pandemiyadan əziyyət çəkənlər siyahısında olmadığı üçün tətbiq edilmiş güzəşt məbləğinin silinməsi olmuşdur. İddiaçı hazırda cavabdehin əlavə vergi hesablaması ilə razılaşmayaraq bu qərarı mübahisələndirir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.03.2020-ci il tarixli 120 nömrəli Qərarı ilə koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa, digər istiqamətlər üzrə fəaliyyət 31 mart 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək dayandırılmış, həmin tarixdən ölkə ərazisində xüsusi karantin rejiminin tətbiqinə başlanmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinə (bundan sonra – VM) 08.05.2020-ci il tarixdə koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimini tənzimləmək məqsədilə 18-ci fəsil daxil edilmişdir. Həmin fəsilə aid olan VM-in 222-ci maddəsinə əsasən: 222.1. Bu fəslin müddəaları bu Məcəllənin 222.5-ci maddəsində nəzərdə tutulan fəaliyyəti həyata keçirən vergi ödəyicilərinin, habelə sadələşdirilmiş verginin ödəyicisi olan mikro sahibkarlıq subyektlərinin apardıqları əməliyyatlara tətbiq edilən vergi dərəcələrini, vergi güzəştlərini və azadolmaları, vergilərin ödənilməsi müddətlərini, vergi rejiminin seçilməsi ilə bağlı məsələləri tənzimləyir. 222.2. Bu fəslin müddəaları 2020-ci il yanvarın 1-dən bir il müddətinə tətbiq edilir. Bu maddə ilə müəyyən edilən müddət bitdikdən sonra vergi ödəyicisinin fəaliyyəti üzrə vergi öhdəlikləri, vergi ödəyicisinin hüquq və vəzifələri, vergi ödəyicisinin apardığı əməliyyatlara tətbiq edilən vergi dərəcələri, vergi güzəştləri və azadolmaları, vergilərin ödənilməsi müddətləri bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 222.3. Bu fəslin müddəaları əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan vergi ödəyicilərinə (əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparmadığı dövr istisna olmaqla) şamil edilmir. Bu fəslin müddəaları vergi ödəyicisinin riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarından sonra tətbiq olunur. 222.4. Bu fəslin müddəaları bu Məcəllənin 222.5-ci maddəsində nəzərdə tutulan şəxslərin yalnız həmin fəaliyyət üzrə əməliyyatlarına tətbiq edilir. 222.5. Bu fəslin müddəaları aşağıdakı fəaliyyəti həyata keçirən şəxslərə şamil edilir: 222.5.1. avtomobil nəqliyyatı vasitələri ilə ölkədaxili (şəhərlərarası və rayonlararası, şəhərdaxili və rayondaxili) sərnişin daşımaları (o cümlədən taksi ilə) fəaliyyəti; 222.5.2. yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlərin fəaliyyəti; 222.5.3. turoperator və turagent fəaliyyəti; 222.5.4. sifarişlər üzrə malların, o cümlədən yeməklərin, ərzaq və qeyri-ərzaq mallarının satıcılardan alıcılara daşınması və (və ya) çatdırılması fəaliyyəti; 222.5.5. ictimai iaşə fəaliyyəti; 222.5.6. sərgilərin təşkili, səhnə, istirahət və əyləncə (oyun), kinoteatr, teatr, muzey və konsert zallarının fəaliyyəti; 222.5.7. idman-sağlamlıq obyektlərinin fəaliyyəti; 222.5.8. hazırlıq (tədris) və ixtisasartırma kurslarının, məktəbdənkənar təhsil müəssisələrinin, psixoloji mərkəzlərinin fəaliyyəti; 222.5.9. koronavirus pandemiyasının yayılması ilə bağlı əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə fəaliyyəti Azərbaycan Respublikasının Nazirlər Kabinetinin (Qanunun tətbiqi Azərbaycan Respublikası Prezidentinin 02.06.2020-ci il tarixli 1047 nömrəli Fərmanı) qərarı ilə tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələri (dövlətə məxsus olan hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından maliyyələşən digər dövlət orqanları (qurumları) istisna olmaqla). VM-in 224.1-ci maddəsinə əsasən həmin Məcəllənin 222.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslərə aşağıdakı vergi növləri üzrə güzəşt və azadolmalar tətbiq edilir: 224.1.2. əldə edilən mənfəətin (gəlirin) 75 faizi; Sadalanan normalardan aydın olur ki, qanunverici 08.05.2020-ci il tarixdə VM-ə dəyişiklik edərək 222.5-ci maddədə nəzərdə tutulmuş fəaliyyəti həyata keçirən şəxslərə, o cümlədən koronavirus pandemiyasının yayılması ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə fəaliyyəti ya tam, ya da qismən məhdudlaşdırılan fəaliyyət sahələrinə onların əldə etdikləri mənfəətin (gəlirin) 75 faizi miqdarında vergidən azadolma tətbiq etmişdir. “Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” AR Nazirlər Kabinetinin 19.06.2020-ci il tarixli 208 nömrəli qərarının 1-ci hissəsi ilə yeni növ koronavirus (COVİD- 19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində 2020-ci il 21 iyun saat 00:00-dan 30 sentyabr saat 00:00-dək aşağıdakı məhdudiyyətlər tətbiq edilməsi qərar alınmışdır: ... 1.3. Bu Qərarın 1.2-ci bəndində qeyd olunanlar istisna olmaqla, digər dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının, “ASAN Könüllüləri” İctimai Birliyinin, “X1” Hərəkatının, “Regional İnkişaf” İctimai Birliyinin, “Bir” tələbə-könüllülərinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin könüllülərinin, həmçinin bu Qərarın əlavəsində nəzərdə tutulan sahələrdə fəaliyyət göstərən özəl hüquqi şəxslərin əməkdaşlarının və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və onların işçilərinin, fəaliyyətinin davam etdirilməsinə icazə verilməmiş özəl hüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan əməkdaşların hərəkətinə onlar barəsində məlumatlar işəgötürən tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir.... Həmin Qərarın 6-cı hissəsinə əsasən (Nazirlər Kabinetinin 25 iyun tarixli 220 nömrəli Qərarı ilə əlavə edilmişdir) müəyyən edilmişdir ki: 6.1. Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində bu Qərarın əlavəsinin 4.4-cü, 4.11-ci, 4.12-ci, 4.14-cü, 4.15-ci (4.15. daş, metal və taxta məhsullarının istehsalı;), 4.16-cı, 5.4-cü, 5.5-ci, 5.6-cı, 6.2-ci, 6.3-cü, 6.4-cü, 6.5-ci, 6.6-cı və 9.2-ci bəndləri ilə fəaliyyətinə icazə verilən iş və xidmət sahələri üzrə işə cəlb olunan işçilərin sayı həmin sahələrdə fəaliyyət göstərən işçilərin ümumi sayının 50 faizindən çox olmamalıdır; 6.2. bu Qərarın 6.1-ci bəndində nəzərdə tutulan iş və xidmət sahələri üzrə mülkihüquqi müqavilə ilə işləyənlərə verilən icazələrin sayı əmək müqaviləsi ilə işləyənlərin ümumi sayının 30 faizindən çox olmamalıdır; Göründüyü kimi, xüsusi karantin rejmi dövründə iddiaçının fəaliyəti tam olmasa da, qismən məhdudlaşdırılmış, yalnız 50 faiz işçinin fəaliyyət göstərməsinə icazə verilmişdir. İşdən görünür ki, cavabdehin yuxarı orqanı olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi də iddiaçının fəaliyyət göstərdiyi sahəni pandemiyadan zərər çəkmiş sahəyə aid edərək ona müvafiq maliyyə dəstəyi göstərmişdir. Belə ki, “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamı ilə pandemiyanın Azərbaycan Respublikasının iqtisadiyyatına təsirini qiymətləndirmək üçün Azərbaycan Respublikası İqtisadiyyat nazirinin rəhbərliyi ilə İşçi Qrup yaradılmış, həmin İşçi Qrupa tapşırılmışdır: 3.1. on beş gün müddətində: 3.1.1. pandemiyadan zərər çəkməsi ehtimal olunan iqtisadi fəaliyyət sahələrinin və bu sahələrdə fəaliyyət göstərən hüquqi şəxslərin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslərin (bundan sonra – fiziki şəxslər) siyahısını müəyyən etmək üçün müvafiq meyarları təsdiq etmək; 3.1.2. pandemiyanın yaxın və orta müddətlərdə ölkənin biznes mühitinə mənfi təsirini azaltmaq, habelə bu dövrdə ölkədə iqtisadi artımın davam etməsinə dəstək göstərmək məqsədilə müvafiq təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etmək. Bundan sonra Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 2020-ci il 10 aprel tarixli, **********055600 nömrəli əmri ilə “Koronavirus DİVOC)-19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi qaydalarına dair Metodiki Göstəriş” təsdiq edilmişdir. X3 əsasən: -1.2. Bu Metodiki Göstəriş koronavirus (COVİD-19) pandemiyasından zərərçəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsinin qaydalarını və şərtlərini müəyyən edir. - 1.3. Bu Metodiki Göstərişin məqsədi pandemiyadan zərər çəkmiş muzdlu işçilərin əmək haqqının müəyyən hissəsinin ödənilməsini və fərdi (mikro) sahibkarların dövlət maliyyə dəstəyindən yararlana bilmələrini, bu işlərin asan operativ, ünvanlı və şəffaf şəkildə həyata keçirilməsini təmin etməkdir. - 2.1. Vergi orqanları tərəfindən qeydiyyatda olan bütün vergi ödəyicilərinə “Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı” barədə onların şəxsi elektron kabinetinə bilridişlər və mobil telefonlarına SMS-lərin göndərilməsi təmin edilir. - 2.2. Maliyyə dəstəyi proqramından istifadə etmək üçün vergi ödəyicisi internet vergi idarəsində mövcud olan şəxsi elektron kabinetində “Koronavirus DİVOC)-19) pandemiyası ilə bağlımaliyyə dəstəyi proqramı” bölməsindən “Əmək ödənişləri üzrə müraciət” alt bölməsinə daxil olur və müraciət formasını elektron qaydada doldurur. - 2.4. Pandemiyaya ilə bağlı vergi ödəyicisi tərəfindən doldurulmuş məlumatlar uçot baza məlumatları ilə avtomatik qaydada yoxlanılır. - 2.5. Məlumatların yoxlanılması zamanı aşağıdakı uyğunsuzluqlar aşkar edilə bilər: 2.5.1. Vergi ödəyicisinin fəaliyyət sahəsi pandemiya üzrə zərər çəkmiş sahəyə uyğun gəlmir; 2.5.2. Müraciət tarixinə işçi sayı 1 mart tarixinə olan işçi sayı ilə müqayisədə azalmışdır; 2.5.3. Aktiv bank hesabları yoxdur; 2.5.4. Riskli vergi ödəyiciləri ilə əməliyyat aparılmışdır. - 2.6. Uçot məlumatları üzrə uyğunsuzluqların aşkarlanması ilə əlaqədar müraciət formasının doldurulmasının davam etdirilməsi mümkün olmadıqda vergi ödəyicisi tərəfindən müvafiq səbəblər aradan qaldırıldıqdan sonra şəxsi kabinet vasitəsilə onlayn qaydada yenidən müraciət olunur. - 2.7. Məlumatların yoxlanılması zamanı uyğunsuzluq aşkar edilmədikdə məlumatlar Maliyyə Nazirliyinə göndərilir. - 2.8. Maliyyə Nazirliyi tərəfindən vəsaitlərin banklara köçürülməsi üçün müvafiq tranzit xəzinə hesabı açılır. Tranzit xəzinə hesabı vasitəsilə vergi ödəyicilərinin bank hesablarına gün ərzində köçürülən vəsaitlər barədə hesabat həmin günün sonunda İqtisadiyyat Nazirliyinə ötürülür. Bank hesablarına köçürülmüş vəsaitlər barədə vergi ödəyicisinə İqtisadiyyat Nazirliyi tərəfindən Bildiriş (Əlavə 2) göndərilir. İşdən aydın olur ki, iddiaçının müraciəti yuxarıda istinad olunan Metodik Göstərişə uyğun yoxlanılmış, onun fəaliyyət göstərdiyi sahə - sair əlvan metalların istehsalı pandemiya üzrə zərər çəkmiş sahəyə aid olması müəyyən edilmiş, Metordik Göstərişin 2.5-ci bəndində göstərilən uyğunsuzluqlar aşkar edilməmiş və İddiaçı işçilərinə əmək haqqının müəyyən hissəsinin ödənilməsi üçün dövlətdən maliyyə dəstəyi alan vergi ödəyicilərinin siyahısına daxil edilməklə ona Maliyyə Nazirliyi tərəfindən pandemiyadan zərər çəkmiş muzdlu işçilərin əmək haqqı kimi 14.05.2020-ci il tarixdə 7134 manat, 18.08.2020-ci il tarixdə 9387 manat, 23.09.2020-ci il tarixdə 9387 manat və 13.01.2021-ci il tarixdə 9652,75 manat məbləğində ödəniş edilmişdir. Beləliklə, yuxarıda qeyd olunanlarla İddiaçının fəaliyyət göstərdiyi sahənin fəaliyyəti qismən məhdudlaşdırılmaqla pandemiyadan zərər çəkən sahə olması öz təsdiqini tapır. Lakin işdən görünür ki, cavabdeh bu halları nəzərə almamış, iddiaçıya vergi hesablayarkən onun əvvəlki dövr mənfəət vergisi bəyannamələri ilə müqayisədə dövriyyə artımının olmasına, nəticədə koronavirus pandemiyasından əziyyət çəkənlər üçün tətbiq edilməli güzəşt hüququnun olmamasına istinad etmişdir. Halbuki VM-in 222.5-ci maddəsi koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejiminin tətbiq edildiyi şəxsləri və 224-cü maddəsi isə həmin güzəşt və azadolmaların kimlərə şamil olunmasını konkret olaraq göstərmiş, bu halı kiminsə mülahizəsindən asılı etməmişdir. Digər tərəfdən, yuxarıda qeyd olunduğu kimi cavabdeh qurum özü iddiaçını pandemiyadan zərər çəkənlərin siyahısına daxil etməklə ona həmin dövrdə dəymiş zərərin kompensasiyası məqsədilə müvafiq maliyyə dəstəyi göstərmiş, ödənişlər etmişdir. “İnzibati icraat haqqında” Qanunun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.2-ci maddəsinə görə inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin qəbul etdiyi qərar qanunsuz olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Buna görə də iddia tələbi təmin edilməli və həmin qərar ləğv olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 14.3-cü, 23.1-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, 73.1-ci, 75-ci, 78 – 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 02 aprel 2021-ci il tarixli **********832600 saylı qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №e-2-1(112)-6151/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-6151/2021
16.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver