Məhkəmə qərarları › İş №e-2-1(112)-6152/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-6152/2022

25.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-6152/2022 25.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındaki Filialının cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı gömrük ödənişinin geri qaytarılması tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Şirkətinin Azərbaycan Respublikasındaki Filialı cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək malların invoys dəyəri ilə gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi vəzifəsinin Bakı Baş Gömrük İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şirkət tərəfindən xx.xx.2022 tarixdə Türkiyə Respublikasından gətirilən malların gömrük ödənişləri həyata keçirilərək bəyannamə və sənədlər Bakı Baş Gömrük İdarəsinə təqdim edilsə də gömrük rəsmiləşdirilməsindən imtina olunmuşdur ki, siz hazırki yüklərin real invoys dəyərini 7460 ABŞ dolları qaldıraraq ödəniş etməlisiniz. Real invoys dəyərinin dəyişdirilməsinin mümkün olmaması inzibati orqanın nəzərinə çatdırılsa da, gömrük rəsmiləşdirilməsi qəbul edilməyərək yük avtomobili BBGİ-nin dayanacağından buraxılmamış, 1 aydan artıq müddət heç bir əsas olmadan Bakı Baş Gömrük İdarəsinin dayanacağında saxlanılmışdır. Nəzərə alsaq ki, yüklərin daşınmasını təşkil edən "xxxx" MMC-yə məxsus yük avtomobili Azərbaycan Respublikasına daxil olduqdan 72 saat sonra iddiaçı tərəfindən boşdayanmaya görə hər gün üçün 100 ABŞ dolları məbləğində pul ödəməlidir ki, bu da Şirkətə maddi ziyanın dəyməsi ilə nəticələnmişdir. Bundan sonra iddiaçı tərəfindən müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət olunaraq **-UY-***/99- ZH-174 dövlət qeydiyyat nişanlı yük avtomobilinin yüklə birlikdə buraxılaraq malların şirkətin icarəsində olan Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi yaxınlığı, 10-cu küçə 3A ünvanda yerləşən anbara gömrük orqanının plombu altında müvəqqəti saxlanca verilməsi barədə qərardad qəbul edilməsi xahiş olunmuş, Bakı İnzibati Məhkəməsinin İş № MXMT(112)- 50/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadıilə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə təmin edilərək **-UY-***/**-ZH-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin yüklə birlikdə buraxılaraq malların şirkətin icarəsində olan Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi yaxınlığı, 10-cu küçə 3A ünvanda yerləşən anbara gömrük orqanının plombu altında müvəqqəti saxlanca verilməsi vəzifəsi Bakı Baş Gömrük İdarəsinin üzərinə qoyulmuşdur. Lakin inzibati orqanın tələbi qanunsuz olduğundan iddiaçı tərəfindən gömrük rəsmiləşdirilməsi aparılmamışdır. Hazırda mallar satışa çıxarılmadan saxlancda saxlanılır ki, bu da şirkətə boşdayanmaya görə dəymiş maddi ziyandan əlavə maddi ziyan dəyməsi ilə nəticələnir. Cavabdeh iddia tələbinə etiraz vermiş və etiraz onunla əsaslandırılmışdır ki, **********03600 sorğu nömrəli gömrük bəyannaməsində göstərilən məlumatların yoxlanılması zamanı gömrük dəyərinin düzgün qeyd edilməməsi ilə bağlı gömrük inspektorunda şübhə yaranmış və müvafiq araşdırma aparılmışdır. “Tog Petrol Sanayi ve Ticaret Limited Şirketi"-nin Azərbaycan Respublikasındakı Filialının təqdim etdiyi məlumatlar əsasında aparılan təhlillər nəticəsində ölkə ərazisinə digər xarici iqtisadi fəaliyyət iştirakçısı tərəfindən idxal olunan eyni malların sövdələşmə qiymətinin daha yüksək olduğu müəyyən edilmişdir. Aşkar olunan risklərin minimallaşdırılması üçün həmin malların gömrük dəyərləndirilməsi zamanı "Gömrük tarifi haqqında" Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin tələbləri əsas götürülmüşdür. Həmin Qanunun 14-cü maddəsinə əsasən, malların gömrük dəyərini bu Qanunun 13-cü maddəsində göstərilən qaydada müəyyənləşdirmək mümkün olmadıqda, dəyərləndirilən mallarla eyni və ya təqribən eyni vaxtda Azərbaycan Respublikasına ixrac məqsədi ilə satılan eyni malların sövdələşmə qiyməti qəbul edilir. Malların gömrük dəyəri bu maddəyə əsasən müəyyən edilərkən, dəyərləndirilən mallarla eyni kommersiya səviyyəsində və eyni və ya təqribən eyni miqdarda satılan eyni malların sövdələşmə qiymətindən istifadə olunur. **********3600 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan malların gömrük dəyərinə düzəliş edilməsinə dair **********20 saylı Bildiriş iddiaçıya xx.xx.2021-ci il tarixdə elektron qaydada göndərilmiş və həmin bəyannamə müvafiq düzəlişin aparılması üçün bəyannaməçiyə geri qaytarılmışdır. Daha sonra iddiaçı cavabdehə malların müvəqqəti saxlanc gömrük proseduru altında yerləşdirilməsi üçün xx.xx.2022-ci il tarixli, **********7401 sorğu nömrəli gömrük bəyannaməsi təqdim etmiş və mallar müvəqqəti saxlanc gömrük proseduru altında yerləşdirilmişdir. 25 fevral 2022-ci il tarixli, **********5156 sorğu nömrəli gömrük bəyannaməsi ilə iddiaçı ondan tələb olunan düzəlişləri etmiş, gömrük ödənişlərini ödəmiş və idxal olunan mallar sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilmişdir. Bununla da idxal olunan malların gömrük rəsmiləşdirilməsi həyata keçirilmişdir. Sonradan iddiaçının vəkili və nümayəndəsi “malların invoys dəyərindən artıq məcburən ödənilmiş 7460 ABŞ dolları (12.682 manat) pul vəsaitinin iddiaçıya geri qaytarılması vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizənin təmin edilməsi, iddia tələbinin “malların invoys dəyərindən artıq məcburən ödənilmiş 7460 ABŞ dolları (12.682 manat) pul vəsaitinin iddiaçıya geri qaytarılmasının cavabdehə həvalə edilməsi” formasında icraata qəbul edilməsi qərara alınmışdır. Bundan sonra cavabdeh iddia tələbinə münasibətdə etiraz əlavə təqdim edərək bildirmişdir ki, iddiaçının xx.xx.2022-ci il tarixli ərizəsi əsaslandırımamış, eyni zamanda ərizə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarında göstərilən şəkildə tərtib edilməmiş, cavabdehə təqdim edilməmişdir. İddiaçının idxal etdiyi malların gömrük rəsmiləşdirilməsi Azərbaycan Respublikasının gömrük qanunvericiliyinin tələblərinə uyğun şəkildə həyata keçirilmiş, gömrük qanunvericiliyinə uyğun olaraq gömrük ödənişləri iddiaçı tərəfindən düzgün hesablanaraq dövlət büdcəsinə ödənilmişdir. Sonradan iddiaçının vəkili və nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək məhkəmədən 4.881,75 manat pul vəsaitinin iddiaçıya geri qaytarılması barədə rəy tərtib edilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı Şirkətinin Azərbaycan Respublikasındaki Filialının cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı iddiası “377,60 manat pulun qaytarılması” hissəsində mümkün sayılmaması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Məhkəmə işin materiallarını araşdıraraq iddiaya mahiyyəti üzrə baxılan hissədə isə iddia tələbinə mahiyyəti üzrə qiymət verilməsi ilə bağlı isə hesab edir ki, iddia - İddiaçı Şirkətinin Azərbaycan Respublikasındaki Filialı tərəfindən artıq ödənilmiş pul vəsaitinin qaytarılması barədə rəyin tərtib edilməsi öhdəliyinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə həvalə edilməsi hissəsində təmin edilməli; İddiaçı Şirkətinin Azərbaycan Respublikasındaki Filialı tərəfindən artıq ödənilmiş 4.504,15 manat pul vəsaitinin qaytarılması barədə rəyin tərtib edilməsi öhdəliyi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə həvalə edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: 150.4. Malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün tələb olunan elektron, yaxud kağız üzərində yazılı formalarda sənədlər gömrük orqanlarına gömrük bəyannaməsinin təqdim edildiyi vaxt verilməlidir. 153.4. Gömrük orqanlarının səlahiyyətinə aid olan məlumatların gömrük bəyannaməsinə daxil edilməsi halları istisna olmaqla, gömrük orqanlarının vəzifəli şəxsləri gömrük bəyannaməsini doldurmaq, gömrük bəyannaməsində göstərilən məlumatları dəyişdirmək və ya ona əlavələr etmək hüququna malik deyil. 157.1. Gömrük orqanları təsdiq etdikləri gömrük bəyannaməsində göstərilən məlumatların, onunla birgə təqdim olunan sənədlərin düzgünlüyünü, müvafiq malları yoxlamaq, malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün bu Məcəllənin 150.3cü maddəsinə əsasən çatışmayan başqa sənədlərin təqdim olunmasını tələb etmək, malların gömrük ekspertizası üçün onlardan prob və nümunələr götürmək hüququna malikdirlər. 160.1. Gömrük rəsmiləşdirilməsi zamanı gömrük orqanlarına təqdim olunan gömrük bəyannaməsində və digər sənədlərdə göstərilən məlumatların malların adlarına, mənşəyinə, sayına və dəyərinə uyğunluğunun yoxlanılması, gömrük bəyannaməsinin təsdiq edildiyi, sənədlərin və malların isə təqdim edildiyi vaxtdan 2 (iki) gündən gec olmayaraq həyata keçirilir. 160.3. Gömrük rəsmiləşdirilməsi üçün təqdim olunan malların adlar və növlər üzrə ayrı-ayrı qablaşdırılmaması gömrük orqanlarına gömrük bəyannaməsində göstərilən mallar haqqında məlumatların düzgünlüyünün yoxlanmasına imkan vermirsə, bu Məcəllənin 160.1-ci maddəsində nəzərdə tutulan müddət mallar barəsində səlahiyyəti olan şəxslər və ya onların nümayəndələri tərəfindən malların adlar və növlər üzrə ayırması üçün tələb olunan müddətədək gömrük orqanının qərarı ilə uzadılır. Bu müddət 7 (yeddi) gündən çox olmamalıdır. 162.1. Bəyannaməçi, mallar barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri tərəfindən bu Məcəllənin 163-cü maddəsi ilə müəyyən edilmiş şərtlər yerinə yetirildikdən, bəyan olunan mallarla əlaqədar qanunvericiliklə qadağaların və məhdudiyyətlərin olmadığı müəyyən edildikdən, gömrük bəyannaməsindəki məlumatlar yoxlandıqdan dərhal sonra gömrük orqanları malların buraxılışını həyata keçirirlər. 162.2. Gömrük bəyannaməsindəki məlumatların düzgün olmadığını müəyyənləşdirdikdə, gömrük orqanları bəyannaməçidən müvafiq düzəlişlərin aparılmasını tələb edirlər. Buraxılış, həmin tələb yerinə yetirildikdən və müvafiq gömrük ödənişləri ödənildikdən dərhal sonra həyata keçirilir. 221.1. Apardıqları yoxlama, gömrük auditi və ya araşdırma nəticəsində dəyərləndirmənin “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olmaması, yaxud digər səbəblərdən düzgün olmadığı barədə qənaətə gəldikdə, gömrük orqanının vəzifəli şəxsi gömrük dəyərinə həmin qanunun tələbləri nəzərə alınmaqla müvafiq düzəlişlər edilməsi və onların əsaslandırılması barədə şəxsə yazılı bildiriş təqdim edir. 224.1-ci maddəsinə əsasən, bu Məcəllədə, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Gömrük tarifi haqqında”, “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında”, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarında və müvafiq icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarında nəzərdə tutulmuş hallarda gömrük orqanları tərəfindən aşağıdakı gömrük ödənişləri alınır: 224.1.1. gömrük rüsumları; 224.1.2. əlavə dəyər vergisi ; 224.1.3. aksizlər; 224.1.4. yol vergisi; 224.1.5. gömrük yığımları; 224.1.6. haqq; 224.1.7. dövlət rüsumu. 266.1-ci maddəsinə əsasən, gömrük borcu üzrə ödənilmiş gömrük ödənişləri bu Məcəllənin 267.1-ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qaytarılır; 266.2-ci maddəsinə əsasən, gömrük orqanları tərəfindən alınan vergilərin və dövlət rüsumunun qaytarılması müvafiq olaraq Azərbaycan Respublikasının Vergi Məcəlləsi və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirilir; 266.3-cü maddəsinə əsasən, şəxsin müraciəti olduqda, gömrük orqanları qaytarılmalı olan gömrük ödənişlərini onun gələcək xarici iqtisadi fəaliyyətində istifadə üçün qəbul edirlər; 267.1-ci maddəsinə əsasən, Məcəllənin bu Fəslinin müddəaları nəzərə alınmaqla gömrük borcu üzrə ödənilmiş gömrük ödənişləri aşağıdakı hallarda qaytarılır: 267.1.1. mallar qüsurlu olduqda; 267.1.2. gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə; 267.1.3. “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda. 267.2-ci maddəsinə əsasən, gömrük orqanları bu Məcəllənin 270.1-ci maddəsində qeyd olunan müddətlər ərzində gömrük ödənişlərinin qaytarılmalı olduğunu aşkar etdiyi halda, həmin ödənişlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qaytarılır; 269-cu maddəsinə əsasən, gömrük ödənişlərinin hesablanmasında səhvə yol verilməsi şəxs tərəfindən əsaslandırıldıqda, yaxud gömrük orqanları tərəfindən aşkar edildikdə, artıq ödənilmiş məbləğ ödəyiciyə qaytarılır; 270.1-ci maddəsinə əsasən, gömrük ödənişlərinin bu Məcəllənin 267.1-ci maddəsində göstərilən hallar əsasında qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il ərzində gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər; 270.3-cü maddəsinə əsasən, gömrük ödənişlərinin qaytarılması, yaxud bundan imtina edilməsi haqqında qərar, ərizə gömrük orqanına daxil olduğu tarixdən 15 (on beş) gün ərzində yazılı formada qəbul edilməli və dərhal icra olunmalıdır. Həmin qərardan bu Məcəllənin 10-cu fəslində müəyyən edilmiş qaydada şikayət verilə bilər. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununun 7.2-ci maddəsinə əsasən gömrük tarifinin tətbiqi məqdəsi ilə malların gömrük dəyərləndirilməsi qaydaları Gömrük Məcəlləsinə uyğun olaraq bu Qanuna müəyyən edilir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən mal gömrük sərhədindən keçirilərkən, gömrük dəyəri bəyannaməçi tərəfindən Azərbaycan Respublikasının gömrük orqanına bəyan edilir. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən bəyannaməçi tərəfindən bəyan edilmiş gömrük dəyəri və onun müəyyən edilməsi ilə bağlı məlumatlar dəqiq, kəmiyyəti müəyyən oluna bilən və sənədlərlə təsdiq edilmiş məlumatlara əsaslanmalıdır. Həmin Qanunun 11-ci maddəsinə əsasən gömrük orqanının gömrük dəyərləndirilməsi məqsədi ilə ona təqdim edilən hər hansı məlumatın, sənədin və ya bəyannamənin düzgünlüyünü araşdırmaq hüququ vardır. Aparılmış yoxlama, gömrük auditi və ya araşdırma nəticəsində dəyərləndirmənin bu Qanuna uyğun olmadığı, yaxud digər səbəblərdən düzgün olmadığı qənaətinə gəldikdə, gömrük orqanının vəzifəli şəxsi bu Qanunun tələbləri nəzərə alınmaqla gömrük dəyərinə müvafiq düzəlişlər edilməsi üçün bəyannaməçiyə yazılı bildiriş təqdim edir. Həmin bildirişdə gömrük dəyərinə təklif olunan düzəlişlər göstərilməli və onların edilməsi zərurəti əsaslandırılmalıdır. Bəyannaməçi bu Qanunun 11.2-ci maddəsinə uyğun olaraq ona təqdim edilmiş bildirişdə göstərilən gömrük dəyərinə təklif olunan düzəlişlə razılaşmadıqda, yuxarı gömrük orqanına və (və ya) məhkəməyə müraciət edə bilər. Yuxarı gömrük orqanı və ya məhkəmə həmin müraciətə ən geci 10 (on) gün müddətində baxır. Bu barədə müraciətə baxılma müddətində dəbbə pulu hesablanmır. Yuxarı gömrük orqanı və ya məhkəmə bəyannaməçinin müəyyən etdiyi gömrük dəyərini düzgün hesab etdikdə, malların saxlancı ilə bağlı xərclər bu Qanunun 11.2-ci maddəsinə əsasən gömrük dəyərinə düzəlişlər təklif etmiş vəzifəli şəxsdən tutulur və həmin vəzifəli şəxs intizam məsuliyyətinə cəlb olunur Həmin Qanunun 12.1-ci maddəsinə əsasən gömrük ərazisinə gətirilən malların gömrük dəyəri aşağıdakı üsullarla müəyyən edilir: 12.1.1. malların sövdələşmə qiyməti ilə; 12.1.2. eyni malların sövdələşmə qiyməti ilə; 12.1.3. eynicinsli malların sövdələşmə qiyməti ilə; 12.1.4. dəyərin çıxılması üsulu ilə; 12.1.5. dəyərin toplanması üsulu ilə; 12.1.6. ehtiyat üsulu ilə. Həmin Qanunun 18.1-ci maddəsinə əsasən idxal olunan malların gömrük dəyərini bu Qanunun 13–17-ci maddələrinə əsasən müəyyənləşdirmək mümkün olmadıqda, gömrük dəyəri bu Qanunun 7.1-ci maddəsinə uyğun olaraq, beynəlxalq təcrübədə qəbul edilmiş ümumi prinsiplərə, habelə bu Qanunun gömrük dəyərləndirilməsinə dair müddəalarına uyğun vasitələrdən istifadə etməklə və gömrük ərazisində mövcud olan məlumatlar əsasında müəyyən edilir. Yuxarıda qeyd olunan müddəaların hazırkı iş üzrə tətbiqi zəruriliyi baxımından məhkəmə işin faktiki halları ilə bağlı onun qeyd edilməsini zəruri hesab edir ki, iş materialları ilə müəyyən edildiyi kimi iddiaçı əslində mala çəkilən xərcin 31.712,74 manat olduğunu, gömrük orqanına təqdim edilən invoysun nəzərə alınmalı olduğunu iddia edir. Cavabdeh isə invoysda nəzərdə tutulan qiymətin əsas olmadığını iddiaçı tərəfindən gömrük bəyannaməsində sərbəst iradə ilə qeyd edilən gömrük dəyəri kimi 44.395,52 manat məbləğin əsas götürülməli olduğunu qeyd edir. Bundan başqa, cavabdeh iddia edir ki, iddiaçı gömrük bəyannaməsində idxal etdiyi malların gömrük və statistik dəyəri ilə yanaşı, invoys dəyərini da ayrıca qeyd etmiş, başqa sözlə malların gömrük dəyərinin məbləğindən məlumatlı olmuş, gömrük ödənişlərini ödəyərək nəqliyyat vasitəsinin sərbəst dövriyyəyə buraxılmasına etiraz etməmişdir. Bu səbəbdən də, gömrük bəyannaməsinin gömrük rəsmiləşdirilməsi Azərbaycan Respublikasının gömrük qanunvericiliyinin tələblərinə uyğun şəkildə həyata keçirilmiş, gömrük qanunvericiliyinə uyğun olaraq gömrük ödənişləri düzgün hesablanmışdır. Məhkəmə cavabdehin irəli sürdüyü mülahizələrə münasibətdə bildirir ki, gömrük dəyərinin müəyyən edilməsi üsulları “Gömrük tarifi haqqında” Qanunun 12-ci maddəsi ilə tənzimlənir. Həmin normaya görə, gömrük ərazisinə gətirilən malların gömrük dəyəri ilk növbədə malların sövdələşmə qiyməti ilə müəyyən edilir. Malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Gömrük Məcəlləsinin 221.1-ci maddəsinə görə, apardıqları yoxlama, gömrük auditi və ya araşdırma nəticəsində dəyərləndirmənin “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olmaması, yaxud digər səbəblərdən düzgün olmadığı barədə qənaətə gəldikdə, gömrük orqanının vəzifəli şəxsi gömrük dəyərinə həmin qanunun tələbləri nəzərə alınmaqla müvafiq düzəlişlər edilməsi və onların əsaslandırılması barədə şəxsə yazılı bildiriş təqdim edir. Məhkəmə diqqətə çatdırır ki, yuxarıda istinad olunan normalarda təsbit edilmiş qaydalara cavabdeh tərəfindən əməl olunmamış, “Gömrük tarifi haqqında” Qanunun 12.1.1-ci maddəsində nəzərdə tutulmuş ilkin və əsas üsulun, yəni malın sövdələşmə qiymətinin tətbiqini istisna edən səbəblər açıqlanmadan və əsaslandırılmadan digər üsul tətbiq edilmişdir. Halbuki, yalnız əsas üsuldan istifadə etmək mümkün olmadıqda, bu Qanunun 12.1-ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir. Buna baxmayaraq cavabdeh “0/6- ehtiyat üsulu”nu seçərək, “Gömrük tarifi haqqında” Qanunun 12.1-ci maddəsində göstərilən üsulların ardıcılığa riayət etməmiş, ehtiyat üsusulundan əvəllki üsulla gömrük dəyərinin müəyyən edilməsini istisna edən halların nədən ibarət olunmasını açıqlamış, bununla da gömrük dəyərini ilkin olaraq malın sövdələşmə qiyməti əsasında müəyyən etməli olduğu halda, ən son üsuldan, yəni ehtiyat üsulundan istifadə edərək malın dəyərini müəyyən etmişdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinin tələbindən göründüyü kimi, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinin tələbinə görə, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 23.2-ci maddəsinin (İnzibati orqan tərəfindən məsləhətlərin və zəruri məlumatların verilməsi) müddəalarının tələbinə görə, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. Cavabdeh inzibati orqanın maraqlı şəxsə yardım göstərilməsi, məsləhətlərin və zəruri məlumatların verilməsində ifadə olunan xidməti vəzifələrinə dair məcburi göstərişlər Gömrük Məcəlləsində də təsbit olunmuşdur. Belə ki, həmin Məcəllənin 40.4-cü maddəsinin tələbinə görə, gömrük orqanlarının vəzifəli şəxsləri bəyannaməçiyə, mallar barədə səlahiyyəti olan digər şəxslərə gömrük bəyannaməsinin, təkrar ixrac bildirişinin, qısa idxal (ixrac) bəyannaməsinin, sadələşdirilmiş bəyannamənin tərtib edilməsində və malların gömrük rəsmiləşdirilməsi üzrə digər əməliyyatların həyata keçirilməsində yardım göstərməlidirlər. Məhkəmə qeyd edir ki, hətta, iddiaçı gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 0 6 - ehtiyat üsulunun sərbəst iradə ilə seçsə belə, inzibati orqan öz xidməti vəzifəsinə uyğun olaraq iddiaçı üçün əlverişli olan, “Gömrük tarifi haqqında" Qanunun 12.1.1-ci maddəsində təsbit olunmuş ilkin üsulun (malın sövdələşmə qiymətinin) iddiaçı barəsində tətbiqi üçün xidməti vəzifəsindən irəli gələn hərəkətləri (yardım etmə, məlumatlandırma, məsləhət vermə) etməlidir. Hətta bəyannamənin məzmunu bəyannaməçinin iradəsinə uyğun olduğu halda belə, bu, gömrük orqanını (onun vəzifəli şəxsini) “İnzibati icraat haqqında” Qanunun 23.2, 24.1, 24.2-ci maddələrində və Gömrük Məcəlləsinin 40.4-cü maddəsində təsbit olunmuş xidməti vəzifələrini icra etmək öhdəliyindən azad etmir. Cavabdehin əsas dəlillərindən biri də ondan ibarətdir ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarında göstərilən şəkildə tərtib edilmiş ərizə formasında müraciət etməmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, gömrük ödənişinin geri qaytarılması barədə rəy verilməsi ilə bağlı iddiaçı tərəfindən ərizənin düzgün tərtib olunmaması, ərizənin əsaslandırılmaması imtina əsası qismində çıxış edə bilməz. Əksinə bu hal, cavabdeh inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun 23-cü maddəsində nəzərdə tutulmuş inzibati orqanın yardım etmək vəzifəsinin müvafiq qaydada yerinə yetirilmədiyini göstərir. Belə ki, cavabdehin istinad etdiyi həmin hallar əslində inzibati orqanının yardım etmək vəzifəsi çərçivəsində həll olunmalı idi və cavabdeh onların aradan qaldırılmasında iddiaçıya yardım etməli idi. İstinad edilən iradlar iddiaçının iddia tələbinin təmin edilməsini istisna edən hal kimi qiymətləndirilə bilməz Məhkəmə diqqətə çatdırmaq istəyir ki, iddiaçının tərəfindən ödənilən gömrük ödənişlərinin geri qaytarılması ilə bağlı rəy cavabdeh tərəfindən tərtib olunmalıdır. Lakin, nəzərə alınmalıdır ki, geir qaytarılması tələb olunan məbləğin dəqiq müəyyən edilməsinə zərurət olmuşdur. Qeyd olunmalıdır ki, iddiaçı ümumilikdə 4.881,75 manat gömrük ödənişinin geri qaytarılmasını arzulayır. Halbuki, əslində iddiaçı tərəfindən cavabdeh inzibati orqana ödənilən məbləğ 4.504,15 manat təşkil edir. Belə ki, hər iki gömrük bəyənnaməsindən görünür ki, iddiaçı ilkin olaraq gömrük ödənişinin 11.699,05 manat olduğunu bəyan etmiş, sonradan cavabdehin müraciətindən sonra gömrük ödənişinin 16.203,20 manat olduğu göstərmişdir. Göstərilən məbləğlərin fərqi də məhz artıq ödənilən gömrük ödənişi (16.203,20 – 11.699,05 = 4.504,15 manat) hesab olunur. Nəzərə alınmalıdır ki, yerdə qalan 377,60 manat (4.881,75 - 4.504,15) isə iddiaçı tərəfindən malların saxlanca görə müəssisəyə ödənilən məbləğdir ki, bu hal məhkəmə iclasında tərəflərin izahatı ilə müəyyən olunmuşdur. Məhkəmə bu hissədə iddianın mümkün sayılmaması qənaətinə gəlmişdir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarını əsas gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1077/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli; 2- 1(102)-1212/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarlarından da göründüyü kimi kassasiya instansiya məhkəməsinin hazırki növ mübahisələrdə formalaşdırdığı hüquqi mövqeyi məhz o istiqamətdə olmuşdur ki, “Gömrük tarifi haqqında” Qanunun 12.1.1-ci maddəsində nəzərdə tutulmuş ilkin və əsas üsulun, yəni malın sövdələşmə qiymətinin tətbiqini istisna edən səbəblər açıqlanmadan və əsaslandırılmadan digər üsul tətbiq olunması düzgün deyildir. Yalnız əsas üsuldan istifadə etmək mümkün olmadıqda, bu Qanunun 12.1-ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia - İddiaçı Şirkətinin Azərbaycan Respublikasındaki Filialı tərəfindən artıq ödənilmiş pul vəsaitinin qaytarılması barədə rəyin tərtib edilməsi öhdəliyinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə həvalə edilməsi hissəsində təmin edilməli; İddiaçı Şirkətinin Azərbaycan Respublikasındaki Filialı tərəfindən artıq ödənilmiş 4.504,15 manat pul vəsaitinin qaytarılması barədə rəyin tərtib edilməsi öhdəliyi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia - İddiaçı Şirkətinin Azərbaycan Respublikasındaki Filialı tərəfindən artıq ödənilmiş pul vəsaitinin qaytarılması barədə rəyin tərtib edilməsi öhdəliyinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə həvalə edilməsi hissəsində təmin edisin. İddiaçı Şirkətinin Azərbaycan Respublikasındaki Filialı tərəfindən artıq ödənilmiş 4.504,15 manat pul vəsaitinin qaytarılması barədə rəyin tərtib edilməsi öhdəliyi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar