Məhkəmə qərarları › İş №e-2-1(112)-6167/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-6167/2021

13.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-6167/2021 13.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyasının bərpa edilməsi və s.” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə - DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2008-ci ildən etibarən ona təyin edilmiş və qanunsuz dayandırılmış güzəştli yaşa görə əmək pensiyasının 01.01.2021-ci il tarixdən hesablanmaqla bərpa edilməsi və hüquqi yardım üçün ödənilmiş 1100 manat xidmət haqqının, o cümlədən 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 1130 manat məbləğin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, "Əmək pensiyaları haqqında" Qanunun 9.7.2-ci maddəsinə (01.07.2017-ci ilədək qüvvədə olan redaksiya) uyğun olaraq 27.05.2008-ci il tarixindən etibarən DSMF-nin Xəzər rayon Şöbəsi tərəfindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin 01.01.2021-ci il tarixindən etibarən ona təyin edilmiş əmək pensiyası bəhs edilən Qanunun 37.8.3-cü maddəsinə istinad edilməklə dayandırılmışdır. Dayandırılmağa səbəb olaraq güzəştli iş stajının kifayət qədər olmaması göstərilmişdir. Qanunsuz olaraq dayandırılmış əmək pensiyasının bərpa edilməsi məqsədilə tərəfindən cavabdehə 19.01.2021-ci il tarixli və 19.03.2021-ci il tarixli inzibati şikayətlər göndərilmişdir. Cavabdeh tərəfindən inzibati şikayətlərə cavab olaraq təqdim edilmiş 05.03.2021-ci il tarixli **********6 nömrəli və 14.04.2021-ci il tarixli **********7 nömrəli məktublarda iddiaçının tələbi təmin edilməmiş və əmək pensiyasının qanunsuz dayandırılması halı aradan qaldırılmamışdır. O, 02.08.1976-ci il tarixindən başlayaraq 30.04.2008-ci il tarixinə kimi müxtəlif tibb müəssisələrində və dövlət orqanlarında fasiləsiz olaraq tibb bacısı vəzifəsində işləmişdir. Eyni zamanda 1998-2004-ci illər ərzində AR Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin vərəmli məhkumlar üçün ixtisaslaşdırılmış müalicə müəssisəsində tibb bacısı olaraq əmək fəaliyyətini həyata keçirmişdir. Sözügedən ixtisaslaşdırılmış müalicə müəssisəsi bu gün də eyni ünvanda Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsində yerləşir və fəaliyyət göstərir. Daha sonra Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin hüquqi bazasında AR Ədliyyə Nazirliyinin Penitensiar Xidməti yaradılmışdır. Bununla yanaşı 2004-cü ildən başlayaraq penitensiar sistemdə vərəmli məhkumların müalicəsi üzrə X5 Komitəsi tərəfindən müalicə proqramına start verilmişdir. Bu səbəbdən beynəlxalq təşkilatın nümayəndələri Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsində yerləşən vərəmli məhkumlar üçün ixtisaslaşdırılmış müalicə müəssisəsinə mütəmadi səfərlər etmiş və mövcud vəziyyət yerində təhlil edilmişdir. Səfərlər zamanı həmin müəssisədə işlədiyini nəzərə alaraq tibb bacısı kimi onun fəaliyyəti yüksək qiymətləndirilmiş və beynəlxalq təşkilat tərəfindən ona Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsində yerləşən vərəmli məhkumlar üçün ixtisaslaşdırılmış müalicə müəssisəsində həyata keçiriləcək proqramda tibbi bacısı olaraq fəaliyyət göstərməyi təklif edilmişdir. Bu təklif barədə ədliyyə orqanının rəhbərliyinin müsbət mövqeyini və eyni iş yerində eyni əmək funksiyalarının icra ediləcəyini, habelə eyni iş rejiminin olduğunu nəzərə alaraq təklifini qəbul etmişdir. Nəticədə 01.12.2004-cü il tarixindən etibarən X5 Komitəsinin “Penitensiar sistemdə vərəmlə mübarizə proqramında” iştirak etməklə Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsində yerləşən vərəmli məhkumlar üçün ixtisaslaşdırılmış müalicə müəssisəsində tibb bacısı funksiyasını icra etmişdir. Nəticədə 30.04.2008-ci il tarixində əmək fəaliyyətinə xitam verərək güzəştli yaşa görə əmək pensiyasına çıxmışdır. Lakin cavabdeh tərəfindən 01.12.2004 - 30.04.2008-ci il tarixləri ərzində yaranan iş stajı qanunsuz olaraq güzəştli staj kimi qəbul edilmir. Belə imtina həm də hüquqi əsaslandırmır. Bu qanunsuz hala istinad edilərək ona təyin edilmiş əmək pensiyası 01.01.2021-ci il tarixindən dayandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin "X5 Komitəsinin azadlıqdan məhrumetmə yerlərində səlahiyyətlərinin həyata keçirilməsinin təmin edilməsi barədə " 10 mart 2000-ci il tarixli 357 nömrəli Sərəncamına əsasən X5 Komitəsinin, o cümlədən “Penitensiar sistemdə vərəmlə mübarizə proqramı”nın işçilərinə penitensiar müəssisələrin işçiləri ilə müqayisədə eyni buraxılış səlahiyyətləri verilmiş və eyni işlərin görülməsinə müvafiq şərait yaradılmışdır. Bu baxımdan eyni müəssisədə eyni vəzifə olaraq eyni əmək funksiyalarının icra edilməsini və eyni iş rejiminin tətbiq edildiyini nəzərə alaraq X5 Komitəsinin “Penitensiar sistemdə vərəmlə mübarizə proqramı”nda tibb bacısı vəzifəsi penitensiar müəssisələrdə mülki işləri icra edən tibb işçiləri statusuna daxildir. Bu səbəbdən 08.12.2004-27.05.2008-ci il tarixləri arasındakı dövr də güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən əmək stajı illərinə daxil edilməli və pensiya təyini zamanı nəzərə alınmalıdır. Bundan əlavə qanunvericilik aktlarının tələblərindən də aydın göründüyü kimi yoluxucu xəstəliyə olna məhkumların saxlanması və müalicəsi üçün nəzərdə tutulmuş müalicə müəssisələrində və cəzaçəkmə müəssisələrində işləmiş əməkdaşlara pensiya təyin edilərkən işlədikləri illər 2 iş günü 3 iş günü olmaqla hesablanır. Bu baxımdan sosial sığorta stajının hər hansı əhəmiyyəti yoxdur. Qeyd edilənlərə əsasən təyin edilmiş əmək pensiyasının cavabdeh tərəfindən dayandırılması tamamilə qanunsuzdur və hər hansı hüquqi əsasa malik deyil və bu səbəbdən bərpa edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İş üzrə cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaya qarşı etirazını yazılı şəkildə məhkəməyə təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar iddiaçıya vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən araşdırılmışdır. Qanunvericiliyin müddəasından görünür ki, yalnız Azərbaycan Respublikasının ədliyyə sisteminə daxil olan müəssisələrdə çalışmış mülki işçilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın penitensiar müəssisələrdə mülki işlər bölməsinin (34) tibb işçiləri nəzərdə tutulmuşdur. Araşdırma zamanı iddiaçıya pensiya təyin olunarkən təqdim edilmiş sənədlərdə qeyd olunan məlumatlara əsasən 08.12.2004-27.05.2008-ci il tarixləri arasındakı dövr ərzində Beynəlxalq Qırmızı Xaç Komitəsinin penitensiar sistemində vərəmlə mübarizə proqramında tibb bacısı vəzifəsində işlədiyi müəyyən edilmişdir. İddiaçının işlədiyi Beynəlxalq Qırmızı Xaç Komitəsin penitensiar sistemində vərəmlə mübarizə proqramında tibb bacısı vəzifəsi yuxarıda qeyd olunan penitensiar müəssisələrdə mülki işlər sahəsinə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. Göstərilən uyğunsuzluğa baxmayaraq, iddiaçıya 27.05.2008-ci il tarixində Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Bundan əlavə iddiaçıya 27.05.2008-31.12.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 57559,59 manat artıq pul vəsaitinin ödənildiyi Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Bununla əlaqədar olaraq iddiaçıya artıq ödənilmiş pul vəsaitini könüllü şəkildə büdcəyə qaytarmağı xahiş edilmiş, əks halda artıq ödənilmiş vəsaitin büdcəyə qaytarılması məqsədi ilə qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlər görüləcəyi məlumatı verilmişdir. Cavabdeh qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabehin nümayəndəsi etiraz ərizəsinə uyğun izahat verərək, iddia təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, İddiaçı xx.xx.1958ci ildə doğulmuşdur, Bakı şəhəri, Xəzər rayonunda qeydiyyatdadır; ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı: - 1973-cü ildən 1976-cı ilə qədər 2 saylı Bakı Tibb məktində təhsil almışdır; - 02.08.1976-cı ildə 4-cü Baş İdarənin 3 nömrəli Xəstəxanasında tibb bacısı vəzifəsinə təyin olunmuşdur; - 13.05.1985-ci ildə 4-cü Baş İdarənin 3 nömrəli Xəstəxanasından işdən 2 nömrəli Xəstəxanaya iş şəraitinə uyğun əmək haqqı saxlanılmaqla müvafiq vəzifəyə keçirilmişdir; - 16.05.1985-ci ildə Az.SSR Səhiyyə Naziriyi 4-cü Baş İdarəsinin 2 nömrəli Xəstəxanası 4-cü Baş İdarənin 3 nömrəli xəstəxanasında işdən fizioterapiya şöbəsinin tibb bacısı vəzifəsinə iş şəraitinə uyğun əmək haqqı saxlanılmaqla keçirlmişdir; - 15.02.1988-ci ildə 4-cü Baş İdarənin 3 nömrəli Xəstəxanasının baş tibbi bacısı vəsifəsinə təyin edilmişdir; - 01.06.1997-ci ildə işdən azad edilmişdir; - 03.06.1997-ci ildə “Kaspi-Yıldız” Azəraycan Türkiyə müştərək müəssisəsinin tibb bacısı vəzifəsinə təyin edilmişdir; - 01.04.1998-ci ildə öz xahişi ilə işdən azad edilmişdir; - 13.04.1998-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində Məhkəmə Qərarlarının İcrası Baş İdarəsində vərəmli məhkumlar üçün ixtisaslaşdırılmış müalicə müəssisəsinin tibb bacısı vəzifəsinə təyin edilmişdir; - 08.12.2004-cü ildə işdən azad edilmişdir; - 01.12.2004-cü ildə X5 Komitəsində Penitensiar sistemində vərəmlə mübarizə proqramında tibb bacısı vəzifəsinə təyin edilmişdir; - 30.04.2008-ci ildə işdən azad edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin 15 fevral 2021-ci il 20/02-445 nömrəli məktubundan görünür ki, İddiaçı Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin 13.04.1988-ci il tarixli 469 ş/h saylı əmri ilə Vərəmli məhkumlar üçün ixtisaslaşdırılmış müalicə müəssisəsində tibb bacısı vəzifəsinə təyin edilmiş, 08.12.2004-cü il tarixdən öz xahişi ilə işdən azad edilmişdir (əmrin surəti məktuba əlavə edilmişdir); X5 Komitəsinin 29 aprel 2021-ci il tarixli 21/00382 nömrəli arayışdan görünür ki, İddiaçı 01 dekabr 2004-cü il tarixindən 30 aprel 2008-ci il tarixinədək X5 Komitəsinin Azərbaycan Respublikasındakı nümayəndəliyi ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi arasında olan əməkdaşlıq çərçivəsində həyata keçirilən Penitensiar sistemdə vərəmlə mübarizə proqramında “Tibbi bacısı” vəzifəsində işləmişdir. Qeyd olunan proqram çərçivəsində İddiaçı vəzifə funksiyalarından irəli gələrək vərəm xəstəliyi olan məhkumlara təmasda olub, onların müalicə işində bilavasitə iştirak etmiş və penitensiar müəssisələrdə, o cümlədən Ədliyyə Nazirliyinin Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsində yerləşən vərəmli məhkumlar üçün ixtisaslaşdırılmış müalicə müəssisəsində tibbi xidmətlər göstərmişdir. Əmək funksiyasının xarakterinə və iş rejiminə əsasən onun vəzifəsi penitensiar müəssisələrdə mülki işləri icra edən tibb işçisi vəzifəsinə daxil olmuşdur. Əmək fəaliyyəti dövründə xanım Hətəmovanıın aylıq əmək haqqı 638 manat təşkil etmişdir. 30.04.2008-ci il tarixində ərizəsinə əsasən öz xahişi ilə onun əmək müqaviləsinə xitam verilmişdir; DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 05 mart 2021-ci il tarixli, **********6 nömrəli “pensiya ödənişinin dayandırılması haqqında” məktbunda göstərilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən araşdırılmışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.7.2-ci maddəsinə əsasən (1 iyul 2017-ci il tarixinədək qüvvədə olan redaksiyasına uyğun olaraq) cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında və azadlıqdan məhrum edilmiş şəxslər üçün nəzərdə tutulmuş müalicə müəssisələrində müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş işlərin və peşələrin siyahısı üzrə məhkumlarla və həbsdə olan şəxslərlə işləyən mülki işçilər qadınlar- 50 yaşına çatdıqda və ümumi əmək stajı 20 ildən az olmamaqla, bu stajın azı 10 ilini məhkumlarla və həbsdə olan şəxslərlə işləmişsə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın penitensiar müəssisələrdə mülki işlər bölməsinin (34) tibb işçiləri nəzərdə tutulmuşdur. Araşdırma zamanı vaxtilə iddiaçıya pensiya təyin olunarkən təqdim edilmiş sənədlərində qeyd olunan məlumatlara əsasən 08.12.2004-27.05.2008-ci il tarixləri arasındakı dövr ərzində X2 Komitəsinin penitensiar sistemində vərəmlə mübarizə proqramında tibb bacısı vəzifəsində işlədiyi müəyyən edilmişdir. İddiaçının işlədiyi X2 Komitəsinin penitensiar sistemində vərəmlə mübarizə proqramında tibb bacısı vəzifəsi yuxarıda qeyd olunan penitensiar müəssisələrdə mülki işlər sahəsinə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. Göstərilən uyğunsuzluğa baxmayaraq, iddiaçıya 27.05.2008-ci il tarixində Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunanlara əsasən Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən sizə 27.05.2008-31.12.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 57559,59 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Bununla əlaqədar olaraq iddiaçıya artıq ödənilmiş pul vəsaitinin könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarmağı xahiş edilmişdir. DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 14 aprel 2021-ci il tarixli **********7 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, araşdırılma zamanı vaxtilə iddiaçıya pensiya təyin olunarkən təqdim edilmiş sənədlərdən qeyd olunan məlumatlara əsasən 08.12.2004-27.05.2008-ci il tarixləri arasındakı dövr ərzində X2 Komitəsinin penitensiar sistemində vərəmlə mübarizə proqramında tibb bacısı vəzifəsində işlədiyi müəyyən edilmişdir. Onun işlədiyi X2 Komitəsinin penitensiar sistemində vərəmlə mübarizə proqramında tibb bacısı vəzifəsi yuxarıda qeyd olunan penitensiar müəssisələrdə mülki işlər sahəsinə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur.Göstərilən uyğunsuzluğa baxmayaraq ona 27.05.2008-ci il tarixində Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İş materiallarında olan sənədlərdən müəyyən olunur ki, iddiaçıya 27.05.2008-ci ildə 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, lakin pensiyası 01.01.2021-ci il tarixdən cavabdeh tərəfindən dayandırılmışdır, pensiyasının bərpa edilməsi barədə cavabdehə müraciət etsə də, müraciəti təmin edilməmişdir, imtina onunla əsasandırılmışdır ki, 08.12.2004-27.05.2008-ci il tarixləri arasındakı dövr ərzində X2 Komitəsinin penitensiar sistemində vərəmlə mübarizə proqramında tibb bacısı vəzifəsində işlədiyi illər güzəştli hesab edilmir, belə ki, X2 Komitəsinin penitensiar sistemində vərəmlə mübarizə proqramında tibb bacısı vəzifəsi penitensiar müəssisələrdə mülki işlər sahəsinə uyğun deyil. Odur ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsassız hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (İ və İİİ hissələr) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 9.7 və 9.7.2-ci maddələrinə (1 iyul 2017-ci il tarixədək qüvvədə olan redaksiya) əsasən, cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında və azadlıqdan məhrum edilmiş şəxslər üçün nəzərdə tutulmuş müalicə müəssisələrində müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş işlərin və peşələrin siyahısı üzrə məhkumlarla və həbsdə olan şəxslərlə işləyən mülki işçilər: kişilər - 55 yaşına çatdıqda və ümumi əmək stajı 25 ildən az olmamaqla, bu stajın azı 15 təqvim ilini məhkumlarla və həbsdə olan şəxslərlə işləmişsə; qadınlar 50 yaşına çatdıqda və ümumi əmək stajı 20 ildən az olmamaqla, bu stajın azı 10 ilini məhkumlarla və həbsdə olan şəxslərlə işləmişsə yaşa görə əmək pensiyası hüququ vardır; 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir; 22.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir; 37.8-ci maddəsinə əsasən, bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra mətndə - “Qaydalar”) 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. “Qaydalar”ın 3.2 və 3.2.1-ci bəndlərinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, mövcud “Qaydalar” "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsini təsbit etmişdir. “Qaydalar”a 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 34-cü bölməsində (Penitensiar müəssisələrdə mülki işlər) tibb işçiləri nəzərdə tutulmuşdur. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçıya 50 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element birlikdə mövcud olmalıdır: a) İddiaçının 50 yaşı tamam olanadək 20 il ümumi iş stajının mövcud olması; b) İddiaçının 50 yaşı tamam olanadək azı 10 il güzəştli iş stajının (yuxarıda qeyd edilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıya uyğun) mövcud olması. İş materiallarından görünür ki, iddiaçıya 27.05.2008-ci ildə təyin edilmiş 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 01.01.2021-ci il tarixdən cavabdeh tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 37.8.3-cü maddəsinə əsasən dayandırılmışdır. İstinad edilmişdir ki, 08.12.2004-27.05.2008-ci il tarixləri arasındakı iddiaçının işlədiyi vəzifə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş işlərin və peşələrin siyahısı üzrə nəzərdə tutulmamışdır. İddiaçının ümumi iş stajı ilə bağlı şərti ödəməsi mübahisələndirilməmişdir. İddia ərizəsində isə pensiyanın dayandırılmasının qanunsuzluğu ilə bağlı göstərilmişdir ki, 08.12.2004-27.05.2008-ci il tarixləri arasındakı iddiaçının işlədiyi vəzifə (X5 Komitəsində Penitensiar sistemində vərəmlə mübarizə proqramında tibb bacısı vəzifəsi) müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş işlərin və peşələrin siyahısı üzrə nəzərdə tutulmuş penitensiar müəssisələrdə tibb işçiləri vəzifəsi ilə eynilik təşkil edir. Bundan əlavə, iddiaçının 13.04.1998-08.12.2004-cü il tarixlərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində Məhkəmə Qərarlarının İcrası Baş İdarəsində vərəmli məhkumlar üçün ixtisaslaşdırılmış müalicə müəssisəsinin tibb bacısı vəzifəsində işlədiyi dövr “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 39.3-cü maddəsinə əsasən iki iş günü üç iş günü kimi hesablanmalıdır. Göründüyü kimi, hazırda iddianın həlli üçün əhəmiyyət kəsb edən və aydınlaşdırılmalı olan, 08.12.2004-27.05.2008-ci il tarixlərdə iddiaçının işlədiyi vəzifənin adıçəkilən siyahı üzrə nəzərdə tutulan vəzifə ilə uyğunluq (eynilik) təşkil edib-etməməsi, və 13.04.1998-08.12.2004-cü il tarixlərdə iddiaçının işlədiyi iki iş gününün üç iş günü kimi hesablanmalı olub-olmamasıdır. İddiaçının birinci dəlili ilə bağlı məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.7 və 9.7.2-ci maddələrinə (1 iyul 2017-ci il tarixədək qüvvədə olan redaksiya) əsasən, cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında və azadlıqdan məhrum edilmiş şəxslər üçün nəzərdə tutulmuş müalicə müəssisələrində müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş işlərin və peşələrin siyahısı üzrə məhkumlarla və həbsdə olan şəxslərlə işləyən qadın mülki işçilər 50 yaşına çatdıqda və ümumi əmək stajı 20 ildən az olmamaqla, bu stajın azı 10 ilini məhkumlarla və həbsdə olan şəxslərlə işləmişsə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 34-cü bölməsində məhz penitensiar müəssisələrdə işləyən tibb işçiləri nəzərdə tutulmuşdur. Penitensiar müəssisələr isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətin strukturuna daxil olan cəzaçəkmə müəssisələri (o cümlədən həbsxana, tərbiyə müəssisəsi, müalicə müəssisələri və s.) və istintaq təcridxanalarıdır. İddiaçının 01.12.2004-cü ildən 30.04.2008-ci ilədək işlədiyi X5 Komitəsində Penitensiar sistemində vərəmlə mübarizə proqramında tibb bacısı vəzifəsi, yuxarıda göstərilən penitensiar müəssisələrdə işləyən tibb işçiləri vəzifəsi ilə uyğunluq (eynilik) təşkil etmir. Çünki həmin siyahıda məhz penitensiar müəssisədə işləyən tibb işçiləri nəzərdə tutulmuşdur. İddiaçının həmin proqram çərçivəsində penitensiar müəssisələrdə tibb xidmətləri göstərməsi penitensiar müəssisənin işçisi olması anlamına gəlmir. İddianın digər dəlili olan, 13.04.1998-08.12.2004-cü il tarixlərdə iddiaçının işlədiyi iki iş gününün üç iş günü kimi hesablanmalı olması ilə bağlı məhkəmə qeyd edir ki, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 39.3-cü maddəsi iddiaçıya tətbiq edilə bilməz. Belə ki, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 39.3-cü maddəsinə əsasən, bilavasitə cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında və azadlıqdan məhrum edilmiş şəxslər üçün nəzərdə tutulmuş müalicə müəssisələrində işləyən penitensiar xidmətin əməkdaşlarına pensiya təyin edilərkən işlədikləri illərin hesablanması üç iş günü dörd iş günü kimi, yoluxucu xəstəliyi olan məhkumların saxlanması və müalicəsi üçün nəzərdə tutulmuş müalicə müəssisələrində və cəzaçəkmə müəssisələrinin yoluxucu xəstəliyi olan məhkumların saxlanması və müalicəsi üçün nəzərdə tutulmuş şöbələrində işləyənlərə isə iki iş günü üç iş günü kimi hesablanır. Qeyd olunan normanın məzmunundan da göründüyü kimi, normanın tətbiqi üçün 2 şərt nəzərdə tutulub – 1) şəxsin penitensiar xidmətin əməkdaşı olması; 2) yoluxucu xəstəliyi olan məhkumların saxlanması və müalicəsi üçün nəzərdə tutulmuş müalicə müəssisələrində və cəzaçəkmə müəssisələrinin yoluxucu xəstəliyi olan məhkumların saxlanması və müalicəsi üçün nəzərdə tutulmuş şöbələrində işləməsi. Deməli, ilk növbədə araşdırılmalı hal iddiaçının həmin dövrdə penitensiar xidmətin əməkdaşı statusuna malik olub-olmamasıdır. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun: 33.1-ci maddəsinə əsasən, penitensiar xidmətin işçiləri xüsusi rütbəsi olan əməkdaşlara, mülki işçilərə və hərbi qulluqçulara bölünür. Xüsusi rütbəsi olan əməkdaşlar (bundan sonra - “əməkdaşlar”) sıravi heyətdən, kiçik, orta, böyük və ali rəis heyətindən ibarətdir. Mülki işçilər dövlət qulluqçularından və dövlət qulluqçusu olmayan işçilərdən ibarətdirlər; 33.2-ci maddəsinə əsasən, penitensiar xidmətin əməkdaşları və mülki işçiləri ədliyyə orqanlarının işçiləridir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin 15 fevral 2021-ci il 20/02-445 nömrəli məktubundan və iddiaçının vəzifədən azad edilməsi barədə 07.12.2004-cü il tarixli 240-K nömrəli əmrdən görünür ki, iddiaçı 13.04.1998-08.12.2004-cü il tarixlərdə penitensiar xidmətin xüsusi rütbəsi olan əməkdaşı olmamış, tibb bacısı vəzifəsində işləyən mülki işçi olmuşdur. Mülki işçilər isə pensitensiar xidmətin xüsusi rütbəsi olan əməkdaşlar və hərbi qulluqçularla birlikdə penitensiar xidmətin işçiləridir, Məhkəmə vurğulayır ki, iddiaçının istinad etdiyi “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 39.3-cü maddəsi penitensiar xidmətin xüsusi rütbəsi olan əməkdaşlarına aid olan normadır. İddiaçıya tətbiq edilməli olan norma isə həmin Qanunun 39.4-cü maddəsidir. Həmin maddəyə görə (29.03.2018-ci ilədək qüvvədə olan redaksiya), penitensiar müəssisələrdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş işlərin və peşələrin siyahısı üzrə məhkumlarla və həbsdə olan şəxslərlə işləyən mülki işçilərə pensiya aşağıdakı kimi təyin edilir: kişilərə - 55 yaşına çatdıqda və ümumi əmək stajı 25 ildən az olmayaraq, bundan - 15 təqvim ilindən az olmayaraq məhkumlarla və həbsdə olan şəxslərlə işləyən mülki işçilərə; qadınlara - 50 yaşına çatdıqda və ümumi əmək stajı 20 ildən az olmayaraq, bundan – 10 təqvim ilindən az olmayaraq məhkumlarla və həbsdə olan şəxslərlə işləyən mülki işçilərə. Göründüyü kimi, iddiaçının istinad etdiyi “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 39.3-cü maddəsi iddiaçıya şamil oluna bilməz. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının güzəştli iş stajı 6 il 7 ay 26 gün olmaqla (13.04.1998-08.12.2004-cü illər) 10 ildən az təşkil etdiyindən, ona 50 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunarkən tələb olunan güzəştli iş stajı ilə bağlı şərt ödənilməmişdir. Belə olan halda cavabdehin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 37.8.3-cü maddəsinə əsasən pensiyanın dayandırılması ilə bağlı hərəkətləri qanuni olmuşdur. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır; 108.1-ci maddəsinə əsasən, prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir; 109-cu maddəsinə əsasən, prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir; 110.1-ci maddəsinə əsasən, prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 110.3-cü maddəsinə əsasən, iddianın təmin olunmadığı hallarda, inzibati məhkəmə icraatı ilə bağlı prosessual xərcləri ödəmək vəzifəsi, qanunvericilikdə digər hal nəzərdə tutulmamışdırsa, həmin şikayəti vermiş şəxsin üzərinə qoyulur. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının “pensiyasının bərpa edilməsi və s.” tələbindən qаnuni əsаslаrlа imtinа оlunduğundаn, işin bu cür hаlındа isə cavabdeh tərəfindən hər hаnsı qаnunsuz hərəkətə yоl vеrilməsi hər hаnsı dəlil ilə sübutа yеtirilmədiyindən, iddia təmin еdilməməli, prosessual xərclər (hüquqi yardım üçün ödənilmiş xidmət haqqı və dövlət rüsumu) iddiaçıya aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyasının bərpa edilməsi və s.” tələbinə dair iddiası təmin edilməsin. İddia qaldırılarkən hüquqi yardıma görə ödənilmiş 1100 (bir min bir yüz) manat və dövlət rüsumu qismində ödənilmiş 30 (otuz) manat iddiaçıya aid edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar