Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-6189/2025 23.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X4 İdris oğlunun sədrliyi, X2 oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “təyin olunmuş müddətsiz əlilliyin etibarlı hesab edilməsi və əlillik arayışının əlillik alt sisteminə yerləşdirilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq, Məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixində təyin edilmiş “qazanılmış böyrək kistası, böyrəklərin poliistozu. Xroniki böyrək xəstəliyi V mərhələ, xroniki Böyrək çatmamazlığı V mərhələ, proqramlı hemodializ (həftədə 3 dəfə 4 saat)” diqnozu qoyularaq müddətsiz ümumi xəstəlik, yəni birinci dərəcəli əlilliyin dayandırılması qanunsuz hesab edilərək dayandırıldığı vaxtdan bərpa edilməsi və əlillik arayışının əlillik alt sisteminə yerləşdirilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı xx.xx.1977-ci ildə Zəngilan rayonunun Malatkeşin kəndində anadan olmuşdur. Hal-hazırda Cəbrayıl rayonu, Mehdili kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, 8 mkr., Şövkət Məmmədova küçəsi, 30/97, bina 4, 8 nömrəli mənzildə yaşayır. Ailəlidir və iki övladı var. Evdar qadındır. Ona xx.xx.2018-ci il tarixində “qazanılmış böyrək kistası, böyrəklərin poliistozu. Xroniki böyrək xəstəliyi V mərhələ, xroniki Böyrək çatmamazlığı V mərhələ, proqramlı hemodializ (həftədə 3 dəfə 4 saat)” diqnozu qoyularaq müddətsiz ümumi xəstəlik yəni birinci dərəcəli əlillik təyin edilmişdir. Eyni zamanda xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Prezident təqaüdü almışdır. xx.xx.2020-ci il tarixində təyin edilmiş müddətsiz ümumi xəstəlik, yəni birinci dərəcəli əlillik heç bir xəbərdarlıq edilmədən pensiya və təqaüdü qanunsuz olaraq dayandırılmışdır. Tərəfindən araşdırma aparıldıqda, yəni elektron sistemə əlillik vəziyyətinin yoxlanması məqsədilə baxış keçirən zaman müəyyən edilmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əlillik vəziyyəti əsassız olaraq etibarsız hesab edilərək, pensiya və təqaüdü dayandırılmışdır. Onun əlilliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən dayandırılması əlillik hüquqlarını əsassız olaraq pozmuşdur ki, bu səbəbdən də məhkəməyə müraciət etmək məcbiriyyətində qalmışdır. Bu günə kimi məhkəməyə müraciət etməməsinin əsas səbəbi dünyada baş verən pandemiya və bu ərəfələrdə qanunsuz olaraq hüquq-mühafizə orqanlarına çağırılmağı və ona təsir edilməsi olmuşdur. Təyin edilmiş müddətsiz əliliyin bərpa olunması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etmişdir və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ünvanladığı xx.xx.2025-ci il tarixli məktubu ilə imtina edilmişdir. Cavabdehin xx.xx.2025-ci il tarixli etiraz məktubunda qeyd edilmişdir ki, iddiaçıya Bakı 15 nömrəli Şəhər Poliklinikasının xx.xx.2018-ci il tarixli göndərişi əsasında ümumi xəstəlik səbəbindən müddətsiz 1-ci dərəcə əlillik təyin edilmişdir. Lakin göndərişi rəsmiləşdirmiş tibb müəssisəsinin həmin göndərişin əsassız olmasına dair məktubu əsasında iddiaçının əlilliyi xx.xx.2020-ci ildə dayandırılmışdır. Həmin tarixdən sonra iddiaçı heç bir formada inzibati orqanın hərəkətlərini mübahisələndirməmişdir. İddiaçının 5 il müddət keçdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi öz hüquqlarından sui-istifadə etməsi kimi qiymətləndirilməlidir. Hər kəs öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən ədalətlə hərəkət etməlidir, dürüstlük və vicdanlılıq nümayiş etdirməlidir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrıayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Göründüyü kimi, vətəndaşın müraciətləri üzrə qiymətləndirmə aparılarkən hazırki sağlamlıq vəziyyəti müvafiq tibbi müəssisəsi tərəfindən rəsmiləşdirilmiş diaqnoza uyğun olmadığından həmçinin orqanizm funksiyalarının pozulması əlilliyin müəyyən edilməsi üçün yetərli səviyyədə olmadığından onun barəsində əlillik təyin etmək mümkün olmamışdır. Cavabdeh iddia tələbinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin mümkün sayılmasını və iddia tələbinin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Bu baxımdan, məcburetmə haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. əlverişsiz inzibati akt olmalı; 3. iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalı; 5. qanunla tələb olunduqda digər əlavə şərtlərə əməl olunmalıdır (İPM- 2.2.2, 33, 35.1, 38.2). İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi iddiaçının üzərindədir. İş materialları ilə müəyyən olunmuşdur ki, cavabdehin xx.xx.2020-ci il tarixli imtina məktubundan iddiaçının daha əvvəl məlumatlı olmasına baxmayaraq, qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İPM-in 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Məcəllənin 24.4-cü maddəsinə görə isə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmin Qərarın: 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir; 3.2-ci bəndinə görə, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir; 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir; 3.4-cü bəndinə görə, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər; 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir; 8.2-ci bəndinə görə bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir; 8.3-cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. İddiaçı pandemiya dövründə ona təsir edilməsini prossesual müddətinin ötürülmə əsası kimi qeyd etsə də, məhkəmə diqqətə çatdırır ki, müddət hər bil halda ötürüldüyündən qeyd edilən hal müddətin bərpasına əsas olan hal kimi qiymətləndirilə bilməz. İddiaçı əlilliyin dayandırılması barədə cavabdehin qərarından qeyd edilən müddətdə şikayət instansiyasına və məhkəməyə müraciət etməmiş, əlilliyin dayandırılması bardə inzibati aktın ləğv olunması ilə bağlı İPM-in 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 gün müddətində, həmçinin müddətin üzrlü səbəbdən buraxılması barədə məhkəməyə müraciət etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı iddia müddəti ilə bağlı mümkünlük şərtlərinə əməl etməmişdir. Qanunvericiliyin yuxarıda qeyd olunan normaları məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkilinə izah edilmiş, mübahisənin faktiki və hüquqi halları onunla müzakirə olunmuş və iddiaçının nümayəndəsi və vəkilinə İPM-in 13-cü maddəsinin tələbləri baxımından məhkəmə tərəfindən zəruri hüquqi yardım göstərilmişdir. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Qərara aldi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “təyin olunmuş müddətsiz əlilliyin etibarlı hesab edilməsi və əlillik arayışının əlillik alt sisteminə yerləşdirilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X5
Məhkəmə qərarları › İş №e-2-1(112)-6189/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-6189/2025
23.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver