Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-6201/2024 13.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Lokal Gəlirlər Baş İdarəsinə qarşı “ödənilmiş pul vəsaitinin qaytarılması barədə rəyin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2017-ci il tarixdə "xxxx" MTK-nın vergi borcu qismində ödədiyi 25000 məbləğində pul vəsaitinin qaytarılması barədə rəyin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MTK-da aparılmış səyyar vergi yoxlamasının nəticəsi ilə əlaqədar "xxxx" MTK-nın barəsində külli miqdarda vergidən yayınma cinayəti üzrə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə cinayət işi başlanmış, bundan sonra İdarənin müstəntiqi Bayram Bayramov heç bir əsas olmadan 23 yanvar 2017-ci ildə onu Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə şübhəli şəxs qismində tutmuş və 25 yanvar 2017-ci ildə Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə ittiham elan etmişdir. Onun "xxxx" MTK-yə heç bir aidiyyatının olmamasına baxmayaraq, müstəntiq onun ifadələrinə əhəmiyyət verməmiş, heç bir dəlil, heç bir mötəbər sübut olmadan onu şübhəli şəxs qismində tutmuş və onu "xxxx" MTK-nin vergi borcundan 25 000 manat məbləğində pul ödəməyə məcbur etmiş, həmin məbləğdə pul vəsaiti ödəyəcəyi təqdirdə onu buraxacağına vəd vermişdir. O, müstəntiq Bayram Bayramovun onu qanunsuz saxlamasını və onun təqsirsizliyinə heç bir əhəmiyyət verməməsini görüb "xxxx" MTK-nın vergi borcu üçün həyat yoldaşı X1 25000 manat məbləğində pul vəsaiti məcburi şəkildə ödətdirildikdən sonra 25 yanvar 2017-ci ildə müstəntiq onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçərək onun müvəqqəti saxlama yerindən azad etmişdir. Ona verilmiş ittihamda İddiaçı X2 və X6 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, ümumilikdə külli miqdar təşkil edən 801.593,78 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındığı, bununla da Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyi qeyd olunmuşdur. Lakin barəsində olan cinayət işi Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində baxılmış və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-4/2021 saylı xx.xx.2021-ci il tarixli hökmü ilə ona Azərbaycan Respublikası CM-nin 213.2.2-cimaddəsi ilə bəraət verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-692/2021 nömrəli 13 avqust 2021-ci il tarixli qərarı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmişdir. Dövlət ittihamçısı Bakı Apellyasiya Məhkəməsinin 1(103)-692/2021 nömrəli 13 avqust 2021-ci il tarixli qərarından kassasiya protesti, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi isə kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 avqust 2021-ci il tarixli qərarının ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-211/2022 saylı 01 mart 2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 1(103)-692/2021 nömrəli 13 avqust 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Onun "xxxx" MTK-nin vergi borcundan 25 000 manat məbləğində pul ödəməyə məcbur edilməyi üçün həmin pul vəsaitnin ona dəymiş maddi zərər qismində dövlət büdcəsindən qaytarılması barədə o, məhkəmədə iddia qaldırmış, lakin onun iddiası Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, 2(006)-208/2023 saylı qətnaməsi ilə vergi borcu kimi ödənilmiş pul vəsaitinin ona ödənilməsi hissəsində təmin edilməmişdir. Qətnamədən verdiyi apellyasiya şikayəti də həmin hissədə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3685/2023 saylı 10 iyul 2023-cü il tarixli qətnaməsi ilə həmin borcun "xxxx" MTK tərəfindən ona ödənilməli olması bildirilmişdir. Lakin o, kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3685/2023 saylı 10 iyul 2023-cü il tarixli qətnaməsinin ləğv edilərək, iş üzrə iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmiş və Ali Məhkəmənin 2(102)-3735/2023 saylı 02 oktyabr 2023cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 3685/2023 nömrəli, 10 iyul 2023-cü il tarixli qətnaməsinin vergi borcu kimi ödənilmiş 25.000 manat məbləğində maddi ziyan tələbinin təmin edilməməsi hissəsində ləğv edilməsi və İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və "xxxx" MTK cəlb edilməklə) “maddi ziyanın ödənilməsi və s.” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə icraata “vergi borcu kimi ödənilmiş 25.000 manat məbləğində maddi ziyan tələbinə” dair hissədə xitam verilməsi və iddiaçıya həmin hissədə tələblə bağlı aidiyyəti üzrə müvafiq İnzibati Məhkəməyə müraciət etmək hüququnun izah olunması qərara alınmışdır. Həmin qərarın əsaslandırıcı hissəsində Ali Məhkəmə iddia tələbinin “vergi borcu kimi ödənilmiş 25.000 manatın qaytarılması” hissəsi ilə bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 iyul 2019-cu il tarixli 313 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”na uyğun olaraq vergi orqanı səhvən ödənilən vergi məbləğini iddiaçıya ödəməli idi. Ona görə də onun tərəfimdən "xxxx" MTK-nın vergi borcu qismində ödədiyi 25 000 manat məbləğində pul vəsaitinin vergi orqanı tərəfindən ona ödənilməsi üçün cavabdehə ərizə ilə müraciət edərək, xx.xx.2017-ci il tarixdə "xxxx" MTK-nın vergi borcu qismində ödədiyi 25 000 manat məbləğində pul vəsaitinin mənə qaytarılması təmin edilməsini xahiş etmişdir. Lakin cavabdeh 22 dekabr 2023-cü il tarixli məktubla onun müraciətindən imtina edərək, pul vəsaitnin geri qaytarılması ilə bağlı məhkəməyə və müvafiq orqana müraciət etmək hüququ ona izah edilmişdir. Göründüyü kimi cavabdeh öz öhdəliyini yerinə yetirməkdən yayınmaq üçün səhv ödənilmiş verginin geri qaytarılması barədə ərizəni baxılması üçün vergi Cinayətlərinin İbtidai Araşdırılması İdarəsinə göndərmişdir. Halbuki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 iyul 2019-cu il tarixli 313 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nın 3.1-ci bəndinə əsasən Vergi ödəyicisi Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (1 nömrəli əlavə) ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına müraciət etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 iyul 2019cu il tarixli 313 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nın 2.1-ci bəndinə əsasən Vergi ödəyicisi ondan düzgün tutulmamış və ya artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş verginin, faizlərin və maliyyə sanksiyasının məbləğinin qaytarılmasını və ya digər vergilərin, faizlərin maliyyə ərizəni imzalayan şəxs haqqında məlumat: sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilməsini, yaxud vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (Vergi Məcəlləsinin 38.3.3-cü və 38.3.4-cü maddələrinə uyğun olaraq həyata keçirilən səyyar vergi yoxlamasının nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 (beş) il müddətində tələb etmək hüququna malikdir. Cavabdeh iddianın mümkün sayılmaması barədə vəsatət təqdim etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsindən göründüyü kimi qaytarılması tələb olunan pul vəsaiti "xxxx" MTK (VÖEN **********) tərəfindən ödənilmişdir. Yəni İddiaçı pul vəsaitinin qaytarılması barədə rəyin verilməsi tələbi üzrə subyektiv hüququ yoxdur. Belə ki, qeyd edilən məbləğ "xxxx" MTK-nın hesabına ödənildiyindən müvafiq tələb "xxxx" MTK tərəfindən tələb edilə bilər. Beləliklə, iddianın mümkün sayılması üçün cavabdeh qismində hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasına yol verən inzibati orqan seçildikdə iddiaçı həmin hərəkətlərin nədən ibarət olmasını aydın ifadə etməli, həmin hərəkətlərə dair sübutlar təqdim etməli və iddiasını əsaslandırmalıdır. Lakin iddia ərizəsində cavabdeh tərəfindən hansı hərəkətlər və hərəkətsizliklər nəticəsində iddiaçının qanunla qorunan hansı hüquqlarının və maraqlarının pozulduğu, hansı hərəkətlərin yerinə yetirilməsini tələb etdiyi aydın ifadə edilməmişdir. Bu isə, öz növbəsində iddia tələbinin əsassız olduğunu göstərir, bu da iddianın cavabdehə qarşı mümkün sayılmaması üçün əsasdır. Məhkəmə iclasında iddia tərəflə iddianın mümkünlüyü ilə bağlı cavabdehin vəsatəti müzakirə edilmişdir. İddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək iddia tələninin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia tələbində iddiaçı xx.xx.2017-ci il tarixdə "xxxx" MTK-nın vergi borcu qismində ödədiyi 25000 məbləğində pul vəsaitinin qaytarılması barədə rəyin verilməsini tələb edir ki, həmin tələb üzrə iddiaçının subyektiv hüququ müəyyən edilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İşin hallarından görünür ki, iddiaçı "xxxx" MTK-nın vergi borcu kimi ödədiyi 25000 məbləğində pul vəsaitinin qaytarılmasını istəyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 iyul 2019-cu il tarixli 313 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nın 3.1-ci bəndinə əsasən Vergi ödəyicisi Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (1 nömrəli əlavə) ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına müraciət etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 iyul 2019-cu il tarixli 313 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nın 2.1-ci bəndinə əsasən Vergi ödəyicisi ondan düzgün tutulmamış və ya artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş verginin, faizlərin və maliyyə sanksiyasının məbləğinin qaytarılmasını və ya digər vergilərin, faizlərin maliyyə ərizəni imzalayan şəxs haqqında məlumat: sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilməsini, yaxud vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (Vergi Məcəlləsinin 38.3.3-cü və 38.3.4-cü maddələrinə uyğun olaraq həyata keçirilən səyyar vergi yoxlamasının nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 (beş) il müddətində tələb etmək hüququna malikdir. Sadalanan normalardan göründüyü kimi, artıq və ya səhv ödənlmiş vergi borcununun qaytarılmasını tələb etmək hüququ vergi ödəyicisinə məxsudur. İddiaçı ilə cavabdeh arasında hər hansı publik münasibətlər mövcud deyildir. İddiaçı tərəfin də bildirdiyi kimi həmin vəsait hüquqi şəxs olan MTK-nın vergi borcu qismində ödənilmişdir. Belə olan halda iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ mövcud deyil. Məhkəmə iddiaçıya hüquqi yardım edərək bildirir ki, hazırkı iddia tələbi ilə cavabdehə MTK tərəfindən iddia qaldırıla bilər. İddiaçı isə həmin məbləği "xxxx" MTK-dan reqres qaydasında tələb edə bilər. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkünlük şərtlərini ödəmədiyi üçün mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №e-2-1(112)-6201/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-6201/2024
13.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver