Məhkəmə qərarları › İş №e-2-1(112)-6273/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-6273/2024

20.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-6273/2024 20.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 12 oktyabr 1985-ci il tarixli, 16/358 saylı qərarı əsasında “X5 Təmiri” İstehsalat Birliyinin bağçılıq-yoldaşlıq təsərrüfatı tərəfindən 3-20 saylı bağ sahəsi üzrə bağ evinin və təsərrüfat tikililərinin inşası üçün verilmiş 0,05 ha torpaq sahəsinin özəlləşdirilməsi və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

2. İddiaçı məhkəməyə müraciət edərək iddia tələbindəki “3-20 saylı bağ sahəsi”nin “Z-20 saylı bağ sahəsi” kimi nəzərə alınmasını xahiş etmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə rəsmi qaydada ərizə ilə müraciət etmişdir. Ərizədə qeyd edilmişdir ki, Bakı ŞəhərXalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 12 oktyabr 1985-ci il tarixli 16/358 saylı qərarı əsasında iddiaçıya işlədiyi “X5 Təmiri” İstehsalat Birliyinin 200 nəfərlik yoldaşlıq təsərrüfatının üzvləri ilə birlikdə bağ evinin və təsərrüfat tikililərinin inşası üçün Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən torpaq sahəsi ayrılmışdır. Eləcə də iddiaçıya həmin qərar əsasında yaradılmış “Gəmitəmirçi” kollektiv bağçılıq təsərrüfatı tərəfindən 3-20 saylı, 0,05 ha ərazidə torpaq sahəsi ayrılmaqla xx.xx.1996-cı il tarixdə Üzvlük Bileti verilmiş, iddiaçı sahibliyində və istifadəsində olan həmin torpaq sahəsi üzərində öz vəsaiti hesabına bağ evi inşa etdirmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli sənədlə hüquqların dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir.

4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, idarənin arxiv məlumatlarına əsasən bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında İddiaçı adı aşkar olunmamışdır. Bundan əlavə, təqdim edilmiş xx.xx.1996-cı il tarixli üzvlük kitabçasında bağ sahəsinin nömrəsində təsdiqlənməmiş düzəliş edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7- ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.

5. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan yazılı etirazda qeyd edilmişdir ki, İddiaçı faktiki sahibliyində və istifadəsində olan, Bakı Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 12 oktyabr 1985-ci il tarixli 16/358 saylı qərarı əsasında “X5 Təmiri” İstehsalat Birliyinin bağçılıq-yoldaşlıq təsərrüfatı tərəfindən 3-20 saylı bağ sahəsi üzrə bağ evinin və təsərrüfat tikililərinin inşası üçün ona verilmiş 0,05 ha torpaq sahəsinin özəlləşdirilməsi və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunması barədə iddiası etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlarla bağlı ********** nömrəli, xx.xx.2023-cü il tarixli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2023-cü il tarixli, **********10 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, idarənin arxiv məlumatlarına əsasən bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında İddiaçı adı aşkar olunmamışdır. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsinin bir hissəsi ‘‘Gəmitəmirçisi‘‘ bağçılıq-yoldaşlıq təsərrüfatına ayrılmış ayrıc aktından kənarda, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Həmçinin, bağçılıq yoldaşlıq bölgü sxemi olmadığından torpaq sahəsinin yerləşməsinin düzgünlüyünü müəyyən etmək mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən, Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə verilməsini təmin edilməsi və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılması qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər.

6. Bakı Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 12 oktyabr 1985-ci il tarixli, 16/358 saylı Qərarı ilə “X5 Təmiri” İstehsalat Birliyinin 200 nəfərlik yoldaşlıq təsərrüfatının üzvləri ilə birlikdə bağ evinin və təsərrüfat tikililərinin inşası üçün Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən torpaq sahəsi ayrılmışdır.

7. “Gəmitəmirçi” kollektiv bağçılıq təsərrüfatı tərəfindən verilmiş xx.xx.1996-cı il tarixli üzvlük biletinə əsasən İddiaçı Suraxanı rayonu, Hövsan qəsəbəsində sahəsi 0.05 hektar olan Z- 20 saylı bağ sahəsi ayrılmışdır.

8. İddiaçı məxsus əmək kitabçası iş materiallarına əlavə olunmuşdur.

9. İddiaçı tərəfindən X2 və İstismarı Birliyinə edilmiş ödənişlər barədə qəbzlər iş materiallarına əlavə edilmişdir.

10. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan yazılı vəsatətdə qeyd edilmişdir ki, iş üzrə aparılan araşdırma nəticəsində Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsinin bir hissəsi ‘‘Gəmitəmirçisi‘‘ bağçılıq-yoldaşlıq təsərrüfatına ayrılmış ayrıc aktından kənarda, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Bu səbəbdən qeyd edilən inzibati iş üzrə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – Məcəllə) 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Yuxarıda göstərilənləri nəzərə alaraq işin hallarının obyektiv araşdırılması məqsədilə qeyd edilən inzibati iş üzrə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir.

11. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, sənədlər toplusuna əlavə olunan bağçılıq yoldaşlığın bölgüsü qeyd olunan ayrıca aid deyil. Bu səbəbdən hansı bağ nömrəsinə aid olmasını araşdırmaq mümkün olmamışdır. Müraciətdə qeyd olunan ərazi və tikilinin qeydiyyatı barədə elektron bazada məlumat yoxdur. Həmçinin torpaq sahəsinin az bir hissəsi ayrıc aktından kənarda olmaqla Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ərazisidir. Sahə yaşayış məntəqələri torpaqlarıdır. İdarənin arxivində İddiaçı adı “X5 Təmiri” bağçılıq yoldaşlıq üzvlərinin siyahısında aşkar olunmamışdır.

12. ‘‘Gəmitəmirçisi‘‘ bağçılıq-yoldaşlıq təsərrüfatın qovluğu elektron daşıyıcıda iş materiallarına əlavə edilmişdir.

13. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) aktına əsasən torpaq sahəsinin hüquq müəyyənedici sənəd üzrə ölçüsü 500,0 kv.m, faktiki ölçüsü isə 658,0 kv.m təşkil edir. Göstərilən bağ sahəsi hasar daxilindədir. Sahəsi 658,0 kv.mdir. Sahədə bir mərtəbəli taxta konstruksiyalı (dranka) ev, köməkçi və həyət tikilisi var. Arxiv şöbəsindən əlavə edilmiş Bağçılıq yoldaşlığın bölgü sxemində Z-20 saylı bağ göstərilmədiyindən göstərilən sahənin Z-20 saylı bağın ərazisinə uyğun gəlib-gəlmədiyini dəqiqləşdirmək mümkün olmamışdır.

14. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, X1 adına “Gəmitəmirçisi” bağçılıq-yoldaşlıq təsərrüfatının nəzdində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən Z-19 saylı bağ sahəsinin və ya həmin bağçılığın nəzdində digər bağ sahəsinin qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Eyni zamanda vahid elektron kadastr baza məlumatlarına əsasən müraciətdə qeyd olunan ərazi və tikilinin qeydiyyatı barədə elektron bazada məlumat yoxdur.

15. Azərbaycan Respublikası "xxxx" MMC tərəfindən tərtib edilmiş Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi ünvanında yerləşən torpaq sahəsinin və üzərində inşa edilmiş bağ evinin eskiz layihəsi iş materiallarına əlavə olunmuşdur.

16. Məhkəmənin şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

17. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

18. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

19. İddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq bildirir ki, sənədlərin əsllərini vaxtilə cavabdeh quruma təqdim edib, indi onda olanlar sənədlərin surətidir. Lakin torpaq sahəsinin iddiaçıya məxsusluğu cavabdehdə olan arxiv məlumatları ilə təsdiqini tapır.

20. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

21. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

22. Məhkəmə “Gəmitəmirçi” kollektiv bağçılıq təsərrüfatının iş materiallarına əlavə edilmiş qeydiyyat qovluğunu nəzərdən keçirərək müəyyən edir ki (həcmi böyük olduğu üçün (cəmi 285 vərəqdə olmaqla) elektron daşıyıcı CD diskdə iş materiallarına əlavə edilmişdir), iddiaçı vaxtilə “Gəmitəmirçi” kollektiv bağçılıq təsərrüfatının baş direktorunun köməkçisi və üzvü olmuş, “Gəmitəmirçi” kollektiv bağçılıq təsərrüfatı ilə bağlı çoxsaylı məhkəmə mübahisələri olmuş, bağçılığın üzvü qismində iclaslara sədrlik etmiş (qovluqda xx.xx.2003cü il tarixli protokol, qovluğun 219-220-ci vərəqləri) və üzvlərin ümumi yığıncağının xx.xx.2003-cü il tarixli protokoluna əsasən (qovluğun 209-216-cı vərəqləri) üzvlükdən çıxarılmışdır. Lakin qovluqda iddiaçıya ayrılmış bağ sahəsinin ondan geri alınmasına dair hər hansı məlumat yoxdur.

23. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:

1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

24. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir.

25. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

26. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

28. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

29. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

30. X4 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).

31. X4 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.

32. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir: - Bakı Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 12 oktyabr 1985-ci il tarixli, 16/358 saylı Qərarı ilə “X5 Təmiri” İstehsalat Birliyinin 200 nəfərlik yoldaşlıq təsərrüfatının üzvləri ilə birlikdə bağ evinin və təsərrüfat tikililərinin inşası üçün Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən torpaq sahəsi ayrılmışdır. - “Gəmitəmirçi” kollektiv bağçılıq təsərrüfatı tərəfindən verilmiş xx.xx.1996-cı il tarixli üzvlük biletinə əsasən İddiaçı Suraxanı rayonu, Hövsan qəsəbəsində sahəsi 0.05 hektar olan Z-20 saylı bağ sahəsi ayrılmışdır. - “Gəmitəmirçi” kollektiv bağçılıq təsərrüfatının qeydiyyat qovluğu (CD daşıyıcıda) və İddiaçı məxsus əmək kitabçası iş materiallarına əlavə olunmuşdur. “Gəmitəmirçi” kollektiv bağçılıq təsərrüfatının qeydiyyat qovluğuna və əmək kitabçasına əsasən iddiaçının (üzvlərin siyahısında adı göstərilməsə belə) bağçılığın üzvü olduğu və İddiaçı “Gəmitəmirçi” kollektiv bağçılıq təsərrüfatında işlədiyi faktı təsdiq edilir. - İddiaçı tərəfindən X2 və İstismarı Birliyinə edilmiş ödənişlər barədə qəbzlər iş materiallarına əlavə edilmişdir. - Mübahisələndirilən torpaq sahəsi iddiaçının faktiki sahibliyində və istifadəsindədir. - Qeydiyyat qovluğunda iddiaçının bağçılığın üzvlüyündən çıxarılması barədə protokol olsa da, həmin protokolun hər hansı bir şəkildə icra olunduğu və ya ona ayrılmış torpaq sahəsinin geri alındığı müəyyən edilmir.

33. Məhkəmə hesab edir ki, Bakı Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 12 oktyabr 1985-ci il tarixli, 16/358 saylı Qərarı “Gəmitəmirçi” kollektiv bağçılıq təsərrüfatı tərəfindən verilmiş xx.xx.1996-cı il tarixli üzvlük bileti ilə tamamlanmaqla iddiaçının torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən prima facie (ilkin) sübutu təşkil edir. Məhkəmənin qeyd edilən qənaəti X4 Məhkəməsinin presedent hüququna əsaslanır (bax: Sarqsyan Azərbaycana qarşı iş (40167/06 nömrəli ərizə üzrə xx.xx.2015-ci il tarixli qərar § 188).

34. Cavabdeh orqan torpaq sahəsinə dair İddiaçı adına dövlət reyestrindən çıxarışın verilməsindən imtinanın dəlili olaraq qeyd etmişdir ki, idarənin arxiv məlumatlarına əsasən bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır.

35. Bununla bağlı məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının adının bağçılıq təsərrüfatı tərəfindən üzvlərinin siyahısına daxil edilməməsi iddiaçının məsuliyyət sferası ilə əhatə olunmur və hüquqların qeydiyyatından imtina üçün əsas ola bilməz. Bu zaman məhkəmənin nəzərə aldığı hallar hazırkı işdə olduğu kimi torpaq sahəsinə dair iddiaçıya məxsus olan sənədlərin mötəbərliyinin hər hansı şübhə doğurmaması və torpaq sahəsinin iddiaçının faktiki sahibliyində və istifadəsində olmasıdır.

36. Digər tərəfdən məhkəmə nəzərə alır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının əsası kimi bilavasitə siyahı deyil, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış nəzərdə tutulmuşdur.

37. Cavabdeh imtinanın digər dəlili olaraq qeyd etmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsinin bir hissəsi ‘‘Gəmitəmirçisi‘‘ bağçılıqyoldaşlıq təsərrüfatına ayrılmış ayrıc aktından kənarda, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir.

38. Məhkəmə bununla bağlı qeyd edir ki, bağların yerləşmə mövqeyində sxematik xəritəyə nəzərən əhəmiyyətli sayılmayacaq dərəcədə koordinat sürüşməsi mümkündür. Bu isə iddiaçının faktiki sahibliyində və istifadəsində olan torpaq sahəsi üzərində hüquqların qeydiyyatdan imtina üçün əsas deyildir.

39. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə faktiki olaraq tənzimlənmişdir. Bu fərman məhz torpaqların mövcud problemli vəziyyəti ilə bağlı tənzimləmə işlərinin aparılması və qeydiyyatı zamanı meydana çıxan uyğunsuzluqların aradan qaldırılması ilə əlaqədar qəbul edilmiş və uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) yerquruluşu qaydasında aradan qaldırılması qaydası müəyyən edilmişdir. Həmin fərmanın preambulasına əsasən Fərman torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək məqsədi ilə qəbul edilmişdir.

40. Məhkəmə qeyd edir ki, əvvəllər tətbiq olunan koordinat təyinetmə sistemi ilə hal-hazırda tətbiq edilən koordinat təyinetmə sistemi fərqlidir. Bu fərqlər ondan ibarətdir ki, əvvəllər (sovetlər vaxtında, müstəqilliyin ilk iyirmi ilində) və 2010-cu illərədək kadastr işlərində istifadə olunmuş koordinat sisteminin göstəriciləri ilə hazırda tətbiq olunan koordinat sisteminin göstəricilərinə çevrildikdə koordinatlarda müəyyən qədər sürüşmə (yerdəyişmə/göstərici uyğunsuzluğu) yaranır və ya yarana bilər. Bu sürüşmə (yerdəyişmə) torpaq sahəsinin yerinin dəyişilməsi demək deyildir, bu, texniki sənədlərdəki koordinatlar arasında yaranmış obyektiv səbəbli (koordinat təyinetmə sistemlərinin uyğunsuzluğundan qaynaqlanan) kiçik dərəcəli uyğunsuzluqdur. Həmin uyğunsuzluqlar hər bir sonrakı reyestr qeydiyyatı icraatı işlərinin, o cümlədən də yerquruluşu və kadastr işlərinin aparılması zamanı - koordinat və döngə nöqtələrinin təkrar təyini və müvafiq texniki sənədlərə işlənilməsi zamanı aidiyyəti səlahiyyətli orqanın mütəxəssisi tərəfindən ilkin hüquqi və texniki sənədlərə əsaslanılmaqla aradan qaldırılmalıdır.

41. Odur ki, texniki uyğunsuzluq səbəbindən torpaq sahəsinin yerləşmə mövqeyində əhəmiyyətli sayılmayacaq dərəcədə koordinat sürüşməsinin olması mümkündür və inzibati orqan səlahiyyətlərinə uyğun olaraq torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərinin və texniki sənədlərin tərtib edilməsi işlərinin aparılması qaydasında mümkün uyğunsuzluğu aradan qaldırmaqla iddiaçının həmin bağ sahəsinə dair hüquqlarının qeydiyyatını təmin etməlidir.

42. Digər tərəfdən məhkəmə qeyd edir ki, daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) aktına əsasən torpaq sahəsinin hüquq müəyyənedici sənəd üzrə ölçüsü 500,0 kv.m, faktiki ölçüsü isə 658,0 kv.m təşkil edir. Məhkəmə nəzərə alır ki, cavabdeh tərəfindən mübahisələndirilən torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ərazisinə düşdüyü iddia edilən hissəsi faktiki olaraq iddiaçının istifadəsindəki artıq olan 158,0 kv.m hissəyə aiddir. İddiaçının hazırki iddia tələbi isə hüquq müəyyənedici sənəd əsasında ayrılmış 500,0 kv.m torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınması ilə bağlıdır.

43. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının ona verilmiş torpaq sahəsinə mülkiyyət hüququn tanınması üçün (əvəzsiz olaraq) “qanuni gözləntisi” var və cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur.

44. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;

45. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

46. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

47. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

48. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən sahəsi 0,05 hektar olan Z-20 saylı bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq adına çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar