Məhkəmə qərarları › İş №e-2-1(112)-6274/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-6274/2024

16.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-6274/2024 16.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi (vəkili) X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusunun verilməsi haqqında qərar qəbul edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “qaçqın statusunun verilməsi barədə” qərarın qəbul edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Pakistan İslam Respublikasının vətəndaşı, hazırda Azərbaycan Respublikasında müvəqqəti yaşayan İddiaçı ((PAK GB9459851, d/t xx.xx.2002,) 10 yanvar 2023-cü il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Dövlət Miqrasiya Xidmətinin xx.xx.2024-cü il tarixli, 3-37/2-C-161-18-07- 922/2024 saylı “Qaçqın statusu verilməsindən imtina edilməsi haqqında” qərar qəbul edilmişdir. İddiaçı qeyd edilən qərarı qanunsuz və əsassız hesab edir. İşin faktiki halı ondan ibarətdir ki, iddiaçı Pakistan İslam Respublikasının vətəndaşıdır. Taliban terrorçularının ölkədə hakimiyyəti ələ keçirməyindən əvvəl hakimiyyətdə Pakistan Təhrik-i İnsafsiyasi partiyası (İmran Xanın sədrliyi ilə) olmuşdur. İddiaçı və ailə üzvləri həmin siyasi partiyanın üzvüdür. Lakin, Taliban terrorçuları hakimiyyəti mənimsədikdən sonra sözügedən partiyanın üzvlərinə və həmçinin iddiaçıya qarşı siyasi təqiblər olunmağa başlanmışdır. Qanunsuz rejimin polis orqanları qanunsuz ittihamlarla iddiaçının edam etməyə çalışır, iddiaçı isə polisdən gizlənməyə çalışıb Bakıya gəlmişdir. Hazırda iddiaçının vəziyyətındə olan insanların sayı yüzlərlədir. Hazırda siyasi mənsubiyyətinə görə iddiaçının həyatı təhlükə altındadır. Taliban hökümətinin siyasi mənsubiyyətlərinə görə insanları küçələrdə dar ağacına asmaqları bütün dünyaya məlumdur. İddiaçı siyasi mənsubiyyətinə görə təqib olunur, ona görə də bütün siyasi, dini görüşlərə hörmətlə yanaşan Azərbaycan Respublikasında sığınacaq almaq niyyətindədir.

3. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan yazılı etirazda qeyd edilmişdir ki, cavabdeh orqan iddia ərizəsinə etiraz edir və hesab edir ki, onun heç bir hüquqi əsası yoxdur. İddiaçının nümayəndəsi və vəkili Vüsal X2çqın statusunun verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasına daxil olmuş, xx.xx.2023-cü il tarixdə Dövlət Miqrasiya Xidmətinə müraciət edərək xx.xx.2023-cü il tarixədək olduğu yer üzrə qeydiyyata alınmışdır. Şəxs bu müddətdə ona qaçqın statusunun verilməsi barədə Xidmətə müraciət etməmişdir. Onun ölkə ərazisində olma müddəti bitəndən 17 gün sonra (artıq ölkə ərazisində olma və yaşama qaydalarını pozmuşdur) ölkə ərazisində olmasını süni şəkildə davam etdirmək məqsədilə xx.xx.2024-cü il tarixdə elektron poçtla qaçqın statusunun verilməsi ilə bağlı vəsatət göndərmişdir. Bununla yanaşı iddiaçı “Qaçqınlar və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsində, o cümlədən 1951-ci il Konvensiyasının 1-ci maddəsinin A hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş 5 amil üzrə (Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi, milli, dini, müəyyən sosial qrupa mənsubluğu və siyasi əqidəsinə) təqib olunmasına dair hər hansı sübut təqdim etməmiş, ölkə ərazisində süni şəkildə olmasını uzatmaq istməmişdir. Bu səbələ şəxsin sözügedən elektron müraciətinə xx.xx.2024-cü il tarixli 3-37/2-C-144-18- 07-921/2024 nömrəli məktub göndərilərək qanunvericiliyin tələbləri izah olunmuşdur. Odur ki, yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 27, 31, 48.2-ci maddələrini rəhbər tutaraq cavabdeh orqan məhkəmədən iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir.

4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli, 81735023 nömrəli bildirişə əsasən İddiaçı (JH1823802) xx.xx.2023-cü il tarixinədək olduğu yer üzrə qeydiyyata alınmışdır. Qeyd: Əcnəbi və vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasında olma və yaşama qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1-ci və 575.2-ci maddələrinə əsasən inzibati məsuliyyət daşıyır.

5. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli, 3-37/2-C-144-18-07- 921/2024 nömrəli məktubda qeyd olunmuşdur ki, iddiaçının Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə ünvanladığı 10 yanvar 2024-cü il tarixli 3-37/1-C-1xx-xx/2024 nömrəsi ilə qeydiyyatdan keçmiş elektron müraciətinə aidiyyəti üzrə baxılmışdır. Bildirilir ki, müraciətdə adı qeyd olunan Pakistan İslam Respublikasının vətəndaşı Azlan Muhammad barədə müvafiq məlumat bazasında aparılmış araşdırma zamanı onun 23 noyabr 2023-cü il tarixdə ölkədə qalma müddəti 30 gün olan viza əsasında Azərbaycan Respublikasının ərazisinə daxil olduğu məlum olmuşdur. Qeyd edilən müddət bitdiyi halda əcnəbi ölkə ərazisini tərk etməmişdir. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 20.1-ci maddəsinə əsasən viza əsasında Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti vizada göstərilən qalma müddətindən, viza tələb olunmayan qaydada Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin isə ölkədə müvəqqəti olma müddəti Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, 90 gündən artıq ola bilməz. Həmin Məcəllənin 20.2-ci maddəsinə əsasən bu müddət bitənədək əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti uzadılmamışdırsa, onlara müvəqqəti yaşamaq üçün icazə verilməmişdirsə, habelə onlardan müvəqqəti olma müddətinin uzadılması və ya müvəqqəti yaşama icazəsinin verilməsi üçün ərizə qəbul edilməmişdirsə, onlar Azərbaycan Respublikasının ərazisini tərk etməlidirlər.

6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etdi və bildirdi ki, iddiaçı tərəfindən cavabeh orqana yazılı vəsatət ünvanlanarkən qaçqın statusunun verilməsini əsaslandıran halları sübut edən hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Eyni zamanda iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli, 3-37/2-C-144-18-07-921/2024 nömrəli məktubda şəxsin (iddiaçının) ölkədə olma vəziyyəti və statusu barədə məlumat verilmiş, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddətinin uzadılması prosesi izah olunmuş, şəxs (iddiaçı) barəsində araşdırılma aparılmasından imtina edilməmişdir. Belə ki, İddiaçı müvafiq cavab məktubu ilə (xx.xx.2024-cü il tarixli, 3- 37/2-C-144-18-07-921/2024 nömrəli məktubda) birlikdə cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etməli və iddiaçı barəsində araşdırma inzibati orqanın binasında həyata keçirilməli idi. Lakin iddiaçı xx.xx.2024-cü il tarixli, 3- 37/2-C-144-18-07-921/2024 nömrəli cavab məktubunu əldə etdikdən sonra cavabdeh orqana deyil, birbaşa məhkəməyə müraciət etmişdir.

7. İddiaçı məhkəmə iclasında iştirak etmir.

II. İddianın növü və mümkünlüyü

8. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

9. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

10. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarından:

1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır...

11. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.

12. Məhkəmə qeyd edir ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.

13. İddia ərizəsinin məzmunundan aydındır ki, İddiaçı cavabdeh orqan tərəfindən qaçqın statusun verilməsi barədə qərar qəbul edilməsini tələb etmişdir.

14. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, İddiaçı münasibətdə cavabdeh orqan tərəfindən qəbul edilmiş “Qaçqın statusu verilməsindən imtina edilməsi haqqında” hər hansı Qərar mövcud deyil. İddiaçının müraciətinə əsasən cavabdeh orqan tərəfindən ünvanlanan xx.xx.2024-cü il tarixli, 3-37/2-C-144-18-07-921/2024 nömrəli məktubla iddiaçıya ölkədə olma vəziyyəti və statusu barədə məlumat verilmiş, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddətinin uzadılması prosesi izah olunmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, İddiaçı münasibətdə qaçqın statusunun verilməsi barədə araşdırılma aparılmasından imtina edilməmişdir. Belə ki, İddiaçı müvafiq cavab məktubu ilə (xx.xx.2024-cü il tarixli, 3-37/2-C-144-18-07-921/2024 nömrəli məktubda) birlikdə cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etməli və iddiaçı barəsində araşdırma inzibati orqanın binasında həyata keçirilməli idi.

15. Məhkəmə eyni zamanda nəzərə alır ki, iddiaçı tərəfindən ona qaçqın statusunun verilməsi üçün əsas olan halları sübut edən hər hansı hüquqmüəyyənedici sənəd cavabdeh orqana və məhkəməyə təqdim edilməmişdir.

16. Məhkəmə qeyd edir ki, iddiaçı faktiki olaraq onun barəsində inzibati araşdırma aparılması üçün cavabdeh orqana şərait yaratmamışdır. Belə ki, iddiaçı tərəfindən cavabdeh orqana yazılı vəsatət ünvanlanarkən qaçqın statusunun verilməsi üçün mövcud olan halları əsaslandıran hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmiş, eləcə də xx.xx.2024-cü il tarixli, 3-37/2-C-144-18-07-921/2024 nömrəli cavab (məlumat xarakterli) məktubunu əldə etdikdən sonra inzibati araşdırma (sorğu, müsahibə və s.) aparılması aparılması üçün cavabdeh orqana müvafiq şərait yaratmadan (yəni müsahibə aparılması üçün idarəyə yaxınlaşmamışdır) birbaşa məhkəməyə müraciət etmişdir.

17. Odur ki, cavabdeh qurumun hərəkətləri (hərəkətsizliyi) nəticəsinin iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmadığından iddiaçının hazırki iddia tələbini irəli sürməyə hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacı yoxdur.

18. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

19. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar