Məhkəmə qərarları › İş №e-2-1(112)-6289/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-6289/2022

08.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-6289/2022 08.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, iddiaçı "xxxx" MMC-nin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli **********152137 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********138067 nömrəli qərarına əsasən iddiaçı "xxxx" MMC-də iyun 2017-may 2020 hesabat dövrlərini əhatə edən növbəti səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama xx.xx.2020-ci il tarixdə başlamış və xx.xx.2021-ci il tarixdə yekunlaşmışdır. Yoxlamanın müddəti 2 halda 60 gün müddətinə uzadılmış, 9 halda 274 gün dayandırılmış, 1 halda isə yoxlama aktının tərtib edilmə müddəti 30 gün müddətinə uzadılmışdır. Səyyar vergi yoxlamasının nəticəsi xx.xx.2021-ci il tarixli **********138568 nömrəli aktla rəsmiləşdirilmiş və həmin aktın əsasında xx.xx.2021-ci il tarixli **********152137 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmişdir. Həmin Qərara əsasən iddiaçıya ümumilikdə 14 819 370,37 manat mənfəət hesablanmış və keçmiş illərin çıxılası zərərləri hesabına kompensasiya edilmişdir. Bundan başqa, 2015-2016-cı illər üzrə 366 675 018.82 manat (2015-ci il üzrə 247 594 684,47 manat, 2016-cı il üzrə 119 080 334,35 manat) keçmiş illərin çıxılası zərəri kimi növbəti illərə ötürülmüş zərər məbləği yoxlama ilə 2017-2019-cu illər üzrə bəyannamədə düzəliş edilərək azaldılmışdır. Aşağıda göstərilənlərə əsasən, iddiaçı barəsində qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********152137 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı tamamilə əsassız və qanunsuz hesab edir: Cəmiyyət tərəfindən 2017-2019-cu illər üzrə təqdim edilmiş mənfəət vergisi bəyannamələrinə əsasən cəmiyyətin: 2017-ci il üzrə ümumi gəlirləri 107 998 736.09 manat, gəlirdən çıxılan xərcləri 116 682 571.57 manat, cari ilin zərəri 8 683 835.48 manat, keçmiş illərin çıxılası zərəri isə 427 462 326.51 manat; 2018-ci il üzrə ümumi gəlirləri 103 119 573.79 manat, gəlirdən çıxılan xərcləri 135 328 924.28 manat, cari ilin zərəri 32 209 350.49 manat, keçmiş illərin çıxılası zərəri isə 432 839 866.88 manat; 2019-cu il üzrə ümumi gəlirləri 115 616 304.91 manat, gəlirdən çıxılan xərcləri 164 559 119.18 manat, cari ilin zərəri 48 942 814.27 manat, keçmiş illərin çıxılası zərəri isə 450 541 426.52 manat bəyan edilmişdir. Yoxlamanın nəticəsinə dair tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktda qeyd edilənlərə əsasən yoxlama nəticəsində cəmiyyətin: 2017ci il üzrə cəmiyyətin ümumi gəlirləri 107,998,736.09 manat, o cümlədən vergidən azad olunan gəliri 107 788 896.79 manat, həmin gəlirlə bağlı xərcləri 116 682 571.55 manat, vergiyə cəlb edilən gəliri 209 839.30 manat, həmin gəlirlə bağlı xərcləri 0 manat, vergiyə cəlb edilən mənfəəti 209 839.30 manat, keçmiş illərin çıxılası zərəri 60 787 307.69 manat; 2018-ci il üzrə cəmiyyətin ümumi gəlirləri 103,119,573.09 manat, o cümlədən vergidən azad olunan gəliri 95 712 140.50 manat, həmin gəlirlə bağlı xərcləri 134 163 912.67 manat, vergiyə cəlb edilən gəliri 7 407 433.29 manat, həmin gəlirlə bağlı xərcləri 1 165 011.55 manat, vergiyə cəlb edilən mənfəəti 6 242 421.74 manat, keçmiş illərin çıxılası zərəri 57 481 012.58 manat; 2019-cu il üzrə cəmiyyətin ümumi gəlirləri 115,616,304.91 manat, o cümlədən vergidən azad olunan gəliri 104 623 529.07 manat, həmin gəlirlə bağlı xərcləri 164 173 707.08 manat vergiyə cəlb edilən gəliri 10 992 775.84 manat, həmin gəlirlə bağlı xərcləri 385 412.02 manat, vergiyə cəlb edilən mənfəəti 10 607 363.82 manat, keçmiş illərin çıxılası zərəri 10 607 363.82 manat müəyyən edilmişdir. Qeyd olunanların qarşılıqlı təhlilindən aydın olur ki, iddiaçı Vergi Məcəlləsində nəzərdə tutulmuş mənfəət vergisi üzrə güzəşt və azadolmalardan istifadə etmədən, fəaliyyəti nəticəsində əldə etdiyi bütün gəlirləri ümumi qaydada mənfəət vergisinə cəlb etdiyi halda, cavabdeh vergi orqanı həmin gəlirlərin bir qismini (gəmiqayırma fəaliyyəti ilə bağlı gəlirləri) azad olunan gəlirlər sırasına, digər qismini (metal qırıntılarının satışından və “BP Exploration Limited (Şahdəniz)” şirkəti ilə bağlanmış müqaviləyə əsasən boruların qorunub-saxlanmasından əldə olunan gəlirləri) isə vergiyə cəlb edilən gəlirlər sırasına daxil etmiş və vergi ödəyicisi 2017-2019-cu illəri zərərlə başa vurduğu halda, iddiaçının vergiyə cəlb edilən mənfəətini 2017-ci il üzrə 209 839.30 manat, 2018-ci il üzrə 6 242 421.74 manat, 2019-cu il üzrə 10 607 363.82 manat, ümumilikdə 17 059 624.86 manat (yekun qərar qəbul edilən zaman 2018-ci il üzrə zərər 825 222.8 manat, 2019-cu il üzrə isə 1 415 031.69 manat artırıldığından, vergiyə cəlb edilən mənfəət 14 819 370.37 manat müəyyən edilmişdir) müəyyən etmiş, 2012-2014-cü illlərin çıxılası zərərlərini nəzərə almaqla, iddiaçıya hər hansı mənfəət vergisi hesablanmamışdır. Eyni zamanda, cavabdeh vergi orqanı iddiaçının 2015-2016-cı illər üzrə çıxılası zərərlərini 2015-ci il üzrə 247 594 684.47 manat, 2016-cı il üzrə 119080 334.35 manat, ümumilikdə isə 366 675 018.82 manat azaltmışdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdeh iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, vergi orqanının xx.xx.2020-ci il tarixli **********138067 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərarına əsasən Cəmiyyətdə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə iyun 2017-ci il tarixdən- may 2020-ci il tarixədək olan dövr əhatə olunmaqla Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən növbəti səyyar vergi yoxlaması keçirilmiş və nəticəsi xx.xx.2021-ci il tarixli **********138568 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Həmin akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********152137 qərar qəbul edilmişdir. Müəssisə tərəfindən vergi orqanına təqdim olunmuş mənfəət vergisi bəyannaməsinə əsasən Müəssisənin 2017-ci ildə çıxılmadan sonra ümumi gəlirləri 107 998 736.09 manat, ümumi gəlirdən çıxılan xərcləri 116 682 571.57 manat təşkil etmiş, il 8683835.48 manat zərərlə başa vurulmuşdur. Faiz üzrə mənbədən tutulan və büdcədən qaytarılası faiz məbləği 6290.16 manat olmuşdur. Müəssisə tərəfindən vergi orqanına təqdim olunmuş mənfəət vergisi bəyannaməsinə əsasən 2018-ci ildə çıxılmadan sonra ümumi gəlirləri 103 119 573.79 manat, ümumi gəlirdən çıxılan xərcləri 135 328 924.28 manat təşkil etmiş, maliyyə nəticəsi 32 209 350.49 manat zərərlə başa vurulmuşdur. Müəssisə tərəfindən vergi orqanına təqdim olunmuş mənfəət vergisi bəyannaməsinə əsasən 2019-cu ildə çıxılmadan sonra ümumi gəlirləri 115 616 304.91 manat, ümumi gəlirdən çıxılan xərcləri 164 559 119.18 manat təşkil etmiş, maliyyə nəticəsi 48 942 817.24 manat zərərlə başa vurulmuşdur. Müəssisə yoxlanılan dövrdə gəmi tikintisi və təmiri, üzən qurğuların təmiri və onlara texniki xidmətlərin göstərilməsi fəaliyyəti ilə məşğul olmuşdur. Eyni zamanda icarə, saxlanc müqavilələri əsasında xidmətlər yerinə yetirmişdir. "xxxx" MMC xx.xx.2015-ci il tarixdə (Qeydiyyat **********0) "xxxx" MMC-nin qərarı ilə “Qaradağ Sənaye Parkı”nın rezidentinin şəhadətnaməsini almış və gəmiqayırma fəaliyyəti üzrə mənfəət vergisindən azad olunmuşlar. Lakin güzəşt və azadolmaya aid olmayan fəaliyyətlə bağlı əldə edilmiş gəlirlər üzrə ayrıca uçot aparılmamış və müvafiq gəlirlərdən mənfəət hesablanmamışdır. Belə ki, boruların saxlanmasından, icarədən gəlirlər (“BP” Eksplopreyşn ilə müqavilə)- sair gəlirlər: (Metallom satışından və.s icarədən)- mənfəət vergisi məqsədləri üçün azadolan gəlirlərə aid olmadığına görə göstərilən müvafiq gəlirlərə görə çəkilən xərclər çıxılmaqla mənfəət hesablanmamışdır. Yoxlama ilə bəyannamələrdə Vergi Məcəlləsinin 104-cü, 106.1.13-cü maddələrinə müvafiq güzəştli vergitutma obyekti olan gəlirlər ayrıca hesablanmış, digər gəlirlər və satışdankənar gəlirlər vergiyə cəlb edilən gəlirlərə aid edilmişdir. Yoxlama ilə 2017-ci ildə çıxılmadan sonra ümumi gəlirlər 107 998 736.09 manat, o cümlədən ümumi gəlirdən çıxılan, vergidən azad olunan gəlirlər 107 788 896,79 manat, digər çıxılmalardan sonra xərcləri 116 682 571.55 manat təşkil etmiş, vergiyə cəlb olunmalı mənfəət 209 839,30 manat, keçmiş illərin çıxılası zərərləri nəzərə alınmaqla, maliyyə nəticəsi mənfəətlə nəticələnməmişdir. 2018-ci ildə çıxılmadan sonra ümumi gəlirləri 103 401 491,34 manat, o cümlədən 103 119 573.79 manat ümumi gəlirdən çıxılan, vergidən azad olunan gəlirlər 95 712 140,5 manat, çıxılmadan sonra gəlirlər 7 404 433,29 manat, cəmi xərcləri 135 328 924.28 manat, o cümlədən vergidən azad olunan fəaliyyətlə bağlı xərclər 134 163 912.67 manat təşkil etmiş, vergiyə cəlb olunan balans mənfəəti 6 242 421,74 manat, keçmiş illərin (2013-2014-2015-2016-cı illərin) zərəri nəzərə alınmaqla maliyyə hesabatı mənfəətlə nəticələnməmişdir. Müəssisənin 2019-cu ildə çıxılmadan sonra ümumi gəlirləri 115 616 304.91 manat, ümumi gəlirdən çıxılan, vergidən azad olunan gəlirləri 104 623 529,0 manat, cəmi xərcləri 164 559 119.10 manat o cümlədən vergidən azad olunan fəaliyyətlə bağlı olan xərclər, 164 173 707.08 manat təşkil etmiş, balans mənfəəti vergiyə cəlb olunmalı mənfəət 10 607 363,82 manat təşkil etmiş, keçmiş illərin (2013-2014-2015-2016cı illərin) zərərləri nəzərə alınmaqla maliyyə nəticəsi mənfəətlə hesablanmamışdır. Mənfəət vergisindən azad olunan fəaliyyət üzrə gəlir və xərclərin bəyannamədə düzgün göstərilməməsi nəticəsində 2015-2016-cı illər üzrə 366 675 018.82 manat (2015-ci il üzrə 247 594 684.47 manat, 2016-cı il üzrə 119 080 334.35 manat) keçmiş illərin çıxılası zərəri kimi növbəti illərə ötürülmüş zərər məbləği yoxlama ilə 2017-2019-cu illər üzrə bəyannamədə düzəliş edilərək azaldılmışdır. Vergi ödəyicisi vergi orqanı tərəfindən vergi ödəyicilərinə qanunla verilmiş hüququ öz mülahizələrinə əsasən iddiaçının vəzifəsi olaraq qiymətləndirməklə cəmiyyətə münasibətdə əlverişsiz inzibati akt qəbul edildiyini bildirmişdir. Vergi Məcəlləsinin 24.0.1-ci maddəsinə əsasən vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək, vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək vergi orqanlarının vəzifələrinə aid edilmişdir. Buna əsasən vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti tədbirləri zamanı vergi ödəyicisinin fəaliyyəti üzrə Vergi Məcəlləsində nəzərdə tutulmuş güzəşt və azadolmalar nəzərə alınmaqla vergi öhdəlikləri müəyyən edilməlidir. Belə ki, Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsi olaraq müəyyənləşdirilmişdir. Eyni zamanda müvafiq rezidentlik şəhadətnaməsi üzrə qanunvericilikdə nəzərdə tutulmuş güzəşt və azadolmaların bir hissəsindən istifadə edib, digər hissəsindən istifadə edilməməsi qanunvericilikdə nəzərdə tutulmamışdır və Vergi Məcəlləsində vergi ödəyicisinə münasibətdə belə bir imtiyaz müəyyən edilməmişdir. Halbuki vergi ödəyicisi tərəfindən qeyd edilən fəaliyyət növünün ƏDV ilə bağlı hissəsində güzəştdən istifadə etmiş, lakin mənfəət hesablanması məqsədləri üçün güzəşt və azadolmadan istifadə etməmişdir. İddiaçı Qaradağ Sənaye Parkı ərazisində həyata keçirdiyi fəaliyyət nəticəsində əldə etdiyi gəlirləri Vergi Məcəlləsində nəzərdə tutulan azadolmadan istifadə etmədən ümumi qaydada mənfəət vergisi məqsədləri üçün vergiyə cəlb etdiyi halda, cavabdeh vergi orqanı həmin fəaliyyətdən əldə olunan gəlirlərin bir qismini vergidən azad olunan, digər qismini isə vergiyə cəlb edilən gəlirlər siyahısına daxil edərək, vergi ödəyicisinə münasibətdə əlavə vergi öhdəliyinin hesablanmasının iddiaçının qanunla qorunan hüquq və maraqlarının pozulması ilə nəticələndiyini bildirmişdir. Müəssisə yoxlanılan dövrdə gəmi tikintisi və təmiri, üzən qurğuların təmiri və onlara texniki xidmətlərin göstərilməsi fəaliyyəti ilə məşğul olmuşdur. Eyni zamanda icarə, saxlanc müqavilələri əsasında xidmətlər yerinə yetirmişdir. "xxxx" MMC xx.xx.2015-ci il tarixdə (Qeydiyyat **********0) "Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin qərarı ilə “Qaradağ Sənaye Parkı”nın rezidentinin şəhadətnaməsini almış və gəmiqayırma fəaliyyəti üzrə mənfəət vergisindən azad olunmuşlar. Lakin azadolmaya düşən gəlirlər üzrə ayrıca uçot aparılmamış və müvafiq gəlirlərdən mənfəət hesablanmamışdır. Belə ki, boruların saxlanmasından, icarədən gəlirlər (“BP” Eksplopeyşn ilə müqavilə)- sair gəlirlər: (Metallom satışından və.s icarədən) - mənfəət vergisi məqsədləri üçün azadolan gəlirlərə aid olmadığına görə göstərilən müvafiq gəlirlərə görə çəkilən xərclər çıxılmaqla mənfəət hesablanmamışdır. Yoxlama ilə bəyannamələrdə Vergi Məcəlləsinin 104-cü, 106.1.13-cü maddələrinə müvafiq güzəştli vergitutma obyekti olan gəlirlər ayrıca hesablanmış, digər gəlirlər və satışdankənar gəlirlər vergiyə cəlb edilən gəlirlərə aid edilmişdir. Bununla bağlı qeyd edirik ki, vergi ödəyicisinin sənaye parkındakı fəaliyyəti ilə bağlı olmayan digər gəlirlərinin vergidən azad olunması qanunvericilikdə nəzərdə tutulmadığından həmin gəlirlər ümumi qaydada vergiyə cəlb edilir. Bakı Gəmiqayırma Zavodu MMC (rezident) ilə SKSP MMC (Operator) arasında olan müqavilənin 2.2-ci bəndinə əsasən operator, rezident tərəfindən torpaq sahəsində investisiya layihəsinə uyğun gəmilərin tikintisi, təmiri və ümumi dəniz və ofşor mühəndislik işlərinin yerinə yetirilməsinə razılıq verir. Müqavilənin 9-cu bəndinə əsasən Rezident tərəfindən operator ilə razılaşmaqla xidmətlər göstərilə bilər. Əlavə olaraq müqavilənin əlavəsinə əsasən Layihənin təyinatı: Müxtəlif növ gəmilərin tikintisi, təmiri və ümumi dəniz və ofşor mühəndislik işlərinin yerinə yetirilməsidir. İddia ərizəsində cavabdeh vergi orqanının 2015-2016-cı illər üzrə növbəti illərə ötürülmüş zərərləri səyyar vergi yoxlaması zamanı yoxlamaqla və 2017-2019-cu illər üzrə təqdim edilmiş mənfəət vergisi bəyannamələrində azaltmaqla vergi qanunvericiliyinin tələblərinin pozduğunu bildirilmişdir. Vergi orqanı tərəfindən vergi ödəyicisinin 2015-2016-cı illər üzrə mənfəət vergisi bəyannamələri yoxlanılmamışdır. Belə ki, vergi orqanı tərəfindən vergi ödəyicisinin yoxlama ilə əhatə olunan dövr üzrə təqdim edilmiş mənfəət vergisi bəyannamələrində əks etdirilmiş zərər məbləğlərinin düzgün olmaması səbəbindən azaldılmışdır. Başqa sözlə vergi ödəyicisinin 2015-2016-cı illər üzrə təqdim etdiyi mənfəət bəyannamələrində hər hansı düzəlişlər edilməmiş və hər hansı hesablamalar aparılmamışdır. Qeyd edilən zərərlərin azaldılması ilə bağlı isə bildirilir ki, mənfəət vergisinin vergitutma obyekti Vergi Məcəlləsinin 104-cü maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Yoxlama zamanı müəyyən edilmişdir ki, vergi ödəyicisinin əsas gəlirləri Vergi Məcəlləsinin 106.1.13-cü maddəsinə əsasən mənfəət vergisindən azaddır və bununla bağlı çəkilmiş xərclərdən kompensasiya edilə bilən zərər yaranmadığı halda vergi ödəyicisi həmin gəlirlərlə bağlı çəkilmiş xərcləri gəlirin əldə edilməsi ilə bağlı xərclərdə nəzərə almış və qanunvericiliyin tələblərinə zidd olaraq zərər yaratmışdır. Nəticədə mənfəət vergisindən azad olunan fəaliyyət üzrə gəlir və xərclərin bəyannamədə düzgün göstərilməməsi nəticəsində 2015-2016-cı illər üzrə 366 675 018.82 manat (2015-ci il üzrə 247 594 684.47 manat, 2016-cı il üzrə 119 080 334.35 manat) keçmiş illərin çıxılası zərəri kimi növbəti illərə ötürülmüş zərər məbləği yoxlama ilə 2017-2019-cu illər üzrə bəyannamədə düzəliş edilərək azaldılmışdır. Cavabdeh göstərilənləri nəzərə alaraq məhkəmədən iddiaçı "xxxx" MMC -nin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarının ləğv edilməsi” barədə iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir Məhkəmə iclasında cavabdehin nümayəndəsi etirazın dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Məhkəmə bildirir ki, mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üstüstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 16.1 və 16.1.3-cü maddələrinə əsasən, qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsidir; 104.1-ci maddəsinə əsasən, rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir; 106.1 və 106.1.13-cü maddələrinə əsasən, müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslərin sənaye və texnologiyalar parkındakı fəaliyyətdən əldə etdikləri gəlir qanunvericiliyə uyğun olaraq sənaye və texnologiyalar parkında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq - 10 il müddətinə vergidən azaddır. Göründüyü kimi, müvafiq rezidentlik şəhadətnaməsi üzrə qanunvericikdə nəzərdə tutulmuş güzəşt və azadolmaların bir hissəsindən istifadə edib, digər hissəsindən istifadə edilməməsi qanunvericilikdə nəzərdə tutulmamışdır və Vergi Məcəlləsində vergi ödəyicisinə münasibətdə belə bir imtiyaz müəyyən edilməmişdir. Vergiden azad olma dispozitiv deyil, imperativ qaydada müəyyən edilmişdir. Vergi qanunvericiliyində vergitutma məqsədləri baxımından gəlirlər və xərclər, o cümlədən onların fərqi nəticəsində yaranan mənfəət və ya zərər anlayışları, zərərin keçirilməsi yalnız mənfəət vergisi ödəyiciləri üçün nəzərdə tutulmuşdur. İddiaçının əsas gəlirləri Vergi Məcəlləsinin 106.1.3-cü maddəsinə əsasən azad olduğundan bununla bağlı çəkilmiş xərclərdən kompensasiya edilə bilən zərər yaranmır və Vergi Məcəlləsinin 121-ci maddəsinə əsasən ötürülmür. Həmin maddəyə əsasən, müəssisənin gəlirlərdən çıxarılmasına yol verilən xərclərinin gəlirdən artıq olan hissəsi beş ilədək davam edən sonrakı dövrə keçirilir və illər üzrə məhdudiyyət qoyulmadan həmin illərin mənfəəti hesabına kompensasiya edilir. İddiaçı qeyd olunan gəlirlərlə bağlı çəkilmiş xərcləri gəlirin əldə edilməsi ilə bağlı xərclərdə nəzərə almaqla qanunvericiliyin tələblərinə zidd olaraq zərər yaratmışdır. Mənfəət vergisindən azad olunan fəaliyyət üzrə gəlir və xərclərin bəyannamədə düzgün göstərilməməsi nəticəsində 2015-2016-cı illər üzrə 366.675.018,82 manat (2015-ci il üzrə 247.594.684,47 manat, 2016-cı il üzrə 119.080.334,35 manat) keçmiş illərin çıxılası zərəri kimi növbəti illərə ötürülmüş zərər məbləği yoxlama ilə 2017-2019-cu illər üzrə bəyannamədə düzəliş edilərək azaldılmışdır. Beləliklə, məhkəmə iş üzrə təqdim еdilmiş sübutlаrı məcmu hаlındа qiymətləndirərək hеsаb еdir ki, İPM-in 14.1-ci maddəsinin tələbləri baxımından, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etdiyindən, iddiaçı "xxxx" MMC-nin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası təmin еdilməməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı "xxxx" MMC-nin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar