Məhkəmə qərarları › İş №e-2-1(112)-6301/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-6301/2024

26.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-6301/2024 26.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “qərarın ləğv edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək xx.xx.2023-cü il tarixli xx/xx-1396 nömrəli qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Nəsimi rayon İcra Şöbəsindən sms bildiriş gəldikdən sonra məlum oldu ki, Nəsimi bələdiyyəsi tərəfindən qərar qəbul edilmiş və icra olunması üçün şöbəyə göndərilmişdir. Qərarda xəbərsiz olduğundan qərarın surətini icra məmurundan alıb və tanış olarkən gördü ki, Nəsimi Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli xx/xx-1396 nömrəli qərarı ilə onun bələdiyyəyə 638.23 manat borclu olduğu göstərilmişdir. Nəsimi Bələdiyyəsi öz qanunsuz hərəkətləri ilə onun hüquqlarını pozmuş və barəsində qəbul edilmiş əsassız qərarı ona məlumat vermədən icra olunması üçün birbaşa icra şöbəsinə göndərilmişdir. Həmin qərarı əsassız və qanunsuz hesab edir, onun mülkiyyətində hər hansı bina yoxdur, mənzil mülkiyyətçisidir, qeyd edilən məbləğdə borcun hansı əsasla qəbul edilməsi göstərilməmişdir.

3. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli 3-21-3-30/2-9826/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, ünvan 2 ünvanı İddiaçı adına qeydiyyata alınmışdır.

4. **********4233 nömrəli tədiyyə bildirişində qeyd edilmişdir ki, İddiaçı 2023-cü ili üçün 124.85 manat, ötən dövrlər üzrə vergi borcu 436,98 manat, faiz məbləği 138.83 manat, ödənilməli olan məbləğ isə ümumilikdə 638,23 manat əmlak verişi üzrə borcu vardır.

5. Nəsimi bələdiyyəsinin xx.xx.2023-cü il tarixli xx/xx-1396 nömrəli vergi borcunun tutulması haqqında qərarına əsasən fiziki İddiaçı Məhtlhacı oğlu barəsində 638.23 manat məbləğində vergi borcunun tutulması haqqında qərar qəbul edilmişdir.

6. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmənin baxış iclasında) iştirak edən iddiaçı nümayəndəsi (oğlu) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi.

7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. II. İddianın növü və mümkünlüyü

8. İddianın növü mübahisələndirməyə dair iddiadır.

9. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).

10. İPM-in 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

11. İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.

12. Odur ki, cavabdehin mübahisələndirilən qərarı qeyd edilən əlamətlərə malik olduğundan inzibati aktdır və hazırki iddia mübahisələndirməyə dair iddiadır.

13. İddia mümkündür.

III. Tətbiq edilən hüquq

14. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununu Maddə 56. Kollegial inzibati orqanın iclasının protokolu 56.1. Kollegial inzibati orqanın iclası haqqında aşağıdakı məlumatları özündə əks etdirən protokol tərtib olunur: 56.1.1. kollegial inzibati orqanın adı barədə; 56.1.2. iclasın keçirildiyi vaxt və yer barədə; 56.1.3. iclasın sədri və üzvləri haqqında; 56.1.4. müzakirənin predmeti barədə; 56.1.5. qəbul edilmiş qərar barədə. 56.2. İclasın protokolu iclasın sədri və katibi tərəfindən imzalanır. Maddə 73. İnzibati şikayətin verilməsi müddəti 73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. 73.2. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. ... Maddə 81. İnzibati aktların icra edilməsi qaydası ... 81.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati akt, o cümlədən inzibati şikayət üzrə qəbul olunmuş qərar onu qəbul etmiş inzibati orqan tərəfindən icra edilir. ... Maddə 82. Pul tələblərinin icra edilməsi 82.1. Pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. 82.2. İnzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur.

15. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 1. Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə tənzimlənən münasibətlər 1.1.Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. 1.2. Bu Məcəllə ilə Naxçıvan Muxtar Respublikasında və bələdiyyələrdə vergitutmanın ümumi əsasları və vergilər müəyyən edilir. ... Maddə 2. Azərbaycan Respublikasının vergi qanunvericiliyi 2.1. Azərbaycan Respublikasının vergi qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Məcəllədən və onlara uyğun olaraq qəbul edilmiş Azərbaycan Respublikasının qanunvericilik aktlarından ibarətdir. 2.2. Bu Məcəllənin əsasında və ya onun icrası məqsədi ilə qəbul edilmiş normativ hüquqi aktlar bu Məcəllənin müddəalarına zidd olmamalıdır. ... Maddə 4. Azərbaycan Respublikasında vergi sistemi 4.1. Azərbaycan Respublikasında aşağıdakı vergilər müəyyən edilir və ödənilir: 4.1.1. dövlət vergiləri; 4.1.2. muxtar respublika vergiləri; 4.1.3. yerli vergilər (bələdiyyə vergiləri). ... 4.4. Yerli vergilər (bələdiyyə vergiləri) dedikdə, bu Məcəllədə və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur. Bələdiyyələr tərəfindən tətbiq edilən digər məcburi ödənişlər müvafiq qanunla müəyyən edilir. Yerli vergilərin (bələdiyyə vergilərinin) dərəcələri vergi qanunvericiliyində təsbit edilmiş hədlər daxilində müəyyən edilir. Vergi qanunvericiliyinə uyğun olaraq bələdiyyələr öz ərazilərində vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcəsini azaltmaq barədə qərar qəbul edə bilərlər. ... Maddə 8. Yerli vergilər (bələdiyyə vergiləri) 8.1. Yerli vergilər (bələdiyyə vergiləri) aşağıdakılardır: 8.1.1. bu Məcəllənin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi; 8.1.2. bu Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin əmlak vergisi; 8.1.4. bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi. 8.2. Yerli vergilərin hesablanması və ödənilməsi qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları müvafiq qanunvericiliklə müəyyən edilir. ... Maddə 204. Verginin ödəyiciləri Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində torpaq sahələri olan, o cümlədən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrini icarə və digər əsaslarla istifadə edən fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir. Maddə 205. Vergitutma obyekti Fiziki şəxslərin və müəssisələrin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində olan torpaq sahələri vergitutma obyekti sayılır.

16. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununu Maddə 6. İcra sənədləri 6.1. Aşağıdakılar icra sənədləri sayılır: 6.1.8. Bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktlar;

17. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2. Yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə qanunvericilik 2.1. Yerli (bələdiyyə) vergi və ödənişlərə (bundan sonra - yerli vergilər və ödənişlər) dair qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Vergi Məcəlləsindən, “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının qanunlarından, bu Qanundan, habelə bu qanunlara müvafiq qəbul edilmiş digər qanunvericilik aktlarından ibarətdir. 2.2. Bu Qanunda istifadə olunan anlayışlar Azərbaycan Respublikasının Vergi Məcəlləsində qəbul edilmiş mənada tətbiq edilir. Maddə 3. Yerli vergilər və ödənişlər 3.1. Yerli vergilər Azərbaycan Respublikasının vergi sisteminin tərkib hissəsidir. 3.2. Yerli vergilər bu Qanuna və Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq bələdiyyələrə ödənilən vergilərdir. 3.3. Bələdiyyələr tərəfindən tətbiq edilən ödənişlər bu Qanunla müəyyənləşdirilən ödənişlərdən, habelə yerli rəy sorğularının nəticələri əsasında həyata keçirilən məqsədli layihələrin maliyyələşdirilməsi üçün hüquqi və fiziki şəxslərin ödədikləri könüllü birdəfəlik ödənişlərdən ibarətdir. 3.4. Bu ödənişlər hüquqi və fiziki şəxslər tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş vergi öhdəlikləri yerinə yetirildikdən sonra onların sərəncamında qalan mənfəət və gəlirlər hesabına ödənilir. … Maddə 7. Bələdiyyələrin vergi xidməti orqanları, onların hüquq və vəzifələri 7.1. Qanunvericilikdə müəyyən edilmiş qaydada vergilərin və ödənişlərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları tərəfindən həyata keçirilir. 7.2. Azərbaycan Respublikasında yerli vergilərin və ödənişlərin ödənilməsi və yığılması qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları Qanunla təsdiq olunan müvafiq Əsasnamə ilə müəyyən edilir. Maddə 8. Yerli vergilərin tərkibi 8.0. Yerli vergilərə aşağıdakılar aiddir: 8.0.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi; 8.0.2. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 198.1-ci maddəsində nəzərdə tutulan halda fiziki şəxslərin əmlak vergisi;

18. Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli, 478-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin vergi xidməti orqanı haqqında” Əsasnamə 3.1. Bələdiyyələrin vergi xidməti orqanının aşağıdakı vəzifələri vardır: 3.1.1. yerli (bələdiyyə) vergilərin və ödənişlərin Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər qanunları ilə müəyyən edilmiş qaydada hesablanmasına, vaxtında və tam məbləğdə banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə yerli büdcələrə ödənilməsinə nəzarəti həyata keçirir; 3.1.2. yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə borcların, bu borclar üzrə hesablanmış faizlərin və tətbiq olunmuş maliyyə sanksiyalarının Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər qanunlarla müəyyən edilmiş qaydada alınmasını təmin edir; 3.1.3. yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödəyicilərinin hüquqlarını və qanuni maraqlarını qoruyur, onların sorğularına, şikayətlərinə qanunvericiliyə uyğun olaraq baxılmanı və müvafiq tədbirlərin görülməsini təmin edir; ... 3.2. Bələdiyyə vergi xidməti orqanının aşağıdakı hüquqları vardır: 3.2.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsində müəyyən edilmiş qaydada fiziki şəxslərdən torpaq və əmlak vergilərini hesablamaq və hesablanmış məbləğin ödənilməsi üçün onlara tədiyə bildirişi göndərmək; ... 3.2.3. Azərbaycan Respublikasının Vergi Məcəlləsində və digər qanunlarda müəyyən edilmiş hallarda və qaydada yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə vaxtı keçmiş borcların, yerli (bələdiyyə) vergilər üzrə hesablanmış faizlərin alınması və yerli (bələdiyyə) vergilərin ödəyicilərinə maliyyə sanksiyalarının tətbiq olunması barədə məhkəmədə vəsatət qaldırılması üçün bələdiyyələrə müraciət etmək;

19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli Qərarı “İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş inzibati aktı qəbul etmiş inzibati orqanın tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etməsi və bunun üçün məhkəmənin qərarının tələb olunmaması məsələsinə gəldikdə isə vurğulanmalıdır ki, inzibati orqan yalnız öz səlahiyyətləri çərçivəsində qərar qəbul edə bilər. Eyni ilə vergi orqanı da öz səlahiyyətləri daxilində qərar qəbul edə və onu məhkəmə qərarı tələb olunmadan icraya göndərə bilər. Lakin Vergilər Məcəlləsinin 90.1-ci maddəsində nəzərdə tutulmuş qaydaya görə vergi öhdəliyinin yerinə yetirilməməsinə görə vergi ödəyicisinin siyahıya alınmış əmlakının hərraca çıxarılması məhkəmənin səlahiyyətinə aid edilmiş və onun qərarı əsasında həyata keçirilir. “İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş prosedur vergi qanunvericiliyinin pozulmasına görə şəxsin əmlakının hərraca çıxarılmasına aid edilə bilməz.”

20. İnzibati orqan kimi bələdiyyələr tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir və bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Eyni zamanda, bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar icra sənədləri sayılırlar. Həmçinin “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeydən görünür ki, vergi orqanı (hazırkı halda cavabdeh) tərəfindən vergi öhdəliyi ilə bağlı o zaman məhkəmədə iddia qaldırılmalıdır ki, bu, vergi öhdəliyinin yerinə yetirilməməsinə görə vergi ödəyicisinin siyahıya alınmış əmlakının hərraca çıxarılması ilə əlaqədar olmuş olsun. Beləliklə, qanunvericiliyin tələblərindən aydın olur ki, vergi orqanı məhkəməyə yalnız siyahıya alınmış əmlakın açıq hərracda satılması ilə bağlı iddia ərizəsi ilə müraciət etmək hüququna malikdir. Digər hallarda vergi borcunun alınması qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmədən kənar həll olunur.

IV. Məhkəmənin mövqeyi

21. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən əmlak vergisinin hesablandığı daşınmaz əmlakın iddiaçıya məxsusluğu, eləcə də ölçüləri (sahəsi) X1 Sisteminə daxil edilmiş uçot məlumatları və 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş məlumat əsasında müəyyən edilmişdir.

22. Məhkəmə nəzərə alır ki, iddiaçıya münasibətdə əmlak vergisinin hesablanması qaydası cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubla ətraflı və aydın izah olunmuşdur. Belə ki, məhkəməyə təqdim edilmiş yazılı məktubla müəyyən edilmişdir ki, ünvan 2 270.1 kv.metr təşkil etməklə, İddiaçı məxsusdur. Tədiyə bildirişinə əsasən iddiaçıya Vergi Məcəlləsinin 198.1.1-ci maddəsinə əsasən əmlak vergisi 124.85, 206.3-cü maddəsinə əsasən torpaq vergisi 0, verginin ödənilmə müddəti xx.xx.2023-cü il tarixədək 62.42, xx.xx.2023-cü il tarixədək 62.42, ötən dövrlər üzrə vergi borcu 436.98, faiz məbləği 138.83, ümumilikdə 638.23 manat təşkil edir.

23. Vergi Məcəlləsinin: 198.1. Fiziki şəxslər binalara, su və hava nəqliyyatı vasitələrinə görə əmlak vergisini aşağıdakı qaydada və dərəcələrlə ödəyirlər: 198.1.1. onların xüsusi mülkiyyətində olan binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə - onların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə görə aşağıdakı cədvəldə göstərilən dərəcələr tətbiq olunur (bina Bakı şəhərində yerləşdikdə, həmin dərəcələrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi 0,7-dən aşağı və 1,5-dən yuxarı olmayan əmsallar tətbiq edilməklə): Fiziki şəxsin xüsusi mülkiyyətində olan Yaşayış məntəqələri yaşayış və qeyri-yaşayış sahələri (manatla) Bakı 0,4 200.1. Binalar üzrə əmlak vergisi əmlak sahəsinin hər kvadratmetrinə əsasən hesablanır. 200.5. Cari il üçün verginin məbləği bərabər hissələrlə - həmin il avqustun 15-dək və noyabrın 15-dək ödənilir. Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtında həmin əmlakın sahibi tərəfindən ödənilir. 200.6. Binalara, su və hava nəqliyyatı vasitələrinə görə fiziki şəxslərin əmlak vergisi yerli (bələdiyyə) büdcəyə ödənilir. 203.1. Torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya torpaqdan icarə və ya digər əsaslarla istifadə edən şəxslərin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır.

204. Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində torpaq sahələri olan, o cümlədən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrini icarə və digər əsaslarla istifadə edən fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir. Maddə 205. Vergitutma obyekti Fiziki şəxslərin və müəssisələrin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində olan torpaq sahələri vergitutma obyekti sayılır. 206.3-cü maddəyə əsasən torpaq sahəsinin hər 100 kvadratmetrinə görə həmin maddədəki cədvəldə göstərilin göstəricilərə müvafiq olaraq yaşayış fondlarının, həyətyanı sahələrin torpaqları və vətəndaşların bağ sahələrinin tutduğu torpaqlara görə 10000 m²dək olduqda 0,6 manat ödənilir.

24. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1.1-ci maddəsində nəzərdə tutulmuş fiziki şəxslərin əmlak vergisi məqsədləri üçün Bakı şəhərində yerləşən binalara tətbiq edilən əmsallar”ın təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 101 nömrəli qərarının: Bakı şəhəri üzrə Zonalar Əmsallar 7 0,95 Zona 7. Sərhədləri: Metronun “20 Yanvar” stansiyasından başlayaraq, şimal istiqamətində Moskva prospekti üzrə 20 Yanvar küçəsi ilə kəsişənədək, 20 Yanvar küçəsi üzrə şərq istiqamətində Hüseyn Seyidzadə küçəsi ilə kəsişənədək, Hüseyn Seyidzadə küçəsi üzrə şərq istiqamətində Rəşid Məmmədov küçəsi ilə kəsişənədək, Rəşid Məmmədov küçəsi üzrə cənub istiqamətində Ziya Bünyadov prospekti ilə kəsişənədək, Ziya Bünyadov prospekti üzrə şərq istiqamətində Əhməd Rəcəbli küçəsi ilə kəsişənədək, Əhməd Rəcəbli küçəsi üzrə cənub istiqamətində X2 küçəsi ilə kəsişənədək, X2 küçəsi üzrə şərq istiqamətində Ağa Nemətulla küçəsi ilə kəsişənədək, Ağa Nemətulla küçəsi üzrə cənub istiqamətində Heydər Əliyev prospekti ilə kəsişənədək, Heydər Əliyev prospekti üzrə qərb istiqamətində Babək prospekti ilə kəsişənədək, Babək prospekti üzrə şərq istiqamətində Bəkir Çobanzadə küçəsi ilə kəsişənədək, Bəkir Çobanzadə küçəsi üzrə şimal istiqamətində Rüstəm Rüstəmov küçəsi ilə kəsişənədək, Rüstəm Rüstəmov küçəsi üzrə qərb istiqamətində Mikayıl Əliyev küçəsi ilə kəsişənədək, Mikayıl Əliyev küçəsi üzrə şimal istiqamətində dəmir yolu xətti ilə kəsişənədək, dəmir yolu xətti üzrə qərb istiqamətində 9cu köndələn küçəsi ilə kəsişənədək, 9-cu köndələn küçəsi üzrə Pəhlivan Fərzəliyev küçəsi ilə kəsişənədək, qərb istiqamətində Pəhlivan Fərzəliyev küçəsi üzrə 2-ci köndələn küçəsi ilə kəsişənədək, 2-ci köndələn küçəsi üzrə şimal istiqamətində Nərimanov rayonunun sərhədi ilə kəsişənədək, Nərimanov rayonunun sərhədi üzrə şərq istiqamətində Böyük Şor gölünün sahil xətti ilə kəsişənədək, Böyük Şor gölünün sahil xətti üzrə qərb istiqamətində Nərimanov, Binəqədi rayonlarının sərhədləri kəsişənədək davam edir və Binəqədi, Nəsimi rayonlarının digər zonalarla əhatə olunmayan ərazilərini əhatə edir.

25. İnzibati akt qəbul edilənədək və qəbul edildikdən sonra iddiaçının həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah olunması və şikayət verə bilmək imkanlarının təmin edilməsi məqsədilə cavabdeh tərəfindən iddiaçıya təqdim edilmiş **********4233 nömrəli Tədiyyə Bildirişi, xx.xx.2023-cü il tarixli 01-4162 saylı Xəbərdarlıq məktubu da iş materiallarına əlavə edilmişdir. İddiaçı məhkəmə iclasında ona xəbərdarlıq məktubunun çatmasını etiraf etsə də, əhəmiyyətsiz olduğunu hesab edərək nəzərə almamışdır.

26. Beləliklə, məhkəmə hesab edir ki, mübahisələndirilən inzibati aktın qəbulu əsasında iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır.

27. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

28. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar