Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-6317/2024 27.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı qızının cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olmasına dair arayışın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olmasına dair arayışın (çıxarışın) verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhər İcra Hakimiyyəti başçısının aparatının X2 və İstismarı Birliyi ilə bağlanmış 98560 saylı xx.xx.2006-cı il tarixli müqavilə ilə Ləhiş ərazisində ona ayrılmış sahəsi 0.12 ha olan “1318a” nömrəli bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının aparatının X2 və İstismarı Birliyi ilə bağlanmış 98560 saylı xx.xx.2006-cı il tarixli müqavilə ilə Ləhiş ərazisində ona ayrılmış sahəsi 0.12 ha olan “1318a” nömrəli bağ sahəsi ona ayrılmışdır. Həmin bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli məktubla cavab olaraq bildirilmişdir ki, İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı göstərilən torpaq sahəsinin digər sahə ilə ümumi hasar daxilində olduğu müəyyən edilmişdir. Həmçinin bağların bölgüsünə dair sxematik xəritəyə əsasən göstərilən sahə digər bağların və bağlararası yolun ərazisinə uyğun gəlir. Qeyd olunanlarla yanaşı əraziyə digər şəxsin də, müraciəti daxil olmuşdur. Bu səbəbdən də, müraciətinin həllindən imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassız hesab edilərək qanuni istifadəsində olan bağ sahəsi üzərində mülkiyyət hüquqlarının reyestrdə qeydə alınmaqla reyestrdən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Belə ki, ona ayrılaraq təhvil verilmiş bağ sahsinin bir hissəsindən bağlararası yol kimi istifdə olunur və bundan onun məlumatı vardır. Bağların bölgü sxemində nəzərdə tutulmamış həmin hissənin gələcəkdə yol kimi istifadə edilib-edilməməsinə razılıq verilməsi onu səlahiyyətlərinə aiddir. O, həmin yolu bağlamaq istəməmmişdir. Bağ sahəsinin qalan hissəsini daş hasara alaraq bugünədək mübahisəsiz istifadə edir. Onun ərazisinə digər şəxsin müraciətinin olması yəni kiminsə onun yerini səhvən cavabdehə öz yeri kimi təqdim etməsi, onun müraciətinin həllindən imtina üçün əsas deyildir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz təqdim olunaraq iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2023-cü il tarixli **********65 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, əraziyə digər şəxsin (X3) müraciəti olmuşdur. Vahid elektron baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi bağların bölgüsünə dair sematik xəritəyə əsasən digər bağların və bağlararası yolun ərazisinə uyğun gəlir. İdarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman məlum olmuşdur ki, torpaq sahəsinin ölçüsü sənəd üzrə 1200 kv.m qeyd olunsa da, faktiki olaraq ümumi sahə 1698 kv.m təşkil edir və göstərilən torpaq sahəsi digər sahə ilə ümumi hasar daxilindədir.
4. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
6. Bakı şəhər İcra Hakimiyyəti başçısının aparatının X2 və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanmış 98560 saylı xx.xx.2006-cı il tarixli “bağ sahəsinin istifadəyə verilməsi barədə” müqaviləyə əsasən Ləhiş ərazisində ona sahəsi 0.12 ha olan “1318a” nömrəli bağ sahəsi ayrılmışdır.
7. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-36565/2023 **********65 nömrəli məktubla imtina edilmişdir.
8. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli 3-21-3- 30/2-9958/2024 **********58 nömrəli məktubla Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, 0.12 ha sahəsi olan 1318 a saylı bağ sahəsinə dair sənədlərin, Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli 274 saylı sərəncamından çıxarışın və göstərilən əraziyə müraciəti daxil olmuş X4 ünvanlanmış **********27 nömrəli, xx.xx.2021-ci il tarixli bildirişin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, mərhum Ramazan İmamverdi oğluna məxsus olmuş 1445/1318 nömrəli bağ sahəsinin yarısı, mərhumun vərəsələrinin razılığına əsasən İddiaçı, digər yarısı isə, X4 verilmişdir. Bununla bağlı Bakı şəhəri İcra Hakimiyyəti başçısı tərəfindən xx.xx.2006-cı il tarixli 274 saylı ““Vətəndaşların rəsmi notariat qaydada ərizələrinə əsasən qanuni istifadələrindəki bağ sahələrinin digər vətəndaşların adlarına keçirilməsi, vətəndaşlara bağ sahələrinin təhkim edilməsi, vətəndaşlara bağ sahələrinin ayrılması barədə” X2 və İstismarı Birliyinin 15 sentyabr 2006-cı il tarixli 116 nömrəli protokolunun təsdiq edilməsi barədə” sərəncam qəbul edilmişdir. Həmin sərəncamla təsdiq edilmiş protokola əlavə edilmiş siyahıda İddiaçı və X4 “1318” saylı bağ sahələrinin ayrılması barədə məlumat öz əksini tapmışdır. Bundan sonra İddiaçı ilə Bakı şəhər İcra Hakimiyyəti başçısının aparatının X2 və İstismarı Birliyi arasında “1318a” saylı bağ sahəsinə dair 98560 saylı xx.xx.2006-cı il tarixli “bağ sahəsinin istifadəyə verilməsi barədə” müqavilə bağlanılmışdır.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
9. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
10. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
11. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
12. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
13. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
14. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
15. Belə ki, məhkəmə cavabdehin imtina məktubunda əks olunan imtinanın əsasları ilə bağlı aparılmış məhkəmə araşdırması nəticəsində işin faktiki hallarına hüquqi qiymət verərək, aşağıdakıları qeyd edir:
16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. Həmin Qanunun 8.0-cı maddəsin əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; ... Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
17. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 4cü abzasına əsasən Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların atlında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasındda hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
18. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 1-ci bəndinə əsasən “Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planalma aparılan anda ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir”, 5-ci bəndinə əsasən “Torpaq sahəsinin planının və təsvirinin hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlanıldıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir”, 6-cı bəndinə əsasən “Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir”, 8-ci bəndinə əsasən “Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir”.
19. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşlarlın mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin Əsasnamənin 5, 6, 7-ci bəndlərinə əsasən vətəndaşların torpaq üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir, bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir, həmin torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan yaranır.
20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz.
21. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarına əsasən mərhum Ramazan İmamverdi oğluna məxsus olmuş 1445/1318 nömrəli bağ sahəsinin yarısı, mərhumun vərəsələrinin razılığına əsasən İddiaçı, digər yarısı isə, X4 verilmişdir. Bununla bağlı Bakı şəhəri İcra Hakimiyyəti başçısı tərəfindən xx.xx.2006-cı il tarixli 274 saylı ““Vətəndaşların rəsmi notariat qaydada ərizələrinə əsasən qanuni istifadələrindəki bağ sahələrinin digər vətəndaşların adlarına keçirilməsi, vətəndaşlara bağ sahələrinin təhkim edilməsi, vətəndaşlara bağ sahələrinin ayrılması barədə” X2 və İstismarı Birliyinin 15 sentyabr 2006-cı il tarixli 116 nömrəli protokolunun təsdiq edilməsi barədə” sərəncam qəbul edilmişdir. Həmin sərəncamla təsdiq edilmiş protokola əlavə edilmiş siyahıda İddiaçı və X4 “1318” saylı bağ sahələrinin ayrılması barədə məlumat öz əksini tapmışdır. Bundan sonra İddiaçı ilə Bakı şəhər İcra Hakimiyyəti başçısının aparatının X2 və İstismarı Birliyi arasında “1318a” saylı bağ sahəsinin iddiaçının istifadəsinə ayrılması barədə 98560 saylı xx.xx.2006-cı il tarixli “bağ sahəsinin istifadəyə verilməsi barədə” müqavilə bağlanılmışdır. İddiaçı həmin torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmiş, bundan sonra isə iddiaçı məhkəməyə müraciət etmişdir.
22. Belə ki, cavabdehin qənaətinə görə əraziyə digər şəxsin (X3) müraciəti olmuşdur. Vahid elektron baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi bağların bölgüsünə dair sematik xəritəyə əsasən digər bağların və bağlararası yolun ərazisinə uyğun gəlir. İdarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman məlum olmuşdur ki, torpaq sahəsinin ölçüsü sənəd üzrə 1200 kv.m qeyd olunsa da, faktiki olaraq ümumi sahə 1698 kv.m təşkil edir və göstərilən torpaq sahəsi digər sahə ilə ümumi hasar daxilindədir.
23. Məhkəmə cavabdehin həmin dəlillərinə münasibətdə qeyd edir ki, elə cavabdeh inzibati orqan özü məhkəməyə təqdim etdiyi İdarənin arxivində olan sənədlərə nəzər yetirdikdə müəyyən edə bilərdi ki, iddiaçının iddia etdiyi bağ sahəsi əvvəllər Ramazan İmamverdi oğluna məxsus olmuş, sonuncu vəfat etdikdən sonra vərəsələrinin razılığı əsasında bağ sahəsinin yarısı İddiaçı və X4 ayrılmışdır və bu hal, Bakı şəhər İcra Hakimiyyəti başçının xx.xx.2006-cı il tarixli 274 saylı sərəncamı ilə təsdiq edilməklə, iddiaçı ilə Bakı şəhər İcra Hakimiyyəti başçısının aparatının X2 və İstismarı Birliyi arasında “1318a” saylı bağ sahəsinin iddiaçının istifadəsinə ayrılması barədə 98560 saylı xx.xx.2006-cı il tarixli müqavilə bağlanılmışdır. Bu səbəbdən digər şəxs X3 da, həmin ərazidə yerləşən bağ sahəsinə dair İdarəyə müraciəti olmuşdur. Belə ki, işdə olan sənədlərdən göründüyü kimi, “1318” saylı bağ sahəsinin yarısı İddiaçı, digər yarısı isə X4 ayrılmışdır və İddiaçı ayrılmış hissə, sonradan X2 və İstismarı Birliyi ilə arasında bağlanmış müqaviləyə əsasən “1318a” saylı bağ sahəsi adlandırılmışdır.
24. Lakin, işin hallarından müəyyən edilir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinin əksinə olaraq cavabdeh tərəfindən işin halları hərtərəfli və obyektiv araşdırılmamış, işin hallarına düzgün qiymət verilməmişdir.
25. Məhkəmə həmçinin qeyd edir ki, sxematik xəritəyə əsasən göstərilən torpaq sahəsi bağların bölgüsünə dair sematik xəritəyə əsasən digər bağların və bağlararası yolun ərazisinə uyğun gəlməsi iddiaçının hüquqlarını məhdudlaşdıran hal kimi qiymətləndirilə bilməz. Belə ki, sxematik xəritədə olan uyğunsuzluğun aradan qaldırılması da, elə cavabdehin özünün öhdəliyidir. Eləcə də, cavabdeh bağ sahəsinin faktiki ölçüsünün sənəd üzrə ölçüsündən artıq təşkil etməsinə istinad etsə də, iddia tələbindən göründüyü kimi, iddiaçının istifadəsində olan əlavə torpaq sahəsinə dair hər hansı bir iddiası yoxdur.
26. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.7-ci maddəsinin tələbləri təmin edildiyindən, iddiaçının mərhum ərinin adına sözügedən torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsaslar olmuşdur.
27. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
28. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
29. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
30. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. Bakı şəhər İcra Hakimiyyəti başçısının aparatının X2 və İstismarı Birliyi ilə bağlanmış 98560 saylı xx.xx.2006-cı il tarixli müqavilə ilə Ləhiş ərazisində İddiaçı ayrılmış sahəsi 0.12 ha olan “1318a” nömrəli bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva