Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-6335/2025 21.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, iddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər baş idarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: "xxxx" MMC (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər baş idarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçı barədə çıxarılmış xx.xx.2024-cü il tarixli, 3- 21-2-3/2-380372/2024 saylı və xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-379847/2024 saylı qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixli, № 3-21-2-3/2-380372/2024 saylı və 9781 AZN istisna olmaqla xx.xx.2024-cü il tarixli, № 3-21-2-3/2-379847/2024 saylı qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı aidiyyəti üzrə vergi orqanlarında əlavə dəyər vergisinin ödəyicisi kimi xx.xx.2018-ci il tarixdə qeydiyyatdan keçmiş və ********** saylı VÖEN almışdır. Birliyin Azərbaycan Respublikasının xəzinadarlığında büdcə hesabı var. MMC-də 2018-ci ildən hal-hazırkı dövrə qədər bir neçə dəfə vergi yoxlaması aparılmış, müəssisənin sahibkarlıq fəaliyyəti dövründə heç bir vergilərin ödənilməsindən yayınma faktları aşkarlanmamışdır. Mühasibat sənədləri Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş ciddi uçot blanklarından istifadə edilməklə vaxtlı-vaxtında aparılmışdır. Müəssisə eyni analoji iş və xidmətlərin aparılması ilə məşğul olmuş və müəssisənin fəaliyyətində heç bir vergilərin azaldılması faktı aşkarlanmamışdır. İddiaçının şəxsi hesab vərəqəsinə cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli № 3-21-2-3/2- 380372/2024 saylı qərarla 2024-cü ilin oktyabr ayı üçün 22968 AZN ƏDV, xx.xx.2024-cü il tarixli № 3-21-2-3/2-379847/2024 saylı qərarla 2023-cü il üçün 60886,85 manat mənfəət vergisi hesablanmışdır və şəxsi hesab vərəqəsinə işlənmişdir. Müəssisə tərəfindən cavabdehə hesablanmış kameral vergi məbləğinin hesablanmamasına dair müraciət edilməsinə baxmayaraq inzibati orqan tərəfindən heç bir tədbir görülməmiş, vergi məbləğləri azaldılmamışdır. Kameral barədə xəbərdarlıq məktubu müəssisə tərəfindən alınarkən vaxtında müvafiq tələb olunan sənədlərin vergi orqanına göndərilməsinə baxmayaraq hesablamalar qanunsuz olaraq aparılmışdır. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə "xxxx" MMC (VÖEN:**********) və xx.xx.2023-cü il tarixdə “X5” MMC (VÖEN:**********) ilə müqavilə bağlanılmış və müvafiq olaraq müqavilələrə aid işlər görülərək "xxxx" QSC-yə müvafiq qaydada təhvil verilmişdir. Bütün əməliyyatlar vergi qanunvericiliyinə və ciddi mühasibat sənədlərinə tam riayət edilərək həyata keçirilmişdir. Müəssisəyə hesablanmış ƏDV-nin əsasında yuxarıda göstərilən MMC-nin əməliyyat aparıldığı tarixdən sonra, yəni xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə riskli vergi ödəyiciləri hesab edilmişdir. Əlbəttə ki, müəssisə tərəfindən həmin MMC-lər ilə əməliyyatlar aparılarkən, yəni onlar tərəfindən elektron qaimə faktura təqdim edilərkən və müvafiq mallar alınarkən həmin MMC-lərin riskli vergi ödəyicisi olması barədə iddiaçının məlumatı olmamış, həmçinin həmin müəssisələrin riskli vergi ödəyicisi olması barədə heç bir inzibati qərar çıxarılmamışdır. Yəni iddiaçı həmin MMC ilə əməliyyat apararkən o riskli vergi ödəyicisi siyahısında olmamışdır. 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarda isə vergi ödəyicisinin hansı hallarda riskli vergi ödəyicisi hesab edilməsi meyarları müəyyən edilmişdir. Bu nöqteyi nəzərdən vergi orqanının iddiaçı münasibətdə ƏDV əvəzləşmələrin nəzərə alınmayaraq mənfəət hesablanmasının aparılmasını ədalətsiz və qanunsuz hesab edir. Göründüyü kimi, iddiaçı tərəfindən hazırkı iş üzrə müvafiq əməliyyatların aparılmasına dair elektron qaimə-fakturalar tərtib edilən zaman iddiaçının əməliyyat apardığı müəssisənin riskli vergi ödəyicisi hesab olunması barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamış, cavabdeh də bununla bağlı hər hansı mübahisə açmamışdır. Belə olan halda, iddiaçı riskli vergi ödəyicisi ilə əməliyyat aparmadığına əmin olmuş, bu səbəbdən də, apardığı əməliyyatın riskli olması barədə İnternet Vergi İdarəsinin portalında ona xəbərdarlıq edilməmişdir. Təbii olaraq da, iddiaçı həmin əməliyyatlara görə tərtib etdiyi elektron qaimə fakturaları ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etmişdir. İddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etdiyi elektron qaimə fakturalar üzrə əməliyyatları həmin əməliyyatların aparıldığı tarixdə "xxxx" MMC və “X5” MMC-lərin riskli vergi ödəyiciləri olmayan müəssisələr kimi aparmışdır. İddiaçı həmin müəssisələrin riskli vergi ödəyicisi olub-olmamasını yoxlamaq imkanına malik olmuş (əməliyat aparılarkən elektron xəbardarlığın verilməməsi və riskli vergi ödəyicilərinin reyestrinə daxil edilməməsi), müəssisənin əməliyyat tarixində riskli vergi ödəyicisi olmadığına əmin olmuş, vergi orqanı tərəfindən də iddiaçıya bu barədə xəbərdarlıq edilməmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz məhkəməyə təqdim edilmişdir. Etirazda göstərilmişdir ki, uçot baza məlumatlarına əsasən iddiaçı xx.xx.2018-ci il tarixdə vergi qeydiyyatına alınmış və əsas fəaliyyət növü "Rabitə və elektrik xəttlərinin çəkilməsi” olmuşdur. Vergi ödəyicisi tərəfindən xx.xx.2024-cü il tarixdə təqdim edilmiş 2023-cü il mənfəət vergisi bəyannaməsi üzrə araşdırma aparılarkən bəyannamə üzrə sənədlərlə təsdiq edilməyən 304434 manat xərc müəyyən edilmişdir. Qeyd olunan uyğunsuzluqla bağlı xx.xx.2024- cü il tarixli **********86300 nömrəli "Uyğunsuzluq məktubu” göndərilmişdir. Belə ki, Vergi məcəlləsinin 109.9-cu maddəsinə əsasən də əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir. Təqdim edilmiş bəyannamədə 304434 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. İddiaçı tərəfindən hər hansı təsdiqedici sənəd və ya dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyi üçün xx.xx.2024-cü il tarixində 60886 manat hesablama aparılmış, **********471000 hesablama barədə qərar göndərilmişdir. Həmçinin, xx.xx.2024-cü il tarixdə 2024-cü il oktyabr ayı üzrə əlavə dəyər vergisi bəyannaməsi təqdim edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, Vergi məcəlləsinin 109.9-cu maddəsinə əsasən də Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir. Vergi orqanı tərəfindən aşkar edilmiş əmtəəsiz əməliyyat aparılması faktına əsasən vergi orqanının müvafiq qərarı ilə riskli hesab edilən e-qaimə fakturaların əlavə edilmiş siyahıda göstərilən dövrlər üzrə ƏDV bəyannamələrində əvəzləşdirildiyi və həmin dövrlərdən sonrakı dövr ƏDV bəyannamələrinin 324-cü ("Əvəzləşdirilən əməliyyatların azaldılmasına görə ƏDVnin bərpa edilən məbləği”) sətrində bu növ e-qaimə fakturalar üzrə əvəzləşməsi bərpa edilən ƏDV məbləği nəzərə alınmaqla 22968,0 manat ƏDV məbləğinin büdcəyə bərpa edilmədiyi müəyyən edilmişdir. Bununla bağlı vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********947900 nömrəli uyğunsuzluq məktubu göndərilərsə də, vergi ödəyicisi tərəfindən hər hansı təsdiqedici sənəd və ya dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyi üçün xx.xx.2024-cü il tarixində 22968 manat hesablama aparılmış, **********147700 hesablama barədə qərar göndərilmişdir. Əmtəəsiz əməliyyatlar üzrə qaimələr araşdırılarkən riskli əməliyyatlar "X5" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə aparılmışdır. Həmçinin, yuxarıda adı qeyd olunan vergi ödəyicisi məhz hazırkı iddiaçı ilə apardıqları əməliyyatların riskli hesab olunması səbəbindən riskli vergi ödəyiciləri siyahısına daxil edilmiş və bu barədə qərar qəbul edilmişdir. İddiaçı "X5" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN:**********) rəhbərinin ixtisassız peşə sahibi olması səbəbindən əmtəəsiz əməliyyatlar aparılması şübhəsi olmuşdur. Bununla bağlı olaraq ödəyicinin fəaliyyəti üzrə keçirilmiş vergi nəzarəti tədbiri (Sənəd nömrəsi xx.xx.2024-cü il tarixli, **********110400 nömrəli) zamanı ödəyicinin şəxsi məlumatlarında qeyd olunan mobil nömrə ilə əlaqə saxlamaq mümkün olmamış, obyektin icarədarından alınan məlumata görə həmin ödəyicinin orda fəaliyyət göstərmədiyi, anbarın isə boş olduğu aşkar olunmuşdur. Qeyd olunanları nəzərə alaraq ödəyicinin fəaliyyəti riskli hesab olunmuş və 5 iş günü ərzində əməliyyatların araşdırılması, təsdiqedici sənədlərin təqdim edilməsi üçün müvafiq bildiriş göndərilmişdir. Lakin ödəyici bildirişdə qeyd olunan müddət ərzində Baş İdarədə görüşdə iştirak etməmiş, əməliyyatların əmtəəsiz olmadığına dair hər hansı sübutedici dəlil verilməmiş və riskə daxil edilmə prosesi davam etdirilmiş, yekun olaraq xx.xx.2024-cü il tarixli, **********623800 nömrəli qərara əsasən riskli vergi ödəyiciləri siyahısına əlavə edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN:**********) rəhbərinin ixtisassız peşə sahibi olması səbəbindən əmtəəsiz əməliyyatlar aparılması şübhəsi olmuşdur. Bununla bağlı olaraq ödəyicinin fəaliyyəti üzrə keçirilmiş vergi nəzarəti tədbiri (Sənəd nömrəsi xx.xx.2023-cü il tarixli, **********996300 nömrəli) zamanı ödəyicinin həmin obyektdə fəaliyyət göstərmədiyi aşkar olunmuş, obyektin icarədarından alınan məlumata görə həmin ödəyicinin orda fəaliyyət göstərmədiyi təsdiqlənmiş, anbarın isə boş olduğu aşkar olunmuşdur. Qeyd olunanları nəzərə alaraq ödəyicinin fəaliyyəti riskli hesab olunmuş və 5 iş günü ərzində əməliyyatların araşdırılması, təsdiqedici sənədlərin təqdim edilməsi üçün müvafiq bildiriş göndərilmişdir. Lakin ödəyici bildirişdə qeyd olunan müddət ərzində Baş İdarədə görüşdə iştirak etməmiş, əməliyyatların əmtəəsiz olmadığına dair hər hansı sübutedici dəlil verilməmiş və riskə daxil edilmə prosesi davam etdirilmiş, yekun olaraq xx.xx.2024-cü il tarixli, **********354100 nömrəli qərara əsasən riskli vergi ödəyiciləri siyahısına əlavə edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə yazılı etirazla oxşar məzmunlu izahat verərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-379847/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən iddiaçıya 76929,07 manat vergi borcu hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən təqdim olunan bəyannamədə 304434 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-380372/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən iddiaçıya 31334 manat vergi borcu hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki, vergi orqanı tərəfindən aşkar edilmiş əmtəəsiz əməliyyat aparılması faktına əsasən vergi orqanının müvafiq qərarı ilə riskli hesab edilən e-qaimə fakturaların əlavə edilmiş siyahıda göstərilən dövrlər üzrə ƏDV bəyannamələrində əvəzləşdirildiyi və həmin dövrlərdən sonrakı dövr ƏDV bəyannamələrinin 324-cü (“Əvəzləşdirilən əməliyyatların azaldılmasına görə ƏDV-nin bərpa edilən məbləği”) sətrində bu növ eqaimə fakturalar üzrə əvəzləşməsi bərpa edilən ƏDV məbləği nəzərə alınmaqla 22968,0 manat ƏDV məbləğinin büdcəyə bərpa edilmədiyi müəyyən edilmişdir. İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixli, AZ-2023/08-01 saylı podrat müqaviləsi bağlanmışdır. Müqavilə şərtlərinə əsasən icraçı "xxxx" MMC dəmir dirəklərin hazırlanması, basdırılması və dibinin betonlanması işlərinin yerinə yetirilməsini, iddiaçı isə görülmüş xidmətlər üçün müəyyən edimiş məbləğin ödənilməsini öhdəsinə götürmüşdür. Müqaviləyə əlavə edilmiş 25 dekabr 2023-cü il tarixli Təhvil-təslim aktına əsasən "xxxx" MMC tərəfindən iddiaçıya 118 000 manat məbləğində xidmət göstərilmişdir. İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixli, 2401/22 saylı satınalma müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən satıcı "xxxx" MMC müvafiq miqdarda, keyfiyyətdə, çeşiddə, qiymətdə və müvafiq şərtlərlə iddiaçı tərəfindən verilən sifarişlərə uyğun olaraq və razılaşdırılmış müddətdən gec olmayaraq iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əlavə edilmiş Qiymətlərin razılaşdırılma protokoluna əsasən tərəflər iddiaçının "xxxx" MMC-yə 32568,00 manat pul məbləğinin ödənilməsinə dair razılığa gəlmişlər. İddiaçı ilə "X5" MMC arasında xx.xx.2023-cü il tarixli, AZ-2023/09-01 saylı podrat müqaviləsi bağlanmışdır. Müqavilə şərtlərinə əsasən icraçı "X5" MMC dəmir dirəklərin hazırlanması, basdırılması və dibinin betonlanması işlərinin yerinə yetirilməsini, iddiaçı isə görülmüş xidmətlər üçün müəyyən edimiş məbləğin ödənilməsini öhdəsinə götürmüşdür. Müqaviləyə əlavə edilmiş 08 dekabr 2023-cü il tarixli Təhvil-təslim aktına əsasən "X5" MMC tərəfindən iddiaçıya 118 625,40 manat məbləğində xidmət göstərilmişdir. EBDU seriyalı, 497091 nömrəli, xx.xx.2023-cü il tarixli e-qaimə fakturaya əsasən iddiaçı tərəfindən "X5" MMC-yə 118 625,40 manat pul məbləği ödənilmişdir. EBCO seriyalı, 719587 nömrəli, xx.xx.2023-cü il tarixli e-qaimə fakturaya əsasən iddiaçı tərəfindən "xxxx" MMC-yə 32568,00 manat pul məbləği ödənilmişdir. EBDV seriyalı, 948330 nömrəli, xx.xx.2023-cü il tarixli e-qaimə fakturaya əsasən iddiaçı tərəfindən "xxxx" MMC-yə 118 000 manat pul məbləği ödənilmişdir. İddiaçının şəxsi hesab vərəqəsindən görünür ki, onun xx.xx.2025-ci il tarixə 221.620,34 manat vergi borcu mövcud olmuşdur. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli arayışa əsasən o, Lokal Gəlirlər Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin Monitorinq və sahə nəzarəti şöbəsinin dövlət vergi müfəttişi, 1-ci dərəcəli müfəttiş X2 bu Arayışı tərtib edir ondan ötrü ki, tərəfindən xx.xx.2023-cü il tarixli **********262200 nömrəli məktubun icrası ilə əlaqədar "X5" MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən obyektində müşahidə aparılmışdır. Vergi ödəyicisi ilə əlaqə saxlamaq mümkün olmadığından icarədar fiziki şəxs X3 ilə əlaqə saxlanılmış, danışıq zamanı şifahi olaraq həmin müəssisə ilə olan icarə müqaviləsinə xitam verildiyini, başqa ödəyiciyə icarəyə verdiyini bildirmişdir. Müşahidə zamanı anbarın boş olduğu müəyyən edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli arayışa əsasən o, Lokal Gəlirlər Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin Monitorinq və sahə nəzarəti şöbəsinin baş dövlət vergi müfəttişi, vergi xidməti müşaviri X6 bu Arayışı tərtib edir ondan ötrü ki, xx.xx.2023-cü il tarixli **********531800 nömrəli məktubun icrası ilə əlaqədar "xxxx" MMC-yə məxsus Bakı şəhəri Qaradağ rayonu, Salyan şossesi ünvanda yerləşən **********-11001 kodlu təsərrüfat subyektində (obyektində) tərəfindən müşahidə aparılmışdır. Müşahidə zamanı həmin obyektin fəaliyyət göstərmədiyi müəyyən olunmuşdur. Eyni zamanda icarədar X7 "xxxx" MMC-nin 2022-ci ilin noyabr ayından həmin obyektdə fəaliyyət göstərmədiyi bildirərək bu barədə arayış təqdim edilmişdir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində cavabdehin xx.xx.2024-cü il tarixli, № 3-21-2-3/2-380372/2024 saylı və 9781 AZN istisna olmaqla xx.xx.2024-cü il tarixli, № 3- 21-2-3/2-379847/2024 saylı qərarların ləğv edilməsini xahiş edir. Həmin qərarlarla iddiaçıya əlavə vergi məbləği hesablanmış və iddiaçının hüquqları məhdudlaşdırılmışdır. Bu səbəbdən iddia mahiyyətcə mübahisələndirmə barədə iddiadır. İddiaçı xx.xx.2025-ci il tarixində məhkəməyə müraciət etmiş və qərarların mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş 30 günlük müddəti ötürməmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Vergi Məcəlləsində (bundan sonra – Vergi Məcəlləsi) göstərilmişdir ki, Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir (103.1.). Fiziki şəxs olmayan hər hansı xarici şəxs bu Məcəllənin 137-ci maddəsinə uyğun olaraq birgə sahibkarlıq fəaliyyətinin obyekti kimi baxılmalı olmadığını sübut etməyincə, bu fəsilin məqsədləri üçün ona müəssisə kimi baxılır (103.2.). Rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir (104.1.). İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixli, AZ-2023/08-01 saylı podrat müqaviləsi bağlanmış və müqavilə şərtlərinə əsasən icraçı "xxxx" MMC dəmir dirəklərin hazırlanması, basdırılması və dibinin betonlanması işlərinin yerinə yetirilməsini, iddiaçı isə görülmüş xidmətlər üçün müəyyən edimiş məbləğin ödənilməsini öhdəsinə götürmüşdür. İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixli, 2401/22 saylı satınalma müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən satıcı "xxxx" MMC müvafiq miqdarda, keyfiyyətdə, çeşiddə, qiymətdə və müvafiq şərtlərlə iddiaçı tərəfindən verilən sifarişlərə uyğun olaraq və razılaşdırılmış müddətdən gec olmayaraq iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilələrə əsasən iddiaçı tərəfindən "xxxx" MMC-yə müvafiq pul məbləğləri ödənilmişdir. Eyni zamanda iddiaçı ilə "X5" MMC arasında xx.xx.2023-cü il tarixli, AZ-2023/09-01 saylı podrat müqaviləsi bağlanmış, müqavilə şərtlərinə əsasən icraçı "X5" MMC dəmir dirəklərin hazırlanması, basdırılması və dibinin betonlanması işlərinin yerinə yetirilməsini, iddiaçı isə görülmüş xidmətlər üçün müəyyən edimiş məbləğin ödənilməsini öhdəsinə götürmüşdür. Həmin müqavilələrə əsasən iddiaçı tərəfindən "X5" MMC -yə müvafiq pul məbləğləri ödənilmişdir. Lakin, sonradan həmin vergi ödəyiciləri cavabdeh tərəfindən riskli vergi ödəyiciləri siyahısına salınmışdır. İddiaçı ilə həmin vergi ödəyiciləri arasında aparılmış həmin əməliyyatlar isə riskli əməliyyat hesab edilərək, bununla bağlı qaimələr xərc sənədi kimi nəzərə alınmamış və iddiaçı barəsində hazırkı mübahisələndirilən qərarlar qəbul edilərək, əlavə vergi borcu hesablanmışdır. Vergi Məcəlləsində göstərilmişdir ki, bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Gəlirdən çıxılan xərclər qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməlidir. Qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən xərclərin gəlirdən çıxılmasına yol verilmir (108.1. ). Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir (109.9.). Vergi Məcəlləsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir(13.2.82.). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli, 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nda göstərilmişdir ki, bu Meyarlar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra - Vergi Məcəlləsi) 13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını müəyyən edir (1.1). Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər (2.1.). İddiaçı bildirir ki, o "X5" MMC və "xxxx" MMC ilə qeyd edilən əməliyyatları apardığı vaxt həmin vergi ödəyiciləri riskli vergi ödəyicisi olmamışlar. Cavabdehin əsas dəlili ondan ibarətdir ki, iddiaçı ilə "X5" MMC və "xxxx" MMC arasında aparılan həmin əməliyyat əmtəəsiz olmuş və bu səbəbdən həmin vergi ödəyiciləri riskli vergi ödəyiciləri siyahısına salınmışlar. Məhkəmə qeyd edir ki, iddiaçı ilə "X5" MMC arasında müqavilələr xx.xx.2023-cü il tarixində, "xxxx" MMC ilə isə xx.xx.2023-cü il tarixlərində bağlanmışdır. xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində verilmişdir. "X5" MMC xx.xx.2024-cü il tarixində, "xxxx" MMC isə xx.xx.2024-cü il tarixində riskli vergi ödəyiciləri siyahısına salınmışdır. Yəni, iddiaçı ilə müqavilə bağladığı və müvafiq xidmətlərə görə qaimələrin verildiyi vaxt "X5" MMC və "xxxx" MMC riskli vergi ödəyicisi olmamışlar. Həmin əməliyyatların riskli olması ilə bağlı cavabdehin dəlillərinə gəldikdə qeyd edilməlidir ki, iddiaçının müvafiq əməliyyatlar apardıqları şəxslər göstərdikləri xidmətlərə görə müvafiq mal və materialların onun alışında müəyyən edilməməsi, həmçinin zəruri işçi qüvvəsinə malik olmaması iddiaçının ziyanına şərh edilə bilməz. Belə ki, həmin hüquqi şəxs tərəfindən müvafiq rəsmiləşdirilmələrin aparılmaması iddiaçının təqsiri deyildir və iddiaçı ilə həmin vergi ödəyiciləri arasında aparılmış əməliyyatların birmənalı olaraq riskli əməliyyat olduğunu təsdiq edən sübut kimi nəzərə alına bilməz. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, № 3-21-2- 3/2-380372/2024 saylı və 9781 AZN istisna olmaqla xx.xx.2024-cü il tarixli, № 3-21-2-3/2- 379847/2024 saylı qərarlar qərar ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, № 3- 21-2-3/2-380372/2024 saylı və 9781 AZN istisna olmaqla xx.xx.2024-cü il tarixli, № 3-21- 2-3/2-379847/2024 saylı qərarlar ləğv edilsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №e-2-1(112)-6335/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-6335/2025
21.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver