Məhkəmə qərarları › İş №e-2-1(112)-6357/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-6357/2024

28.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-6357/2024 28.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi iştirakı X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq: TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı tərəf iddia tələbinə dəqiqləşmə verərək məhkəmədən “cavabdeh tərəfindən "xxxx" MMC barədə çıxarılmış xx.xx.2023-cü il tarixli **********337600 saylı və xx.xx.2023-cü il tarixli **********924600 saylı qərarların ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı tərəf iddia tələbinə dəqiqləşmə verərək məhkəmədən “cavabdehin 01 noyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə inzibati aktın mübahisələndirilməsi üçün prosessual müddət bərpa edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC aidiyyəti üzrə vergi orqanlarında əlavə dəyər vergisinin ödəyicisi kimi xx.xx.2017-ci il tarixdə qeydiyyatdan keçmiş və ********** saylı VÖEN almışdır. "xxxx" MMC faktiki olaraq digər qruplara daxil edilməyən ixtisaslaşdırılmamış topdan satışı ilə məşğul olmuşdur, heç bir mövcud qanunvericilik və qadağan olunmuş fəaliyyəti yoxdur. "xxxx" MMC -də 2017-ci ildən hal-hazırkı vaxta kimi MMC-in sahibkarlıq fəaliyyəti dövründə bir neçə dəfə vergi yoxlaması aparılmış və heç bir vergilərin ödənilməsindən yayınma faktları aşkarlanmamışdır. Axırıncı dəfə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək müəssisədə sonuncu operativ vergi nəzarəti qaydasında yoxlama aparılmışdır. Bu operativ vergi nəzarəti yoxlaması 2023-cü ili əhatə etmişdir. Operativ vergi nəzarəti təqdim olunmuş ilkin mühasibat sənədləri, memorialorderlər, baş kitab, dövriyyə cədvəlləri və vergilərin hesablanması üçün zəruri sənədlər əsasında aparılmışdır. Nəzarət zamanı müəssisənin faktiki rekvizitləri ilə vergi orqanlarında olan uçot məlumatlarında olan rekvizitlər arasında kənarlaşma aşkar edilməmişdir. Operativ vergi nəzarəti yoxlamasından sonra müəssisə barəsində kameral qaydada xx.xx.2023-cü il tarixdə № **********337600 saylı vergilərin, sosial sığorta və işsizlik sığortası haqların hesablanması barədə qərar tərtib edilmiş, bu qərar əsasında müəssisəyə 94.272,02 (doxsan dörd min iki yüz yetmiş iki manat, 02 q.) AZN fevral 2023cü il tarixə əlavə dəyər vergisi məbləği hesablanmışdır, müəssisənin şəxsi hesab vərəqəsinə işlənmişdir. Əslində isə müəssisənin mühasibat sənədlərini vergi qanunvericiliyinə müvafiq olaraq araşdırıb nəzərdən keçirsək, vergiyə cəlb edilməli olan məbləğin reallığa uyğun olmadığı görsənir. Vergilər hesablanarkən vergitutma bazası, yəni vergitutma obyektinin vergi tutulan hissəsinin kəmiyyət göstəricələri düzgün araşdırılmamış, faktiki göstəriciləri hansı tarixdə müəyyən olunmuş hesab edilməsi düzgün qiymətləndirilməmişdir. Müəssisəyə əlavə hesablanmış vergilərin əsasını təşkil edən vergitutma obyekti və qaydaları düzgün müəyyən edilmədiyindən müəssisəyə kameral ilə əlavə vergilər vergi qanunvericiliyinə uyğun olmayaraq, qeyri obyektiv, reallıqdan uzaq olaraq hesablanmışdır. "xxxx" MMC-də aparılan göstərilən kameral vergi yoxlaması qanunvericiliyin tələbləri kobud sürətdə pozulmaqla tərtib edildiyindən həmin qərar barədə vergi orqanına müraciətlər edilmiş xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən №**********665900 saylı inzibati şikayətin qismən təmin edilməsi haqqında qərar çıxarılmışdır. Həmin qərarla "xxxx" MMC-nin kameral vergi yoxlaması ilə əlavə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli inzibati şikayətləri qismən təmin edilmiş, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2023cü il tarixli **********337600 nömrəli qərarı verginin 42640,17 AZN hesablanması hissəsində ləğv edilmiş və 51811,85 AZN hissəsində dəyişdirilmədən saxlanılmışdır. Bu qərardan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Apellyasiya Şurasına vermiş şikayət də təmin edilməmiş, Apellyasiya Şurasının xx.xx.2023-cü il tarixli № 98 saylı qərarı ilə "xxxx" MMC-nin inzibati şikayəti təmin edilməmişdir. Bütün bunlar göstərir ki, vergi ödəyicisi "xxxx" MMC-yə qarşı qərəzli mövqe tutulmuş, ona qarşı ədalətsiz və qeyri qanuni vergilər hesablanmışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, vergilərin hesablanmasının əsası kimi müəssisədə keçirilmiş yuxarıda qeyd olunan operativ vergi yoxlaması zamanı müəssisənin 15% ticarət əlavəsi ilə işləyərək satış etməsi əsas götürülmüşdür. Müəssisədə bütün satışlar yalnız elektron qaimə tətbiq etməklə, ödənişlər isə nəğdsiz köçürmə vasitəsi ilə həyata keçirilib. Şirkət tərəfindən idxal edilmiş və yerli bazardan alınmış mallar rəsmi olaraq elektron qaimə faktura ilə satılır. Kameral qərarda göstərildiyi kimi müəssisə 15% ticarət əlavəsi ilə satışlar həyata keçirirsə belə çıxır ki, elektron qaimə fakturalar düzgün tərtib edilməmiş güya ki, aşağı qiymət ilə satılmışdır. Bu isə təbii ki, heç bir halda mümkün ola bilməz, çünki müəssisənin alışı və satışı gömrük və vergi orqanları tərəfindən qanunvericiliyə müvafiq olaraq ciddi mühasibat sənədləri vasitəsi ilə həyata keçirilmişdir. Eyni zamanda müəssisə tərəfindən xx.xx.2017-xx.xx.2023 dövrü üzrə mal hərəkəti cədvəlləşdirilərək göstərilən dövrdə yük gömrük bəyannaməsi və elektron qaimə üzrə daxil olan armatur və katankaların çeşidlərinə uyğun olaraq tonnajları, eyni zamanda elektron qaimə üzrə satılmış həmin malların sayı və mal qalıqları əks edilməklə vergi orqanına təqdim edilmişdir. Qeyd olunan malların hərəkətindən görünür ki, malların idxalı, alışı, satışı və mal qalığında heç bir kənarlaşma yoxdur. Kənarlaşma olsa idi təbii ki, bu anbarda mal qalığında öz əksini tapacaq idi. Son iki ildə fəaliyyət göstərilən Dərnəgül qəsəbəsində yerləşən ünvanda vergi nəzarəti postları qurulmuşdur. İddiaçı tərəfindən malların anbara gətirilməsi, anbardan çıxarılması, müştəriyə çatdırılması vergi müşahidəsi ilə həyata keçirilmişdir və heç bir vaxt qanunvericiliyin pozulması faktı müəyyən edilməmişdir. Vergi orqanı tərəfindən yol verilmiş digər nöqsanlar nəzərə alınmasa belə qeyd olunan pozuntu faktı operativ vergi yoxlamasının nəticələri ilə bağlı qəbul edilmiş məsuliyyət qərarının ləğv edilməsi üçün birbaşa əsasdır. Çünki Vergi Məcəlləsinin 49.5-ci maddəsinə görə vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" 05 may 2023-cü il tarixli qərarından görünür ki, 2023-cü ilin fevral ƏDV dövrü üzrə kameral yoxlama aparılmış və 94.272,02 manat əlavə vergi hesablanmışdır. Əsas: tərəfinizdən 2021-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin İ nömrəli əlavəsinə əsasən dövrün sonuna mal qalığı 471.868,79 manat təşkil etmiş, xx.xx.2022-xx.xx.2023-cü il tarixlərə qədər elektik qaimə-fakturalar üzrə 1.559.318,0 manat, yük-gömrük bəyannamə məlumatına əsasən isə idxal əməliyyatları üzrə 1.833.451,0 manat mal alışı olmuşdur. Keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı 836.186,48 manat məbləğində sənədli mal qalığı, ticarət əlavəsinin isə 15 faiz olduğu müəyyən edilmişdir. ƏDV bəyannamələrində əks olunmuş vergi nəzarəti tədbirlərinə qədər elektron qaimə-faktura və kassa üzrə satış dövriyyə məbləği 2.958.985,55 manat təşkil etdiyindən, 2023-cü ilin fevral ayı üzrə 5233733,46 manat malların əskik gəlməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. İnzibati şikayətin qismən təmin edilməsi haqqında 18 oktyabr 2023-cü il tarixli qərarında qeyd olunmuşdur ki, kameral vergi yoxlaması ilə Cəmiyyətin ƏDV qeydiyyatına alındığı tarix, xx.xx.2022-ci il tarixə olan sahibliyində qalan mal qalığı məlumatı, xx.xx.2022-xx.xx.2023-cü il tarix aralığında elektron alış aktı, elektron qaimə-faktura ilə və yük-gömrük bəyannamə məlumatına əsasən isə idxal əməliyyatları üzrə alınmış malların gömrük dəyəri, keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı müəyyən edilən mal qalığı məlumatı, malların təqdim edilməsi zamanı tətbiq edilən ticarət əlavəsi, vergi nəzarəti tədbirinə qədər ƏDV bəyannamələrində əks etdirilmiş elektron qaimə-faktura və nəzarət kassa aparatı üzrə satış dövriyyəsi nəzərə alınmaqla yaranmış kənarlaşmaya əsasən hesablamanın aparıldığını, inzibati araşdırma zamanı kameral vergi yoxlaması ilə 42640,17 manat vergi məbləğinin çox hesablanmasının müəyyən edildiyini, habelə Cəmiyyətin xx.xx.2023-cü il tarixdə operativ vergi nəzarəti zamanı müəyyən edilən miqdarla ifadədə 713,64 ton mal qalığı məlumatının əsaslı olduğunu, lakin dəyərlə ifadədə 836186.48 manat əvəzinə 919282,62 manat olduğunu iddia etməsinə baxmayaraq iddasının təmin edilməsinə əsasların müəyyən edilmədiyini, Cəmiyyət tərəfindən araşdırmaya təqdim edilmiş məlumatlar əsasında aparılan araşdırma zamanı tələb olunan məlumatların xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövrü əhatə etməklə təqdim edilməsinin xahiş edilməsinə baxmayaraq vergi ödəyicisi tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan məlumatların təqdim edildiyi üçün xx.xx.2023-cü il tarixə qalıqda qalan malların dəyərlə ifadədə məbləğinin dəqiqləşdirməyin mümkün olmadığını, malların alınması, təqdim edilməsi, qalıq məlumatları çeşidlər üzrə (elektron qaimə fakturalar bəyan edilməklə) təqdim edilmədiyi üçün qiymətlərin çeşidlər üzrə müəyyən edilməsi mümkün olmadığını, operativ vergi nəzarəti üzrə hərəkətlərin icrasından əvvəl Cəmiyyətə qalıqda qalan malların qiymətləri və digər məlumatların təqdim edilməsi barədə xx.xx.2023-cü il tarixli **********5621 nömrəli bildiriş göndərilməsinə baxmayaraq tələb olunan məlumatlar təqdim edilmədiyini nəzərə alaraq vergi ödəyicisinin şikayəti qismən təmin edilməli və Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********337600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərarı verginin 42640,17 hesablanması hissəsində ləğv edilməli, 51811,85 manat hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Cəmiyyət tərəfindən təqdim edilmiş ƏDV və mənfəət vergisi bəyannamələrində bəyan edilmiş dövriyyə, gəlir və xərc məbləğlərinin, debitor-kreditor borclarının düzgün olub-olmadığının, bank hesablarında aparılan əməliyyatların, habelə təqdim edilmiş malların dəyərinin (qiymətinin) müəyyən edilməsi məqsədi ilə ekspert rəyinin alınmalı olduğunu, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yerində sənədlərlə yoxlanılması məqsədi ilə Cəmiyyətin maliyyə- təsərrüfat fəaliyyəti üzrə səyyar vergi yoxlamasının keçirilməsi təmin edilməlidir. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2023-cü il tarixli **********924600 nömrəli qərarı ilə 2023-cü ilin fevral ƏDV dövrü üzrə kameral yoxlama aparılmış və 38.414,92 manat əlavə vergi hesablanmışdır. Əsas: **********665900 nömrəli inzibati şikayətin qismən təmin edilməsi haqqında qərara əsasən kameral vergi yoxlaması nəticəsində hesablanmış vergi məbləğinin qismən azaldılması təmin edilir. İnzibati icraat zamanı iddiaçı tərəfindən verilmiş izahatda qeyd olunmuşdur ki, iddiaçının 2023-cü il üzrə gəliri elektron qaimə-faktura ilə gəliri 1.512.409,05 manat, 561.000 manat "xxxx" MMC-dən e-qaimə əsasında alınmış “Hibrid” avtomobillərin satışından, 156.779,66 manat isə əsas vəsaitlərin satışından formalaşmışdır. Bütünlüklə 2023-cü il üzrə cəmi gəlir 2.230.188,71 manat təşkil etmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72- ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 30 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bəhs edilən maddələrin müddəalarından göründüyü kimi kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə digər sənədlər əsasında keçirilən yoxlama növüdür. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin vergi orqanına təqdim edildiyi gündən 30 gün müddətində keçirilir. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisinin təqdim etdiyi bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı tərəfindən vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Kameral yoxlama zamanı vergi bəyannaməsində vergilərin hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair bildiriş göndərilir. Kameral yoxlama aparmaq üçün zəruri olan vergi bəyannaməsi üzrlü əsas olmadan VM-də müəyyən olunmuş müddətdə təqdim edilmədikdə, VM-nin 67-ci maddəsinə müvafiq olaraq vergi hesablanır. Hazırki işin faktiki hallarından da göründüyü kimi iddiaçı tərəfindən mübahisələndirilən qərar kameral vergi yoxlaması nəticəsində qəbul edilmiş edilmişdir. Nəzərə alınmalıdır ki, cavabdeh iddiaçı barəsində həmin qərar qəbul edərkn ƏDV üzrə hesablamanın 2023-cü ilin fevral ayı üzrə idxal olmuş mallara 15 % ticarət əlavəsi olaraq tətbiq etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən 15 % ticarət əlavəsinin tətbiq edilməsi əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 12.3. Vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir. 13.2.64. ticarət əlavəsi – malın ƏDV tətbiq edilmədən satış qiyməti (mallar əvəzsiz təqdim edildiyi və ya barter olunduğu halda bazar qiyməti) ilə malgöndərənə ödənilən alış qiyməti arasındakı fərq; 159.1. Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. 2022-ci il yanvarın 1-dən 3 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi vergitutma obyektidir. Vergi Məcəlləsinin 13.2.64-cü maddəsində ticarət əlavəsinin anlayışı müəyyən edilərək göstərilir ki, ticarət əlavəsi - malın ƏDV tətbiq edilmədən pərakəndə satış qiyməti (mallar əvəzsiz təqdim edildiyi və ya barter olunduğu halda bazar qiyməti) ilə malgöndərənə ödənilən alış qiyməti arasındakı fərqdir. Göründüyü kimi ticarət əlavəsinin müəyyən edilməsi üçün ƏDV tətbiq edilmədən malın pərakəndə satış qiyməti, mallar əvəzsiz təqdim edildiyi və ya barter olunduğu halda bazar qiyməti, malgöndərənə ödənilən alış qiyməti kəmiyyət olaraq müəyyən edilməlidir. Vergi orqanı tərəfindən satış qiyməti müəyyən edilmədiyi halda, qanunvericiliyə uyğun olaraq bazar qiyməti tətbiq etməlidir. Vergi Məcəlləsinin 14-cü maddəsində bazar qiymətinin anlayışı və müəyyən edilməsi qaydaları göstərilmişdir. Belə ki, həmin maddənin müddəalarına əsasən: - bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir; - bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması barter (mal mübadiləsi), idxal-ixrac əməliyyatları aparıldıqda həyata keçirilir. Göründüyü kimi vergi orqanının qanunvericiliklə müəyyən edilmiş kifayət qədər hüquqları mövcüd olduğu halda, heç bir hüquqi əsası olmadan 15 % ticarət əlavəsi tətbiq etmişdir. Eyni zamanda Məhkəmə onu da vurğulamağı zəruri hesab edir ki, iddiaçının nümayəndəsi qismində göstərilən Xalid Cavadovun inzibati icraatı zamanı izahat verərək malların 10-20 faiz ticarə əlavəsi ilə satıldığını qeyd etməsi də digər sübutların qiymətləndirilmədən ticarət əlavəsinin tətbiqinə birbaşa əsas yaratmamaqdadır. Nəzərə alınmalıdır ki, vergi orqanı iddiaçı barəsində əlverişsiz inzibati aktın qəbulu zamanı işin tam və obyekiv araşdırılmasını həyata keçirmək vəzifəsi daşımaqdadır ki, aparılmış əməliyyatların xarakterini, kəmiyyət və keyfiyyət göstəricilərini müəyyən edən mötəbərliyi şühbə doğurmayan sənədlər mövcud olduğu halda nümayəndənin izahatına istinadla qərar qəbul etməsi qərarın qanuni və əsaslılığını istisna etməkdədir. Xalid Cavadovun ticarə əlavəsi ilə satılması barədə izahatı mövcud olsa da, işin faktiki hallarından, eləcə də iddiaçı tərəfindən təqdim edilən sənədlərdən görünür ki, verginin hesablanması zamanı ticarət əlavəsinin tətbiqinə zərurət olmamış, təqdim edilən sənədlər əməliyyatlarla bağlı reallığı tam əks etdirmiş, vergi orqanı isə həmin hala əhəmiyyət vermədən təkcə izahatı əsas götürərək qərar qəbul etmişdir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarını əsas gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-164/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarında qeyd olunmuşdur ki, “vergi qanunvericiliyinin tələbinə əsasən ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmiş vergi ödəyicisi təqvim ayı üzrə vergi tutulan dövriyyənin (əməliyyatların) həcmini, yəni həmin ay üzrə təqdim edilmiş mallara (görülmüş işlərə, göstərilmiş xidmətlərə) görə müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın məbləğini özündə əks etdirən bəyannaməni vergi orqanına təqdim etməli və hesabat dövrü üzrə vergini, yəni vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqi büdcəyə ödəməlidir. Göründüyü kimi, ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmiş vergi ödəyicisinin hər hansı hesabat dövrü üzrə vergi öhdəliyini müəyyən etmək üçün ilk öncə həmin hesabat dövrü (təqvim ayı) üzrə vergi tutulan əməliyyatların həcmi, yəni həmin təqvim ayında təqdim edilmiş malların (görülmüş işlərin, göstərilmiş xidmətlərin) dəyəri və bunun müqabilində müştəridən alınan və ya almaq hüququ olan haqqın məbləği müəyyən edilməlidir. 40. Cavabdeh iddiaçıya əlavə vergi hesablayarkən bu hesablamanı 2.883.751,61 manat (2.514.168,80+14,7%) satış dəyərindən deyil, 2.514.168,80 manat alış dəyərindən hesablamalı idi. Belə olan halda isə aydın olur ki, əlavə hesablanan vergi məbləği 452.550,38 manat (2.514.168,80 × 18%), maliyyə sanksiyası isə 226.275,19 manat olmalıdır.” Oxşar mövqeyi həmçinin kassasiya instansiya məhkəməsinin 2-1(102)-1255/2024 nömrəli, xx.xx.2024-cü il tarixli və 2-1(102)-3202/2019 saylı, 24 dekabr 2019-cu il tarixli qərarlarında əks olunmuşdur. Beləliklə Məhkəmə yuxarıda göstərilənləri qanunvericiliyin müddəaları və formalaşmış məhkəmə təcrübəsi ilə birgə qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən qəbul edilmiş həmin qərar əsassız olduğundan ləğv edilməlidir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********924600 nömrəli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar