Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-6387/2024 15.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndələri X8 və X9 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi Rayon İdarəsinə qarşı “hərbi xidmətə möhlətin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi Rayon İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı müvafiq təhsil müddətini bitirənədək hərbi xidmətə çağırışa möhlət hüququnun verilməsi öhdəliyinin cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsinəhəvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. O, xx.xx.1993-cü il tarixdə anadan olmuş və ünvan 1 ünvanında yaşayır. İddiaçı xx.xx.2023-cü il tarixdə X6 Universitetində magistratura pilləsinə daxil olmuşdur. Bununla bağlı hərbi xidmətdən möhlət hüququ almaq üçün xx.xx.2023-cü il tarixdə cavabdeh orqana müraciət etmişdir. Ancaq qeyd olunan tarixdən bu vaxtadək 35 gündən çox vaxt keçməsinə baxmayaraq cavabdeh orqan müraciətlə bağlı hər hansı inzibati akt qəbul etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdehin yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, Xidmətin Nəsimi rayon idarəsi tərəfindən İddiaçı Azərbaycan Tibb Universitetində təhsil alması ilə əlaqədar xx.xx.2018-ci il tarixədək bakalavriatda və xx.xx.2023-cü il tarixədək rezidenturada təhsil almağı ilə əlaqədar “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.4-cü maddəsinə əsasən müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ verilmişdir. Azərbaycan Tibb Universitetinin xx.xx.2022ci il tarixli, 170/T nömrəli əmrdən çıxarışına əsasən, çağırışçı İddiaçı rezident sıralarından xaric edilmiş və ona “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsilə xx.xx.2023-cü il tarixədək təhsil müəssisəsinə bərpa olunmaq məqsədi ilə müddətli həqiqi hərbi xidmətə çağırılmamışdır. O, Xidmətin Nəsimi rayon idarəsi tərəfindən 2023-cü ilin iyul çağırışına cəlb olunmuş və rayon çağırış komissiyasına cəlb olunan zaman Türkiyə Respublikasında yerləşən Fənərbahçe Universitetinə şərti qəbul olması barədə xx.xx.2023-cü il tarixli E-5294955-100-19629 nömrəli arayış təqdim etmişdir. Çağırışçıya ilkin olaraq təqdim edilmiş sənədin rəsmi qəbul məktubu olmadığı bildirilmiş, həmçinin “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları, xüsusilə 21.2-ci maddəsi izah edilərək ona verilmiş möhlətin təhsil müəssisəsinə bərpa olunması üçün nəzərinə çatdırılmış, lakin çağırışçı qeyd edilənlərlə razı olmamış, qısa müddət ərzində Türkiyə Respublikasına gedəcəyini və oradan rəsmi qəbul haqqında sənədi təqdim edəcəyini bildirmişdir. Bundan sonra İddiaçı 2023-cü ilin oktyabr çağırışı zamanı Türkiyə Respublikasında Fənərbahçe Universitetində magistr üzrə biznes şöbəsinin hazırlıq kursunda təhsil alması haqqında 22.11,2023-cü il tarixli, E-19095349-230- 90184439 nömrəli sənədi təqdim etmişdir. Xidmətin Nəsimi rayon idarəsi tərəfindən ona bir daha “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları izah olunaraq hərbi xidmətə çağırışdan hər pillə üzrə 1 dəfə möhlət verildiyini və ona verilən sonuncu möhlət hüququnun həmin Qanunun 21.2 maddəsində qeyd edildiyi kimi təhsil aldığı Azərbaycan Tibb Universitetinə bərpa olunmaq üçün verildiyi izah olunmuş, lakin o, bununla razılaşmamışdır. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.4-cü maddəsinə əsasən, əyani təhsilalma formasında bakalavriatda, magistraturada, doktoranturada (adyunkturada), əsas (baza ali) tibb təhsili və rezidenturada təhsil alanlara - təhsilini bitirənədək mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında, elmi müəssisə və təşkilatlarda təhsilini davam etdirmək üçün çağırışçılara möhlətyalnız bir dəfə verilir (Qeyd: Bu Qanunun 21,1.4-cü və 21.1.5-ci maddələrində nəzərdə tutulmuş qaydalar təkrar ali təhsil alan çağırışçılara şamil olunmur). Həmin Qanuun 21.2-ci maddəsinə əsasən, ali təhsil müəssisələrindən xaric edilmiş şəxslər 6 ay müddətində ali təhsil müəssisəsinə bərpa olunmadıqda çağırışa möhlət hüquqlarını itirirlər və ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Adıçəkilən qanunun normalarından görünür ki, çağırışçı ali təhsil müəssisəsinə bərpa olunduqda təhsilini davam etdirmək üçün çağırışa möhlət verilir. Lakin İddiaçı xaric edildiyi təhsil müəssisəsinə bərpa olunmamış, yenidən magistraturaya başqa ixtisas üzrə qəbul olunmuşdur. Bu səbəbdən iddiaçıya möhlət verilməsi qanunvericiliyin tələblərinə zidd olduğu cavab bəktubunda bildirilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-70-ci maddələrini rəhbər tutaraq İddiaçı iddia tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh tərəf iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarında olan AZE seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatına əsasən xx.xx.1993-cü il təvəllüdlü İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. Təqdim edilmiş inzibati icraat materiallarından görünür ki: -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universitetinin Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi Rayon İdarəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli, xx-xx/2235 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Tibb Universitetində Ümumi Cərrahiyyə ixtisası üzrə təhsil alan İV kurs rezidenti, 1993-cü il təvəllüdlü İddiaçı oğlunun rezident sıralarından xaric edilməsi haqqında əmrdən çıxarışını Sizin ünvana göndərirəm. Həmin məktubla göndərilmiş Azərbaycan Tibb Universiteti üzrə 21 noyabr 2022-ci il tarixli №170/T Əmrdən Çıxarışda qeyd edilmişdir ki, Azərbaycan Tibb Universitetinin Ümumi cərrahiyyə ixtisası üzrə İV kurs rezidenti İddiaçı 28.1 1.2022-ci il tarixindən rezidem sıralarından xaric edilsin və onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilsin. -Türkiyə Respublikası Bakı Səfirliyi Təhsil Müşavirliyinin xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, əlavədəki Fenerbahçe Universiteti Tələbə Sənədindən də göründüyü kimi, İddiaçı 2023-2024-cü Təhsil-tədris ilində Türkiyə Respublikası Fenerbahçe Universiteti magistr təhsil institutu Biznes şöbəsi disserhasiyasız magistr üzrə hazırlıq kursunda əyani tələbə olaraq təhsil almaqdadır. Adı göstərilən Universitetin təhsil müddəti 2-H (hazırlıq) ildir. Maksimum müddət 3 ildir. Adı göstərilənin məzun olunması 2025-2026-cı təhsil-tədris ilinin sonunda gözlənilməkdədir. -Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi Rayon İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, sizin magistratura səviyyəsinə qəbul olunduğunuz üçün müddətli həqiqi hərbi xidmətə çağ aşdan möhlət verilməsi ilə əlaqədar ünvanlanmış ərizənizə Səfərbərlik və Hərbi Xidmətə Çağırış uzrə Dövlət Xidmətinin Nəsimi rayon idarəsində baxılmışdır. Ərizənizə cavab olaraq bildiririk ki. sizin təhsil alma barəsində təqdim etdiyiniz son arayış "Hərbi vəzifə və hərbi xidmət naqqında Azərbaycan Respublikası Qanununun 21 2-ci maddəsinin tələblərinə zidd olduğu üçun sizin ümümi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılmanız məqsədə müvafiq hesab edilmişdir -Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Azərbaycan Respublikası Səfərbəlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi rayon idarəsinə ünvanladığı məktubunda qeyd edilmişdir ki, çağırışçı İddiaçı təqdim etdiyi təhsil alma bərədə sənəd “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi tələblərinə zidd olduğu üçün, onun ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılması məqsədəmüvafiq hesab edilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mahiyyət üzrə əsassızdır. Hazırkı işin hallarından müəyyən olunur ki, xx.xx.1993-cü il təvəllüdlü İddiaçı Azərbaycan Tibb Universitetində bakalavriat üzrə xx.xx.2018-ci il tarixədək və rezidenturada xx.xx.2023-cü il tarixədək təhsil almağı ilə əlaqədar müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ verilmişdir. İddiaçı Azərbaycan Tibb Universitetinin xx.xx.2022-ci il tarixli, 170/T nömrəli əmri ilə rezident sıralarından xaric edilmişdir. Hazırda iddiaçı Türkiyə Respublikasında yerləşən Fənərbahçe Universitetində magistratura səviyyəsində təhsil alması ilə əlaqədar müvafiq təhsilini bitirənədək müddətli hərbi xidmətdən möhlətin verilməsini mübahisələndirir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun: -2.0.2-ci maddəsinə görə hərbi xidmət - dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir. -2.0.9-cu maddəsinə əsasən hərbi qulluqçular - həqiqi hərbi xidmətdə olan şəxslər. Həqiqi hərbi xidmətə çağırılmış və ya könüllü daxil olmuş şəxs hərbi qeydiyyatdan çıxarılaraq xidmət etdiyi müvafiq icra hakimiyyəti orqanında xüsusi qeydiyyata alınırlar. -12.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətlə komplektləşdirilməsi üsullarına görə hərbi xidmət çağırış üzrə və könüllü xidmətlərə bölünür. -12.2-ci maddəsinə əsasən hərbi xidmətə çağırışın müəyyən edilmiş tələblərinə cavab verən Azərbaycan Respublikasının vətəndaşları aşağıdakı həqiqi hərbi xidmətlərə çağırılırlar: 12.2.1. müddətli həqiqi hərbi xidmətə - Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları; 12.2.2. zabitlərin həqiqi hərbi xidmətinə - müddətli həqiqi hərbi xidmət keçməmiş, yaşı 35-dən çox olmayan, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş ehtiyatda olan zabitlər. -12.3-cü maddəsinə görə vətəndaşlar müddətli həqiqi hərbi xidmətə müvafiq icra hakimiyyəti orqanının aktı əsasında ildə dörd dəfə - yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək çağırılırlar. -12.4-cü maddəsinə görə vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında müvafiq icra hakimiyyəti orqanının aktı qüvvəyə mindikdən sonra müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən çağırışçılar yaşayış yeri və ya olduğu yer üzrə hərbi qeydiyyatda olduğu, hərbi qeydiyyatda olmayan çağırışçılar isə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına gəlməlidirlər. -13.1-ci maddəsinə görə vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırışını keçirmək üçün rayonda, şəhərdə, şəhərdə rayonlarda müvafiq tərkibdə çağırış komissiyaları yaradılır. -14.1-ci maddəsinə əsasən rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları aşağıdakı vəzifələri yerinə yetirirlər: 14.1.1. çağırışçıların tibbi müayinəsini təşkil etmək və bu Qanunun 15.2-ci maddəsində nəzərdə tutulmuş qərarlardan birini qəbul etmək; 14.1.2. çağırışçıların müddətli həqiqi hərbi xidmətə çağırılması barədə qərar qəbul etmək; 14.1.3. xüsusi hərbi ixtisaslar üzrə hazırlanması üçün çağırışçıları tibbi, psixoloji və başqa göstəricilərə görə səmərəli bölüşdürmək; 14.1.4. müvafiq icra hakimiyyəti orqanının say bölgüsü üzrə çağırışçıları müddətli həqiqi hərbi xidmətin keçirilməsi yerinə göndərmək; 14.1.5. bu Qanunda nəzərdə tutulmuş əsaslar üzrə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət vermək və ya çağırışdan azad etmək. -18.1-ci maddəsinə əsasən müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarı ilə aşağıdakı əsaslara görə verilir: 18.1.1. ailə vəziyyətinə görə; 18.1.2. sağlamlıq vəziyyətinə görə; 18.1.3. təhsili davam etdirmək üçün; 18.1.4. Azərbaycan Respublikası Milli Məclisinin deputatı və bələdiyyələrə üzv seçilmək üçün namizədliyi qeydə alınmış şəxslərin seçki fəaliyyəti ilə əlaqədar (namizədliyi qeydə alındığı gündən seçkilərin nəticələrinin rəsmi dərc olunduğu günədək); 18.1.5. deputat, hakim, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkil (ombudsman) fəaliyyəti ilə əlaqədar. -18.2-ci maddəsinə əsasən çağırışa möhlət hüququnu itirmiş çağırışçılar, habelə möhlət hüququ olmayan və ya çağırışdan azad edilmək üçün bu Qanunda nəzərdə tutulmuş əsasları olmayan, müxtəlif səbəblərə görə müəyyən edilmiş müddətlərdə müddətli həqiqi hərbi xidmətə çağırılmamış şəxslər 35 yaşına çatanadək növbəti çağırış keçirilərkən hərbi xidmətə çağırılmalıdırlar. -21.1-ci amddəsinə əsaəsn mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında, elmi müəssisə və təşkilatlarda təhsilini davam etdirmək üçün aşağıdakı çağırışçılara möhlət yalnız bir dəfə verilir: 21.1.1.ümumi təhsil müəssisələrində tam orta təhsil alan, 20 yaşınadək çağırışçılara; 21.1.2.peşə təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış 20 yaşınadək çağırışçılara;[26] 21.1.3.orta ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış 22 yaşınadək çağırışçılara; 21.1.4.əyani təhsilalma formasında bakalavriatda, magistraturada, doktoranturada (adyunkturada), əsas (baza ali) tibb təhsili və rezidenturada təhsil alanlara - təhsilini bitirənədək; 21.1.4-1.doktoranturaya (adyunkturaya) qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara - 3 ay müddətinə; 21.1.5.xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura (adyunktura) səviyyələrində, tibb təhsili üçün əsas (baza ali) tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək 21.2-ci maddəsinə əsasən ali təhsil müəssisələrindən xaric edilmiş şəxslər 6 ay müddətində ali təhsil müəssisəsinə bərpa olunmadıqda çağırışa möhlət hüquqlarını itirirlər və ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. 21.3-cü maddəsinə əsasən təhsilini davam etdirmək üçün müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət almış və müddətli həqiqi hərbi xidmətə çağırılmamış çağırışçılar 35 yaşına çatanadək müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Qeyd: Bu Qanunun 21.1.4-cü və 21.1.5-ci maddələrində nəzərdə tutulmuş qaydalar təkrar ali təhsil alan çağırışçılara şamil olunmur. Sadalanan normalardan müəyyən olunur ki, Qanunun 21.1.4 və 21.1.5-ci maddələrinə əsasən əyani təhsilalma formasında əsas (baza ali) tibb təhsili və rezidenturada təhsil alanlara müvafiq təhsilini bitirənədək, eyni zamanda xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara təhsilini bitirənədək hərbi xidmətdən möhlət hüququ verilir. Qanun həmçinin, ali təhsil müəssisələrindən xaric edilmiş şəxslərin 6 ay müddətində müvafiq ali təhsil müəssisəsinə bərpa olunduqları halda onların xidmətdən möhlət hüququnun saxlanıldığını müəyyən edir. Lakin eyni zamanda qeyd edilməlidir ki, Qanunun 21.1.4-cü və 21.1.5-ci maddələrinə (alt maddələrə) münasibətdə ümumi norma kimi çıxış edən Qanunun 21.1-ci maddəsinin birbaşa tələbi ondan ibarətdir ki, müvafiq təhsil pilləsində (hər pillə üzrə) hərbi xdmətdən möhlət yalnız bir dəfə verilir və 21.1.4-cü və 21.1.5-ci maddələrində nəzərdə tutulmuş qaydalar təkrar ali təhsil alanlara aid edilmir. Hazırkı işdən görünür ki, iddiaçı rezidenturada təhsil alması ilə əlaqədar möhlət hüququndan istifadə etmiş, xx.xx.2022-ci il tarixdə təhsil aldığı pillə üzrə-rezident sıralarından xaric edilmiş və xarici olduğu vaxtdan 6 ay müddətində müvafiq ali təhsil müəssisəsinə bərpa olunmamışdır. İddiaçı əsas (bakalavr, baza) təhsilinə müvafiq olmayan ixtisas üzrə- Türkiyə Respublikası Fenerbahçe Universitetində Biznes şöbəsində magistr təhsili alması üçün qəbul olmuş, xaricdə təhsilin birinci ili-hazırlıq ili və sonrakı 2 il əsas tədris ili olmaqla ümumi təhsil müddəti 3 il təşkil edir. Beləliklə, iddiaçının təhsillə bağlı möhlət hüququnun tətbiqi üçün qanunun yuxarıda sadalanan şərtləri ödənilmir. İddiaçının onunla eyni vəziyyətdə olan qardaşı X5 xaricdə təhsillə bağlı möhlət verildiyi və bununla da ona münasibətdə bərabərlik prinsipinin qorunmadığı barədə dəlili isə məhkəmə icraatında öz təsdiqini tapmamışdır. Belə ki, cavabdehin xx.xx.2024-cü il tarixli, 3-43-78/2-876/2024 nömrəli məktubunda bildirilmişdir ki, ünvan 6 ünvanında qeydiyyatda olan, xx.xx.1997-ci il təvəllüdlü, X2 Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon idarəsinin çağırış komissiyası tərəfindən rezidenturada təhsil aldığı üçün “Hərbi vəzifə və hərbi xidmət haqqında Qanun”un 21.1.5 maddəsinə əsasən xx.xx.2024-cü il tarixədək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ verilmişdir. X1 rezidentura sıralarından xaric olduğu üçün xx.xx.2023-cü il tarixədək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ verilmişdir. X3 2023-cü ilin oktyabr çağırışına cəlb olunmuş, Almaniya Federativ Respublikasının Bonifatius Hospitalında həkim-rezident kimi işləməsi barədə xx.xx.2023-cü il tarixli arayışını təqdim etmişdir. X2 ilkin olaraq “Hərbi vəzifə və hərbi xidmət haqqında Qanun”un müvafiq müdəaları xüsusi ilə 21.2-ci bəndi izah edilərək ona verilmiş möhlətin təhsil müəssisəsinə bərpa olunmaq məqsədi ilə verildiyi bildirilərək möhlət hüququnun olmadığı bildirlmişdir. Əlavə olaraq məlumat üçün bildiririk ki, X3 2024-cü iyul çağırışına cəlb olunmuş və rayon çağırış komissiyasının qərarından sonra çağırışçı barəsində müvafiq qərar qəbul olunacaqdır. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmişdir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi Rayon İdarəsinə qarşı “hərbi xidmətə möhlətin verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №e-2-1(112)-6387/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-6387/2024
15.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver