Məhkəmə qərarları › İş №e-2-1(112)-6392/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-6392/2025

20.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-6392/2025 20.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, Cavabdehin Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə və Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “torpaq sahəsinin xüsusi mülkiyyətə verilərək adına özəlləşdirilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə və Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Seriya RX № ******* nömrəli çıxarışda torpaq sahəsinin mülkiyyət növü dövlət kimi qeyd olunumş 0.00672 ha. torpaq sahəsinin onun xüsusi mülkiyyətinə verilərək adına özəlləşdirməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir İddiaçı tələbini bununla əsaslandırmışdır ki, 14 fevral 2014-cü il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Reyestri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş Seriya RX №0335982 nömrəli, **********42- 06301 reyestr nömrəli çıxarışa əsasən, Bakı şəhəri, Nərimanov Rayonu, X3 küçəsində yerləşən 57 saylı qeyriyaşayış binası onun xüsusi mülkiyyətinə keçmişdir. Lakin həmin çıxarışda qeyd olunmuşdur ki, 0.00672 ha. ölçüsü olan torpaq sahəsi dövlət, torpaq sahəsi üzrə hüquq növü - istifadədir. Beləliklə, bu o deməkdir ki, qeyri-yaşayış sahəsinin özəlləşməsinə baxmayaraq, qeyri-yaşayış sahəsinin altında olan torpaq sahəsi özəlləşməyib. Halbuki həmin torpaq sahəsi ona məxsus və xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsinin üzərindədir. Cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi iddia tələbinə etiraz ərizəsi göndərərək iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı məhkəmədə iddia qaldırmazdan qabaq xx.xx.2023-cü il tarixli ərizə ilə Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi 57 ünvanında yerləşən ona məxsus qeyri-yaşayış binasının yerləşdiyi 67.2 kv.m torpaq sahəsinin özəlləşdirilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Lakin qanunvericiliklə müəyyən olunmuş müvafiq sənədlər müraciətə əlavə edilmədiyindən, Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli, 3-21-3/2-Ş- 0171-8/2023 nömrəli məktubu ilə iddiaçının müraciətinə cavab verilərək zəruri sənədlər təqdim edildikdən sonra qeyd edilən məsələyə baxılacağı bildirilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamənin 12-ci bəndinə əsasən torpaq sahəsini almaq məqsədilə onun üzərində yerləşən özəlləşdirilmiş müəssisənin və ya obyektin mülkiyyətçisi aşağıdakı sənədləri təqdim edir: - ərizə; - hüquqi şəxsin nizamnamə kapitalında 80 faizdən az olmayan hissənin xüsusi mülkiyyətdə olmasını təsdiq edən səhmdarların reyestrindən çıxarış (açıq səhmdar cəmiyyətidirsə); - müəssisə və obyektin üzərində mülkiyyət hüququnu təsdiq edən şəhadətnamənin surəti; - özəlləşdirilmiş müəssisə və obyektin texniki pasportu (yarımçıq və başa çatdırılmamış tikililər üçün inşaat pasportu) və torpaq sahəsinin müəssisə və obyektin istifadəsində və ya icarəsində olmasını təsdiq edən sənəd (torpaq sahəsinin ayrılması haqqında qərar və ya icarə müqaviləsi). Beləliklə, torpaq sahəsinin özəlləşdirilməsi üçün müəssisə və ya obyektin mülkiyyətçisindən torpaq sahəsinin ayrılmasını təsdiq edən sənədin Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim edilməsi qanunvericiliklə tələb olunur. Eyni zamanda bildiririk ki, Mülki Məcəllənin 389.1 -ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin həmin Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Beləliklə, yuxarıda istinad olunan qanunvericilik normalarına əsasən mülki hüququn subyektləri müqavilələr, o cümlədən özlərinə məxsus əmlaklar barədə müqavilələr bağlamaqda sərbəstdirlər və onlar müqavilə bağlamağa məcbur edilə bilməzlər. Bu səbəbdən, iddiaçının onunla yeni icarə müqaviləsi bağlanılmasına Əmlak Məsələləri Dövlət Xidmətinin məcbur edilməsi barədə tələbi əsassızdır. Eyni zamanda bildiririk ki, bundan əvvəl iddiaçının eyni iddia tələbinə Bakı inzibati Məhkəməsində baxılmış və məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır (qərardad əlavə olunur). Həmçinin bildiririk ki, bundan əvvəl iddiaçının eyni iddiaları Bakı inzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-2621/2024 nömrəli və xx.xx.2024-cü il tarixli, e-2-1(112)-12251/2024 nömrəli qərardadları ilə mümkün sayılmamışdır. Məhkəmə iclasında cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi yazılı etirazı müdafiə edərək iddia tələbinin mümkünsüz sayılmasını, mümkünlük şərrti ödənildiyi təqdirdə iddia tələbinin rədd olunmasını xahiş etdi. İddiaçı və digər cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə işə iddiaçının və digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Eyni zamanda hazırkı iddia ərizəsi elektron qaydada məhkəməyə verilmişdir, iddiaçının elektron kabineti var məhkəmə tərəfindən iclasın təyin edilməsi və digər prosessual hərəkətlərdən məlumatlıdır. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib və iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İddia tələbindən göründüyü kimi, iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Seriya RX № ******* nömrəli çıxarışda torpaq sahəsinin mülkiyyət növü dövlət kimi qeyd olunumş 0.00672 ha. torpaq sahəsinin onun xüsusi mülkiyyətinə verilərək adına özəlləşdirməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. İddiaçı eyni tələblə xx.xx.2023-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və məhkəmənin e-2-1(112)-2621/2023 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiası mümkünsüz sayılmışdır. İddiaçı həmin qərardaddan şikayət verməmiş və qərardad qanuni qüvvəsini almışdır. İddiaçı sonradan yenidən eyni tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və məhkəmənin e-2-1(112)-12251/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiası mümkünsüz sayılmışdır. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3847/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarı: 15.5-ci bənd. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6-cı bənd. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Məhkəmə tərəfindən iddia hüquqi cəhətdən iki mərhələdə yoxlanılır. İlkin mərhələdə iddianın mümkünlüyü şərtlərinin mövcud olub-olmaması yoxlanılır. Yalnız iddianın mümkün sayıldığı təqdirdə məhkəmə tərəfindən növbəti mərhələdə onun əsaslılığı yoxlanılır. Mümkünlük şərtləri tərəflərin təşəbbüsündən asılı olmayaraq məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Mümkünlük şərtlərinin ödənilmədiyi hallarda iddianın əsaslılığının yoxlanılması və ona mahiyyəti üzrə baxılması istisna edilir. Bu yanaşma məhkəmə qənaəti prinsipinin məqsədlərinə xidmət edir. Nəzərə almaq lazımdır ki, iddianın mümkünlük şərtləri prosessual qanunvericiliyin tələblərindən irəli gəlir və mümkünlük şərtləri yoxlanılarkən həmçinin eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktının mövcud olub-olmaması da müəyyən olunmalıdır. Belə ki, qeyd edilən məhkəmə aktının olması iddianın mümkünlüyünə təsir edən faktordur. Göründüyü kimi hazırda irəli sürülən iddia tələbləri ilə bağlı məhkəmə aktı mövcuddur. Nəzərə alınmalıdır ki, İPM-nin 45.5, 45.5.1 və 78-ci maddələri adıçəkilən Plenum Qərarının 15.6-cı bəndinin tələbləri də nəzərə alınmaqla iddiaya mahiyyəti üzrə baxılmasını istisna etməklə, iddianın mümkün sayılmaması üçün əsas yaratmışdır. Məhkəmə qeyd edir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbində Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestr publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin cavabdeh kimi göstərilməsi iddianın mümkünsüzlük şərtini aradan qaldırmır. Çünki iddiaçı əvvəlki iddiasında da, həmin İdarəni cavabdeh kimi göstərmiş və məhkəmə tərəfindən özəlləşdirilmə tələbinə Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestr publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı yönələ bilməməsi, İdarənin mülkiyyət hüququnu qeydə alan orqan olması bildirilərək həmin İdarə cavabdehlikdən çıxarılmışdır. Oxşar iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının № 2-1(102)-1404/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadında məhkəmə kollegiyası qeyd etmişdir ki, “...kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, iş üzrə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə aktının mövcudluğu İPM-in 78-ci maddəsinin mahiyyəti və tənzimləmənin məqsədi baxımından iddianın mümkünlüyünü istisna edən hal kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçının əvvəlki və hazırkı tələbinin ifadə tərzi fərqli olsa da belə, onun hüquqi marağı və nail olmaq istədiyi məqsəd hər iki halda eyni əmlakla bağlı, eyni hədəfə yönəlmişdir. Bu anlamda, tərəflər arasında mövcud olmuş hazırkı mübahisəyə məhkəmə qaydasında artıq bir dəfə baxılaraq qərar qəbul edildiyi və qərarın qanuni qüvvəsini aldığı diqqətə alınmalıdır. Tərəflər, o cümlədən iddiaçı da ona münasibətdə məcburi hüquqi qüvvəyə malik həmin qərara bağlıdır, iddiaçı həmin qərarla ona münasibətdə artıq həll olunmuş eyni mübahisəyə yenidən baxılmasını tələb etməkdə haqlı sayıla bilməz (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1335/2023 nömrəli, 2-1(102)-851/2023 nömrəli, 2-1(102)-1775/2023 nömrəli, 2-1(102)- 1602/2023 nömrəli, 2-1(102)-1709/2023 nömrəli qərarları). Məhkəmə iddiaçının məhkəmə iclasında iştirakının təmin edilərək ona hüquqi yardımın edilməsi ilə bağlı bildirir ki, iddiaçı artıq eyni məzmunlu iddia ilə 3-cü dəfədir ki, Bakı İnzibati Məhkəməsinə müraciət edir və bundan öncəki iddialarında iddianın mümkünlüyü ilə bağlı məsələlər onun iştirakı ilə keçirilən məhkəmə iclaslarınad ona izah edilmişdir. İddiaçı həmçinin məhkəmə hüquqi yardımı ilə məhkəmə qərardadlarını əldəe dərək məlumatlı olmuş, həmçinin Bakı İnzibati Məhkməsinin ikinci iddia üzrə qərardadından, yəni e-2-1(112)-12251/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadından apellyasiya şikayəti vermişdir. Odur ki, hazırkı mümkünsüzlük halı ilə bağlı iddiaçıya hüquqi yardım məhkəmə tərəfindən ona bildirilmişdir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkünsüz sayılmalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar