Məhkəmə qərarları › İş №e-2-1(112)-6395/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-6395/2025

20.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-6395/2025 20.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 25 saylı Notariat ofisinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığının tanınması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 25 saylı Notariat ofisinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığının tanınması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. müəyyən etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 25 saylı Notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25 saylı Dövlət Notariat Ofisinin verdiyi xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığının tanınması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.1974-cü ildə Buzovna qəsəbəsində Ruhulla Axundov küçəsi, döngə 10, ev 6 ünvandakı evdə yaşamış və böyümüşdür. Bu ünvan atasının evi olmuşdur. Ailə həyatı qurandan bir müddət sonra həmin evdən ayrılıb əri ilə bərabər Bakı şəhərində başqa ünvana köçmüşdür. Lakin xx.xx.2022-ci il tarixinə qədər ata yurdunda daimi qeydiyyatda olmuşdur. Belə ki, qardaşı X2 iddia ərizəsi əsasında Xəzər Rayon Məhkəməsinin 2(003)-994/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi əsasında onun xəbəri olmadan o ata evindəki evindən qeydiyyatdan çıxarılmışdır. 25 saylı Dövlət Notariat ofisindən vəkil sorğusuna əsasən əldə edilmiş notariat işindən görünür ki, cavabdeh Ağababa Rəhimov xx.xx.2021-ci il tarixində 25 saylı Dövlət Notariat Ofisindən yuxarıda adıçəkilən miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Ədliyyə Nazirliyinin 3-16-5/2-R-34/2- 6/26 nömrəli xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Xəzər Rayon İcra Başçısının Buzovna qəsəbə inzibati ərazi dairəsi üzrə X3 ailəsinin 1966-ci ildə sağ olmuş üzvləri barədə xx.xx.2014-cü il tarixli Forma 7 arayış vermiş və həmin arayış vərəsəlik işinin açılması və vərəsəlik şəhadətnaməsinin verilməsi üçün 6 il sonra 25 saylı Dövlət Notariat ofisinə təqdim edilmişdir. Bu barədə ona heç bir məlumat verilməmişdir. 2014-cü ildə Forma 7 arayışı alan Rəhimov Ağababa 6 il sonra, yəni etibarlılıq müddəti bitəndən sonra 2020-ci ildə 25 saylı Dövlət Notariat ofisinə təqdim etmişdir. Dövlət Notariat Ofisi də onun sağ olmasına və həyatda yaşamasına baxmayaraq 2014-cü il tarixli Forma 7 arayışı əsas kimi götürmüş və bu arayış əsasında vərəsələrin dairəsini gizlətmiş, qardaşı Ağababa Rəhimovu adına miras əmlakla bağlı vərəsəlik şəhadətnaməsi vermişdir. Beləliklə də 25 saylı Dövlət Notariat Ofisi onun mülkiyyət hüquqlarını pozmuşdur. Belə ki, bu arayışda Rəhimovlar ailəsindən olan bütün ölmüş və sağ qalmış şəxslərin adları qeyd olunsa da, həmin ailənin üzvü kimi onun adı həmin arayışda qeyd edilməmişdir. Məhz bu arayış əsasında 25 saylı Dövlət Notariat Ofisi vərəsəlik işi açarkən, arayışın etibarlılıq müddətinin bitməsinə və arayışın 7 saylı notariat ofisinə ünvanlanmasına və orada vərəsə kimi onun adının qeyd olunmamasına baxmayaraq, onu əsas götürmüş, bununla da Mülki Məcəllənin 1134.1-ci maddəsinin tələblərini pozmuş, onun mövcudluğunun üstündən sükutla keçmişdir. X1 1966-ci ildə sağ olmuş şəxslər barədə verdiyi xx.xx.2014-cü il tarixli Forma 7 arayışı əsasında 25 saylı Dövlət Notariat Ofisi Buzovna qəsəbəsində Ruhulla Axundov küçəsi, döngə 10, ev 6 ünvandakı miras əmlaka dair qardaşı Ağababa Rəhimovun adına vərəsəlik şəhadətnaməsi verərək Mülki Məcəllənin 1134.1-ci maddəsinin tələblərini pozmuşdur. 1134.1-ci maddəsinin tələblərinə əsasən, Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Göründüyü kimi, 25 saylı Dövlət Notariat Ofisi Mülki Məcəllənin bu normasını nəzərə almamaqla onun mülkiyyət hüquqlarını pozmuş və Ağababa Rəhimovun adına vərəsəlik şəhadətnaməsi vermişdir. Bu fakt həm də Ədliyyə Nazirliyinin Qanunvericilik Baş İdarəsinin onun sorğusuna verdiyi xx.xx.2024-cü il tarixli 3-16-3/2-R-25760-6/2024-C-3326 nömrəli cavab məktubu ilə təsdiq edilir. Həmin məktubdan aydın olur ki, ümumiyyətlə, X1 1966-cı ildə sağ olmuş şəxslər barəsində xx.xx.2014-cü ildə verdiyi Forma 7 arayış əsasında 25 saylı notariat ofisi vərəsəlik şəhadətnaməsini Ağababa Rəhimovun adına verməməli idi. Buzovna qəsəbə nümayəndəliyindən verilmiş 5-12-5/2-318 nömrəli xx.xx.2023-cü il tarixli məktubdan da görünür ki, Buzovna Qəsəbə nümayəndəliyi belə bir arayış, həqiqətən də, vermişdir, lakin Ədliyyə Nazirliyinin məktubunda qeyd olunan arayışın tarixi ilə X1 məktubunda qeyd olunan və haqqında söhbət gedən arayışın tarixləri fərqlidir. Buzovna qəsəbə nümayəndəliyi sözügedən arayışda onun adınında qeyd ediməməsi fikrini onunla əsaslandırmışdır ki, arayış 1966-cı ilə qədər sağ olmuş və doğulmuş ailə üzvləri barədə verilmişdir. Onların əsaslandırmasına görə o, həmin tarixdə doğulmadığından həmin dövrdə vəfat etmiş nənəsi X6 ailə üzvü sayılmamışdır. 25 saylı Dövlət Notariat Ofisinin verdiyi vərəsəlik şəhadətnaməsinin etibarsızlığı, ilk növbədə, onun Mülki Məcəllənin 1134 və 1159-cu maddəsinin normalarına və İnzibati İcraat haqqında Qanunun normalarına (65.1.4-cü maddəsi - maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt və 67.6.2-ci maddəsi - səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbuledilməsinə nail olduqda;) zidd formada tərtib edilməsi ilə bağlıdır. Hüquqi faktdır ki, Daxili İşlər Nazirliyinin xx.xx.2018-ci ildə verdiyi arayışdaBuzovna qəsəbəsində Ruhulla Axundov küçəsi, döngə 10, ev 6 ünvandakı evdə qeydiyyatda olan bütün ailə üzvlərinin adları, o cümlədən onun adı qeyd edilmişdir. Bundan başqa, 5 saylı Asan Xidmət Mərkəzinin verdiyi xx.xx.2023-cü il tarixli 05/09lS133186-23 nömrəli “Vətəndaşlıq vəziyyəti aktları” barədə arayışda avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində ona aid xx.xx.2023-cü ilədək daxiledilmiş bütün vətəndaşlıq vəziyyətiaktlar üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir. Göründüyü kimi həmin arayışda bütün ailə üzvləri kimi, onun da adı qeyd edilmişdir. Yəni o da bu ailənin üzvüdür. Bu, hüquqi faktdır. 5 saylı Asan Xidmət Mərkəzi də bu hüquqi faktı nəzərə alaraq ona belə bir arayış vermişdir. Onun adının arayışda qeyd edilməməsi, 25 saylı Dövlət Notariat Ofisinin hərəkətsizliyi və biganəliyi və bu əsasda verdiyi vərəsəlik şəhadətnaməsi bir vətəndaş kimi hüquq və vəzifələrinə toxunmuş, hüquqlarının vaxtında və qanun çərçivəsində icrasına mane olmuş, öz mülkiyyət payını əldə etməyə maneə yaratmış, bu hüququnun reallaşmasını əngəlləmiş, onu əmlak hüququndan məhrum etmiş, ona münasibətdə Buzovna qəsəbə nümayəndəliyi də üzərinə düşən vəzifələrini yerinə yetirməmiş, eləcə də adının olmadığı və 25 saylı Dövlət Notariat Ofisinə ünvanlanmayan bir arayışın 7 il sonra 25 saylı Dövlət Notariat Ofisi tərəfindən istifadə edilməsi və o əsasda ailənin bir üzvünə vərəsəlik şəhadətnaməsinin verilməsi göstərir ki, onun subyektiv hüquqları 25 saylı Dövlət Notariat Ofisi tərəfindən pozulmuşdur. Bu baxımdan deyə bilər ki, Notariat Ofisi hüquqlarnı pozmuş və qanunla qorunan mənafelərinə ziyan vurmuşdur. Belə ki, Notariat ofisi öz hərəkətsizliyi ilə onun barəsində həyatda olmayan şəxs obrazı yaratmış və onu məhz o əsasda mülkiyyət hüquqlarından məhrum etmişdir. Subyektiv hüquqa malik olan şəxslər bu hüquqa qarşı vəzifə daşıyan şəxslərdən müəyyən hərəkətləri etməyi tələb etmək səlahiyyətinə malik olur. O, 25 saylı Dövlət Notariat ofisinin rəhbərindən, yəni Notariusdan müəyyən hərəkətlər etməyi, xüsusən də vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və ləğv edilməsini tələb etsə də, müraciəti təmin edilməmişdir. İddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2025-ci il tarixli bildirişi ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə əqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 25 saylı Notariat ofisi iddia tələbinə dair xx.xx.2025-ci il tarixli, X/O 101/25 №-li məktubunda qeyd etmişdir ki, cavabdeh qismində qeyd edilmiş Bakı şəhəri 25 saylı dövlət notariat kontoru 2018-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi üzrə müvafiq əmrlə ləğv edilmişdir və struktur qurum kimi mövcud deyil. Hazırda qeyd olunan ofis əvəzinə xüsusi notarius kimi fəaliyyət göstərilir. Eyni iddia üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)-296/2023 nömrəli qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş iddiaçı və cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 25 saylı Notariat ofisi müvafiq olaraq, məhkəmə iclasına gəlməmiş və nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ İnzibati Prosessual Məcəllə. ... Maddə 35. İddianın mümkünlüyü. 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. ... 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. ... 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. 9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. ...

12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.

13. İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. ... 14.1. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. 14.2. İnzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır.

İddianın növü və mümkünlüyü və buna dair məhkəmənin mövqeyi.

İddia tələbindən də göründüyü kimi iddiaçı cavabdeh qismində notariat ofisinin hərəkətindən, yəni tərəfindən icra edilmiş notariat hərəkətlərindən narazı qalaraq məhkəməyə iddia vermişdir. Məhkəmə iddia tələbi üzrə mümkünlük şərtlərinin ödənilmədiyini aşağıdakilar ilə əsaslandırır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarın:

11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır.

12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.

17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Göründüyü kimi tələbin inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrlə əlaqədar olması, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olmaması inzibati icraat qaydasında işə baxılmasını mümkün edir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 4 nömrəli Qərarının:

2. Mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. 3.1 Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir.

8. Aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən şikayət verilməsi zamanı mübahisəyə mülki, yoxsa inzibati məhkəmə icraatı qaydasında baxılması ilə bağlı məsələ qanunvericilikdə dəqiq tənzimlənməmişdir. Əksinə, bu məsələ ilə bağlı qanunvericilikdə bir-biri ilə uyğunsuzluq halı yaradan bir sıra normalar vardır və onların məcmusunun qiymətləndirilməsi əsasında hazırkı vəziyyətdə qanunvericinin iradəsini dəqiq aydınlaşdırmaq mümkün olmur. Mülki Prosessual Məcəllənin 445.0.6-cı, İnzibati Prosessual Məcəllənin 8.1.3-1-ci, “Notariat haqqında” Qanunun 41-ci maddəsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda mövcud olan müddəalar aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən verilmiş şikayətlərin məhkəmə aidiyyətinin dəqiq müəyyənləşdirilməsinə imkan vermir. Odur ki, müvafiq təkmilləşdirilmələr aparılmaqla mümkün olan qısa müddət ərzində aidiyyətlə bağlı məsələnin qanunvericilik səviyyəsində həll olunması üçün qanunvericilik təşəbbüsü hüququndan istifadə olunmalı, eyni zamanda, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təmin etmək üçün mövcud mübahisələrə müvəqqəti baxılması qaydası ilə bağlı məhkəmələrə izah verilməlidir. Bu baxımdan, qanunvericilikdə müvafiq tənzimləmələr edilənədək notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması davam etdirilsin. Doğrudur ki, hazırda Mülki Prosessual Məcəllənin qüvvədə olan redaksiyasında 305.1.8-ci maddə mövcud olmasa da, notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərin inzibati məhkəmə icraatı qaydasında baxılmamasına dair məhkəmə hesab edir ki, hüquqi mövqe dəyişmir. Belə ki, yuxarıda qeyd olunduğu kimi mübahisənin inzibati məhkəmə icraatı qaydasında baxılması ilə bağlı ən mühüm şərt mübahisə üzrə publiklik əlamətinin mövcudluğu təşkil edir ki, hazırkı iş üzrə notariusun hərəkət və hərəkətsizlikdə publiklik əlaməti mövcud olmamış, əksinə münasibət mülki hüquq sahəsində yaranmışdır. Nəzərə alınmalıdır ki, notariat kontoru hər nə qədər nəzəri baxımından inzibati orqan kimi çıxış edə bilsə də hazırkı münasibətlərdə xüsusi hüququn subyekti kimi iştirak etdiyindən, belə mübahisələrə mülki mühakimə icraatı qaydasında baxılır. Digər tərəfdən nəzərə alınmalıdır ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən cədvəldə mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq xüsusi notarius və vəkillərin peşə fəaliyyətinin həyata keçirilməsindən irəli gələn publik hüquqa aid olmayan mübahisələrə ümumi məhkəmə tərəfindən baxılmalı olması göstərilmişdir. Göründüyü kimi, notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən şikayət verilməsi zamanı mübahisəyə mülki, yoxsa inzibati məhkəmə icraatı qaydasında baxılması ilə bağlı məsələ qanunvericilikdə dəqiq tənzimlənməmişdir. Lakin nəzərə alınmalıdır ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 4 nömrəli Qərarının 8-ci bəndinin yeni redaksiyasında bu məqama münasibət bildirilmiş, qanunvericilikdə müvafiq tənzimləmələr edilənədək notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması davam etdirilməsi qərara alınmışdır. Hazırki tələbin də mahiyyəti üzrə notariat ofisinin hərəkət və hərəkətsizliyindən irəli gəldiyini nəzərə aldıqda iddiaçının “vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” barədə tələbinə inzibati məhkəmə icraatı çərçivəsində baxılması məhkəmənin səlahiyyətində deyil. Eyni zamanda nəzərə alınmalıdır ki, notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərin, o cümlədən iddiaların ümumi məhkəmələrdə maraqlı şəxslər arasında hüquqa dair mübahisənin mövcud olubolmamasından asılı olaraq iddia icraatı qaydasında baxılmalı olması qanunvericiliklə müəyyən edilmişdir ki, hazırkı tələbin də məhz şəhadətnamənin ləğv edilməsi ilə bağlı olması, iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmasını istisna edir. Beləliklə, mübahisə üzrə yaranmış hüquq münasibəti publiklik əlamətlərini daşımadığından hazırkı iş üzrə verilmiş iddia tələbinə inzibati məhkəmə tərəfindən inzibati məhkəmə icraatı qaydasında baxılma imkanından da söhbət gedə bilməz. Məhkəmə xidməti vəzifəsinə uyğun olaraq zəruri ilkin şərt kimi iddianın mümkünlüyünü yoxlamış, iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olmadığını aşkar etmişdir ki, İPM-nin 35.1-ci maddəsinin və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 1.1-1.5-ci bəndlərinin də tələbləri baxımından iddianın mümkün hesab edilməməsi barədə qərara gəlmişdir. Qeyd olunan maddə və bəndlərin mahiyyətindən aydın olur ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. (35.1-ci maddə) İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (1.1 - 1.5-ci bəndlər) Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya hazırkı iddia tələbi ilə aidiyyəti üzrə mülki məhkəmə icraatı qaydasında baxılması üçün səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah edilir. NƏTİCƏVİ HİSSƏ

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 25 saylı Notariat ofisinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığının tanınması” tələbi barədə iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardaddan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar