Məhkəmə qərarları › İş №e-2-1(112)-640/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-640/2025

23.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-640/2025 23.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinə qarşı "qərarların ləğv edilməsi" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti İddiaçı barəsində “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2015-ci il tarixli **********183600 nömrəli, “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktublar göndərilərək xx.xx.2015-ci il tarixli **********351700 nömrəli “Vergilərin hesablanması haqqında” Qərar əsasında sadələşdirilmiş vergi üzrə 2014-cü ilin 2-ci rübü üçün 19312,6 manat, xx.xx.2015-ci il tarixli **********781300 Qərar əsasında ƏDV üzrə 2014-cü ilin dekabr ayı üçün 73649,9 manat əlavə vergi məbləği hesablanmışdır. İddiaçı bununla razılaşmayaraq, yuxarı vergi orqanına müraciət edərək qərarın ləğv edilməsini tələb etmişdir. Lakin inzibati orqan 08 may 2017-ci il tarixli **********692300 saylı qərarına əsasən Ləğv olunmuş Vergilər Nazirliyi yanında Bakı vergilər Departamentinin X2 (VÖEN **********2) barədə qəbul edilmiş xx.xx.2015-ci il tarixli **********351700 nömrəli və xx.xx.2015-ci il tarixli **********781300 nömrəli “Vergilərin hesablanması haqqında” Qərarı qüvvədə saxlanılmışdır. Qeyd olunmalıdır ki, İddiaçı 2014-cü il tarixdən ölkə hüdudlarından kənarda yaşayır. Bu günə qədər həmin qərarla bağlı İddiaçı məlumat əldə edə bilməmişdir. Qeyd olunmalıdır ki, qəbul edilən qərar əsassızdır. İddiaçı həmin qərarda göstərilən pul məbləğindən məlumatsızdır. Odur ki, ləğv olunmuş Vergilər Nazirliyi yanında Bakı vergilər Departamentinin X2 (VÖEN **********2) barədə qəbul edilmiş xx.xx.2015-ci il tarixli **********351700 nömrəli və xx.xx.2015-ci il tarixli **********781300 nömrəli “Vergilərin hesablanması haqqında” Qərarı ləğv edilməlidir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilmişdir. Cavabdeh tərəfindən verilmiş vəsatət onunla əsaslandırılmışdır ki, iddiaçının silinməsini tələb etdiyi 92.692,50 manat manat vergi borcu kameral vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş “Vergilərin hesablanması barədə” xx.xx.2015-ci il tarixli **********351700 nömrəli və xx.xx.2015-ci il tarixli **********781300 nömrəli qərarlar (inzibati aktlar) əsasında yaranmışdır. Hesablamanın əsasları ilə bağlı bildiririk ki, vergi orqanında aparılan araşdırma zamanı Heydər Əliyev adına sarayda 2 və 4 may 2014-cü il tarixlərdə Stas Mixaylovun, həmçinin 3 və 5 dekabr 2014-cü il tarixlərdə Qriqori Lepsin konsertinin keçirilməsindən əldə olunan gəlirlərin vergiyə cəlb edilməsi əməliyyatlarında vergidən yayınma riskləri müəyyən edilmiş, lakin 2 - 4 may 2014-cü il tarixlərində (2 gün), 3-5 may 2014-cü il tarixlərdə (2 gün) konsert tədbirlərinin keçirilməsinin İddiaçı tərəfindən təşkil olunmasına baxmayaraq, gösərilmiş xidmətlərə görə müvafiq dövrlər üzrə əldə olunan gəlirlərdən vergilərin tutulmadığı müəyyən edilmişdir. Qeyd edilənlər ilə əlaqədar “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2015-ci il tarixli **********183600 nömrəli məktub vergi ödəyicisinə göndərilmişdir. Eyni zamanda kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri olan sənədlərin (məlumatların) məktubda göstərilən müddətədək təqdim edilmədiyi halda vergi orqanının Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən vergi öhdəliklərinin yenidən hesablamaq hüququnun olduğu barədə vergi ödəyicisinə məlumat verilmişdir. Lakin, məktubda qeyd olunan zəruri sənədlər (məlumatlar) təqdim edilmədiyinə görə kameral vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş “Vergilərin hesablanması barədə” xx.xx.2015-ci il tarixli **********351700 nömrəli qərar ilə 2014-cü ilin 2-ci rübü üçün sadələşdirilmiş vergi üzrə 19.312,60 manat, xx.xx.2015-ci il tarixli **********781300 nömrəli qərar ilə isə 2014-cü ilin dekabr ayı üçün ƏDV üzrə 73.649,90 manat əlavə vergi məbləğləri hesablanmış və qərarlar vergi ödəyicisinə göndərilmişdir. Həmin qərarların “vergi ödəyicisinin şikayət etmək hüquqlarının xülasəsi” hissəsində qərardan onun təqdim olunduğu vaxtdan İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən 30 gün müddətində məhkəməyə və Vergi Məcəlləsinin 62-ci maddəsinə əsasən 3 ay müddətinə birbaşa və ya qərarı göndərmiş vergi orqanı vasitəsilə yuxarı vergi orqanına şikayət etmək hüququnun olduğu da vergi ödəyicisinə izah olunmuşdur. Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin (hazırkı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) “İnzibati aktın qüvvədə saxlanılması haqqında” xx.xx.2017-ci il tarixli **********692300 nömrəli qərarı ilə İddiaçı barəsində qəbul edilmiş “Vergilərin hesablanması barədə” xx.xx.2015-ci il tarixli **********351700 nömrəli və xx.xx.2015- ci il tarixli **********781300 nömrəli qərarlar qüvvədə saxlanılmışdır. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iddia tələbi “ləğv olunmuş Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin İddiaçı barədə qəbul edilmiş xx.xx.2015-ci il tarixli **********351700 nömrəli və xx.xx.2015-ci il tarixli **********781300 nömrəli “Vergilərin hesablanması haqqında” qərarın ləğv edilməsi” formasında icraata qəbul edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saymış və bununla bağlı tərəflər fikirləri dinlənilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin mümkün sayılmasını və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarında olan: xx.xx.2015-ci il tarixli **********351700 nömrəli qərardan görünür ki, iddiaçıya 2014cü ilin 2-ci rübü sadələşdirilmiş vergi üzrə 19.312,60 manat vergi hesablanmışdır. xx.xx.2015-ci il tarixli **********781300 nömrəli qərardan görünür ki, 2014-cü ilin dekabr ayı ƏDV vergisi üzrə 73.649,90 manat vergi hesablanmışdır. İnzibati aktın qüvvədə saxlanılması haqqında xx.xx.2017-ci il tarixli qərardan görünür ki, iddiaçının şikayəti təmin edilməmiş, xx.xx.2015-ci il tarixli **********351700 nömrəli və xx.xx.2015-ci il tarixli **********781300 nömrəli “Vergilərin hesablanması haqqında” qərarlar dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 2.3 bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə verilmiş iddia İPM-nin 2.2.1-ci və 32-cı maddələrinə əsasən mübahisələndirmə haqqında iddiadır. Bu növ iddialar Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsində iddia müddətlərinə tabe tutulur və iddia müddəti, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi halda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müəyyən olunmuşdur. Qeyd olunur ki, mübahisəli məsələyə münasibətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 dekabr 2015-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinin tətbiq edilməsi zəruridir. İstinad edilən qərarda göstərmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır İş materiallarından da müəyyən edilir ki, iddiaçı cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2015-ci il və xx.xx.2015-ci il tarixli qərarları mübahisələndirir. Nəzərə alınmalıdır ki, iddiaçı ilk növbədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən iddianın həmin qərarların mübahisələndirilməsi formasında vermiş, daha sonra məhkəmə tərəfindən göstərilmiş hüquq yardım əsasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək onun barəsində hesablanmış vergi borcunun ümidsiz borc kimi hesab olunmasını xahiş etmiş, lakin daha sonra həmin dəqiqləşmə ərizəsinin nəzərə alınmamasını və iddia tələbinin qərarların ləğv edilməsi formasında saxlanılmasını xahiş etmişdir. Məhkəmə bildirir ki, iddiaçının nail olmaq istədiyi məqsəd – sözügedən qərarların ləğv olunmasıdır. Halbuki, iddiaçı sözügedən qərarları mübahisələndirmək üçün qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Belə ki, iddiaçı həmin qərarları ilk növbədə yuxarı vergi orqanına şikayət verərək mübahisələndirmiş, müvafiq olaraq prosessual müddətin axımı iddiaçının həmin qərarlardan məlumatlı olduğu vaxtdan başlanmışdır. Eyni zamanda, iş üzrə mövcud olan digər sübutlar əsasında da iddiaçının mübahisələndirilən qərarlardan məhkəmədə iddia qaldırmadan xeyli əvvəl məlumatlı olduğu müəyyən edilir. Belə ki, inzibati aktların, yəni vergilərin hesablanmasına dair qərarların özündə şikayət vermə ilə bağlı hüquqların aydın şəkildə izah olunmasına baxmayaraq iddiaçı xx.xx.2023-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir, bu isə özlüyündə onun mübahisələndirmə haqqında iddialara xas olan xüsusi mümkünlük şərti - 30 günlük prosessual müddətinin ötürülməsi anlamına gəlir. Bundan başqa nəzərə alınmalıdır ki, iddiaçının ölkə ərazisini tərk etməsi əsası ilə həmin qərarları mübahisələndirmədiyi əsasını irəli sürsə də, nəzərə alınmalıdır ki, iddiaçı qərarlar qəbul edildiyi vaxtdan sonra (2015-ci ilin noyabr ayı) xx.xx.2016-cı il tarixdə ölkə giriş etmiş, bir aydan çox müddət ərzində ölkə olmuş və bu müddət ərzində qərarların mövcudluğundan məlumatlı olmuşdur ki, onun bu qərarlardan məlumatlı olması yuxarı vergi orqanına şikayət vasitəsilə müraciət etməsi ilə təsdiq olunur. Göründüyü kimi iddiaçı mübahisələndirmə haqqında iddia növü üzrə qərarların mübahisələndirilməsi ilə bağlı müddəti ötürmüşdür ki, bu hal da hazırki iddianın müddət ilə bağlı mümkünlük şərtlərinə cavab vermədiyini göstərir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 145/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında qeyd olunmuşdur ki, “iddiaçının mübahisələndirdiyi “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********0074 nömrəli qərar xx.xx.2021-ci il tarixdə iddiaçının elektron qutusuna göndərilmiş və iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə, saat 13:22-də oxunmuşdur. İddiaçı həmin qərarın mübahisələndirilməsi ilə bağlı məhkəməyə iddia ərizəsi ilə isə 02.06.22-ci il tarixdə müraciət etmişdir. Hazırkı qərarın 15-ci bəndində qeyd olunan maddi normaya əsasən sənədlər vergi ödəyicisinə elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır” Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-997/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında qeyd olunmuşdur ki, “İddiaçı tərəfindən mübahisələndirilən 23 noyabr 2018-ci il tarixli qərarın onun tərəfindən 4 dekabr 2018-ci il tarixdə oxunması onu deməyə əsas verir ki, iddiaçının həmin qərarı 30 gün müddətində mübahisələndirmək hüququ olmuşdur. Lakin iş materiallarından göründüyü kimi, iddiaçı hazırkı iddia ilə məhkəməyə ən azı 29 iyul 2019-cu il tarixdə müraciət edərkən də həmin qərarın mübahisələndirilməsi üçün qanunla nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür.” Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-1(102)-333/2025 saylı iş üzrə qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Belə ki, işin hallarından müəyyən olunur ki, mübahisələndirilən qərarlar xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə iddiaçı tərəfindən oxunmuş, müvafiq olaraq prosessual müddətin axımı həmin qərarın təqdim olunduğu vaxtdan başlanmışdır. Eyni zamanda, iş üzrə mövcud olan digər sübutlar əsasında da iddiaçının mübahisələndirilən qərarlardan məhkəmədə iddia qaldırmadan xeyli əvvəl məlumatlı olduğu müəyyən edilir. Belə ki, inzibati aktların, yəni vergilərin hesablanmasına dair qərarların özündə şikayət vermə ilə bağlı hüquqların aydın şəkildə izah olunmasına baxmayaraq iddiaçı xx.xx.2023- cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir, bu isə özlüyündə onun mübahisələndirmə haqqında iddialara xas olan xüsusi mümkünlük şərti - 30 günlük prosessual müddətinin ötürülməsi anlamına gəlir.” Analoji mövqe 2-1(102)-1036/2024 saylı iş üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarında, 2-1(102)-433/2024 saylı iş üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarında da təkrarlanmışdır. Göründüyü kimi iddiaçı mübahisələndirmə haqqında iddia növü üzrə qərarların mübahisələndirilməsi ilə bağlı müddəti ötürmüşdür ki, bu hal da hazırki iddianın müddət ilə bağlı mümkünlük şərtlərinə cavab vermədiyini göstərir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki,iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həsənov Orxan

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar