Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-6406/2025 04.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, vəkil Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğvi və digər” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş inzibati aktın ləğv edilməsi, onun əmək pensiyasından tutulmanın dayandırılması və tutulmuş pul vəsaitinin iddiaçıya qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati aktın ləğv edilməsi, artıq pensiya ödəməsi adı ilə 1350,51 manat pul vəsaitinin iddiaçıdan tutulmasının qadağan edilməsi və tutulmuş 585 manat pul vəsaitinin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı uzun müddət Azərbaycan Respublikası Müdafiə Nazirliyi sistemində hərbi qulluqçu olmuş və ona 2020-ci ilin dekabr ayından 800 manat əmək pensiyası təyin edilmişdir. Sonradan pensiyası artaraq 1180 manat 96 qəpik olmuşdur. 2024-cü ilin noyabr ayında qeyd olunan məbləği almışdır. Lakin 2024-cü ilin dekabr ayında pensiyasından tutulmalar olmuşdur. Hesab edir ki, cavabdehin inzibati aktın qəbul edilməsi və bunun əsasında onun əmək pensiyasına artıqödəmə müəyyən edilməsi adı altında pensiya məbləğinin aşağı salınması qanunsuz və əsassızdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda göstərilmişdir ki, iddia tam əsassızdır və qanunazidd olduğuna görə rədd edilməlidir. Belə ki, iddiaçı xx.xx.2024-cü il tarixində ərizə ilə fərdi hesabında qeydə alınmış sığorta kapitalının hesablanması ilə bağlı cavabdehə müraciət etmişdir. Araşdırma zamanı, iddiaçıya hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edildikdən sonra fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiyanın sığorta kapitalı əsasında pensiyasının düzgün hesablanmadığı aşkar olunmuşdur. Daha sonra iddiaçının əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun qaydada yenidən hesablanaraq 1180,96 manat məbləğində müəyyən olunmuşdur. İddiaçıya artıq ödənilmiş əmək pensiyası son üç il üzrə məhdudlaşdırılaraq 1350,51 manat təşkil edir. Göründüyü kimi, iddiaçının əmək pensiyası yenidən hesablanarkən cavabdeh tərəfindən hər hansı qanun pozuntusuna yol verilməmişdir. Qeyd olunanları nəzərə alaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.1957-ci ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. 003902 nömrəli pensiya uçot vərəqindən görünür ki, iddiaçıya 11 noyabr 2000-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. Cavabdeh tərəfindən təqdim olunmuş inzibati icraat materiallarından görünür ki: Cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-22836/2024 saylı qərarı ilə iddiaçının təyin edilmiş əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 37.3-cü maddəsi tətbiq edilməklə yenidən hesablanmışdır. İddiaçının sonuncu dəfə təyin edilmiş əmək pensiyası 1218,75 manat, 69 qəpik olsa da, həmin qərarla əmək pensiyası 1180 manat 96 qəpik müəyyən edilmişdir. Cavabdehin məhkəmə sorğusuna 15 aprel 2025-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, iddiaçıya 11 dekabr 2000-ci il tarixindən xidmət illərinə görə pensiya təyin edilib. İddaçının əmək pensiyanın işləyən əmək pensiyaçısı kimi topladığı pensiya sığorta kapitalına görə yenidən hesablanması üçün 06 fevral 2023-cü il tarixində Mərkəzi Filiala müraciəti daxil olub. Bununla əlaqədar, iddiaçının əmək pensiyası işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixlərə uyğun hesablanmalı olduğu halda, həmin tarixdən yenidən hesablanaraq 1095,96 manat (1 yanvar 2024-cü il tarixindən 1218,69 manat) məbləğində müəyyən edilib. İddiaçının fərdi hesabının sığorta hissəsində toplanmış pensiya sığorta kapitalına görə əmək pensiyası keçmiş üç il müddət üçün aşağıdakı qaydada hesablanıb: Belə ki, iddiaçı ona əmək pensiyası təyin edildikdən sonra işdən azad olunduğu 29 avqust 2007-ci il tarixinədək işlədiyi müddət ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 296,70 manat pensiya sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 86 aya (144 ay-58 ay (əmək pensiyaçısı kimi işlədiyi ayların sayı)) bölünərək 3,45 manat (296,70:86 ay) müəyyən edilib. 20 avqust 2007-ci il tarixindən sonra iddiaçının işdən azad olunduğu 05 yanvar 2012-ci il tarixinədək işlədiyi müddət ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 1308,24 manat pensiya sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 72 aya (144 ay-72 ay) bölünərək 18,17 manat (1308,24:72 ay) müəyyən olunub. Növbəti dəfə işdən azad olduğu 18 mart 2016-cı il tarixinədək topladığı 1769,04 manat pensiya sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq 72 aya bölünərək 24,57 (1769,04:72) manat müəyyən edilib. Bununla əlaqədar, adıçəkilən şəxsin ümumilikdə 46,19 (3,45+18,17+24,57) manat 06 fevral 2020-ci il tarixinədək (cavabdehə müraciət etdiyi 6 fevral 2023-cü il tarixindən üç il geriyə) mövcud olmuş pensiyasının (652,92 manat) üzərinə əlavə edilərək əmək pensiyası 06 fevral 2020-ci il tarixindən 699,11 (652,92+46,19) manat məbləğində müəyyən edilib. İddiaçının xidmət illərindəki ayların nəzərə alınması ilə əlaqədar əmək pensiyası yenidən hesablanaraq 700,23 manat müəyyən edilib və keçmiş 3 il müddəti üçün hesablanıb. Eyni zamanda, Qanunun 01 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən iddiaçının əmək pensiyası həmin tarixdən 770,25 manat, Qanunun 29-cu maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar 01 yanvar 2023-cü il tarixindən 883,48 manat, 1 yanvar 2024-cü il tarixindən isə 982,43 manat məbləğində müəyyən edilib. Növbəti dəfə iddiaçının 18 mart 2016-cı il tarixindən sonra işdən azad olunduğu 28 fevral 2024-cü il tarixinədək işlədiyi müddət ərzində fərdi hesabın sığorta hissəsində qeydə alınmış 14294,07 manat pensiya sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 72 aya bölünməklə 198,53 manat (14294,07:72 ay) həmin tarixədək mövcud olmuş pensiyasının (982,43 manat) üzərinə əlavə edilərək əmək pensiyası həmin tarixdən 1180,96 (982,43+198,53) manat məbləğində müəyyən edilib. Qeyd olunanlara əsasən, iddiaçıya xx.xx.2020xx.xx.2024-cü il tarixləri arasındakı dövr üzrə ümumilikdə 48408,94 manat ödənilməli olduğu halda, 49759,45 manat ödənilib. Nəticədə ona artıq ödənilmiş 1350,51 (49759,45- 48408,94) manat vəsait müəyyən edilib. Həmin vəsait 2024-cü ilin dekabr ayından etibarən əmək pensiyasından hissə-hissə tutularaq büdcəyə bərpa edilir. Cavabdehin iddiaçıya ünvanlanmış imtina məktubunda etirazda göstərilən əsaslar qeyd edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində əmək pensiyasının yenidən hesablanması barədə qərarın ləğv edilməsini və həmin inzibati aktın yaratdığı nəticələrin aradan qaldırılmasını xahiş edir. Həmin iddia mahiyyətcə mübahisələndirmə haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Əmək pensiyaları haqqında” Qanunda göstərilir ki, əmək pensiyasının müəyyən edilməsi - əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçiddir (1.0.15.). Yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/T, burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PSK sığortaolunanın fərdi şəxsi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır (10.2.). İşləyən əmək pensiyaçılarına: yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır (37.3.1.). Qanunun qeyd edilən normalarının məzmunundan görünür ki, şəxsə əmək pensiyası təyin edildikdən sonra o, işləməyə davam edərsə, onun əmək pensiyası 72 aydan sonra yenidən hesablana bilər. Bu halda onun toplanmış pensiya kapitalı 72 aya bölünərək təyin edilmiş əmək pensiyasının üzərinə hesablanır. Bununla yanaşı qeyd edilməlidir ki, bəzi kateqoriyadan olan şəxslərə fərqli qaydada, yəni qanunvericiliklə müəyyən edilmiş son yaş həddinə çatmadan güzəştli şərtlərlə pensiya təyin edilir. Belə olan halda həmin şəxslər yenidən işləməyə davam edə və 72 aydan sonra onların fərdi hesablarında toplanmış pensiya kapitalına əsasən əmək pensiyaları yenidən hesablana bilər. İddiaçı da həmin kateqoriyadan olan şəxsdir. Belə ki, 2000-ci ildə, yəni 43 yaşında ona xidmət illərinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Bundan sonra isə o işləməyə davam etmişdir. 06 fevral 2023-cü il tarixində iddiaçı əmək pensiyasının yenidən hesablanması barədə cavabdehə müraciət etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli qərarla iddiaçının əmək pensiyasını yenidən hesablayarkən “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1.-ci maddəsinə əsasən pensiya kapitalını 72 aya bölərək hesablama aparmışdır. Lakin, sonradan cavabdeh tərəfindən müəyyən edilmişdir ki, ilkin hesablama zamanı iddiaçının fasilələrlə işləməsi nəzərə alınmamış, yəni iddiaçının toplanmış sığorta kapitalı onun əmək fəaliyyətini dayandırdığı tarixlərdə hesablanmamışdır. Bu səbəbdən iddiaçıya əmək pensiyası təyin edildikdən sonra işdən azad olunduğu 29 avqust 2007-ci il tarixinədək işlədiyi müddət ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 296,70 manat pensiya sığorta kapitalı gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 86 aya (144 ay-58 ay (əmək pensiyaçısı kimi işlədiyi ayların sayı)) bölünərək 3,45 manat (296,70:86 ay) müəyyən edilmişdir. Bundan sonra iddiaçının yenidən işdən azad olunduğu 05 yanvar 2012-ci il tarixinədək işlədiyi müddət ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 1308,24 manat pensiya sığorta kapitalı gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 72 aya (144 ay-72 ay) bölünərək 18,17 manat (1308,24:72 ay) müəyyən edilmişdir. İddiaçının növbəti dəfə işdən azad olduğu 18 mart 2016-cı il tarixinədək topladığı 1769,04 manat pensiya sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq 72 aya bölünərək 24,57 (1769,04:72) manat müəyyən edilmişdir. Beləliklə ümumilikdə 46,19 (3,45+18,17+24,57) manat 06 fevral 2020-ci il tarixinədək (cavabdehə müraciət etdiyi 6 fevral 2023-cü il tarixindən üç il geriyə) mövcud olmuş pensiyasının (652,92 manat) üzərinə əlavə edilərək əmək pensiyası 06 fevral 2020-ci il tarixindən 699,11 (652,92+46,19) manat məbləğində müəyyən edilmişdir. Beləliklə iddiaçının əmək pensiyası xx.xx.2023-cü il tarixli qərar və ondan sonrakı artımlarla birlikdə 1218 manat təşkil etsə də, xx.xx.2024-cü il tarixli qərarla 1180 manat enmişdir. Nəticədə iddiaçıya 1350,51 manat artıq ödənilmiş məbləğin olduğu müəyyən edilmiş və həmin vəsaitin hissə-hissə tutulmasına başlanmışdır. İddiaçı hazırda həmin qərarı mübahisələndiririr. Məhkəmə qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir (1.1.). Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur (1.2.). İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir (2.0.2.). İnzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir (2.0.6.). İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır (67.1.). Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır (67.3.). Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər (67.4.). Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir (67.5.). Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir (67.7.). Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır (67.8.). Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur (67.12.). Məhkəmə həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Məhkəmə, bundan əlavə qeyd etməyi zəruri hesab edir ki, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər. “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş sözügedən müddətlə bağlı məhdudiyyət ümumən konstitusion dəyər olan hüquqi dövlət prinsipindən irəli gəlir və hüquqi sabitliyin, müəyyənliyin və təhlükəsizliyin təmin edilməsi məqsədlərinə xidmət edir. Buna görə, hüquq münasibətləri, o cümlədən inzibati orqanlarla yaranmış münasibətlər davamlı təftiş olunma riski altında buraxıla bilməz. Belə yanaşma şəxsin hüquqi vəziyyətində qeyri-müəyyənliyə gətirib çıxarardı, onları öz davranışlarını və həyat şəraitlərini planlaşdırmaq imkanından məhrum edərdi, inzibati orqanların fəaliyyətinə münasibətdə isə səmərəli və proqnozlaşdırıla bilən idarəçilik qaydasının təşəkkül tapmasına mane olardı. Bu mənada, inzibati orqanın müvafiq səlahiyyəti qanunsuz olduğunu güman etdiyi inzibati aktın hər bir halda deyil, mütləq qanunvericilikdə təsbit olunmuş konkret təminatlara riayət etməklə ləğv etmək və ya dəyişdirmək imkanı kimi təfsir olunmalıdır. Yuxarıda da qeyd edildiyi kimi “İnzibati icraat haqqında” Qanun belə təminatların sırasına həm də 67.12-ci maddədə təsbit olunmuş müddətlə bağlı məhdudiyyətləri aid etmişdir. Bununla bağlı qiymət verilməli birinci məsələ inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların nədən ibarət olmasıdır. Yəni, inzibati orqan hansı hala (hallara) əsaslanıb qəbul etdiyi inzibati aktı ləğv etmək, yaxud dəyişdirmək qərarına gəlmişdir. İkinci məsələ isə inzibati aktın ləğv olunmasına və ya dəyişdirilməsinə səbəb olan halın (halların) inzibati orqana məlum olmasından sonra 1 (bir) il ərzində yeni qərar qəbul edilməsidir. Beləliklə, inzibati orqan şəxsə əlilliyin təyin olunması barədə əvvəllər qəbul etdiyi qərarın ləğv olunması, yaxud dəyişdirilməsi barədə qərar qəbul etmək üçün yuxarıda qeyd olunduğu kimi, “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun inzibati icraat aparmalıdır. Yalnız apardığı inzibati icraat çərçivəsində həmin Qanunun 67.12-ci maddəsində olan şərtlər mövcud olduğu halda (inzibati aktın ləğv olunmasına səbəb olan hal(lar)ın mövcud olması, həmin hal(lar)ın inzibati orqana məlum olmasından 1 (bir) il müddətin keçməmiş olması) əvvəllər qəbul etdiyi qərarın tam, yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi barədə əsaslandırılmış qərar qəbul edə bilər. Cavabdeh inzibati orqan qərar qəbul edərkən “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin tələbinə əməl etdiyi hazırkı mərhələdə müəyyən edilmir. Belə ki, iddiaçının əmək pensiyası ilk dəfə xx.xx.2023-cü il tarixli qərarla yenidən hesablanmış və bundan 1 ildən artıq müddət keçdikdən sonra xx.xx.2024-cü il tarixli qərar qəbul edilmişdir. Beləliklə iddiaçı barəsində əlverişli inzibati aktın qəbul edilməsindən sonra ötən təqribən 01 il 09 ay müddətində iddiaçı müəyyən edilmiş qaydada əmək pensiyası almışdır. Sonradan onun əmək pensiyasının yenidən hesablanması isə iddiaçının ümid etdiklərindən məhrum olmasına, hətta onun dövlət büdcəsinə ödənilməli olan borcunun yaranmasına səbəb olmuşdur ki, bu etimad prinsipinə zidd hesab edilməlidir. Məhkəmə tədqqiq olunmuş sübutları ümumiləşdirərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 3-17- 1/3-3-22836/2024 saylı qərar ləğv edilsin. 1350,51 manat pul vəsaitinin iddiaçıdan tutulması cavabdehə qadağan edilsin və tutulmuş 585 manat pul vəsaitinin iddiaçıya geri qaytarılması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №e-2-1(112)-6406/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-6406/2025
04.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver