Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-6446/2024 10.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi Cəfərova Yasəmən Fərman qızının katibliyi cavabdehin vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı "əmrin ləğv edilməsi" tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin struktur qurumu olan Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli İddiaçı “DİO-da xidmət keçmə haqqında” Əsasnamənin 135.10-cu maddəsi ilə xaric edilməsi ilə bağlı əmrin ləğv edilib, “DİO-da xidmət keçmə haqqında” Əsasnamənin 135.1-ci maddəsi ilə (öz xahişi ilə) xaric edilməsi ilə bağlı əmr verilməsi öhdəliyinin cavabehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6991/2023 nömrəli, 13 aprel 2023-cü il tarixli qərardadı ilə inzibati işin aidiyyəti üzrə baxılması üçün Naxçıvan İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 iyun 2023-cü il tarixli, 2- 1(103)-2305/2023 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6991/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilmiş, iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-2360/2023 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 iyun 2023-cü il tarixli, 2-1(103)-2305/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 2016-cı ildə Polis Akademiyasına qəbul olmuş, 2021-ci ildə həmin təhsil müəssisəsini müvəfəqiyyətlə başa vuraraq Naxçıvan Şəhər Polis İdarəsinə Yetkinlik Yaşına X1 Təşkili üzrə baş inspektor vəzifəsinə təyin olunmuşdur. İddiaçının atasının səhhətində yaranmış ciddi narahatlıqlar səbəbindən əvvəlcə xidmət yerinin dəyişilməsi üçün raport yazsa da, Naxçıvan ŞPİ rəhbərliyi tərəfindən qəbul edilməmişdir. Belə olan halda 14 fevral 2022-ci il tarixində daxili işlər orqanlarında xidmətdən xaric olunmağı barədə raportu Naxçıvan ŞPİ-nin rəhbərliyinə təqdim etmişdir. Lakin bu müraciəti qeydə alınmamış, işinə davam etməyi tövsiyyə olunmuşdur. Naxçıvan ŞPİ və Naxçıvan DİN tərəfindən xaric olunma raportu qeydiyyata götürülmədiyi üçün xx.xx.2022-ci il tarixində müvafiq raportu poçtla Naxçıvan ŞPİ-yə ünvanlamışdır. Daha sonra həmin müraciətə xx.xx.2022-ci il tarixli Naxçıvan ŞPİ-nin məktubu ilə cavab verilərək xaric olunmağının məqsədəmüvafiq olmadığı bildirilmişdir. DİN-nin Q80-001-18 nömrəli Qərarı ilə təsdiq olunmuş Təlimatın 4.14-cü bəndində əməkdaşın xaricolunma raportu təqdim etdiyi gündən 1 ay müddətinə xaric olunmağı təsbit edilmişdir. Yuxarıda verilən cavab bu normanın kobud surətdə pozulmasıdır. xx.xx.2022-ci il tarixdə eyniməzmunlu raportu Naxçıvan DİN-ə ünvanlamışdır. Lakin bu müraciəti də cavabsız qalmışdır. Daha sonra Naxçıvan ŞPİ və Naxçıvan DİN-in ona elan olunmayan və tanış edilmədiyi əmrləri ilə barəsində “töhmət”, 1 gün sonra “şiddətli töhmət” intizam tənbehləri tətbiq edilmiş və “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 135.10-cu bəndi ilə (intizam məsuliyyətinə cəlb edildikdən sonra xidmət və icra intizamını il ərzində yenidən kobudcasına pozduqda) xidmətdən xaric olunmuşdur. Lakin heç bir xidməti araşdırmanın yekununda əmrlər ona elan olunmayıb və ya əmrlərlə tanış edilməmişdir. Baş vermiş qanunsuzluqlarla əlaqədar Daxili işlər nazirliyinə xx.xx.2022-ci il tarixli müraciətinə əsasən, DİN-in Daxili Təhqiqatlar İdarəsinə dəvət olunmuş və məsələ ilə bağlı izahatı alınmışdır. Lakin, davam edən xidməti araşdırma ilə bağlı ona heç bir məlumat verilməmişdir. Daha sonra Naxçıvan MR İnzibati Məhkəməsinə məsələ ilə bağlı iddia ərizəsi ünvanlamışdır. Mümkünlük iclası keçirilmiş, məhkəməyə müraciət müddətini buraxıldığı üçün işə baxılması mümkünsüz hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaçı tərəfindən əmrin mübahisələndirmə müddətinin ötürüldüyünü, habelə mübahisəyə Naxçıvan İnzibati Məhkəməsi tərəfindən artıq qiymət verildiyini bildirərək iddia tələbinin mümkün sayılmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsaslanaraq, iddiaçı iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaçıya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-in 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3.). İddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1.). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2.). Məcəllənin qeyd olunan normasının mənası baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia – inzibati prosessual qanunvericiliyə uyğun verilməli, inzibati icraatda baxılan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddəti çərçivəsində və qanuna müvafiq cavabdehliyi olan inzibati orqana qarşı verilməli, hüquq və azadlıqların pozulması (sübutlarını da əlavə etməklə) əsaslandırılmalıdır ki, həmin iddianın məhkəmə icraatında baxılması mümkün olsun. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Göründüyü kimi iddiaçı Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2022-ci il tarixli əmrinin ləğvini tələb edir. Yəni, hazırkı iddia mübahisələndirmə haqqında iddiadır. İPM-də göstərilmişdir ki, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır (2.2.1). Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər (32.1). Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər (38.1). İstinad edilən hüquq normalarının tələblərinə görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Bu şərtlər mübahisələndirmə haqqında iddia növünə də aiddir. Mübahisələndirmə haqqında iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, cavabdehin imtinasının olubolmaması və müddətlərə riayət edilib-edilməməsi yoxlanılmalıdır. Məhkəmə qeyd edir ki, mübahisəli məsələyə münasibətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 dekabr 2015-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinin tətbiq edilməsi zəruridir. İstinad edilən qərarda göstərilmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. Beləliklə, iddiaçı tərəfindən verilmiş iddiaya məhkəmədə baxılması üçün bu şərtlərə riayət edilib-edilməməsi yoxlanılmalıdır. Belə olan halda, məhkəmə hazırkı iddianın xüsusi mümkünlük şərtini – iddia verilməsi müddətinə əməl edilib-edilməməsini yoxlamalı və bu məqsədlə, mübahisələndirilən əmr barəsində iddiaçının nə vaxtdan məlumatlı olmasını müəyyən etməlidir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı eyni tələblə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyini cavabdeh kimi göstərməklə Naxçıvan MR İnzibati Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmənin 2-1(122)-256/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə müddətin ötürülməsi səbəbindən iddia mümkün sayılmamışdır. Həmin qərardad Naxçıvan MR Ali Məhkəməsi İnzibati Kollegiyasının 2- 1(108)-45/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanmışdır. Həmin qərardaddan kassasiya şikayəti verilməmiş və qərardad qanuni qüvvəsini almışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi iddiaçı Naxçıvan MR DİN-nin xx.xx.2022-ci il tarixli əmrini verilməsindən təxminən 1 il sonra mübahisələndirmişdir. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyini cavabdeh kimi göstərməklə, Naxçıvan MR Daxili İşlər Nazirliyi tərəfindən verilmiş əmri mübahisələndirir. Belə olan halda cavabdeh kimi Naxçıvan MR Daxili İşlər Nazirliyi göstərilməli idi. Yəni, iddia tələbi ona cavab verməli olmayan inzibati orqana qarşı qaldırılmışdır. Həmçinin yuxarıda qeyd edildiyi kimi iddiaçı bundan əvvəl Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyini cavabdeh kimi göstərməklə Naxçıvan MR İnzibati Məhkəməsinə müraciət etmişdir. Həmin iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 15.5-ci və 15.6-cı bəndlərinə görə, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir və qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №e-2-1(112)-6446/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-6446/2024
10.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver