Məhkəmə qərarları › İş №e-2-1(112)-6447/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-6447/2025

28.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-6447/2025 28.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, iddiаçı İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 28 avqust 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əlillik dərəcəsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərində qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2025-ci il tarixdə iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddia tələbinin dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı əmək fəaliyyəti ilə məşğul olduğu dövr ərzində iş şəraiti ilə əlaqədar olaraq səhhətində müəyyən problemlərlə üzləşmişdir. Belə ki, iddiaçı işlədiyi bütün bu müddət ərzində ağ ciyərin vərəmi, diabet və insult, o cümlədən, bu xəstəliklərin iddiaçının orqanizminə vermiş olduğu digər fəsadlara düçar olmuşdur. İddiaçının xəstəliklərinin aşkarlanması şəraiti belə baş vermişdir ki, iddiaçı 2022-ci ilin fevral ayında Mərdəkan qəsəbəsində yerləşən sanatoriyaya göndəriş verilməsi üçün müraciət etdikdə ona X9 rentgen müayinəsindən keçmək tələbi qoyulmuş və keçirilmiş müayinə nəticəsində məlum olmuşdur ki, iddiaçının sağ ciyərində tam dağılma, sol ciyərində isə səpələnmə şəklində olmaqla hər iki pay ağ ciyərində vərəm xəstəliyinin əlamətləri aşkarlanmışdır. Beləliklə, iddiaçının rentgen cavablarına uyğun olaraq onu stasionar müalicəyə göndərilməsi qərara alınmışdır və iddiaçı Zığ qəsəbəsində yelrəşən 6 saylı Vərəm dispanserində 6 ay müddətində müalicə almışdır. Həmin vaxtdan etibarən iddiaçı Səbail rayonu üzrə 3 saylı Vərəm dispanserində qeydiyyatdadır. İddiaçının müalicəsi və dərmanları hamısı dövlət tərəfindən qarşılanmaqla hər il müalicəsi davam etdirilir. 2024-cü ilin yanvar ayında artıq iddiaçının müalicəsinin 2 illiyi tamam olduğu üçün ona olan dərman təminatı dayandırıldı və müvafiq əlillik dərəcəsi təyin edildi. Bundan əlavə iddiaçı 2022-ci ildə yanaşı xəstəlik olaraq beyin insultu keçirmiş, bununla əlaqədar həmin zaman özəl xəstəxanaya yerləşdirilsə də, sonradan X7 beyinlə əlaqədar müalicə şöbəsinə köçürülmüş və orada 14 gün müddətində stasionar şəraitdə müalicə almışdır. Həmçinin iddiaçı 2006-cı ildən etibarən diabetik uçotdadır. 2 il insulin asılılığından əziyyət çəkməklə, hazırda iynə və dərman təminatı dövlət tərəfindən həyata keçirilir. xx.xx.2024cü il tarixində iddiaçı əlil və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində olan Dövlət Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi ilə əlaqədar etmiş olduğu müraciətdə iddiaçıya cavabdeh qurum tərəfindən imtina edilmiş və onda Əlillik əlamətinin təyin edilməməsi qeyd edilmişdir. Halbuki, iddiaçıda mövcud olan öncəki diaqnozlara əsasən onun əlillik dərəci birinci qrup olmuş və orqanizminin funksiyalarının pozulma faizi 85% təşkil etmişdir. Hazırki iddia ilə məhkəməyə müraciət etməkdə iddiaçının tələbi və istəyi ondan ibarətdir ki, cavabdeh qurum tərəfindən ona yalnış qoyulmuş diaqnoza görə yenidən müayinədən keçirilməsi və daşımış olduğu əlillik dərəcəsinin bərpa edilməsidir. Cavabdehin etirazı: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçıya Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2022-ci il tarixli göndərişi əsasında ümumi xəstəlik səbəbindən OFP 85 faiz olmaqla 2 il müddətinə ilkin əlillik təyinatı aparılmışdır. Əlillik müddətinin bitməsi ilə əlaqədar həmin tibb müəssisəsinin xx.xx.2024-cü il tarixli göndərişi əsasında əyani müayinəsi həyata keçirilməklə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarının 1-ci bəndinə əsasən Tənəffüs sistemi orqanlarının xəstəliklərinini əlillik təyinatına əsas verib-verməməsinin müəyyənləşdirilməsi tibbi-sosial ekspertiza zamanı anadangəlmə xəstəlik və ya çatışmazlıq, yaxud sonradan qazanılmış xəstəlik və ya zədə, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıq (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) səbəbindən orqanizmin tənəffüs funksiyasının pozulmasının ağırlıq dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi əsasən xəstəliklər, zədə və ya çatışmazlıqlar səbəbindən əmələ gəlmiş tənəffüs çatışmazlığının ağırlıq dərəcəsinin müəyyən edilməsinə əsaslanır. Eyni zamanda, patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin mövcudluğu və tezliyi, onların fonunda paroksizmlərin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, immunitetin zəiflədilməsi zərurəti və fəsadlaşmaların mövcudluğu. Bronxoektaziya xəstəliyi, emfizema və aşağı tənəffüs yollarının irinli və nekrotik halları zamanı cərrahi müalicə üsullarından istifadə edilmişdirsə onun nəticələri nəzərə alınır. İddiaçının göndərişində əsas diaqnoz kimi müəyyənləşdirilmiş A16-tənəffüs orqanlarının bakterioloji və ya histoloji təsdiq edilməmiş vərəmi xəstəliyi instrumental müayinə nəticələrində və onun obyektiv müayinəsi zamanı öz əksini tapmamışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarından müəyyən olunur ki, iddiaçı barəsində verilən xx.xx.2024-cü il tarixli, Q00225765PRA nömrəli göndərişdə - Əsas diaqnoz: “A16 - Tənəffüs orqanlarının vərəmi, bakterioloji və ya histoloji təsdiq edilməmiş, Tənəffüs orqanlarının vərəmi – ağciyər vərəmi; A16.0- Ağciyər vərəmi. Bakterioloji və histoloji müayinələrin nəticələri mənfi olmaqla. Sağ ağciyərin yuxarı payının infiltrativ vərəmi (tuberkulomaya keçid) PreXDR forma vərəmindən sonrakı vəziyyət; J96.1-Xroniki respirator çatmamazlıq, Obstruksiyanın üstünlüyü ilə qarışıq tipli yüngül ventilyasiya pozğunluğu. Tənəffüs çatışmazlığı İ dərəcə.” qeyd olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 tərəfindən verilmiş T 428/2025 saylı ekspert rəyində qeyd edilmişdir ki, vətəndaş İddiaçı xx.xx.2025-cü il tarixdə “X1 İnstitutu”na müraciət edərkən aparılmış müayinələrdən sonra ona XBT10 kodu: “Əsas xəstəlik: A16.0-sağ ağciyərin tuberkulyoma, TDM(-)mənfı, PreXDR forma. Əsas xəstəliyin ağırlaşması: J96.1-qarışıq tipli ağır ventilyasiya pozğunluğu. Yanaşı xəstəliklər: J44.8-ağciyərlərin xroniki obstruktiv xəstəliyi, orta-ağır gedişli” diaqnozu qoyulmuşdur. Qərardadın 2-ci bəndi və onun yarımbəndləri qiymətləndirilmə ilə əlaqədar olduğundan onların həlli məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X2- Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir. Tətbiq edilən hüquq: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0.2. Əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxdir. 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür; 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 1.2. Bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur. 2.1. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları aşağıdakılardır: 2.1.1. özünəqulluq bacarığı; 2.1.2. sərbəst hərəkətetmə bacarığı; 2.1.3. istiqamətseçmə bacarığı; 2.1.4. ünsiyyət bacarığı; 2.1.5. davranışına nəzarətetmə bacarığı; 2.1.6. öyrənmə bacarığı; 2.1.7. əmək fəaliyyəti bacarığı. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti: 1.1.6. Tənəffüs orqanlarının bakterioloji və ya histoloji təsdiq edilməmiş vərəmi A16 Qiymətləndirmə 1.1.6.1. İ-İİA dərəcə xroniki tənəffüs çatışmazlığı ilə spesifik prosesin sorulması və bərkiməsi mərhələsində tənəffüs orqanlarının vərəmi (sorulma, qalınlaşma, boşluğun çapıqlaşması) (35-60 faiz, 2 il); 1.1.6.2. İİB-İİİ dərəcə xroniki tənəffüs çatışmazlığı ilə spesifik prosesin sorulması və bərkiməsi mərhələsində tənəffüs orqanlarının vərəmi (sorulma, qalınlaşma, boşluğun çapıqlaşması) (65-80 faiz, 2 il); 1.1.6.3. multirezistent və ya çoxsaylı dərmanlara davamlı (MDR) vərəm (infiltrasiya, dağılma, yayılma mərhələsi, VMB+ və ya VMB-) (85 faiz, 2 il); 1.1.6.4. tənəffüs orqanlarının aktiv vərəmi (infiltrasiya, dağılma, səpələnmə mərhələsi, VMB+ və ya VMB-, ağır dərəcəli intoksikasiya simptomlarının əhəmiyyətli təzahürü, kaxeksiya, anemiya, amiloidoz, ağciyər ürəyi, İİ-İİİ dərəcə xroniki ağciyərürək çatışmazlığı ilə) (90-100 faiz, müddətsiz); 1.1.1. Tənəffüs sistemi orqanlarının digər xəstəlikləri J95-99 Qeyd. Bronxoektaziya xəstəliyi, emfizema və aşağı tənəffüs yollarının irinli və nekrotik halları zamanı cərrahi müalicə üsullarından istifadə edilmişdirsə onun nəticələri nəzərə alınır. Qiymətləndirmə 1.1.1.1. təngnəfəslik simptomlarının güclənməsi, qeyd olunan dövri kəskinləşmələrlə, orta ağır forma (ildə 4-6 dəfə), hipoksemik xroniki respirator çatışmazlığı, İ-İİ dərəcəli xroniki tənəffüs çatışmazlığı ilə (35-60 faiz, 1 il); 1.1.1.2. təngnəfəsliyin artması, tez-tez kəskinləşmələri olan ağır gedişli forma (kəskinləşmələr ildə 6 dəfədən çox), hipoksemik və hiperkapnik xroniki respirator çatışmazlığı, İİ və İİİ dərəcəli xroniki tənəffüs çatışmazlığı və ya İİA dərəcəli xroniki ağciyər-ürək çatışmazlığı ilə (65-80 faiz, 2 il); 1.1.1.3. ağır forma, davamlı residivləşən gedişat, daimi ağır təngnəfəsliklər, hiperkapniya, xroniki respirator hipoksemiya, xroniki respirator alkaloz, İİİ dərəcəli xroniki tənəffüs çatışmazlığı və ya İİB və İİİ dərəcəli xroniki ağciyər-ürək çatışmazlığı ilə (85 faiz, müddətsiz); 1.1.1.4. 18 yaşınadək şəxslərdə tənəffüs çatışmazlığı olmadan (əməliyyatdan əvvəlki hal) (40 faiz, 2 il); Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: İşin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddiaçı barəsində tibb müəssisəsi tərəfindən verilən sonuncu göndərişdə - Əsas diaqnoz: “ A16- Tənəffüs orqanlarının vərəmi, bakterioloji və ya histoloji təsdiq edilməmiş, Tənəffüs orqanlarının vərəmi – ağciyər vərəmi; A16.0- Ağciyər vərəmi. Bakterioloji və histoloji müayinələrin nəticələri mənfi olmaqla. Sağ ağciyərin yuxarı payının infiltrativ vərəmi (tuberkulomaya keçid) PreXDR forma vərəmindən sonrakı vəziyyət; J96.1-Xroniki respirator çatmamazlıq, Obstruksiyanın üstünlüyü ilə qarışıq tipli yüngül ventilyasiya pozğunluğu. Tənəffüs çatışmazlığı İ dərəcə.” qeyd olunmuşdur. İddiaçının əlillik vəziyyətinə həmin göndəriş əsasında baxılmış və əsas diaqnoz kimi müəyyənləşdirilmiş A16-tənəffüs orqanlarının bakterioloji və ya histoloji təsdiq edilməmiş vərəmi xəstəliyi instrumental müayinə nəticələrində və onun obyektiv müayinəsi zamanı öz əksini tapmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”si ilə xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri, XBT-10 (kod), orqanizmin funksiyalarının pozulması faizi və orqanizmin funksiyalarının pozulması müddəti müəyyən edilmişdir. Həmin siyahıya nəzər yetirdikdə görünür ki, xəstəliklərin, zədələrin və çatışmazlıqların özünün şəxsdə mövcud olması hələ əlilliyin təyin edilməsi anlamına gəlmir. Onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri əlilliyin qiymətləndirilməsi və təyini üçün əhəmiyyət daşıyır. İddiaçı barəsində tibb müəssisəsi tərəfindən verilən sonuncu göndərişdə əsas diaqnoz və ağırlaşması kimi göstərilmiş xəstəlik yuxarıda istinad edilən əsasnamənin 1.1.1 və 1.1.6-cı bəndlərində təsbit edilmişdir və onların əlilliyin təyininə əsas verəcək ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətlərinin iddiaçıda olması iş materiallarında olan sənədlər və ekspert rəyi ilə təsdiq olunur. Belə ki, məhkəmə araşdırması zamanı işin tam, hərtərəfli və obyektiv araşdırılması üçün və iddiaçı barəsində verilən tibbi göndərişdə göstərilmiş əsas diaqnoz və ağırlaşmanın hazırda təsdiqini tapıb-tapmamasının müəyyən edilməsi (şəxs əyani müayinə olunmaqla) üçün iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 həvalə olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 tərəfindən verilmiş T 428/2025 saylı ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, vətəndaş İddiaçı xx.xx.2025-ci il tarixdə “X1 İnstitutu”na müraciət edərkən aparılmış müayinələrdən sonra ona XBT10 kodu: “Əsas xəstəlik: A16.0-sağ ağciyərin tuberkulyoma, TDM(-)mənfı, PreXDR forma. Əsas xəstəliyin ağırlaşması: J96.1-qarışıq tipli ağır ventilyasiya pozğunluğu. Yanaşı xəstəliklər: J44.8-ağciyərlərin xroniki obstruktiv xəstəliyi, orta-ağır gedişli” diaqnozu qoyulmuşdur. Ekspert rəyində məhkəmə-tibbi müayinə kimi qeyd edilmişdir ki, X1 İnstitutunda İddiaçı adına tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 4790 saylı spirometriya nəticəsində obstruksiyanın üstünlüyü ilə qarışıq tipli ağır ventilyasiya pozğunluğu qeyd edilmişdir. X1 İnstitutunda tərtib edilmiş ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixdə stasionara müraciət etmişdir. Diaqnoz: XBT10 kodu: Əsas xəstəlik: “A16.0-sağ ağciyərin tuberkulyoma, TDM(-)mənfi, PreXDR forma. Əsas xəstəliyin ağırlaşması: J96.1-qarışıq tipli ağır ventilyasiya pozğunluğu. Yanaşı xəstəliklər: J44.8ağciyərlərin xroniki obstruktiv xəstəliyi, orta-ağır gedişli. Beləliklə, vətəndaş İddiaçı xx.xx.2025-cü il tarixdə X1 İnstitutuna müraciət edərkən aparılmış müayinələrdən sonra ona XBT10 kodu: “Əsas xəstəlik: A16.0-sağ ağciyərin tuberkulyoma, TDM(-) mənfi, PreXDR forma. Əsas xəstəliyin ağırlaşması: J96.1-qarışıq tipli ağır ventilyasiya pozğunluğu. Yanaşı xəstəliklər: J44.8-ağciyərlərin xroniki obstruktiv xəstəliyi, orta-ağır gedişli” diaqnozu qoyulmuşdur. Yuxarıda qeyd edilmiş ekspert rəyində X1 İnstitutunun müayinəsinə əsasən Əsas xəstəlik: A16.0-sağ ağciyərin tuberkulyoma, TDM(-) mənfi, PreXDR forma. Əsas xəstəliyin ağırlaşması: J96.1-qarışıq tipli ağır ventilyasiya pozğunluğu öz təsdiqini tapmışdır. X1 İnstitutunun müayinə nəticəsini şübhə altına alan heç bir əsas yoxdur. Məhkəmə onu da qeyd edir ki, iddiaçıda olan xəstəliyin hətta ən aşağı faizlə əlilliyin təyininə (35-60 faiz, 1 il) əsas olması üçün, yəni iddianın uğurlu olması üçün ən azı Əsasənamənin 1.1.1.1-ci bəndində göstərilən ağırlıq dərəcəsi (təngnəfəslik simptomlarının güclənməsi, qeyd olunan dövri kəskinləşmələrlə, orta ağır forma (ildə 4-6 dəfə), hipoksemik xroniki respirator çatışmazlığı, İ-İİ dərəcəli xroniki tənəffüs çatışmazlığı ilə) müəyyən edilməlidir ki, ən azından İ dərəcə tənəffüs çatışmazlığı həm xx.xx.2024-cü il tarixli, Q00225765PRA nömrəli tibbi göndərişdə, həm də məhkəmə tibbi ekspertizasının həyata keçirilməsi prosesində X1 İnstitutunda xx.xx.2025-ci il tarixdəki müayinəsi nəticəsində öz təsdiqini tapmışdır. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia təmin edilməli, İddiaçı xx.xx.2024-cü il tarixli, Q00225765PRA nömrəli tibbi göndəriş əsasında əlilliyin təyin edilməsi vəzifəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə həvalə edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.2024-cü il tarixli, Q00225765PRA nömrəli tibbi göndəriş əsasında əlilliyin təyin edilməsi vəzifəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar