Məhkəmə qərarları › İş №e-2-1(112)-6452/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-6452/2025

20.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-6452/2025 20.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddianın məzmununu onunla bağlıdır ki, operativ vergi nəzarəti keçirilmiş, bu zaman mağazada hər hansı qaydada mal satışı olmamış, mal qalığı aşkar edilməmiş, əməliyyat aparılmamışdır. Vergi orqanı isə akt tərtib edərək malların qaimə-faktura təqdim edilmədən satıldığını ehtimal etmişdir. Nəticədə vergi orqanı tərəfindən məsuliyyətə cəlb edilmə barədə qərar qəbul edilmişdir. İddiaçı qeyd edir ki, ehtimal-şübhə əsasında məsuliyyətə cəlb edilmə qanunsuz və əsassızdır. Vergi ödəyicisinin konkret olaraq hansı hallarda elektron qaimə faktura təqdim etmə öhdəliyi müəyyən edilmişdir. Yalnız topdansatış zamanı həmin qaimə faktura verilməlidir ki, digər halda isə qəbz və ya nəzarət-kassa aparatı çekinin təqdim edilməsi kifayətdir. Müvafiq dövr üzrə yoxlamanın aparılmasına dair qanunvericiliyin tələbi də pozulmuşdur.Cavabdehin dəlili budur ki, mal topdan qaydada satılmışdır. Pərakəndə ticarət zamanı məbləğ həddi qanunvericiliklə məhdudlaşdırılmamışdır. Analoji işlər üzrə məhkəmə təcrübəsi də formalaşmışdır. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, operativ vergi nəzarəti zamanı iddiaçının aktiv 1 obyekti olduğu müəyyən edilmişdir. Mal qalığı olmadığı, elektron qaimə faktura təqdim edilməli olduğu halda malların elektron qaimə faktura təqdim edilmədən ayrı-ayrı vergi ödəyiciləri olan şəxslərə təqdim edildiyi müəyyən edilərək akt tərtib edilmiş, akt, iddiaçının səlahiyyəti nümayəndəsi X.Nəbiyev tərəfindən imzalanmamış, aktın bir nüsxəsi onun tərəfindən qəbul edilmişdir. Həmin şəxs 07 oktyabr 2024-cü il tarixli arayışda qeyd etmişdir ki, Bakı-Salyan-Lökbatan dairəvi yolayırıcının qərbində olan obyektdən başqa digər yerdə saxlanca mal verilməyib, obyekt yoxdur. Fəaliyyət topdan satışdır və malların üzərinə 2 faiz ticarət əlavəsi tətbiq edirik. Göründüyü kimi səlahiyyətli nümayəndə topdasatış fəaliyyətini qəbul etmişdir. 07 oktyabr 2024-28 noyabr 2024-cü il tarixlərdə NKA vasitəsi ilə 1816 çek üzrə ******* manat dəyərində, yəni orta hesabla 1 çek üzrə 861,16 manat mədaxil əməliyyatları aparılmışdır. Mal qalığının olmaması, NKA-nın təsərrüfat subyektində olmaması, çeklərin qısa müddət-saniyə fərqi ilə vurulması, obyektin pərakəndə ticarət üçün yararlı olmaması onun satışının topdan satış olmasını dəlalət edir. Yük gömrük bəyannamələri barədə hesabata əsasən təqdim edilən malların əksər hissəsinin bir vahidinin alış qiyməti 30 manatdan aşağıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İş materiallarında olan: Elektron sistemdən çıxarışda qeyd edilmişdir ki, iddiaçı pərakəndə ticarət-kişio geyimlərinin satışı ilə əlaqədar fəaliyyət göstərir,obyekt sahəsi ayrıca tikilidir və 124 kv.m ölçüyə malikdir. Mübahisələndirilən qərardan görünür ki, iddiaçıya VM-nin 58.13-cü maddəsinin tələbinə əsasən 818594,36 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Yük gömrük bəyannamələrindən görünür ki, satılan malların əksər hissəsi etirazda qeyd edildiyi kimi 30 manatdan aşağı və o civardadır. Obyektin fotoşəkillərindən görünür ki, ümumi ərazi hər hansı malların olmadığı, malların pərakəndə satışı üçün xüsusi təchiz edilmiş yerlərdə yerləşməsi həyata keçirməyən yer xüsusiyyəti daşıyır. Çeklərdən görünür ki, müvafiq saniyələr aralığında 984,987, 954, 965 və s manat olmaqla satışlar həyata keçirilmişdir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, əhali iddiaçının obyektində operativ vergi nəzarətinin həyata keçirilməsi reyestrdə qeydiyyata alınmışdır. Operativ vergi nəzarətinin keçirilməsi haqqında qərara əsasən iddiaçının obyektində operativ vergi nəzarətinin keçirilməsi və yoxlamada iştirak edəcək şəxslərin dairəsi müəyyən edilmişdir. Zəruri sənədlərin tələb edilməsi haqqında tələbnamədən görünür ki zəruri sənədlərin, o cümlədən elektron qaimə fakturaların təqdim edilməsi tələb edilmişdir. İddiaçının nümayəndəsinin 28 noyabr 2024-cü il tarixli imzası ilə təsdiqlənmiş arayışda həmin şəxs qeyd etmişdir ki, fəaliyyəti topdansatışdır, mallar üzərinə 2 faiz ticarət əlavə tətbiq edilir. 28 noyabr 2024-cü il tarixli aktda qeyd edilir ki, obyektdə nəzarət kassa aparatı aşkar edilməmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 13.2. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı anlayışlar istifadə olunur: 13.2.62. pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti 13.2.63. topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti 50.1.Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaiməfakturanın tərtib edilməsinə nəzarət edilməsi 50.2. Operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1.vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2.vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 58.13. Bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə (elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla), habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın: 1.3. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.3.1. topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada elektron qaimə-faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti 4.1. Topdansatış ticarət sahəsində fəaliyyət göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş elektron qaimə-faktura tərtib edilməklə həyata keçirilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (vergi ödəyicisinə) elektron qaimə-faktura ilə yanaşı, POS-terminaldan çıxarış verilir. Mübahisələndirilən qərardan və işin digər hallarından görünür ki, cavabdeh tərəfindən iddiaçının vergi məsuliyyətinə cəlb edilməsi onunla əsaslandırmışdır ki, elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilmiş, malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilmişdir. Qeyd olunur ki, cavabdehin bununla bağlı əsas dəlili iddiaçının fəaliyyətinin faktiki olaraq topdansatış qaydada olması, pərakəndə satış ilə əlaqədar olmaması ilə əlaqədardır. İddiaçı isə onun fəaliyyətinin pərakəndə satış ilə əlaqədar olduğunu qeyd edərək, topdansatışa istinadla məsuliyyət tədibirinin görülməli olmasından narazıdır. Məhkəmə də qeyd olunan istiqamət üzrə araşdırma aparmış və vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasında təqsiri sübut edilmişdir ki, qeyd olunan səbəbdən də məhkəmə hesab edir ki, cavabdehin iddiaçı barəsində qəbul etdiyi vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət müəyyən edən qərarı qanuni və əsaslıdır. Belə ki, iş materiallarında olan arayışdan görünür ki, etibarnamə üzrə səlahiyyətli nümayəndə satılan mallar üzərinə 2 faiz ticarət əlavəsi qoyulmaqla topdan satışın həyata keçirildiyini etiraf etmişdir. Aktdan da görünür ki, topdansatış həyata keçirilməsinə baxmayaraq zəruri sənədlərin təqdim edilməsi həyata keçirilməmişdir. Qeyd edilməlidir ki,hazırkı növ mübahisələrlə bağlı oxşar işlər üzrə yuxarı instansiya məhkəməsi tərəfindən formalaşdırılmış məhkəmə təcrübəsindən görünür ki, həmin işlər üzrə vergi orqanının qərarının ləğvi onunla əsaslandırılmışdır ki, malların pərakəndə ticarət qaydasında satışını həyata keçirən iddiaçı həmin malların satışı zamanı elektron qaimə-faktura təqdim etmək vəzifəsi daşımamış və eyni zamanda hər hansı alıcının (sahibkarın) elektron qaimə-faktura tələb etməsi işdə olan sənədlərlə təsdiq olunmamışdır. Cavabdeh etirazının və şikayətinin əsası kimi iddiaçı tərəfindən malların alıcıya satışının son istehlak məqsədi üçün deyil, sahibkarlıq fəaliyyəti məqsədləri üçün həyata keçirildiyini bildirsə də, həmin halı sübut edəcək dəlilləri, o cümlədən malları satış məqsədilə alan vergi ödəyiciləri, eləcə də onlar tərəfindən iddiaçıdan elektron-qaimə faktura tələb edildiyi halda, iddiaçı tərəfindən onlara elektronqaimə faktura təqdim edilməməsi barədə vergi orqanına daxil olmuş hər hansı şikayət və müraciət barədə məlumatı məhkəməyə təqdim edə bilməmişdir. Başqa sözlə desək, cavabdeh vergi orqanı iddiaçı tərəfindən nəzarət kassa aparatı vasitəsilə pərakəndə ticarət qaydasında satılmış malların əslində topdansatış qaydasında satılmasını iddia etsə də, bu halı məhkəmə araşdırması zamanı sübuta yetirə bilməmişdir. Lakin, hazırkı mübahisə işin faktiki halları baxımından fərqlidir. Həmin işlərdən görünür ki, məhkəmə kollegiyaları isə hesab etmişdir ki, vergi orqanı iddiaçının arqumentinə qarşı əks arqumentini sübut edə bilməmiş, satışın pərakəndə olmaması barədə hər hansı sübut təqdim edilməmişdir. Hazırkı iş üzrə isə iddiaçı barəsində qəbul edilmiş vergi məsuliyyətinə cəlb etmə barədə qərarın ləğvini iddia edən iddiaçının malları pərakəndə deyil, topdan qaydada satışı aşkardır. Belə ki, səlahiyyətli nümayəndənin izahatından, təqdim edilən çeklərdə malların satış intervalı, satılan malın bir ədədinin qiyməti və ümumilikdə satılan malın dəyəri, pərakəndə satışın həyata keçirildiyi iddia edilən obyektin həmin fəaliyyətə yararsızlıq xüsusiyyətləri və s kimi hallar göstərir ki iddiaçı həqiqətən də topdansatış fəaliyyəti həyata keçirmişdir. Qeyd olunur ki, yuxarıda adıçəkilən müddəaların tələbləri konkretdir. Topdansatış həyata keçirildiyi təqdirdə elektron qaimə-faktura təqdim edilməli, malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədir. Lakin, vergi ödəyicisi tərəfindən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilmişdir. Göründüyü kimi yuxarı instansiya məhkəmələrinin icraatında olmuş və vergi ödəyicilərin xeyrinə nəticələnmiş işlərdən fərqli olaraq hazırda mübahisə üzrə topdansatış müəyyən edilməkdədir. Eyni zamanda məhkəmə onun da qeyd edilməzini zəruri hesab edir ki, işin faktiki halları iddianın təmininin istisna edilməsi ilə bağlı məhkəmədə daxili inamın formalaşmasına səbəb olur. Belə ki, təkcə iddiaçının irəli sürdüyü dəlillər işin digər hallarının nəzərə alınmaması əsası qismində çıxış edə bilməz. Məhkəmənin işin mahiyyətinə münasibətdə mövqeyinin daxili inamla bağlılığı isə inzibati prosessual qanunvericiliklə birbaşa tənzimlənmişdir. Belə ki, AR İPM-nin 68.1-ci maddəsi konkret olaraq 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Eləcə də, həmin prinsip ümumi norma kimi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunu ilə də öz təsbitini tapmışdır. Adıçəkilən Qanunuun 100-cu maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Hazırkı iş üzrə də operativ vergi nəzarəti aparılan zaman iddiaçının nümayəndəsinin vermiş olduğu izahatda topdansatış fəaliyyətinin qəbul edilməsi, obyektin pərakəndə satış üçün yararsız olması, hər hansı malın aşkar edilməməsi, dəyəri aşağı olan geyim dukanında pərakəndə satış kimi saniyələr içində yuxarı məbləğlərdə satışın həyata keçirilməsinə dair çeklərin vurulması kimi hallar göstərilən daxili inam da göstərilməklə iddianın rəddinə uyğun əsaslandırmanın qərarda aparılmasına zərurət yaradır. Qeyd olunanları nəzərə almaqla məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar