Məhkəmə qərarları › İş №e-2-1(112)-646/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-646/2024

05.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-646/2024 05.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Vəkil Murtuz oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinə (üçüncü şəxslər X16, X9 və X10) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları:

1. 01.07.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Əlibəy Hüseynzadə küçəsi, ev 83 ünvanında yerləşən 1 saylı mənzil İddiaçı (bundan sonra – İddiaçı) və "xxxx" ASC-nin paylı mülkiyyətindədir.

2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X16, X9 və X10 ünvan 1 ünvanında qeydiyyatdadırlar.

3. İddiaçı ərizə ilə Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinə (bundan sonra– Cavabdeh) müraciət edərək, həmin şəxslərin 83 saylı fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmasını xahiş etmişdir.

4. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərinə əsasən, müraciətdə göstərilən şəxslər, X16, X9 və X6 Nəsimi rayonu, Əlibəy Hüseynzadə küçəsi, ev 83 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qeydiyyatdan çıxarılma barədə qərarı əsasında həyata keçirilir. Məktubda iddiaçıya məhkəmə orqanlarına müraciət etmək hüququnun olduğu izah edilmişdir.

5. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, üçüncü şəxslər xx.xx.1982-ci il təvəllüdlü X11, xx.xx.2005-ci il təvəllüdlü X7 və xx.xx.2008-ci il təvəllüdlü X6 ona məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Əlibəy Hüseynzadə küçəsi, ev 83 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X16, X10, X9 (bundan sonra üçüncü şəxs) üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. İİ Tərəflərin əsaslandırması:

7. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Əlibəy Hüseynzadə küçəsi, ev 83 ünvanında yerləşən mənzil iddiaçının X8 tərəfindən 2001-ci il tarixdə alqı-satqı yolu ilə Sadıxov Ağakişi Babaş oğlundan alınmışdır. Həmin mənzil xx.xx.2022-ci il tarixdə X17 tərəfindən İddiaçı bağışlanılmışdır. İddiaçının adına xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarış verilmişdir. Hazırda həmin mənzildə qeydiyyatda olan xx.xx.1982-ci il təvəllüdlü X16, xx.xx.2005-ci il təvəllüdlü X9 və xx.xx.2008-ci il təvəllüdlü X10 heç vaxt həmin mənzilə köçməmiş və həmin mənzildə yaşamamışlar. Hazırda da yaşamırlar. Ümumiyyətlə iddiaçının və üçüncü şəxs X11 ata mülkləri Siyəzən şəhərində olmuş, onlar orada yaşayıb boya-başa çatmışlar. X3 şəhərində yaşayarkən həyat yoldaşının evinə gəlin köçmüş və hazırkı vaxtadək övladları ilə birlikdə orada yaşamaqdadır. Üçüncü şəxslərin, əsasən də X11 Bakı şəhəri, Nəsimi rayonu, Əlibəy Hüseynzadə küçəsi, ev 83 ünvanında yerləşən mənzilə qeydiyyata alınmaları formal xarakter daşımışdır. Belə ki, üçüncü şəxs X11 Bakı şəhərində mənzili yox idi və o, işə düzəlməli idi, bununla bağlı ondan şəhər qeydiyyatının olması tələb olunurdu. Ona görə də, mənzilin əvvəlki sahibi olan anasından onu mənzilə qeydiyyata almasını xahiş etmiş, mənzilin əvvəlki sahibi X17 da onun işlərini qaydaya sala bilməsi üçün mümkün olan köməkliyi etməyə çalışmışdır. Üçüncü şəxs X16 2019-cu ildə həmin mənzilə qeydiyyata alınmış, daha sonra isə övladları – xx.xx.2008-ci il təvəllüdlü X6 2019-cu ildən, xx.xx.2005-ci il təvəllüdlü X7 isə 2020-ci ildən bir valideyn kimi özünün qeydiyyatda olduğu yer üzrə həmin mənzilə qeydiyyata alınmasına nail olmuşdur. Üçüncü şəxs X16 ailəli olmaqla həyat yoldaşı X4, övladları X9 və X10 ilə birlikdə hər zaman Siyəzən şəhərində yaşamışlar. Həyat yoldaşı ilə ümumi təsərrüfatı paylaşırlar. Üçüncü şəxs X16 hal-hazırda ünvan 3 ünvanında yaşayır. İddiaçıya məxsus mənzildə onlara məxsus hər hansı mebel və yaxud digər məişət avadanlıqları, geyim əşyaları yoxdur. Belə bir halda onların iddiaçıya məxsus yaşayış sahəsində faktiki qeydiyyatda qalmaları mülkiyyət və istifadə hüquqlarının həyata keçirilməsinə mane olur.

8. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir.

9. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi.

10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3cü maddəsi). İİİ. Məhkəmənin mövqeyi

11. Məhkəmə tərəfin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.

12. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

13. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

14. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

15. Hazırkı iddia üçüncü şəxslərin qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. 16.İddia həm də əsaslıdır. Belə ki, iş materiallarında olan 23 iyun 2001-ci il tarixli 121680 nömrəli müqavilədən görünür ki, Sadıxov Ağakişi Babaş oğlu Bakı şəhəri, Ə.Hüseynzadə 83 ünvanında yerləşən iki otaqlı mənzilinin bir otağını – yaşayış sahəsi 11.5 kv.m. X1. 17.ÖM seriyalı 081189 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Əlibəy Hüseynzadə küçəsi, ev 83 ünvanında yerləşən fərdi yaşayış evinin ümumi sahəsi 11.5 kv.m olan 1 otağı X12, ümumi sahəsi 16.5 kv.m sahəsi olan 1 otağı isə Sadıxov Ağakişi Babaş oğlunun paylı mülkiyyətində olmuşdur. 18.09.06.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, hədiyyə verən X17 ünvan 5 ünvanında yerləşən, yaşayış sahəsi 28 kv/m olan 2 otaqlı mənzilin paylı mülkiyyət üzrə ona məxsus hissəni (11.5 kv.m, 1 otaq) hədiyyə alan İddiaçı mülkiyyətinə vermişdir. 19.X11 **********025 saylı, xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, qeydiyyatda olduğu Bakı şəhəri, Nəsimi rayonu, Əlibəy Hüseynzadə küçəsi, ev 83 ünvanında yerləşən fərdi yaşayış evinin X14 məxsus olan hissəsinin bağışlanmasına etiraz etməmişdir. 20.Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 41 saylı Mənzil Kommunal İstismar Sahəsinin 567 nömrəli, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı Ə.Hüseynzadə küçəsi, 83 saylı evdə qeydiyyatdadır, mənzil onun adınadır. X8 qeydiyyatdadır, yaşayır. X5, bacısı qızı X9, bacısı qızı X10 qeydiyyatdadırlar, ancaq həmin mənzildə yaşamırlar. 21.Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 198/11 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, vətəndaş X11 qeydiyyatı Bakı şəhərində olsa da, hal-hazırda ünvan 6 ünvanında yaşayır. Təsərrüfatbaşına kitabda (ev təsərrüfat uçotu № 4079, ev №-i 33 göstərilmişdir). Nikahdan əvvəl vətəndaş X18 ev Təsərrüfatbaşı uçot kitabında №3163-də İsmət Qayibov küçəsi, ev 55B ünvanında yaşamışdır. Övladları barədə təsərrüfatbaşına kitabda heç bir məlumat yoxdur. Həyat yoldaşı X2 qeydiyyatı Siyəzən şəhəri, korpus 10, mənzil 5-dir. 22.Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2005-ci il təvəllüdlü X9 xx.xx.2020-ci il, xx.xx.1982-ci il təvəllüdlü X16 xx.xx.2019-cu il, xx.xx.2008-ci il təvəllüdlü X10 xx.xx.2019-cu il tarixdən Bakı şəhəri, Nəsimi rayonu, Əlibəy Hüseynzadə küçəsi, ev 83 ünvanında qeydiyyatdadırlar. 23.Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, üçüncü şəxslərin ünvan 7 ünvanı üzərində mülkiyyət, istifadə və ya digər məhdud əşya hüququnun qeydiyyata alınmasına dair hər hansı məlumat aşkar edilməmişdir. 24.Beləliklə, istinad olunan sənədlərə əsasən müəyyən olunur ki, iddiaçı 2021-ci ildən mübahisəli yaşayış sahəsinin mülkiyyətçisidir. O, hazırda üçüncü şəxslərin mülkiyyətində olan mübahisəli yaşayış sahəsində yaşamadığını və hər hansı bir hüququnun olmadığını iddia edərək hazırkı iddianı qaldırmışdır. 25.Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi, qanunverici şəxsin qeydiyyatdan çıxarılması üçün əsasların siyahısını konkret olaraq müəyyən etmişdir.

26. Bu əsaslardan biri də şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur.

27. Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Lakin əgər şəxsin həmin yaşayış sahəsinə istifadə hüququ yoxdursa, aydındır ki, istifadə hüququna xitam verilmə barədə qətnamə, şəxs həmin yaşayış sahəsində yaşamırsa, onun yaşayış sahəsindən çıxarılmasına dair qətnamə mövcud olmayacaqdır.

28. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumununun 24 sentyabr 2020-ci il tarixli qərarı ilə qərara alınmışdır ki:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.

3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Həmin qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir... Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir... Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun “şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində yaşayış sahəsinə hər hansı əmlak hüquqları əldə etməyən şəxslərin vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanının birmənalı şəkildə nəzərdə tutulmaması həmin qanunvericilik normasının hüquqi müəyyənlik prinsipinin tələblərinə cavab vermədiyini göstərməklə yanaşı, Konstitusiyanın 149-cu maddəsinin İ hissəsi ilə də uzlaşmır. Konstitusiyanın qeyd olunan maddəsinə görə, normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır.”

29. Beləliklə, Konstitusiya Məhkəməsinin bu qərarına istinad edərək məhkəmə qeyd edir ki, mülkiyyətçinin ərizəsi ilə digər şəxsin qeydiyyatdan çıxarılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1. şəxs həmin yaşayış sahəsinə hər hansı əmlak hüququ əldə etməməlidir; 2. şəxs həmin yaşayış sahəsində faktiki olaraq yaşamamalıdır.

30. Üçüncü şəxslərin mübahisəli yaşayış sahəsinə hüquqları ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-971/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, İddiaçı Vüsalə Bayramova iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun övladları X10 və X9 ilə birlikdə pasport qeydiyyatında olduqları ünvan 8 ünvanına köçürülmələri və həmin mənzildə yaşamalarına dair hər hansı bir qanunsuz hərəkətlərin cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(010)-1825/2023 nömrəli iş üzrə 13 iyul 2023-cü il tarixli qətnaməsi iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5762/2023 nömrəli mülki iş üzrə 24 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmiş, Ali Məhkəmənin həmin qərarı ilə iddiaçı X16 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- 5762/2023 nömrəli iş üzrə 24 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, “mübahisələndirilən ünvan 9 ünvanda yerləşən yaşayış evinin hələ iddiaçının anası Gülzaman Muradovanın (16,5 kv metr hissəsi) və digərinin ümumi mülkiyyətində olan iddiaçı daimi yaşamaq üçün Siyəzən şəhərinə köçməsi, oradan onun daimi yaşayış evinin olması, bununla da mübahisələndirilən yaşayış evində yaşayış sahəsindən istifadə hüququnu itirməsi, ev ilə hüquqi əlaqəsinin qalmaması, evin ikinci mərtəbəsində yaşayış sahəsi kimi özbaşına tikilinin inşasında hər hansı maddi vəsait sərf etməməsi, əməyinin olmaması bu barədə işə baxan aşağı instansiya məhkəmələrinin qənaəti qanuni və əsaslı olmuş, mötəbərliliyi şübhə doğurmayan sübutlara əsaslanmışdır.”

31. Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qərarı və işin halları ilə üçüncü şəxs Vüsalə Bayramovanın mübahisəli yaşayış sahəsinə olan istifadə hüququnu itirməsi, həmçinin hazırda həmin ünvanda yaşamaması öz təsdini tapmışdır.

32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 35.6-cı maddəsinə əsasən yetkinlik yaşına çatmayan fiziki şəxslərin qəyyumları və himayəçiləri öz qəyyumluğunda və ya himayəsində olanlarla birlikdə yaşamalıdırlar. 33.Belə olan halda göstərilənləri nəzərə alan məhkəmə hesab edir ki, işin hazırkı halında üçüncü şəxslərin 83 saylı fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmaları üçün tələb olunan bütün şərtlər mövcud olmuş, lakin cavabdeh əsassız olaraq iddiaçıya imtina cavabı vermişdir.

34. Məhkəmə onu da qeyd edir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər.

35. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,

qərara aldı: İddia təmin olunsun. Üçüncü şəxslər xx.xx.1982-ci il təvəllüdlü X11, xx.xx.2005-ci il təvəllüdlü X7 və xx.xx.2008-ci il təvəllüdlü X6 ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar