Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-6466/2025 05.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iddiası üzrə mümkünlük məsələsinə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç. 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 22 aprel 2012-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının və pensiyaya çıxandan sonra işlədiyi dövrdə qazanılmış və istifadə edilməmiş sığorta kapitalına görə xx.xx.2021-ci il tarixindən hesablanmış əlavə pensiyanın yenidən hesablanması və ödənilməmiş əmək pensiyası fərqinin hesablanaraq birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra DSMF) Nərimanov rayon şöbəsinin qərarı ilə 2012-ci ildə qüvvədə olan Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunu əsasında mənə xx.xx.2012- tarixindən yaşa görə güzəştli şərtlərlə 171.90 manat əmək pensiyası təyin edilmişdir (85manat baza hissəsi+59.33 manat sığorta hissəsi+27.57 manat yığım hissəsi hesablanmaqla) (pensiya qovluğu, üçot vərəqi №094355). Pensiya təyin olunandan sonra DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının qərarı ilə 2020-ci il fevral ayına qədər işlədiyi dövr üçün qazanılmış və istifadə edilməmiş sığorta kapitalına görə 58.65 manat əlavə pensiya hesablanaraq, aldığı 275 manat pensiya məbləğinə əlavə edilərək xx.xx.2021-ci il tarixdən 333,65 manat pensiya tətin edilmiş, daha sonra pensiyalarin indeksləşdirilməsi ilə əlaqədar bu mələğ xx.xx.2021-ci il tarixdən 371,69 manata çatdırılmışdır (pensiya qovluğu, pensiyanın yenidən hesablanması haqqında 07.12. 2020ci il tarixli qərar). Hesablanmış 58.65 manat əlavə məbləğlə razılaşmadığı ücün xx.xx.2021-ci tarixli ərizə ilə müraciət edib pensiya artımının hesablanması üzrə açıqlama verilməsini xahiş etmişdir. DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının direktorunun imzası ilə 05 aprel 2021-ci tarixli məktubla cavab verilib. Cavab məktubundan göstərilir ki, “əmək fəaliyyətinə xitam verilməsi tarixi 07.11. 2019 cu il , qazanılmış sığorta kapitalı 4222,46 manat müəyyən edilərək, 4222,46 manat: (144-72) ay= 58.65 manat formulası ilə Sizə əlavə pensiya hesablanmışdır.” 05 aprel 2021-ci tarixli məktubdan görünür ki, əlavə pensiya məbləği hesablanarkən səhvən sonuncu iş yeri SİRR- 44 MMCci hesab edilərək pensiya kapitalı düzgün müəyyən edilməmiş və üstəlik həmin məbləğ 2015-2020 illər üzrə indeksləşdirilməyib. Bu barədə DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına üçüncü dəfə xx.xx.2021-ci il tarixli ərizə ilə müraciət etmişdir. Bundan başqa həmin ərəfədə məlum olmuşdur ki, 22 aprel 2012-ci il tarixində pensiya təyin edilərkən onun 1972-1977-ci illər ərzindəki əyani təhsil müddəti 2006-ci ilə qədər dövrdəki umumi iş stajına daxil edilməyib. xx.xx.2021 tarixli ərizə ilə müraciət edib, tələb edilən müvafiq sənədləri də təqdim edərək 2012-ci ildə təyin edilən Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən və düzgün hesablanmasını xahiş etmişəm. Nəticədə xx.xx.2021 ci il tarixdən aldığı 371,69 manat pensiya yenidən hesablanaraq xx.xx.2021-ci il tarixdən 365.37 manata endirilmişdir. xx.xx.2021-ci il tarixli ərizə ilə müraciət edib 2012-ci ildə təyin edilən pensiyanın və 2020-ci ildə hesablanmış əlavə pensiyanın kalkulyasiyanın (hesablamanın açıqlamasını) təqdim edilməsini xahiş etmiş, cavab verilməyib. Nəhayət 2021-ci ilin noyabr ayında etdiyi müraciətdən sonra xx.xx.2021ci il tarixdən təyin edilmiş 371,69 manat pensiya məbləği yenidən hesablanaraq “20 qəpik artımla “ xx.xx.2021-ci il tarixdən 371,89 manat pensiya təyin edilmişdir. Yuxarıda göstərilənlərə əsaslanaraq cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyindəki DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı xx.xx.2021-ci tarixli iddia ərizə ilə Bakı İnzibatı Məhkəməsinə müracət edərək “22 aprel 2012- ci il tarixdən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının və xx.xx.2021-ci tarixindən hesablanmış əlavə pensiyanın məbləğinin yenidən hesablanmasını və ödənilməmiş əmək pensiyası fərqinin hesablanaraq birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması “ barədə qərar çıxarılmasını xahiş etmişdir. İş üzrə məhkəmə icraatı və məhkəmə aktlarında gəlinən nəticə. Birinci instansiya məhkəməsində icraat. İddia ərizəsində irəli sürülən tələbdə hüquqi maraqları mahiyyət etibarı ilə xx.xx.2012-ci il tarixində təyin edilmiş 171.90 manat əmək pensiyasının yenidən hesablanaraq tələb edilən 204.10 manat və 2021-ci ilin əvvəlindən təyin edilmiş 58.65 manat əlavə pensiyanın yenidən hesablanaraq tələb edilən 75,557 manat təyin edilməsi olmuşdur. Məhkəmə onların araşdırılması istiqamətində tədbirlər görməyərək üzərinə qoyulan vəzifəni yerinə yetiməyərək yalan ekspert rəyi əsasında iddianın təmin edilməməsi barədə qanunsuz qərar çıxarmışdır. Apellyasiya məhkəməsində icraat. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası subutların əldə olunması istiqamətində prosessual hərəkətlərini sona çatdırmamış, işin düzgün həll edilməsində zəruri olan kifayət qədər subutları toplayıb araşdırmamış, işi həll edərkən yalnız bir tərəfin, yəni cavabdehin verdiyi məlumatlara, o cümlədən həmin məlumatlar əsasında tərtib edilmiş 03 noyabr 2022-ci tarixli yalan ekspert rəyinə istinad edərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması və apellyasiya şikayətinin təmin edilməməsi barədə qanunsuz qərar çıxarmışdır. Kassasiya instansiyası məhkəməsində icraat. Yalan ekspert rəyinin məhkəmə qətnaməsinin əsasına qoyulmasına dair irəli sürdükləri həlledici əhəmiyyətinə görə konkret və aydın hüquqi qiymət tələb edən dəlillər kassasiya məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən nəzərə alınmayaraq , kassasiya məhkəməsi “mübahisələndirilən məhkəmə qərarının kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığı“ barədə qeyri-obyektiv nəticəyə gələrək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirmədən qüvvədə saxlamışdır. Fərdi Ucot üzrə Mərkəzi Fiİialının xx.xx.2024-cü il tarixli Arayışı apellyasiya məhkəməsində hazırkı iş üzrə qərar qəbul ediləndən sonra əldə edilərək xx.xx.2024-cü tarixdə ərizə ilə elektron qaydada apellyasiya məhkəməsinə göndərilmişdir, məhkəmə arayışı təhvil alıb iş materiallarına əlavə etməklə kifayətlənmişdir. Ali Məhkəmənin İK-nın xx.xx.2024-cü il tarixli yekun qərarından görünür ki, kassasiya məhkəməsi də Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli Arayışı ilə bağlı işin hallarına münasibət bildirməyib, işi təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərməyə əsaslar olmasına baxmayaraq Ali Məhkəmə bunu etməmişdir. Yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, qanuni qüvvəyə minmmiş Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə başa çatmış icraat kassasiya mərhələsində açılmış yeni hallar səbəbindən təzələnməlidir. Bu halda Ərizənin verilməsi üçün 3 aylıq qanuni prosessual müddət Ali Məhkəmənin İK-nın xx.xx.2024-cü il tarixli yekun qərarının rəsmi təqdim olunduğu gündən, yəni qərarın elektron kabinetdə yerləşdirildiyi xx.xx.2024cü il tarixdən hesablanır. Məhkəmə iclasında iddiaçı ilə iddianın mümkünlüyü məsələsi müzakirə edilmişdir. İddiaçı məhkəmə iclasında iddianın mümkünlüyü ilə bağlı izah edilənlərin ona aydın olduğunu bildirdi. Cavabdehin nümayəndəsi iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İddia tələbindən göründüyü kimi, iddiaçı 22 aprel 2012-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının və pensiyaya çıxandan sonra işlədiyi dövrdə qazanılmış və istifadə edilməmiş sığorta kapitalına görə xx.xx.2021-ci il tarixindən hesablanmış əlavə pensiyanın yenidən hesablanması və ödənilməmiş əmək pensiyası fərqinin hesablanaraq birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. İddiaçı iddia ərizəsində qeyd etdiyi kimi eyni tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və məhkəmənin 2-1(112)-603/2023 nömrəli iş üzrə, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 fevral 2024-cü il tarixli, 2-1(103)-163/2024 nömrəli qərarı ilə iddiaçının apellyasiya aşikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı həmin qərardan kassasiya şikayət vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1827/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarı: 15.5-ci bənd. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6-cı bənd. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Məhkəmə tərəfindən iddia hüquqi cəhətdən iki mərhələdə yoxlanılır. İlkin mərhələdə iddianın mümkünlüyü şərtlərinin mövcud olub-olmaması yoxlanılır. Yalnız iddianın mümkün sayıldığı təqdirdə məhkəmə tərəfindən növbəti mərhələdə onun əsaslılığı yoxlanılır. Mümkünlük şərtləri tərəflərin təşəbbüsündən asılı olmayaraq məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Mümkünlük şərtlərinin ödənilmədiyi hallarda iddianın əsaslılığının yoxlanılması və ona mahiyyəti üzrə baxılması istisna edilir. Bu yanaşma məhkəmə qənaəti prinsipinin məqsədlərinə xidmət edir. Nəzərə almaq lazımdır ki, iddianın mümkünlük şərtləri prosessual qanunvericiliyin tələblərindən irəli gəlir və mümkünlük şərtləri yoxlanılarkən həmçinin eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktının mövcud olub-olmaması da müəyyən olunmalıdır. Belə ki, qeyd edilən məhkəmə aktının olması iddianın mümkünlüyünə təsir edən faktordur. Göründüyü kimi hazırda irəli sürülən iddia tələbləri ilə bağlı məhkəmə aktları mövcuddur. Nəzərə alınmalıdır ki, İPM-nin 45.5, 45.5.1 və 78-ci maddələri adıçəkilən Plenum Qərarının 15.6-cı bəndinin tələbləri də nəzərə alınmaqla iddiaya mahiyyəti üzrə baxılmasını istisna etməklə, iddianın mümkün sayılmaması üçün əsas yaratmışdır. Məhkəmə qeyd edir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Oxşar iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının № 2-1(102)-1404/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadında məhkəmə kollegiyası qeyd etmişdir ki, “...kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, iş üzrə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə aktının mövcudluğu İPM-in 78-ci maddəsinin mahiyyəti və tənzimləmənin məqsədi baxımından iddianın mümkünlüyünü istisna edən hal kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçının əvvəlki və hazırkı tələbinin ifadə tərzi fərqli olsa da belə, onun hüquqi marağı və nail olmaq istədiyi məqsəd hər iki halda eyni əmlakla bağlı, eyni hədəfə yönəlmişdir. Bu anlamda, tərəflər arasında mövcud olmuş hazırkı mübahisəyə məhkəmə qaydasında artıq bir dəfə baxılaraq qərar qəbul edildiyi və qərarın qanuni qüvvəsini aldığı diqqətə alınmalıdır. Tərəflər, o cümlədən iddiaçı da ona münasibətdə məcburi hüquqi qüvvəyə malik həmin qərara bağlıdır, iddiaçı həmin qərarla ona münasibətdə artıq həll olunmuş eyni mübahisəyə yenidən baxılmasını tələb etməkdə haqlı sayıla bilməz (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1335/2023 nömrəli, 2-1(102)-851/2023 nömrəli, 2-1(102)-1775/2023 nömrəli, 2-1(102)- 1602/2023 nömrəli, 2-1(102)-1709/2023 nömrəli qərarları). Məhkəmə hazırkı ərizədə qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallarla bağlı qeyd edilənlərlə bağlı bildirir ki, yeni açılmış hallarla bağlı ərizə ayrıca iddia formasında deyil, həmin iş üzrə icraatın davamı kimi ərizə formasında verilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalı və iddiaçının yeni açılmış hallarla bağlı ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 35, 80, 81 və 85.1-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №e-2-1(112)-6466/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-6466/2025
05.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver