Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-6479/2024 02.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X15 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi X2, 3-cü şəxsin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhər Xəzər rayon Polis İdarəsinə qarşı üçüncü şəxs X11 işə cəlb edilməklə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhər Xəzər rayon Polis İdarəsinə qarşı X7 hazırda onun faktiki sahibliyində olan Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, B.Sərdarov küçəsi, döngə 2, ev 3 A ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində o, uzun illərdir ki, qeydiyyatsız olmaqla yaşayır, bunu Xəzər rayon İcra Hakimiyyəti başçısının Zirə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin müvafiq arayışı (sənəd işə əlavə olunur) və kommunal xidmətlər üzrə müvafiq rəsmi ödəniş sənədlərindən də, aydın şəkildə görmək mümkündür. Yaşadığı fərdi yaşayış evi uzun müddətdir faktiki olaraq onun sahibliyindədir, babasından ona qalmışdır və fərdi yaşayış evini o, inşa etmiş, həmçinin, bu müddət ərzində fərdi yaşayış evində əsaslı təmir-tikinti işləri aparmışdır. Bildirmək istəyir ki, X11 fərdi yaşayış evində qeydiyyatdadır (sözügedən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir). Bundan sonra ona müraciət edərək qeydiyyatdan çıxmasını xahiş etdikdə, o, qeydiyyatdan çıxmaqdan imtina etmişdir. O, ərizə ilə müraciət edərək X7 qeydiyyatdan çıxarılmasını xahiş etsə də, cavabdeh imtina məktubu ilə həmin şəxsin qeydiyyatdan çıxarılmasının Xəzər RPİ QMB-nin səlahiyyətləri daxilində olmadığından inzibati məhkəməyə müraciət etməsini məqsədə müvafiq hesab etmişdir. Hesab edir ki, imtina əsassızdır. Həmin şəxsi qeydiyyata alan orqan kimi cavabdeh həmin şəxsi də, qeydiyyatdan çıxarmalıdır. Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6479/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə X11 iş üzrə 3-cü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh məhkəməyə məktubla müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakrı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə araşdırması zamanı aşağıdakılar müəyyən edilmişdir: - iddiaçının Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, B.Sərdarov küçəsi, döngə 2, ev 3 A ünvanında yerləşən fərdi yaşayış evinə dair heç bir hüquqmüəyyənedici sənədləri (mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənəd) mövcud deyildir. - Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən xx.xx.2023-cü il tarixli 3-13-45/2-D-13772/2-11/23 nömrəli məktubla “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 5-ci maddəsinin tələblərinə müvafiq olaraq sözügedən məsələ ilə əlaqədar məhkəmə orqanlarına müraciət etməsi tövsiyə olunmuşdur. - Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2053/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsin əsasən X7 cavabdeh İddiaçı qarşı evə köçürülmə tələbi təmin edilməmişdir. Məhkəmə hesab etmişdir ki, mübahisəli fərdi yaşayış evinin hər hansı bir hüquqmüəyyənedici sənədi olmadığından, özbaşına tikili saılır. Belə olan halda iddiaçının mübahisəli fərdi yaşayış evində qeydiyyatda qalması onun üçün hər hansı bir hüquqi nəticə yaratmır. - Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli 45/2- 3777/2024 nömrəli məktubla bildirilmişdir ki, məktubda adları qeyd olunan şəxsin fərdi uçot kartoçkası Xəzər RPİ-nin X4 müəyyən olunmamışdır. - Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 18/2- 5813/2024 nömrəli məktubla bildirilmişdir ki, xx.xx.1998-ci il təvəllüdlü X11 xx.xx.2013-cü il tarixdən xx.xx.2020-ci il tarixədək Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Axundzadə küçəsi, ev 59-da, xx.xx.2020-ci il tarixdən hazırki vaxtadək ünvan 3 ünvanında qeydiyyatdadır. - Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-21-3-30/2- 10502/2024 **********02 nömrəli məktubla bildirilmişdir ki, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. - Məhkəmənin sorğusuna əsasən Xəzər rayon İcra hakimiyyəti başçısının Zirə qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 07 mart 2024-cü il tarixli 5-12-8/2- 46/2024 saylı məktubla bildirilmişdir ki, Xəzər rayon Zirə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində mövcud təsərrüfat kitabında ünvan 5 ünvanında xx.xx.1971 -ci il təvəllüdlü vətəndaş İddiaçı, vətəndaş X5, xx.xx.1939-cu il təvəllüdlü mərhum X12 (xx.xx.2021-ci il tarixdə vəfat etmişdir), xx.xx.1947-ci il təvəllüdlü mərhum X8 (xx.xx.2019-cu il tarixdə vəfat etmişdir) adları qeyd olunmuşdur. Təsərrüfat kitabına əsasən vətəndaş İddiaçı və vətəndaş X1 rayonu, Zirə qəsəbəsi, Əbdülağa Cavadov (keçmiş B. Sərdarov küçəsi) döngə 2, ev 3A ünvanında qeydiyyatsız, X11 qeydiyyatlı qeyd olunmuşdur. Qəsəbə nümayəndəliyi tərəfindən ünvana baxış keçirilən zaman sözü gedən ünvanda yaşayış olmadığı müəyyən olunmuş və həmin tikilidə təmir işlərinin getdiyi aşkarlanmışdır. Beləliklə işin hallarından göründüyü kimi, mübahisəli ünvan özbaşına tikili olmaqla iddiaçının həmin ünvana dair hər hansı bir hüquqmüəyyənedici sənədi mövcud deyil. Bu hal, məhkəmə sorğularına əsasən aidiyyəti qurumlardan əldə edilmiş məlumatlara, həmçinin iş materiallarında olan qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən təsdiq olunur. Belə olan təqdirdə onun hazırki iddianı qaldırmaqda subyektiv hüqunun olması istisna edilir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində yaşayış sahəsinə köçmək üçün əsas verən sənədlər konkret olaraq göstərilmişdir. Həmin bənddə qeyd edilmişdir ki, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Qanunvericiliyin yuxarıda sadalanan tələblərini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçının sözügedən ünvana dair hər-hansı bir hüquqmüəyyənedici sənədi olmadığından, onun üçüncü şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması barədə hazırki iddianı qaldırmağda subyektiv hüquqları mövcud deyildir. Bu hal isə, iddiaçının iddia tələbinin İPM-nin 35-ci maddəsinə müvafiq əsaslandırılmış iddia kimi qəbul edilməsini istisna edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarına əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Maddənin tələblərindən göründüyü kimi iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Odur ki, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №e-2-1(112)-6479/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-6479/2024
02.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver