Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-6484/2025 12.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı X5 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iddia tələbi “Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində yerləşən 500 kv.m ölçüdə olan 140 saylı bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq, çıxarışın və plan-ölçünün verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” formasında icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, Dəniz Neftçi bağçılığı üzvlərinin təsdiq edilmiş protokoluna əsasən Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində yerləşən 140 nömrəli torpaq sahəsi cəmiyyətin üzvü kimi iddiaçıya ayrılmışdır. Cavabdehə həmin torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatı ilə bağlı müraciət edilsə də, müraciətin təminindən imtina edilmişdir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı qeyd edilən məsələyə dair xx.xx.2023-cü il tarixli, ********** nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2023-cü il tarixli, **********27 xaricolma nömrəli məktubla cavab verilmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, idarənin arxivində saxlanılan “Dəniz Neftçisi” bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında İddiaçı adı aşkar edilməmişdir. Elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Həmçinin, torpaq sahəsi bağçılıq-yoldaşlığın ayrıc aktından kənarda yerləşir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan: N.Nərimanov adına NQÇİ-si nəznində fəaliyyət göstərən “Dəniz Neftçisi” bağçılıq yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında iddiaçının adı göstərilmişdir. N.Nərimanov adına NQÇİ-si Həmkərlar İttifaqı Komitəsinin Bağçılıq Yoldaşlıq təsərrüfat üzvlərinin protokolundan çıxarışa əsasən Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində yerləşən 140 nömrəli torpaq sahəsi iddiaçıya ayrılmışdır. İmtina məktubundan görünür ki,iddiaçının müraciətinə baxılmış və etirazda göstərilən məzmunda cavab verilərək müraciətinin təminindən imtina olunmuşdur. Bakı ŞİH tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, N.Nərimanov adına NQÇİ-nin “Dəniz Neftçisi” bağçılıq-yoldaşlığının sənədləri (ayrıc aktı) Bakı şəhər İcra Hakimiyyətinin arxivində aşkar edilməmişdir. Dövlət Arxivinin Bakı filialı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, “Dəniz Neftçisi” bağçılıq yoldaşlıq təsərrüfatının arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, N.Nərimanov adına NQÇİ-nin “Dəniz neftçisi” bağçılıq yoldaşlığının bölgü sxemi arxiv qovluğunda aşkar edilməmişdir. Həmçinin elektron kadastr baza məlumatlarında sözügedən bağçılıq yoldaşlığının ayrıc aktı barədə məlumat aşkar edilməmişdir. “Dəniz neftçisi” bağçılıq yoldaşlığına aid arxiv qovluğunda mövcud olan sənədlərin (üzvlərin siyahısı, ayrıc aktı və s.), iddia edilən torpaq sahəsinin yaxınlığında qeydiyyata alınmış 141 saylı (**********09), 164 saylı (**********08), 153A saylı **********93-11301 reyestr nömrəli (150 və 153a saylı bağlar birləşdirilib) bağ sahələrinin ilkin qeydiyyata alınmasına əsas olmuş sənədlər təqdim olunmuşdur. Həmin sənədlərdən görünür ki: -Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, 164 nömrəli bağ sahəsi üzərində X6 xüsusi mülkiyyət hüquqları qeydə alınmışdır; (protokoldan çıxarışa və üzvlük kitabçasına əsasən) -Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, 141 nömrəli bağ sahəsi üzərində X3 xüsusi mülkiyyət hüquqları qeydə alınmışdır; (protokoldan çıxarışa və üzvlük kitabçasına əsasən) -Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, 61/150 nömrəli bağ sahəsi üzərində X1 xüsusi mülkiyyət hüquqları qeydə alınmışdır; (protokoldan çıxarışa və üzvlük kitabçasına əsasən) -Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, 64/153a nömrəli bağ sahəsi üzərində X2 xüsusi mülkiyyət hüquqları qeydə alınmışdır; (protokoldan çıxarışa və üzvlük kitabçasına əsasən) Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanunun:
9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Məhkəmə qeyd edir ki, iddiaçının torpaq sahəsi bağçılıq-yoldaşlıq tərəfindən verilmiş protokoldan çıxarış, üzvlük kitabçası əsasında ayrılmış, buna da texniki sənəddə də iddiaçıya ayrılan bağ sahəsinə dair ad və digər aidiyyəti rekvizitlər öz əksini tapmışdır. Baxmayaraq ki, cavabdeh iddiaçının adının İdarənin arxivində saxlanılan bağçılıqyoldaşlıq tərəfindən tərtib olunmuş siyahıda olmamasına istinad etsə də, nəzərə almamışdır ki, həmin Siyahı 2012-ci ildə tərtib olunmuşdur. Halbuki, iddiaçının adının olduğu siyahı, daha əvvələ aiddir ki, nə həmin siyahı, nədəki protokoldan çıxarışın və üzvlük kitabçası mötəbərliyi hər hansı şübhə doğurmur. Üzvlərin siyahısında olmama ilə bağlı, ümumiyyətlə onun da qeyd edilməsi zəruridir ki, hər bir halda həmin imtina əsasının mülkiyyət hüququna müdaxiləsi legitim xarakterindən uzaqdır. Ali Məhkəmənin 2-1(102)-726/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərarında bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar edilməməsi barədə imtina əsası qanunvericiliyin tələblərinə uyğun hesab edilməmişdir. Bundan başqa Ali Məhkəmənin 2-1(102)-2260/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Suraxanı rayonunun Hövsan qəsəbəsindəki bağlar sahəsindəki “Gəmitəmirçisi” Bağçılıq Yoldaşlığı idarə heyətinin yığıncağının xx.xx.1999-cu il tarixli protokoluna əsasən ümumi sahəsi 0,05 ha olan N-14 saylı bağ iddiaçıya ayrılmış sahəyə dair hüquqla bağlı hər hansı bir mübahisələndirilən hal aşkar olunmamış, iddiaçı torpaq sahəsinin onun qanuni istifadəsində olduğuna dair qanunvericiliklə nəzərdə tutulmuş müvafiq sənədləri cavabdeh inzibati orqana təqdim etmişdir. “Gəmitəmirçisi” Bağçılıq Yoldaşlığı idarə heyətinin yığıncağının xx.xx.1999-cu il tarixli protokolu yuxarıda qeyd edilən Qanunun 8.0.7-ci maddəsində göstərilən sənədlərə aid edildiyindən, cavabdeh inzibati orqanın formal mülahizələrə əsaslanan dəlillərə istinad etməklə qanunvericiliklə səlahiyyətlərinə və funksiyalarına aid edilmiş məsələnin həllindən imtina etməsi ilə bağlı hərəkəti “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci və 15-ci maddələrinin tələblərinə cavab vermədiyindən əsassız hesab edilir. Qeyd olunan protokol hal-hazırda ləğv edilməmiş və tərəflər üçün hüquqi nəticələr yaratmaqla öz hüquqi qüvvəsini saxlayır.“ Ali Məhkəmənin 2-1(102)-2016/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarında, həmçinin Ali Məhkəmə 2-1(102)-321/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020ci il tarixli qərarında da müəyyən qədər işin halları olsa da oxşar mövqedən çıxış etmişdir. Bununla yanaşı nəzərə alınmalıdır ki, həmin sənədlər isə qərarda (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsi) istinad olunan norma anlamında daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslara aiddir. İş üzrə materiallardan hüquqmüəyyənedici sənəd olan həmin hüquqmüəyyənedici və texniki sənədin hər hansı qaydada mübahisələndirildiyi, ləğv edildiyi və geri çağırıldığı yaxud da etibarsız sayıldığı görünmür. Yəni həmin sənədlər öz hüquqi qüvvəsini saxlayır və etibarlıdır. Qeyd olunmalıdır ki, həmin hüquqmüəyyənedici sənədlər yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə onların məzmununa bağlıdır və onlara uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Cavabdehin digər imtina dəlili torpaq sahəsinin bağçılıq-yoldaşlığa ayrılmış ayrıc aktından kənar yerləşməsi ilə əlaqədardır ki, məhkəmə hesab edir ki, mövcud inzibati praktikada tez-tez rastlanan həmin imtina əsası kompleks qiymətləndirmə tələb edir ki, məhkəmə hesab edir ki, iddiaçının xeyrinə olan işin digər faktiki halları nəzərə alınmadan belə, hər bir halda ayrıc aktından kənar olmaqla bağlı imtina dəlili mülkiyyət hüququnun realizəsinə maneə təşkil etmir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-301/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətindəki dəlillərlə bağlı vurğulayır ki, 1 saylı Bakı Ərazi İdarəsinin arxivində “Avtonəqliyyattexnika” bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında A.Qədimlinin adına 27 deyil 22 saylı bağ sahəsinin ayrılmasının qeyd olunması, həmçinin həmin bağ sahəsinin elektron kadastr məlumatlarına əsasən digər bağçılıq-yoldaşlığının – “Avtomobil Nəqliyyat Nazirliyi” təsərrüfatının ayrıc aktının daxilində yerləşməsi iddiaçının təqsiri deyil və qeyd edilən hallar torpaq sahəsinə dair hüquqların müvafiq qaydada qeydiyyatının aparılmasına maneə ola bilməz. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-360/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarı, 2-1(102)-778/2023- nömrəli xx.xx.2023-cü il tarixli qərarı, 2-1(102)-1508/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı, 2- 1(102)-1904/2020 saylı iş üzrə xx.xx.2020-cü il qərarında da ayrıc aktına münasibətdə oxşar mövqedən çıxış edilmişdir. Lakin, məhkəmə hesab edir ki, hazırkı iş üzrə ayrıc aktından kənarda olmaya münasibətdə işin digər faktiki halları nəzərə alınmaqla qiymətləndirmə zəruridir. Belə ki, cavabdeh iddia olunan torpaq sahəsinin ayrıc aktından kənar olduğuna iddia etsə də, aparılmış araşdırma nəticəsində elektron kadastr baza məlumatlarında sözügedən bağçılıq yoldaşlığının ayrıc aktı barədə məlumatın aşkar edilmədiyi müəyyən olunmuşdur. Qeyd olunur ki, ayrıc aktına dair sənədin özü təqdim edilsə də, təqdim edilən cavabdan da görünür ki, həmin sənəd elektron bazaya işlənilməmişdir. Odur ki, torpaq sahəsinin ayrıc aktından kənarda olması dəlili işin faktiki halları ilə uyğun hesab edilmir. Bundan başqa, iddia olunan torpaq sahəsinin dislokasiyası və nömrəsinin digər bağ sahələrinin nömrə ardıcıllığına uyğun olması nəzərə alınmalıdır. Bundan başqa qeyd olunur ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə, həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir. Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı- seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86). “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə, Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı-seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86)”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsinin qərarları kontekstində mübahisəyə baxan məhkəmə hesab edir ki, eyni statusda olan şəxslərə cavabdeh tərəfindən fərqli yanaşmaya yol verildiyinə görə, cavabdehin hərəkəti Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbinə uyğun olmamışdır. Qeyd olunmalıdır ki, 2-1(102)-1842/2023 saylı iş üzrə qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarında da qeyd edildiyi kimi ddiaçıya münasibətdə bərabərlik prinsipinin pozuntusunun baş verdiyi qənaətinə gələ bilmək üçün məhkəmə, ilk növbədə aydınlaşdırmalıdır ki, iddiaçının təqdim etdikləri ilə eyni olan sənədlər əsasında digər şəxslərin hüquqları qeydə alındığı və bu barədə müvafiq çıxarışın verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən imtina olunmuşdurmu, yoxsa iddiaçının halında hüququ qeydə alınmış şəxslərlə müqayisədə fərqli başqa hal və ya hallar vardır? İnzibati orqanlar özlərinin praktikalarında hamıya münasibətdə bərabər yanaşmanı və ardıcıl münasibəti təmin edəcək qaydada davranmalıdırlar. Hər hansı dövlət xidməti müxtəlif səbəblərdən qanunsuz olaraq göstərilmişdirsə, inzibati orqanlar ilk növbədə həmin qanunsuzluğun aradan qaldırmasına yönəlmiş hərəkətlər etməli, eləcə də məsələyə münasibətdə özlərinin sonrakı praktikalarını dəyişdirdiklərini göstərməklə bu halı aşkar nümayiş etdirməlidirlər. Bu qaydada hərəkət etməyərək əvvəlki təcrübəyə uyğun davranmaqda davam etdikdə, inzibati orqanlar eyni hallara əsaslanan sonrakı müraciətləri həll edərkən bərabərlik və etimadın qorunması hüququnun tələblərini nəzərə almalıdır. İnzibati orqanların inzibati praktikası həm də onların özlərinin müstəqil olaraq formalaşdırdığı, yaxud məhkəmə qərarları əsasında formalaşmış hüquq tətbiqi praktikası kimi fərqləndirilə bilər. Əgər hər hansı məsələ üzrə mübahisə məhkəmə çəkişməsi nəticəsində həll edilmişsə, eyni faktiki hallara və hüquqi əsaslara söykənən sonrakı mübahisələrdə inzibati orqan özünün praktikasını həmin qərarın məzmununa uyğunlaşdırmaqla formalaşdırmağa borcludur. Nəzərə alınmalıdır ki, inzibati orqanın məhkəmə qərarına əsaslanan inzibati (hüquq tətbiqi) praktikasının dəyişdirilməsi üçün ya həmin məhkəmə qərarı hüquqi qüvvəsini itirməli və ya sonradan həmin məsələyə münasibətdə yeni məhkəmə təcrübəsi formalaşmalı, yaxud da məhkəmə qərarının əsasında duran maddi-hüquqi əsaslar dəyişməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-560/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında da qeyd edilmişdir ki, nəzərə almaq lazımdır ki, inzibati orqan, bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün (o cümlədən və xüsusilə də məhkəmə qərarı əsasında) formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. Analoji mövqe 2-1(102)-557/2023 saylı iş üzrə qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarında və 2-1(102)-472/2023 saylı iş üzrə qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarında da təkrarlanmışdır. Məhkəmə qeyd olunan tələbləri əsas götürməklə hesab edir ki, iddiaçıya münasibətdə bərabər rəftar müəyyən edilməməkdədir. Belə ki, işin faktiki halları ilə də müəyyən edilir ki, ayrıc aktından kənarda iddiaçının qonşuluğunda yerləşən torpaq sahələrinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması həyata keçirilmişdir ki, iddiaçıya münasibətdə fərqi rəftarın qanuniliyi müəyyən edilməməkdədir. Bundan başqa Məhkəmə bildirir ki, cavabdeh torpaq sahəsinin bir hissəsinin elektrik xəttinin mühafizə zonasında yerləşdiyini istinad etməklə iddiaçının müraciətini təmin etməsə də, məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Torpaq sahəsinin iddiaçıya ayrıldığı vaxtda qüvvədə olan 1991-ci il 9 noyabr tarixli Torpaq Məcəlləsinin 81-ci maddəsinə əsasən ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, sahibləri və istifadəçiləri aidiyyəti üzrə mülkiyyət, sahiblik və istifadə hüququndan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, torpaq sahibləri və torpaq istifadəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Həmçinin, 1999-cu il 25 iyun tarixli Qanunla təsdiq edilmiş və hazırda qüvvədə olan Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü bəndinə əsasən, zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Hal-hazırda qüvvədən düşmüş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarıxli qərarı ilə təsdiq edilmiş «Gərginliyi 1000 voltdan yuxari olan elektrik şəbəkələrinin mühafizəsi» Qaydalarının 3-cü bəndində qeyd edilir ki, elektrik şəbəkələrinin qorunmasının təmin edilməsi, istismar üçün normal şəraitin yaradılması və bədbəxt hadisələrin baş verməsinin qarşısının alınması məqsədi ilə torpaq sahələri ayrılır, mühafizə zonaları müəyyən edilir, yaşıllıq zonalarında və meşə massivlərində cığırlar salınır. Həmin Qaydaların 5-ci bəndində qeyd edilir ki, hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi və hava fəzası şəklində >1≤20 Un, KV gərginliyində 10 metr elektrik şəbəkəsinin mühafizəsi zonası müəyyən edilmişdir. Elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfındən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər (6-cı bənd); Elektrik şəbəkələrindən binalara, qurğulara, ağac-kol sahələrinə qədər, hava elektrik ötürücü xətlərinin naqillərindən yer və su səthinə qədər olan minimal məsafələr qabarit, kəsişmə, yaxınlaşma) Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən təsdiq olunmuş müvafiq qaydalara (tikinti işləri isə «Tikinti Normaları və Qaydaları»na) əsasən müəyyən edilir və binaların layihələşdirilməsi, tikintisi, ağacların yolların əkilməsi, budanması və kəsilməsi zamanı mütləq bu Qaydalara riayət edilməlidir (9-cu bənd); Elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan aşağıda göstərilən işlərin yerinə yetirilməsi qadağandır: a) binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri yenidən qurulması və sökülməsi; b) hər növ dağ-mədən işləri, yükləmə-boşaltma (dənizdə, çayda, göldə və s.), dibdərinlətmə, torpaqqazma, partladılma, meliorasiya işlərinin görülməsi, ağac və kol əkilməsi, qırılması, budanması, çöl düşərgələrinin qurulması, mal-qaranın yerləşdirilməsi, çəpər çəkilməsi, üzümlük və bağlar üçün dayaqların quraşdırılması, kənd təsərrüfatı bitkilərinin suvarılması; ç) hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında ümumi hündürlüyü yol səthindən 4,5 m-dən artıq olan maşın və mexanizmlərin keçməsi; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 16 may tarixli 261 nömrəli Qərarı ilə “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair” Tələblərin 1.4-cü bəndinə əsasən bu Tələblər qüvvəyə minənədək ərazisində elektrik şəbəkələrinin mühafizə zonası müəyyən edilən torpağın mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri həmin torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Elektrik şəbəkələrinin mühafizə zonasının ərazilərində təsərrüfat işlərini aparan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu Tələblərə əməl etməlidirlər. Məhkəmə qeyd edir ki, elektrik şəbəkələrin mühafizə zonasında yerləşən torpaq sahələrinə münasibətdə yeni mexanizm təsdit olunmuşdur ki, bu Tələblər qüvvəyə minənədək ərazisində elektrik şəbəkələrinin mühafizə zonası müəyyən edilən torpağın mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri həmin torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Bu münasibətləri tənzimləyən əvvəlki Qaydalarda isə elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin Qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər. Göründüyü kimi torpaq sahəsinin elektrik xəttinin mühafizə zonasında yerləşməsi həm torpaq sahəsinin uzun müddətdir ki onun qanuni əsaslarla istifadə olması, həm də əvvəlki qaydalara görə elektrik xəttinin mühafizə zonasında yerləşməsinin torpağın xüsusi mülkiyyətə verilməsini istisna etməməsi əsası ilə hazırki iddianın təminini istisna etmir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi hüquqların dövlət qeydiyyatına alınmasından imtina əsasları konkret olaraq təsbit edilmişdir ki, hazırkı iş üzrə həmin hallar mövcud deyil. Belə ki, mötəbərliyi şübhə doğurmayan protokoldan çıxarış, üzvlük kitabçası, iddiaçının və ona ayrılmış bağ sahəsinin yerləşmə vəziyyətini əks etdirən plan-ölçünün mövcudluğu, həmin sənədlərin qüvvədə olması, torpaq sahəsinin faktiki istifadəsi, bərabərlik hüququnun tətbiqi zərurəti nəzərə alınmaqla mülkiyyət hüquqlarının mövcudluğu iş materialları ilə öz təsdiqini tapmaqdadır. İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 612-ci , 69-cu , 75-ci və 125-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində yerləşən 500 kv.m ölçüdə olan 140 saylı bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq, çıxarışın və plan-ölçünün verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov