Məhkəmə qərarları › İş №e-2-1(112)-6497/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-6497/2022

22.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-6497/2022 22.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5 qızının katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli **********432000 saylı (mənfəət vergisi, vergi dövrü: 2020-ci il) vergilərin hesablanması barədə qərarın və onun hüquqi nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (VÖEN **********) qeyri-neft sektorunda çips, frenç frayz və digər qida məhsullarının Azərbaycan Respublikasında istehsalı ilə məşğul olan yerli istehsal müəssisəsidir. Hazırda “Çipsim” adlı brend ilə istehlak bazarında əcnəbi mənşəli digər beynəlxalq səviyyədə tanınmış məhsullarla çox böyük uğurla rəqabət aparır. Həmçinin xarici bazardan asılılığı azaltmaq və Ölkə iqtisadiyyatında strateji istiqamət olan aqrar sahədə də payı olması üçün kartof və digər ana xammalların məhz Azərbaycanda əkilib-becərilməsi işini də təşkil etmişdir. Cəmiyyət fəaliyyətə başladığı müddətdən etibarən daima vergi hesabatlarını vaxtlı-vaxtında vermişdir. Bu pandemiya ərəfəsində olan əlavə çətinliklər dönəmində cavabdehin kameral qaydada hesabladığı əlavə vergi və faizlər cəmiyyətin fəaliyyətinin dayanmasına, işlərin ləngiməsinə və bir çox işçilərin işsiz qalmasına şərait yaradır. Belə ki, 2020-ci il üçün olan mənfəət vergisi bəyannaməsi tərəflərindən vaxtında təqdim edilmiş və 2020-ci il üçün 46.494.83 manat mənfəət vergisi ödənilmişdir. Buna baxmayaraq xx.xx.2022 tarixli **********432000 saylı Qərarla 111.019.51 manat 2020-ci il üzrə Mənfəət vergisi üzrə təkrar əlavə hesablama aparılmışdır. Kameral qaydada hesablanmış əlavə vergi məbləği və hesablara qoyulmuş sərəncamlar istehsalçı olaraq fəaliyyətlərinin dayanmasına, işlərin ləngiməsinə və bir çox işçilərin işsiz qalmasına şərait yaradır. Bundan əlavə 2021-ci il dövr ərzində şirkət zərərlə işləmişdir. xx.xx.2021 tarixli **********599900 saylı kameral məktubda 425636.99 manat, xx.xx.2021 tarixli **********008200 saylı kameral məktubda isə 139409.16 manat sənədlə təsdiqini tapmayan xərc müəyyən edilib. Halbuki bütün sənədlər: e-qaimə nömrələri, YGB nömrələri, alış aktları və ÖMV bəyannamələrdə təqdim edilmiş beynəlxalq daşımalar və icarə xərcləri öz əksini tapmışdır. Dəfələrlə sənədlər və bəyannamə dəqiqləşmələr təqdim olunmasına baxmayaraq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən əlavə olaraq MV 2020 üzrə 111019.51 manat, 2-ci və 3-cü rüblər hər rüb üçün 27754.88 manat, cərimə olaraq 46069.64 manat hesablama aparılmışdır. Hazırda hesablamanın MV-yə aid olmasına baxmayaraq ŞHV –də ödənilməli ƏDV borcu kimi göstərilir. Bu rəqəmləri şəxsi vərəqədə görmək olar. Bundan əlavə isə bu günə qədər əsassız şəkildə aparılımış Mənfəət vergi borcu üçün 46522.19 manat cərimə faizi hesablanmışdır. Araşdırma dövrü ərzində dəfələrlə müraciətləri olmuş, sənədlər təqdim edilmişdir. Buna baxmayaraq hər kameral məktubunda fərqli sənədlər istənilib. Rəsmi təqdim olunmuş qaimə faktura əsasında yoxlamalar dəfələrlə aparılmışdır. Lakin buna baxmayaraq xərclər vergi orqanı tərəfindən nəzərə alınmır. Bütün xərclər hesabatlarda bəyannamələrdə öz əksini tapmışdır. Sonuncu kameral məktubunda qeyd olunduğu kimi beynəlxalq daşıma xərci 136 727.33 manat 4-cü rüb üçün ÖMV hesabatında təqdim olunub. Vergilər İdarəsi tərəfindən MV 2020 və MV 2021-ci il üçün əsas və faiz məbləği olaraq ümumilikdə 212,596.51 AZN hesablama aparılmışdır. Hesablanmış vəsaitdən 185,339.94 AZN bank və depozit hesablarına sərancam olaraq göndərilmişdir. Bu günə kimi bank və depozit hesablarında ümumilikdə 114,320.94 AZN tutulmuşdur. Hal-hazırda bank hesablarında dondurulmuş sərancam məbləği 71,019.00 AZN aktiv olaraq qalmaqdadır. Əlavə olaraq bu günə kimi şəxsi hesablarındakı hesablama, azalma və ödənişləri baxdıqda 14,571.28 AZN vəsaitin necə yarandığı hələdə məlum deyil. Bundan əlavə 2021-ci ildə iddiaçının fəaliyyəti yuxarıda da qeyd etdiyi kimi müəyyən səbəblərdən dayanmış, cavabdeh isə bu nüansı diqqətə almadan 2020-ci il üçün qanunsuz əlavə vergi hesablaması aparmışdır. Nəticə etibarı ilə iddiaçının bank hesablarına blok qoyulub və qanunsuz, əsassız silinmələr edilmiş və bu silinmələr davam edir. Həmçinin cavabdehə dəfələrlə yazılı müraciətləri olmasına baxmayaraq vergi uçotu qanunsuz olaraq Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində davam etdirilir. Halbuki bu il üçün dəyişiklik edilməsi öhdəliyini cavabdeh üzərinə götürmüşdür. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdeh iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, aparılmış araşdırma zamanı İddiaçı MMC-nin xx.xx.2021-ci il tarixdə təqdim etdiyi 2020-ci il dəqiqləşmiş mənfəət vergisi bəyannaməsi üzrə 425636,99 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Eyni zamanda 2020-ci il əlavə dəyər vergisi bəyannamələri və mənfəət vergisi bəyannaməsi arasında 129460,56 manat dövriyyə fərqi müəyyən edilmişdir. Eyni zamanda, 2020-ci il ərzində əldə edilmiş eqaimələr üzrə 4429528,08 manat, beynəlxalq daşımalar üzrə 156676,16 manat, yük gömrük bəyannamələri üzrə (faktiki) 1229824,08 manat, alış aktlar üzrə 132782,78 manat xərcləri, ilin əvvəlinə ehtiyatların cəmi 0,0 manat və ilin sonuna qalan ehtiyatların cəmi 1654296,09 manat olmuşdur. Nəticə olaraq 2020-ci il üzrə vergi ödəyicisinin xərcə sala biləcəyi məbləğ 4294515,01 manat olmasına baxmayaraq 4720152,0 manat xərc bəyan edilmişdir. Nəticədə xx.xx.2021-ci il tarixli mənfəət vergisi bəyannaməsinin araşdırılması zamanı 425636,99 manat sənədlərlə təsdiqini tapmayan xərclər müəyyən edilmişdir. Qeyd olunan kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********599900 nömrəli və xx.xx.2021-ci il tarixli **********008200 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubları göndərilmiş və məktublarda qeyd olunan müddətdə kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş vergi bəyannaməsinin, əsaslandırılmış yazılı izahatın və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim edilməsi tələb edilmişdir. Lakin vergi ödəyicisi tərəfindən kənarlaşmalar aradan qaldırılmaqla dəqiqləşdirilmiş vergi bəyannaməsi və zəruri sənədlər təqdim edilmədiyinə görə kameral vergi yoxlaması ilə 2020-ci ilin mənfəət vergisi bəyannaməsində xərclər üzrə 425636,99 manat azaldılmaqla və gəlirlər üzrə 129460,56 manat artırılmaqla 111019,51 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2022-ci il tarixli **********432000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Hazırkı halda vergi ödəyicisi tərəfindən 425636,99 manat xərci təsdiq edəcək sənədlər təqdim edilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etirazın dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022ci il tarixli, **********432000 saylı qərarın surətindən görünür ki, 2020-ci il vergi dövrü üzrə kameral yoxlama nəticəsində əlavə hesablanmış mənfəət vergisi məbləği 111.019,51 manat təşkil etmişdir; Məhkəmə bildirir ki, mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üstüstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir; 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz; 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir; 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir; 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Məhkəmə cavabdeh inzibati orqanın xx.xx.2022-ci il tarixli, **********432000 saylı qərarına münasibətdə qeyd edir ki, qərar maddi-hüquqi baxımdan da qanuni olmuş, qəbul edildiyi dövrdə qüvvədə olan hüquq normalarının tələbləri inzibati orqan tərəfindən gözlənilmişdir. Mənfəət vergisinin hesablanmasının hüquqi əsasları Azərbaycan Respublikası Vergi Məcəlləsinin 104.1, 105.1, 108, 129, 130.1 və 130.2-ci maddələrində, habelə iddiaçının müvafiq mühasibatlıq sənədlərinin uçotunun aparılması vəzifəsi 16.1.3, 16.1.7 və 16.1.9cu maddələrində müəyyən edilmişdir. Həmin müddəaların ümumiləşdirilmiş mənasına görə, vergi ödəyicisinin mənfəət vergisinin hesablanması üçün ilk olaraq onun mənfəəti müəyyən edilməlidir. Mənfəət isə gəlirdən çıxılan xərc arasındakı fərqdir. Beləliklə, mənfəət vergisinin hesablanması üçün zəruri olan şərtlər kimi gəlirlər və xərclər dəqiq müəyyən edilməlidir. Bunun üçün isə vergi ödəyicisi müəyyən edilmiş qaydada mühasibatlıq sənədlərinin uçotunu düzgün aparmalıdır, çünki onlara əsasən əldə etdiyi gəlirlər və onların əldə edilməsi ilə bağlı çəkdiyi xərclər hesablanmalıdır. Gəlirlərlə xərclər arasında fərq müsbət olduqda, alınmış məbləğ vergi ödəyicisinin mənfəətini təşkil edir ki, ondan 20 faiz dərəcə ilə mənfəət vergisi hesablanmalıdır. İşin hallarına görə, cavabdeh tərəfindən əlavə mənfəət vergisinin hesablanması üçün əsas iddiaçı 2020-ci il üzrə əlavə dəyər vergisi bəyannamələri və mənfəət vergisi bəyannaməsi arasında 129460,56 manat dövriyyə fərqi müəyyən edilməsi, eyni zamanda, 425636,99 manat sənədlərlə təsdiqini tapmayan xərclərin müəyyən edilməsi olmuşdur. Nəticədə 111.019,51 ((129.460,56+425.636,99)x20%) manat əlavə mənfəət vergisi hesablanmışdır. Məhkəmə icraatı zamanı 425636,99 manat xərci təsdiq edəcək sənədlər iddiaçı tərəfindən təqdim edilməmiş, 2020-ci il üzrə əlavə dəyər vergisi bəyannamələri və mənfəət vergisi bəyannaməsi arasında 129460,56 manat dövriyyə fərqinə dair izah verilməmiş, bu barədə hər hansı dəlil iddia ərizəsində irəli sürülməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş e-qaimələr ümumilikdə 816.516,00 manat olmaqla 2020-ci il ərzində əldə edilmiş e-qaimələr üzrə hesablanmış 4.429.528,08 manat məbləğə daxil olmaqla vergi orqanı tərəfindən nəzərə alınmışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 67.1-ci maddəsinə əsasən, bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. Beləliklə, məhkəmə iş üzrə təqdim еdilmiş sübutlаrı məcmu hаlındа qiymətləndirərək hеsаb еdir ki, İPM-in 14.1-ci maddəsinin tələbləri baxımından, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etdiyindən, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası təmin еdilməməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar