Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-6505/2025 16.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi ilə, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinə (üçüncü şəxslər X14 və digərləri) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 və uşaqları X2, X7, X3 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə X12, X15, X18 və X16 zəruri cəlbetmə qaydaında üçüncü şəxs qismində hazırkı inzibati məhkəmə icraatına cəlb edilmişlər. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətindədir. Sözügedən mənzildə ailə üzvləri ilə birlikdə yaşamışdır. Keçmiş gəlini X12 öz uşaqları ilə, yəni X15, X19, X16 ilə birlikdə hazırda sözügedən mənzildə qeydiyyatda olsalar da, həmin mənzillə heç bir əlaqələri yoxdur, oğlu Nadir Qəribovla olan nigahları pozulduqdan sonra həmin mənzildə yaşamır. Belə ki, oğlu X4 və X12 2009-cu ildə rəsmi nikaha daxil olmuşlar və İddiaçı məxsus olan həmin mənzildə yaşamağa başlamışlar. Tərəflərin birgə nikahından 3 övladları dünyaya gəlmişdir. Lakin Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(006)-1915/2022 saylı qətnaməsi ilə tərəflər arasında nikahın pozulması qət edilmişdir. Qüvvədə olan qanunvericiliyə əsasən X12 ailə üzvü hesab olunmur. Bundan əlavə, tərəflər arasında nikah pozuduqdan sonra o öz iradəsi ilə mənzili tərk etmiş və artıq 2 ildən çoxdur ki, həmin mənzildə yaşamır. Odur ki, X1 istifadə hüququna xitam verilməsi tələbi ilə Nəsimi rayon Məhkəməsinə müraciət etmiş, Nəsimi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)- 4255/2024 saylı qərardadı ilə cavabdehlərin ümumiyyətlə istifadə hüququnun yaranmadığına görə həmin hüququn xitamı ilə bağlı iddia tələbi mümkünsüz hesab edilmişdir. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirk edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək, onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia üçüncü şəxslərin qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia həm də əsaslıdır. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 251A ünvanında yerləşən 125 nömrəli mənzil iddiaçının mülkiyyətindədir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, ünvan 1 ünvanında X15, xx.xx.2010; X18, xx.xx.2019; X20, xx.xx.1992; X4, xx.xx.1985; X16, xx.xx.2012 qeydiyyatdadırlar. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)-1915/2022 nömrəli qətnaməsindən görünür ki, X4 ilə X17 arasında xx.xx.2009-cu il tarixdə Bakı Nikah Evində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 3733 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, xx.xx.2010-cu il təvəllüdlü X15, xx.xx.2012ci il təvəllüdlü X16 və xx.xx.2019-cu təvəllüdlü X7 anaları X5 yanında qalmaları müəyyən edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-4255/2024 nömrəli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər X6, X8, X13 və X9 qarşı “mənzildən istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin öz uşaqları X15, X18 və X16 ilə birlikdə iddiaçıya məxsus Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 251A ünvanında yerləşən 125 nömrəli mənzilə olan istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, məhkəmənin həmin qətnaməsi ilə ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdeh X6 qarşı “mənzildən istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair iddiası, habelə qarşılıqlı iddia üzrə iddiaçı X1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiası təmin edilməmişdir. Məhkəmə qətnamədə göstərmişdir ki, “...Məhkəmə hesab edir ki, iş materialları əsasında X11 Nadirlə nikaha daxil olduğu xx.xx.2009-cu il tarixdə mübahisə predmeti olan mənzilin Qəribov Nadirin atasının (İddiaçı əri) deyil, başqa şəxsin mülkiyyətində olması müəyyən edildiyindən, Müslümova Ülkərin nikaha daxil olduqdan sonrakı müəyyən müddət ərzində həmin mənzildə deyil, başqa mənzildə yaşaması faktı mübahisəsizdir (bu faktı onun vəkili-nümayəndəsi xx.xx.2024-cü il tarixli məhkəmə iclasında verdiyi izahatla da təsdiqləmişdir). ...Müslümova Ülkər mübahisə predmeti olan mənzilin mülkiyyətçilərinə münasibətdə heç vaxt “digər qohumlar” kateqoriyasına aid olmamış, çünki o, mənzilin əvvəlki mülkiyyətçisi olmuş qayınatası və hazırkı mülkiyyətçisi olan qayınanasından özünün saxlanılmasını tələb etmək hüququna malik olmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, Müslümova Ülkərin mübahisə predmeti olan mənzildən istifadə hüququ yaranmamışdır. Demək, Müslümova Ülkərin hazırda İddiaçı mülkiyyətində olan mənzildən istifadə hüququ yaranmadığından, mövcud olmayan hüquqa xitam verilməsi barədə ilkin iddia tələbi təmin edilməməlidir. Çünki bir daha qeyd olunur ki, onun həmin mənzildən istifadə hüququ heç vaxt olmamışdır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, ilkin iddia tələbi təmin edilməməlidir. Qarşılıqlı iddia tələbi ilə əlaqədar qeyd edilməlidir ki, Müslümova Ülkər özü və yetkinlik yaşına çatmayan övladlarının qanuni nümayəndəsi kimi İddiaçı qarşı qarşılıqlı iddia tələbi irəli sürərək, mübahisə predmeti olan mənzildə istifadə hüquqlarının olması səbəbindən özünün və uşaqlarının həmin mənzilə köçürülməsini tələb etsə də, yuxarıda da qeyd edildiyi kimi, məhkəmə Müslümova Ülkərin mübahisə predmeti olan mənzildə istifadə hüququnun olmadığı qənaətinə gəlmişdir. xx.xx.2010-cu il təvəllüdlü Qəribov Əhməd, xx.xx.2012-ci il təvəllüdlü Qəribov Yusif və xx.xx.2019-cu il təvəllüdlü Qəribov Uğura münasibətdə isə qeyd edilməlidir ki, onlar mübahisə predmeti olan mənzil babalarının mülkiyyətində olan zaman və babalarının ailə üzvü siyahısına aid olan ataları ilə birgə həmin mənzildə yaşadıqları müddətdə “digər qohumlar” kateqoriyasına aid olan nəvələr kimi həmin mənzildən istifadə hüququna malik olsalar da, qanuni qüvvəsini almış xx.xx.2022-ci il tarixli məhkəmə qətnaməsi ilə onların analarının yanında qalması müəyyən edildiyindən, ən geci nikahın pozulması haqqında şəhadətnamə əldə edildiyi gün onlar mübahisə predmeti olan mənzilə istifadə hüquqlarını itirmişlər. Çünki mənzilin mülkiyyətçisinin yalnız onunla birlikdə yaşayan ailə üzvləri və dairəsi müvafiq qərarla dəqiq müəyyən edilmiş digər qohumlar həmin mənzildən istifadə hüququna malik olur. Hazırkı işdən müəyyən edilir ki, mənzilin mülkiyyətçisi olan nənənin uşaqlara münasibətdə onları saxlamaq kimi bir vəzifəsinin müəyyən edilməsinə dair məhkəmə qətnaməsi yoxdur, çünki bu vəzifə məhkəmə qətnaməsi ilə onların atasına həvalə edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü Qəribov Əhməd, xx.xx.2012-ci il təvəllüdlü Qəribov Yusif və xx.xx.2019-cu il təvəllüdlü Qəribov Uğurun yaşayış yeri valideyni Müslümova Ülkərin yaşayış yeri hesab edildiyindən (məhkəmə qətnaməsinə görə) edildiyindən, məhkəmə uşaqların da həmin mənzildən istifadə hüququ olmadığı qənaətinə gəlir.” İddiaçı hazırda qeyd olunanlara istinadən mülkiyyətində olan həmin mənzilə qeydiyyata alınmış üçüncü şəxslərin ona məxsus mənzildə yaşamadığına və hüququnun olmadığına istinad edərək, həmin şəxslərin 125 saylı mənzildən qeydiyyatdan çıxarılmasını xahiş edir. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi, qanunverici şəxsin qeydiyyatdan çıxarılması üçün əsasların siyahısını konkret olaraq müəyyən etmişdir. Bu əsaslardan biri də şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Lakin əgər şəxsin həmin yaşayış sahəsinə istifadə hüququ yoxdursa, aydındır ki, istifadə hüququna xitam verilmə barədə qətnamə, şəxs həmin yaşayış sahəsində yaşamırsa, onun yaşayış sahəsindən çıxarılmasına dair qətnamə mövcud olmayacaqdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumununun 24 sentyabr 2020-ci il tarixli qərarı ilə qərara alınmışdır ki:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Həmin qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir... Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir... Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun “şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində yaşayış sahəsinə hər hansı əmlak hüquqları əldə etməyən şəxslərin vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanının birmənalı şəkildə nəzərdə tutulmaması həmin qanunvericilik normasının hüquqi müəyyənlik prinsipinin tələblərinə cavab vermədiyini göstərməklə yanaşı, Konstitusiyanın 149-cu maddəsinin İ hissəsi ilə də uzlaşmır. Konstitusiyanın qeyd olunan maddəsinə görə, normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır.” Beləliklə, Konstitusiya Məhkəməsinin bu qərarına istinad edərək məhkəmə qeyd edir ki, mülkiyyətçinin ərizəsi ilə digər şəxsin qeydiyyatdan çıxarılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1. şəxs həmin yaşayış sahəsinə hər hansı əmlak hüququ əldə etməməlidir; 2. şəxs həmin yaşayış sahəsində faktiki olaraq yaşamamalıdır. İşin yuxarıda istinad olunan hallarından görünür ki, üçüncü şəxslərin mübahisəli yaşayış sahəsində yaşamaması, habelə həmin mənzilə istifadə hüquqlarının olmaması qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə öz təsdiqini tapmışdır. Deməli, mülkiyyətçi olan iddiaçı tərəfindən üçüncü şəxslərin 125 saylı mənzildən qeydiyyatdan çıxarılması üçün tələb olunan bütün şərtlər hazırkı işdə mövcuddur. Buna görə də iddia təmin edilməlidir. Məhkəmə onu da qeyd edir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunsun. Üçüncü şəxslər xx.xx.1992-ci il təvəllüdlü X10, xx.xx.2010-cu il təvəllüdlü X2, xx.xx.2019-cu il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllülü X3 ünvan 2 ünvanında yerləşən 125 nömrəli mənzil üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Səlma Salahova