Məhkəmə qərarları › İş №e-2-1(112)-6507/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-6507/2025

02.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-6507/2025 02.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşı “ona məxsus ünvan 1 ünvanında yerləşən, tərəfindən tikilmiş ümumi sahəsi 37.8 kv.m-dən ibarət olan əmlaka qəbul aktının verilməsi” barədə iddia tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ Mübahisənin predmeti İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı “ona məxsus ünvan 1 ünvanında yerləşən, tərəfindən tikilmiş ümumi sahəsi 37.8 kv.m-dən ibarət olan əmlaka qəbul aktının verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin əsl cavabdeh Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsini ilə əvəz edilməsi”ni xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəqiqləşdirilməsi barədə ərizə məhkəmə icraatına qəbul edilərək, İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 1990-cı illərdə Bakı şəhəri, S.Rəhimov küç, ev 167, mənzil 21 üzrə əmlak satın almışdır. Bir müddət sonra, hamam olmadığından öz vəsaiti hesabına mənzilinin həyatında özü üçün ümumi sahəsi 37.8 kv.m olan hamam tiktirmiş və 30 ilə yaxın müddətdir ki, fasiləsiz və maneəsiz bu əmlakdan istifadə edir. Bir müddət öncə, sözügedən əmlakı sənədləşdirmək istədi və qəbul aktı almaq üçün Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ümumi sahəsi 37.8 kv.m olan sahəsi üçün qəbul aktın verilməsi üçün müraciət etdi, lakin 2-3 ay keçməsinə baxmayaraq, bu günədək cavab verilməyib. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cаvаbdеh məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, iddiaçı tərəfindən hamam olaraq inşa edilmiş tikili əslində yardımçı tikililərdir ki, bu tikililərin istismarı üçün icazə tələb olunmur. Belə ola halda, əgər həmin tikilinin altında yerləşən torpaq sahəsinə dair iddiaçının adına müvafiq hüquqmüəyyənedici sənəd həmin tikilinin inşası ilə bağlı məlumatlandırma icraatı qaydasında yerli icra hakimiyyəti orqanına müraciət olunur. Qanunvericiliyin bununla bağlı imperativ tələbindən çıxış edərək bəyan edirik ki, tikintisinə icazə tələb olunmayan və barəsində məlumatlandırma icraatı tətbiq olunan tikinti obyektlərinin istismarına icazə tələb olunmur. Başqa sözlə desək, istismarına icazə tələb olunan tikinti obyektinə isə tikili inşa edilməzdən öncə tikintiyə icazə icraatı tətbiq olunmalıdır. Lakin, işin həqiqi halı onu deməyə əsas verir ki, iddiaçı ona aid olmayan torpaq sahəsində inşa etdirdiyi tikinti obkyektinə (hamam) istismara icazə tələb edirsə, deməli həmin tikinti obyekti iddiaçının qeyd etdiyi kimi hamam deyil. Əslində həmin tikili, tikintisinə müvafiq qaydada icazə alınmadan qeyri-yaşayış məqsədləri üçün (sahibkarlıq) qanunsuz yolla inşa edilmiş obyektidir. Çünki, normalda bir evdə 37,8 m2 ölçüdə hamam üçün yer nəzərdə tutula bilməz. Belə olan halda həmin tikilinin inşası ilə bağlı AR Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsindən irəli gələrək icazə icraatı həyata keçirilməli və müvafiq sənədlər aidiyyatı dövlət qurumuna təqdim edilməli idi.Yalnız bundan sonra tikinti obyektinin istismarına icazəsəyə dair müraciət oluna bilərdi. Beləliklə, Qanunvericiliyin qeyd olunan tələblərindən çıxış edərək bir daha bildiririk ki, yalnız tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə tələb oluna bilər. Əks halda tikinti obyektinin istismarına icazə nəzərdə tutulmur. Onu da xüsusi qeyd edirik ki, tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciət zamanı sifarişi tərəfindən müvafiq icra hakimiyyəti orqanına tikintiyə dair sənədlər təqdim edilir ki, həmin sənədlərin siyahısı “Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 sentyabr 2016-cı il tarixli 309 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İddianın növü və mümkünlüyü Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətdən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin - 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: - 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur; Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və iddiaçının yaşayış yerinin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir, onun qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Belə ki, iddia düzgün cavabdehə qarşı qaldırılmış, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabını almışdır, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında işitrak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək, hеsаb еdir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. ƏSASLANDİRMA HİSSƏSİ Tədqiq edilmiş sənədlər ********** qeydiyyat nömrəli xx.xx.2024-cü il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, ev 167, 21 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına dövlət qeydiyyatına alınmışdır. Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, ev 167, mənzil 21-də mövcud vəziyyətə uyğun ölçü cizgisi DLİ “Azərdövlətsənayelayihə” tərəfindən tərtib edilmişdir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin İddiaçı ünvanladığı 29 noyabr 2024-cü il tarixli 3-35-1/2-A- 24xx-xx-2435/2024 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 24.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında aparılır və həmin məcəllənin 26.1-ci maddəsinə əsasən yenidən planlaşdırılmasının baş çatması razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyasının aktı ilə təsdiqlənir. Müraciətdə qeyd edilən məsələnin həlli Baş İdarənin səlahiyyətlərinə aid edilməmişdir. Cavabdeh tərəfindən məhkəməyə inzibati icraat materialları təqdim edilmişdir. Məhkəmənin mövqeyi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən: Maddə 1. Şəhərsalma və tikinti qanunvericiliyinin təyinatı Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir. Maddə 3. Bu Məcəllədə istifadə olunan əsas anlayışlar 3.0. Bu Məcəllədə aşağıdakı əsas anlayışlardan istifadə olunur: 3.0.10. tikinti obyektləri – tikinti fəaliyyəti prosesində yaradılan və ya yaradılmış bina və ya qurğular; Maddə 57. Tikinti obyektinə dair tələblər 57.2. Tikinti obyekti aşağıdakı tələblərə uyğun layihələndirilməli və tikilməlidir: 57.2.1. yanğın təhlükəsizliyi baxımından etibarlı və yanğına qarşı davamlı olmalıdır; 57.2.2. sanitariya-gigiyena norma və qaydalarına uyğun olmalı, sağlam və təhlükəsiz yaşayış mühitinin formalaşdırılmasına xidmət etməlidir; 57.2.3. istismar zamanı təhlükəsizlik baxımından etibarlı olmalı, istifadəçilər üçün arzuolunmaz risklərin meydana çıxmasına və ya bədbəxt hadisələrə (yıxılmaya, sürüşməyə, yanmaya, elektrik cərəyanının vurmasına və sairəyə) zəmin yaratmamalıdır; 57.2.4. səs-küyün və vibrasiya təsirlərinin insan sağlamlığına təhlükə törətməyən həddi keçməməsini təmin etməlidir; 57.2.5. istilik təchizatı, havalandırma, təbii və süni işıqlandırma, akustika (səs izolyasiyası və otaqların akustikası) tələblərinə uyğun olmalıdır; 57.2.6. enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi ilə bağlı tələblərə uyğun olmalıdır; 57.2.7. əlilliyi olan şəxslərin və hərəkət imkanları məhdud digər şəxslərin infrastrukturlardan sərbəst istifadə etməsi üçün ağlabatan uyğunlaşma təmin edilməlidir (xüsusən də ümumi istifadə üçün nəzərdə tutulmuş tikinti obyektlərində); 57.2.8. tikintinin layihə sənədlərində layihədən əvvəlki və sonrakı dövrlərdə ərazidəki yaşıllıqların vəziyyətini göstərən məlumatlar tam və dürüst əks edilməli, yaşıllıqların salınması mütləq həmin yaşayış məntəqəsinin yaşıllıqla təmin edilməsi normasına uyğun olmalıdır. Maddə 74. Tikintisinə icazə tələb olunan tikinti obyektləri 74.1. Bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. 74.2. Bu Məcəllənin 74.1-ci maddəsində nəzərdə tutulmuş qayda tikinti obyektlərinin sökülməsinə də şamil edilir. Maddə 75. Tikintiyə icazə verilməsinin ümumi qaydaları 75.1. Barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. 75.2. Sifarişçi tikintiyə icazə almaq üçün müraciət etməzdən əvvəl tikinti aparmaq istədiyi ərazidə aparılacaq tikintinin icazə verilən parametrlərini (ərazinin tikinti əmsalı, ərazinin tikinti sıxlığı əmsalı, tikinti obyektlərinin hündürlüyü və s.) öyrənmək məqsədi ilə obyektin təyinatını göstərməklə, müvafiq icra hakimiyyəti orqanına (quruma) sorğu ilə müraciət edə bilər. Həmin müraciətə 10 gün müddətində əsaslandırılmış cavab verilməlidir. (...) 75.8. Müvafiq icra hakimiyyəti orqanı (qurum), layihəsinin ekspertizadan keçirilməsi tələb olunmayan tikintiyə dair ərizəyə aidiyyəti qurumlardan daxil olmuş rəyləri nəzərə almaqla 15 iş günü müddətində baxır və tikintiyə icazə verir və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Maddə 79. Tikintisinə icazə tələb olunmayan tikinti obyektləri 79.1. Mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində aşağıdakı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur: 79.1.1. hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin; 79.1.2. xüsusi mülkiyyətdə olan torpaq sahələrində həcmi ən çoxu 60 kubmetr və dərinliyi ən çoxu 5 metr olan quyuların (kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilənlər istisna olmaqla), yeraltı su və çirkab su anbarlarının (rezervuarların), habelə həcmi ən çoxu 200 kubmetr olan hovuzların; 79.1.3. hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla); 79.1.4. hündürlüyü ən çoxu 8 metr olan enerji və ya işıqlandırma dirəklərinin, antena qüllələrinin və ya tutumu ən çoxu 10 kubmetr olan su çənləri qüllələrinin; 79.1.5. bu Məcəllənin 81.1-ci maddəsində nəzərdə tutulmuş ölçülərdən az olan reklam qurğularının, habelə kiçik memarlıq formalarının (köşklər, örtüklər və buna bənzər digər obyektlərin), açıq idman və ya oyun meydançalarının, açıq avtomobil dayanacaqlarının; 79.1.6. tutumu 100 nəfərə qədər olan müvəqqəti tikililərin (kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilənlər istisna olmaqla); 79.1.7. fasadının mövcud qabaritləri dəyişdirilmədən təmir edilən tikinti obyektlərinin; 79.1.8. təmir edilən yol və ya mühəndis-kommunikasiya təminatı xətlərinin; 79.1.9. bu Məcəllənin 70.2-ci maddəsinin tələblərinə əməl edilməklə, yaşayış evlərinin həyətyanı sahələrində hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 100 kvadratmetr olan yardımçı tikililərin; 79.1.10. hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 300 kvadratmetr olan istixanaların (kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilənlər istisna olmaqla) və oranjereyaların; 79.1.11. mövcud tikinti obyektinin torpaq sahəsində (tikinti sahəsi istisna olmaqla), yaxud fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində elektrik mühərrikli nəqliyyat vasitələri üçün yerləşdirilən elektrik enerjisi doldurucularının. 79.2. Bu Məcəllənin 79.1.1, 79.1.2 və 79.1.9-cu maddələrində nəzərdə tutulan ölçülərin hədlərini keçən obyektlərin tikintisinə məlumatlandırma icraatı şamil olunur. Maddə 80. Məlumatlandırma icraatı 80.1. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. 80.4. Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi məlumata əlavə edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. Maddə 101. Tikinti obyektinin istismarına icazənin məqsədi 101.1. Tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. Maddə 102. Tikinti obyektinin istismarına icazə verilməsi 102.1. Tikintisinə icazə tələb edilən tikinti obyektinin (reklam qurğuları istisna olmaqla) istismarına icazə verilməsi üçün müraciətə sifarişçi tərəfindən bu Məcəllənin 102.1-2-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqdim edilmiş aşağıdakı sənədlər əlavə edilir: 102.1.1. tikinti sənədləri; 102.1.2. şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş hallarda obyektin istismara verilməsindən əvvəl tikintinin, onun hissələrinin və ya mühəndiskommunikasiya təminatı sistemlərinin istismara hazırlığının yoxlanıldığını təsdiq edən sənədlər. 102.1-2. Bu Məcəllənin 102.1-ci maddəsində nəzərdə tutulmuş sənədlərin X1 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər sifarişçidən tələb edilmir. Belə sənədlərin X1 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi sifarişçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət qurumundan tələb olunur və ya sifarişçi tərəfindən təmin edilir. 102.2. Obyekt şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi halda müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tərəfindən tikinti obyektinin istismarına icazə verilir. İstismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir. 102.3. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum istismara icazə verməzdən əvvəl tikintinin və ya onun hissələrinin ekspertizadan keçirilməsinə dair ekspertiza müəssisəsinə müraciət edə bilər. Bu müraciət tikintinin təhlükəsizliyi baxımından əsaslandırılmış olmalıdır. Obyektin şəhərsalma və tikintiyə dair normativ sənədləri ilə müəyyən edilmiş tələblərə uyğunluğunun əlavə olaraq yoxlanılması üçün tikintinin və ya onun hissələrinin ekspertizadan keçirilməsinə çəkilən xərclər uyğunluğun təsbit edildiyi hallarda müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən ödənilir. Maddə 103. Tikinti obyektinin istismarına icazədə nəzərdə tutulan məlumatlar 103.1. Tikinti obyektinin istismarına icazədə aşağıdakı məlumatlar nəzərdə tutulur: 103.1.1. tikinti obyektinin ünvanı və onun döngə nöqtələrinin koordinatları; 103.1.2. tikinti obyektinin istismarına icazə verən orqanın (qurumun) adı və ünvanı, eləcə də həmin orqanın vəzifəli şəxsinin adı, soyadı, vəzifəsi və imzası; 103.1.3. tikinti obyektinin istismarına icazənin verildiyi tarix və icazənin nömrəsi; 103.1.4. tikinti obyektinin istismar təyinatı; 103.1.5. tikinti obyektinin əsas texniki göstəriciləri; 103.1.6. Tikintilərin Dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən: Maddə 12. Mənzil hüququnun obyektləri 12.1. Yaşayış sahələri mənzil hüququnun obyektidir. 12.2. Yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra – tələblərə) cavab verən) ayrıca sahə başa düşülür. 12.3. Sahənin yaşayış sahəsi hesab edilməsi qaydası və onun cavab verməli olduğu tələblər bu Məcəlləyə və digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilir. 12.4. Qanunla müəyyən edilmiş qaydada və əsaslarla yaşayış sahəsi yaşamaq üçün yararsız hesab edilə bilər. 12 maddə Maddə 13. Yaşayış sahələrinin növləri 13.1. Yaşayış sahələrinə aşağıdakılar aiddir: 13.1.1. yaşayış evi, yaşayış evinin hissəsi; 13.1.2. mənzil, mənzilin hissəsi; 13.1.3. otaq; 13.1.4. bu Məcəllənin 13.5-ci maddəsində nəzərdə tutulmuş yerləşmə vasitələri.[3] 13.2. Otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. 13.3. Bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahəsi mənzil hesab edilir. 13.4. Yaşayış evinin və ya mənzilin bilavasitə yaşamaq üçün nəzərdə tutulmuş ayrıca hissəsi otaq hesab edilir. 13.5. Mehmanxanalar, siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən mehmanxana tipli obyektlər və müvəqqəti yaşayış üçün nəzərdə tutulmuş digər tikinti obyektləri yerləşmə vasitələri hesab edilir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 mart tarixli 597 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi haqqında Əsasnamədə göstərilir: 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Baş İdarənin vəzifələri aşağıdakılardır: 3.1.16. Bakı şəhərinin inzibati ərazisində tikinti obyektinin tikintisinə və istismarına icazə vermək, habelə bununla bağı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq hüquqi hərəkətləri yerinə yetirmək; 3.1.17. tikinti obyektlərinin sifarişçilərinin sorğuları əsasında tikintiyə icazə üçün müraciət etməzdən əvvəl tikinti aparmaq istədiyi ərazidə aparılacaq tikintinin icazə verilən parametrlərini (ərazinin tikinti əmsalı, ərazinin tikinti sıxlığı əmsalı, tikinti obyektlərinin hündürlüyü və s.) obyektin təyinatını göstərməklə təqdim etmək;3.1.18. fəaliyyət istiqamətlərinə uyğun olaraq, qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. İddia ərizəsindən görünür ki, iddiaçının iddia tələbi ona məxsus ünvan 1 ünvanında yerləşən, tərəfindən tikilmiş ümumi sahəsi 37.8 kv.m-dən ibarət olan əmlaka qəbul aktının verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsindən ibarətdir. İddiaçının iddiasının əsasını o təşkil edir ki, mülkiyyətində olan əmlakda 37,8 kv.m hamam tikdirmiş və uzun müddətdir istifadə edir. Qanunvericiliyin tələblərinə əsasən tikinti işlərinin aparılması üçün torpaq sahəsi üzərində müvafiq hüquq (mülkiyyət, icarə və.s) olmalı və tikinti işlərinə başlamazdan əvvəl qanunla müəyyən edilmiş qaydada yerli icra hakimiyyəti orqanına məlumatlandırma icraatı həyata keçirilməlidir. Bu prosedura riayət edilmədən aparılmış tikinti işləri qanunsuz hesab edilir və həmin tikiliyə dair qəbul aktının verilməsi üçün hüquqi əsas yaratmır. İş materiallarından müəyyən olunur ki, iddiaçı tərəfindən hamam kimi inşa edilmiş tikili əslində yardımçı tikili xarakteri daşıyır və həmin tikilinin yerləşdiyi torpaq sahəsi üzrə iddiaçının adına hüquqmüəyyənedici sənəd mövcud deyildir. Həmçinin tikintinin aparılması ilə bağlı yerli icra hakimiyyəti orqanına qanunvericiliklə nəzərdə tutulmuş qaydada müraciət edilməmişdir. İnzibati icraatın predmeti isə inzibati orqanın hərəkət və ya hərəkətsizliyinin qanuniliyinin yoxlanılmasıdır. Bu halda cavabdeh inzibati orqanın iddiaçının hüquqlarını pozan hər hansı qanunsuz hərəkəti və ya əsassız imtinası sübuta yetirilməmişdir. Əksinə, qəbul aktının verilməsi üçün zəruri hüquqi şərtlər mövcud olmadığından cavabdehin mövqeyi qanunvericiliyin tələblərinə uyğundur. Beləliklə, iddiaçının özbaşına inşa edilmiş tikiliyə dair qəbul aktının verilməsi tələbi qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olmadığından, cavabdehin üzərinə belə vəzifənin həvalə edilməsi üçün hüquqi əsas müəyyən edilmir Odur ki, cavabdehin iddiaçıya münasibətdə hər hansı bir qanunsuz hərəkət etməsi ilə iddiaçının hüquqlarının pozulması inzibati məhkəmə icraatının gedişi zamanı təsdiq edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar - 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; - 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Maddə 11. Qanunçuluq prinsipi - 11.1. inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdeh Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşı “ona məxsus ünvan 1 ünvanında yerləşən, tərəfindən tikilmiş ümumi sahəsi 37.8 kv.m-dən ibarət olan əmlaka qəbul aktının verilməsi” barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. NƏTİCƏVİ HİSSƏ Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 85 və 110-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar