Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-6508/2025 11.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X4 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X4 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iddia tələbi “Bakı şəhəri, Binəqədi rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 800 kv.m torpaq sahəsinin üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” formasında icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X4 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən fərdi yaşayış evinin 08/08 nömrəli, 29 yanvar 1988-ci il tarixli qeydiyyat vəsiqəsinin yenilənməsinə köməklik göstərilməsini xahiş etmişdir. Cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X4n 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-A-10xx-xx/2024 **********32 nömrəli məktubla cavab olaraq bildirmişdir ki, “Qeyd olunan məsələ ilə bağlımüraciətinizə **********27 nömrəli, xx.xx.2022-ci il tarixliməktubla cavab verilmişdir.” Cavabdehin xx.xx.2022-ci il tarixli, **********27 nömrəli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişində qeyd olunmuşdur ki, “Tərəfinizdən təqdim edilən fərdi yaşayış evinə dair qeydiyyat vəsiqəsi və texniki pasport barədə İdarənin arxivində məlumat aşkar olunmamışdır. Elektron kadastr məlumatlarına əsasən texniki pasportda qeyd edilən torpaq sahəsi ilə faktiki sahə arasında perimetrik ölçü fərqi mövcuddur. Həmçinin, texniki baxış keçirilən zaman təqdim etdiyiniz qeydiyyat vəsiqəsində göstərilən fərdi yaşayış evinin söküldüyü müəyyən edilmişdir.” Bildirilir ki, qeyd edilən ünvanda yerləşən fərdi yaşayış evi sökülməmişdir, mühəndis tərəfindən yenidən torpaq sahəsinə texniki baxış keçirilməlidir. Evin görüntüsünü əks etdirən fotoşəkillər ərizəyə əlavə edilir. Bundan başqa, perimetrik ölçülərdəki fərqin konkret nədə ifadə olunduğunu cavabdeh bildirişində qeyd etməmişdir. İddiaçı qanuni mülkiyyətində olan əmlaka texniki pasportda qeyd edilən ölçüdə mülkiyyət hüququnun qeydiyyatı haqqında sənədin əldə edilməsini tələb edir. İddiaçı həmin yaşayış evini xx.xx.1992-ci il tarixdə notarial qaydada təsdiqlənmiş müqaviləyə əsasən almışdır. Evin altındakı torpaq sahəsinin ölçüləri texniki pasportda qeyd edildiyi kimi 800 kv.m, bir otaqlı evin ölçüsü 24 kv.m təşkil edir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı qeyd edilən məsələyə dair xx.xx.2022-ci il tarixli, ********** nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2022-ci il tarixli, **********27 xaricolma nömrəli məktubla cavab verilmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, iddiaçı tərəfindən idarəyə təqdim edilən fərdi yaşayış evinə dair qeydiyyat vəsiqəsi və texniki pasport barədə İdarənin arxivində məlumat aşkar olunmamışdır. Elektron kadastr məlumatlarına əsasən texniki pasportda qeyd edilən torpaq sahəsi ilə faktiki sahə arasında perimetrik ölçü fərqi mövcuddur. Həmçinin, texniki baxış keçirilən zaman təqdim edilən qeydiyyat vəsiqəsində göstərilən fərdi yaşayış evinin söküldüyü müəyyən edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Fərdi yaşayış evinə dair tərtib olunmuş 1992-ci ilə aid texniki pasportdan görünür ki, Bakı şəhəri, Aşağı Güzdək qəsəbəsində yerləşən fərdi yaşayış evinin ölçüləri 24 kv.m, torpaq sahəsinin ölçüləri isə 800 kv.m təşkil edir. Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Aşağı Güzdək qəsəbəsində yerləşən 1 yaşayış otaqlı, sahəsi 24 kv.m olan yaşayış evi şəxsi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. İmtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, iddiaçı tərəfindən idarəyə təqdim edilən fərdi yaşayış evinə dair qeydiyyat vəsiqəsi və texniki pasport barədə İdarənin arxivində məlumat aşkar olunmamışdır. Elektron kadastr məlumatlarına əsasən texniki pasportda qeyd edilən torpaq sahəsi ilə faktiki sahə arasında perimetrik ölçü fərqi mövcuddur. Həmçinin, texniki baxış keçirilən zaman təqdim edilən qeydiyyat vəsiqəsində göstərilən fərdi yaşayış evinin söküldüyü müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubu ilə müqaviləyə dair notariat işi təqdim olunmuşdur. Notariat işindən görünür ki: -Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Aşağı Güzdək qəsəbəsində yerləşən 1 yaşayış otaqlı, sahəsi 24 kv.m olan yaşayış evi şəxsi mülkiyyət hüququ əsasında X2 məxsusdur. -xx.xx.1992-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X3 mülkiyyətində olan Bakı şəhəri, Aşağı Güzdək qəsəbəsində yerləşən 1 yaşayış otaqlı, sahəsi 24 kv.m olan yaşayış evini İddiaçı satmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X4 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, İddiaçı adına Bakı şəhəri, Binəqədi rayonu, Aşağı Güzdək qəsəbəsində fərdi yaşayış evinin qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın:
1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: (-)
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; 2.2. rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; 2.3. kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (t həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar; 2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanunun:
9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Hazırkı inzibati mübahisənin mahiyyətindən də göründüyü kimi iddiaçının məqsədi, alqı-satqı müqaviləsi əsasında əldə etdiyi fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına nail olmaqdır. Cavabdeh tərəf isə qeyd olunan hüquqların tanınmasından imtina etmək üçün bir sıra əsaslara (texniki pasportun və qeydiyyat vəsiqəsinin aşkar olunmaması, texniki pasportda qeyd edilən torpaq sahəsi ilə faktiki sahə arasında perimetrik ölçü fərqinin olması və s.) istinad etmişdir ki, bu əsaslar aşağıdakı aspektlər üzrə qiymətləndirilməlidir. Əvvəla, cavabdeh qurum iddiaçının təqdim etdiyi hüquqmüəyyənedici sənədlərin, texniki pasportun və qeydiyyat vəsiqəsinin, öz arxiv bazalarında aşkar edilmədiyini, texniki pasportda göstərilən torpaq ölçüləri ilə faktiki sahə arasında perimetrik uyğunsuzluğun mövcud olduğunu, eləcə də texniki baxış zamanı həmin yaşayış evinin sökülmüş vəziyyətdə olduğunu əsas gətirmişdir. Lakin məhkəmə qeyd edir ki, müvafiq sənədlərin mövcudluğunun müəyyən edilməməsi, bu sənədlərin legitimliyinə dair birbaşa və tutarlı şübhə yaratmadığı halda, onların hüquqi qüvvəsini inkar etmək üçün yetərli əsas hesab oluna bilməz. Belə ki, adıçəkilən sənəd və ya məlumatların aşkar olunmaması iddiaçının təqsir sferasına və məsuliyyət dairəsinə aid olmamışdır. Bununla bağlı nəzərə alınmalıdır ki, iddiaçı mülki hüquqi əqd (alqı-satqı müqaviləsi) əsasında yaşayış evini X1 əldə etmiş və həmin mülkiyyət münasibətləri çərçivəsində onun adına texniki pasport və qeydiyyat vəsiqəsi rəsmiləşdirilmişdir. Notariat işində müqavilənin olması və müqavilə tərəfinin öz iradəsi ilə mülkiyyət hüququndan imtina etməsi bu sənədlərin mötəbərliyini və iddiaçının hüquqlarını təsdiq edən mühüm sübutlardır. Göründüyü kimi adıçəkilən sənədlərin İdarənin arxivində aşkar edilməməsi həmin sənədlərin mötəbərliyini şübhə altına almaq üçün əsas deyil. İddiaçı torpaq sahəsinə münasibətdə hüquqlarının qeydiyyatına dair məhkəmə bildirir ki, yuxarıda göstərilən normaların tələblərindən də göründüyü kimi üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) hüququn qeydiyyata alınması əsası qismində çıxış edir. İş materiallarında olan sənədlər əsasında isə müəyyən olunmuşdur ki, fərdi yaşayış evinə dair texniki pasport 1992-ci ildə tərtib olunmuş, həmin texniki pasportda torpaq sahəsinin 800 kv.m ölçüdə olması göstərilmiş, eyni zamanda fərdi yaşayış evinə dair iddiaçının adına qeydiyyat vəsiqəsi verilmişdir ki, bu sənəd fərdi yaşayış evinin ona məxsus olduğunu təsdiq edir. Cavabdehin digər imtina dəlilləri, yəni yaşayış evinin sökülməsi və faktiki vəziyyətlə sənədli göstəricilər arasında uyğunsuzluq olması cavabdeh tərəfindən mötəbər sübutlarla təsdiq olunmamışdır. Belə ki, cavabdeh həmin fərqlərin konkret olaraq hansı fiziki və ya hüquqi şəxsin hüquqlarına müdaxilə yaratdığını, ümumiyyətlə fərqin nədən ibarət olmasını, hər hansı fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsi halının olmasını və ya bu uyğunsuzluğun qeydiyyatdan imtinaya səbəb ola biləcəyini sübuta yetirə bilməmişdir. Bu kontekstdə məhkəmə belə qənaətə gəlir ki, cavabdeh orqanın imtina qərarı legitim gözlənti prinsipini pozmaqla yanaşı, iddiaçının qanuni əldə etdiyi mülkiyyət hüquqlarını əsassız və formal səbəblərlə məhdudlaşdırmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi hüquqların dövlət qeydiyyatına alınmasından imtina əsasları konkret olaraq təsbit edilmişdir ki, hazırkı iş üzrə həmin hallar mövcud deyil. İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 612-ci , 69-cu , 75-ci və 125-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 800 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X4 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov