Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-6535/2025 19.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, Vəkil, cavabdehin nümayəndələri X3 və X2 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra – cavabdeh) qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehin xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-380378/2024 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi daha sonra elektron formada iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh tərəfindən qəbul edilmiş 11 fevral 2025-ci il tarixli, 3-21-2-3/2-181189/2025 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı aidiyyəti üzrə vergi orqanlarında əlavə dəyər vergisinin ödəyicisi kimi xx.xx.2021-ci il tarixdə qeydiyyatdan keçmiş və ********** saylı VÖEN almışdır. İddiaçıda 2021-ci ildən hal-hazırkı dövrə qədər bir neçə dəfə vergi yoxlaması aparılmış, müəssisənin sahibkarlıq fəaliyyəti dövründə heç bir vergilərin ödənilməsindən yayınma faktları aşkarlanmamışdır. Mühasibat sənədləri Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş ciddi uçot blanklarından istifadə edilməklə vaxtlı-vaxtında aparılmışdır. Müəssisə eyni analoji iş və xidmətlərin aparılması ilə məşğul olmuş və müəssisənin fəaliyyətində heç bir vergilərin azaldılması faktı aşkarlanmamışdır. İddiaçının şəxsi hesab vərəqəsinə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli № 3-21-2-3/2-380378/2024 saylı qərarla 2024-cü ilin oktyabr ayı üçün 32346 manat ƏDV hesablanmışdır və şəxsi hesab vərəqəsinə işlənmişdir. Müəssisə tərəfindən xx.xx.2022-ci il tarixdə "xxxx" MMC (VÖEN: **********) ilə müqavilə bağlanılmış və müvafiq olaraq müqaviləyə aid proqram təminatları, internet paylanması və təhlükəsizlik xidmətləri müvafiq qaydada “X7”-na təhvil verilmişdir. Bütün əməliyyatlar vergi qanunvericiliyinə və ciddi mühasibat sənədlərinə tam riayət edilərək həyata keçirilmişdir. Müəssisəyə hesablanmış ƏDV-nin əsasında yuxarıda göstərilən MMC-nin əməliyyat apardığı tarixdən sonra, yəni xx.xx.2024-cü il tarixdə riskli vergi ödəyicisi hesab edilmişdir. İddiaçı tərəfindən həmin MMC ilə əməliyyatlar aparılarkən, yəni onlar tərəfindən elektron qaimə faktura təqdim edilərkən və müvafiq mallar alınarkən həmin MMC-nin riskli vergi ödəyicisi olması barədə iddiaçının məlumatı olmamışdır, həmçinin həmin müəssisənin riskli vergi ödəyicisi olması barədə heç bir inzibati qərar çıxarılmamışdır. Yəni iddiaçı həmin MMC ilə əməliyyat apararkən o, riskli vergi ödəyicisi siyahısında olmamışdır. Göründüyü kimi, iddiaçı tərəfindən hazırkı iş üzrə müvafiq əməliyyatlarının aparılmasına dair elektron qaimə-fakturalar tərtib edilən zaman iddiaçının əməliyyat apardığı müəssisənin riskli vergi ödəyicisi hesab olunması barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamış, cavabdeh də bununla bağlı hər hansı mübahisə açmamışdır. Belə olan halda, iddiaçı riskli vergi ödəyicisi ilə əməliyyat aparmadığına əmin olmuş, bu səbəbdən də, apardığı əməliyyatın riskli olması barədə İnternet Vergi İdarəsinin portalında ona xəbərdarlıq edilməmişdir. Təbii olaraq da, iddiaçı həmin əməliyyatlara görə tərtib etdiyi elektron qaimə fakturaları ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etmişdir. İddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etdiyi elektron qaimə fakturalar üzrə əməliyyatları həmin əməliyyatların aparıldığı tarixdə "xxxx" MMC-nin riskli vergi ödəyicisi olmayan müəssisə kimi aparmışdır. İddiaçı həmin müəssisələrin riskli vergi ödəyicisi olubolmamasını yoxlamaq imkanına malik olmuş (əməliyat aparılarkən elektron xəbardarlığın verilməməsi və riskli vergi ödəyicilərinin reystrinə daxil edilməməsi), müəssisənin əməliyyat tarixində riskli vergi ödəyicisi olmadığına əmin olmuş, vergi orqanı tərəfindən də iddiaçıya bu barədə xəbərdarlıq edilməmişdir. Yenə də, qeyd olunmalıdır ki, əməliyyatların müəssisənin riskli vergi ödəyicisi olmasından öncə aparılması işin mübahisəsiz halıdır. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz məhkəməyə təqdim edilmişdir. Etirazda göstərilmişdir ki, iddiaçı tərəfindən ƏDV bəyannamələrində əvəzləşmə üçün təqdim edilmiş EBCM seriyalı 351180 nömrəli, EBDA seriyalı 702474 nömrəli, EBCN seriyalı 807155 nömrəli, EBCM seriyalı 180018 nömrəli , EBDA seriyalı 702509 nömrəli, EBCM seriyalı 180454 nömrəli, EBCM seriyalı 351205 nömrəli və EBCM seriyalı 351219 nömrəli elektron qaimə-fakturlar üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas verməmişdir. Qeyd edilən elektron qaimə-fakturalar üzrə ümumilikdə 32346.0 manat ƏDV məbləğinin iddiaçı tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay (2024-cü ilin oktyabr ayı) üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 32346 manat kənarlaşma yaranmışdır. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********981200 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövrlər üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsi və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, iddiaçı tərəfindən uyğunsuzluq məktublarında qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannamələri təqdim olunmadığından 2024-cü ilin oktyabr ayı ƏDV bəyannaməsi üzrə 32346.0 manat əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********153600 nömrəli “Vergilərin hesablanması barədə” Qərar göndərilmişdir. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə dəqiqləşmiş bəyannamə təqdim edilmiş və cari bəyannamədə qeyd edilən vergi məbləği qeyd edilmiş, yəni hər hansı düzəliş edilməmişdir. Vergi orqanı tərəfindən müəyyən edilmiş uyğunsuzluqlar aradan qaldırılmadığından 2024-cü ilin oktyabr ayı ƏDV bəyannaməsi üzrə 32346.0 manat əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2025-ci il tarixli 3-21-2-3/2-181189/2025 nömrəli “Vergilərin hesablanması barədə” Qərar göndərilmişdir. İddiaçının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN:**********) əldə etdiyi riskli qaimələr 2022-ci il dekabr-2023 fevral aylarına aid olsa, da, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarəyə götürdüyü obyekti 2022-ci ilin noyabr ayında icarədara təhvil vermişdir və məlumatları icarədar öz imzası ilə təsdiq edərək bildirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndələri yazılı etirazı müdafiə etdilər və iddianın rədd edilməsini məhkəmədən xahiş etdilər. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2025-cü il tarixli, 3-21-2-3/2-181189/2025 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən iddiaçıya 32.346 manat əlavə vergi borcu hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki, məcəllənin 175.11-ci maddəsinə əsasən əmtəəsiz və (və ya) riskli əməliyyatlarının rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Vergi orqanı tərəfindən aşkar edilmiş əmtəəsiz əməliyyat aparılması faktına əsasən vergi orqanının müvafiq qərarı ilə riskli hesab edilən e-qaimə fakturaların əlavə edilmiş siyahıda göstərilən dövrlər üzrə ƏDV bəyannamələrində əvəzləşdirildiyi və həmin dövrlərdən sonrakı dövr ƏDV bəyannamələrinin 324-cü (“Əvəzləşdirilən əməliyyatların azaldılmasına görə ƏDV-nin bərpa edilən məbləği”) sətrində bu növ e-qaimə fakturalar üzrə əvəzləşməsi bərpa edilən ƏDV məbləği nəzərə alınmaqla, 32346 manat ƏDV məbləğinin büdcəyə bərpa adilmədiyi müəyyən edilmişdir. İddiaçı ilə “X7” arasında xx.xx.2021-ci il tarixli, 05/2021 saylı müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə əsasən iddiaçı müqavilənin ayrılmaz hissəsi olan X1 uyğun olaraq “X4 ofisində departamentlər, şöbələr və işçilər arasında 100 Mbit internetin paylanması və təhlükəsizlik siyasətinin təmin edilməsi”ni öhdəsinə götürmüşdür. İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixli, 24/11/22 saylı müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə əsasən icraçı "xxxx" MMC müqavilənin ayrılmaz hissəsi olan X1 uyğun olaraq iddiaçının sifarişlərini yerinə yetirməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əlavə edilmiş Qiymətlərin razılaşdırılma protokollarına əsasən tərəflər iddiaçının "xxxx" MMC-yə göstərilmiş xidmətlər müqabilində 48 970 manat, 23 600 manat, 21 476 manat, 23 600 manat, 27 730 manat, 33 630 manat, 10 620 manat, 43 070 manat, 28 320 manat pul məbləğinin ödənilməsinə dair razılığa gəlmişlər. Müqaviləyə əlavə edilmiş dekabr 2022-ci il tarixli Təhvil-təslim aktlarına əsasən "xxxx" MMC tərəfindən iddiaçıya müvafiq olaraq 48 970,00 manat, 23 600 manat, 21 476 manat, 23 600 manat, 27 730 manat, 33 630 manat, 10 620 manat, 43 070 manat, 28 320 manat məbləğində xidmət göstərilmişdir. EBCN seriyalı, 807155 nömrəli, xx.xx.2023-cü il tarixli e-qaimə fakturaya əsasən iddiaçı tərəfindən "xxxx" MMC-yə 10620,00 manat pul məbləği ödənilmişdir. EBCM seriyalı, 179173 nömrəli, xx.xx.2022-ci il tarixli e-qaimə fakturaya əsasən iddiaçı tərəfindən "xxxx" MMC-yə 48970,00 manat pul məbləği ödənilmişdir. EBCM seriyalı, 180018 nömrəli, xx.xx.2022-ci il tarixli e-qaimə fakturaya əsasən iddiaçı tərəfindən "xxxx" MMC-yə 23600,00 manat pul məbləği ödənilmişdir. EBCM seriyalı, 351205 nömrəli, xx.xx.2022-ci il tarixli e-qaimə fakturaya əsasən iddiaçı tərəfindən "xxxx" MMC-yə 27730,00 manat pul məbləği ödənilmişdir. EBCM seriyalı, 180454 nömrəli, xx.xx.2022-ci il tarixli e-qaimə fakturaya əsasən iddiaçı tərəfindən "xxxx" MMC-yə 21476,00 manat pul məbləği ödənilmişdir. EBCM seriyalı, 351219 nömrəli, xx.xx.2022-ci il tarixli e-qaimə fakturaya əsasən iddiaçı tərəfindən "xxxx" MMC-yə 33630,00 manat pul məbləği ödənilmişdir. EBCM seriyalı, 351180 nömrəli, xx.xx.2022-ci il tarixli e-qaimə fakturaya əsasən iddiaçı tərəfindən "xxxx" MMC-yə 23600,00 manat pul məbləği ödənilmişdir. EBDA seriyalı, 702509 nömrəli, xx.xx.2023-cü il tarixli e-qaimə fakturaya əsasən iddiaçı tərəfindən "xxxx" MMC-yə 28320,00 manat pul məbləği ödənilmişdir. EBDA seriyalı, 702474 nömrəli, xx.xx.2023-cü il tarixli e-qaimə fakturaya əsasən iddiaçı tərəfindən "xxxx" MMC-yə 43070,00 manat pul məbləği ödənilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli **********354100 nömrəli qərarı ilə "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində cavabdehin 11 fevral 2025-ci il tarixli, 3-21-2-3/2-380378/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğvini xahiş edir. Bu səbəbdən iddia mahiyyətcə mübahisələndirmə barədə iddiadır. İddiaçı məhkəməyə qərarın mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş 30 günlük müddəti ötürməmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Vergi Məcəlləsində (bundan sonra – Vergi Məcəlləsi) göstərilmişdir ki, Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir (103.1.). Fiziki şəxs olmayan hər hansı xarici şəxs bu Məcəllənin 137-ci maddəsinə uyğun olaraq birgə sahibkarlıq fəaliyyətinin obyekti kimi baxılmalı olmadığını sübut etməyincə, bu fəsilin məqsədləri üçün ona müəssisə kimi baxılır (103.2.). Rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir (104.1.). İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixli, 24/11/22 saylı müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə əsasən icraçı "xxxx" MMC müqavilənin ayrılmaz hissəsi olan X1 uyğun olaraq iddiaçının sifarişlərini yerinə yetirməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən iddiaçı tərəfindən "xxxx" MMC-yə müvafiq pul məbləğləri ödənilmişdir. Lakin, sonradan "xxxx" MMC cavabdeh tərəfindən riskli vergi ödəyiciləri siyahısına salınmışdır. İddiaçı ilə "xxxx" MMC arasında aparılmış həmin əməliyyatlar isə riskli əməliyyat hesab edilərək, bununla bağlı qaimələr xərc sənədi kimi nəzərə alınmamış və iddiaçı barəsində hazırkı mübahisələndirilən qərar qəbul edilərək, əlavə vergi borcu hesablanmışdır. Vergi Məcəlləsində göstərilmişdir ki, bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Gəlirdən çıxılan xərclər qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməlidir. Qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən xərclərin gəlirdən çıxılmasına yol verilmir (108.1. ). Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir (109.9.). Vergi Məcəlləsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir (13.2.82.). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli, 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nda göstərilmişdir ki, bu Meyarlar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra - Vergi Məcəlləsi) 13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını müəyyən edir (1.1). Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər (2.1.). İddiaçı bildirir ki, o "xxxx" MMC ilə qeyd edilən əməliyyatları apardığı vaxt həmin vergi ödəyiciləri riskli vergi ödəyicisi olmamışlar. Cavabdehin əsas dəlili ondan ibarətdir ki, iddiaçı ilə "xxxx" MMC arasında aparılan həmin əməliyyat əmtəəsiz olmuş və bu səbəbdən "xxxx" MMC riskli vergi ödəyiciləri siyahısına salınmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı ilə "xxxx" MMC arasında müqavilə xx.xx.2022-ci il tarixdə bağlanmışdır. "xxxx" MMC xx.xx.2024-cü il tarixində riskli vergi ödəyiciləri siyahısına salınmışdır. Yəni, iddiaçı ilə müqavilə bağladığı və müvafiq xidmətlərə görə qaimələrin verildiyi vaxt "xxxx" MMC riskli vergi ödəyicisi olmamışdır. Həmin əməliyyatların riskli olması ilə bağlı cavabdehin dəlillərinə gəldikdə qeyd edilməlidir ki, iddiaçının müvafiq əməliyyatlar apardığı hüquqi şəxsin göstərdiyi xidmətlərə görə müvafiq mal və materialların onun alışında müəyyən edilməməsi, həmçinin zəruri işçi qüvvəsinə malik olmaması iddiaçının ziyanına şərh edilə bilməz. Belə ki, həmin hüquqi şəxs tərəfindən müvafiq rəsmiləşdirilmələrin aparılmaması iddiaçının təqsiri deyildir və iddiaçı ilə həmin vergi ödəyicisi arasında aparılmış əməliyyatların birmənalı olaraq riskli əməliyyat olduğunu təsdiq edən sübut kimi nəzərə alına bilməz. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş 11 fevral 2025-ci il tarixli, 3-21-2- 3/2-380378/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş 11 fevral 2025-ci il tarixli, 3-21-2- 3/2-181189/2025 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar ləğv edilsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №e-2-1(112)-6535/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-6535/2025
19.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver