Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-6547/2025 16.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə (adi cəlbetmə qaydasında cəlb edilmiş X5) qarşı “yaşayış yeri üzrə qeydiyyata alınma öhdəliyinin qoyulmasına dair” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun ünvan 1 ünvanına pasport qeydiyyatına alınmağına dair öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının 84 yaşı var, şəhid ailəsidir. X2 20 oktyabr 1992-ci ildə Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Özü üzun müddət ünvan 2 ünvanında pasport qeydiyyatındadır, hazırda ünvan 1 ünvanında olan evdə yaşayır. Quba şəhərində olan evi satmışdır. Bakıya köçməyinin səbəbi övladlarının hamısının Bakıda yaşaması olmuşdur. Yaşının çoxluğu ilə əlaqədar övladlarının köməyinə ehtiyacı var. Lakin yaşadığı ünvanda pasport qeydiyyatı olmadığından Binəqədi rayonunda heç bir sosial xidmətdən, güzəştlərdən istifadə edə bilmir, ərazidəki xəstəxanaya qeydiyyata düşə bilmir. Həmin ünvana pasport qeydiyyatına düşmək barədə Binəqədi Rayon Polis İdarəsinə müraciət etmişdir. Polis idarəsindən imtina edilməklə bildirilmişdir ki, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun vlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, icarə və kirayə müqaviləsi, vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi və ya Azərbaycan Respublikası qanunvericiliyndə nəzərdə tutulmuş başqa sənəd) təqdim edilməlidir. Polis İdarəsinin həmin cavabı əsassızdır. Belə ki, daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət qeydiyyata alınmasa da, həmin ev xx.xx.2022-ci il tarixli Podrat müqaviləsi əsasında X1 ilə X6 tərəfindən tikilməklə X4 istifadəsinə verilmişdir. O da evi faktiki ona satmış və həmin evə qeydiyyata düşməyinə etiraz etməməsi barədə notarial qaydada təsdiq edilməklə ərizə vermişdir. Binəqədi rayonu, Binəqədi qəsəbə Bələdiyyəsi də 17 avqust 2023-cü il tarixli, 02/H-930 nömrəli arayışla iddiaçının həmin ünvanda qeydiyyatsız yaşadığını təsdiq etmişdir.
3. Binəqədi Rayonu Binəqədi Qəsəbə Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli arayışa əsasən vətəndaş İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 1, korpus 43 ünvanında qonşuların imzaladığı akta əsasən qeydiyyatsız yaşayır.
4. 2378680001478 nömrəli ərizəyə əsasən X7 bildirmişdir ki, qeydiyyatda olduğu ünvan 8 ünvanında yerləşən fərdi-yaşayış evinə İddiaçı (xxxxxxx) qeydiyyata düşməyinə heç bir etirazı yoxdur.
5. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, ünvan 9 ünvanına qeydiyyata alınma xahiş etmişdir. Məlumat üçün bildirilmişdir ki, yaşayış yeri üzrə qeydiyyata alınması üçün vətəndaş "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən Yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd: (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, icarə və kirayə müqaviləsi, vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) təqdim etməlidir. Əks təqdirdə müraciətdə adları qeyd olunan vətəndaşların qeydiyyata alınması tərəfimdən mümkün deyildir. Bu məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət etməyiniz məqsədəmüvqafiqdir.
6. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadına əsasən İddiaçı cavabdeh Binəqədi Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs: X7) “qeydiyyata alınma” tələbi barədə Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-6547/2025 saylı iş üzrə X7 üçüncü şəxs qismində zəruri cəlbetmə qaydasında məhkəmə icraatına cəlb edilmişdir.
7. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrafatı Departamenti Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, ünvan 10 ünvanı birliyin xidməti ərazisindədir.
8. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məlumatın və sənədlərin surətinin verilməsi barədə məktubda qeyd edilmişdir ki, sözügedən fərdi yaşayış evinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir.
9. Binəqədi Rayonu Binəqədi Qəsəbə Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli arayışa əsasən vətəndaş İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 1, korpus 43 ünvanında qonşuların imzaladığı akta əsasən qeydiyyatsız yaşayır.
10. Binəqədi Rayonu Binəqədi Qəsəbə Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli arayışa əsasən vətəndaş İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 1, korpus 43 ünvanında qonşuların imzaladığı akta əsasən qeydiyyatsız yaşayır.
11. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadına əsasən X4 üçüncü şəxs qismində zəruri qaydada cəlb edilməsinə dair Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməsi qərara alınmışdır.
12. Cavabdeh orqan tərəfindən ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, ünvan 11 ünvanında dəqiq küçə adı olmadığından sistemdə qeydiyyatda olan şəxsləri aşkar etmək imkan xaricindədir.
13. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin təmin edilməsi xahiş etmişdir.
14. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi Binəqədi Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məhkəməyə ünvanlanmış məktubda qeyd edilmişdir ki, məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsinə etiraz edilmir.
II. İddianın növü və mümkünlüyü
15. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir.
16. İddiaçının cavabdeh orqana etdiyi müraciətə cavab olaraq verdiyi xx.xx.2024-cü il tarixli cavabında qeyd edilən məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir.
17. İddia mümkündür.
III.Məhkəmənin mövqeyi
18. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır.
19. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.
20. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir.
21. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.
22. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi əsasında müəyyən edilir.
23. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə (Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması) əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir.
24. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının qeydiyyata alınmağı tələb etdiyi mənzilə dair hər hansı hüquqmüəyyənedici sənədi mövcud deyildir.
25. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının qeydiyyata alınmağı tələb etdikləri evin ünvan göstəricisi yoxdur və həmin fərdi yaşayış evi ilə kifayət qədər yetərli və sabit dərəcədə davamlı bağlılıqlarının (əlaqənin) mövcudluğu müəyyən olunmur.
26. Lakin məhkəmə müəyyən edir ki, iddiaçı faktiki olaraq Binəqədi rayonun inzibati ərazisində qeydiyyatsız yaşayır. Belə ki, şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi məqsədilə qeydiyyatı zəruridir. Şəxsiyyət vəsiqəsinin deaktiv statusu vətəndaşın dövlət və cəmiyyət qarşısında qeyd edilən vəzifələrini icra etməsi və ya konstitusion hüquqlarını həyata keçirmə imkanını mümkünsüz edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamında qeyd edilir ki, yaşayış yeri olmayan Azərbaycan Respublikası vətəndaşlarının Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyatdan keçirilməsi və onlara şəxsiyyət vəsiqəsi fərdiləşdirilərkən şəxsiyyət vəsiqəsinin “yaşayış yeri” bölməsində həmin ünvanın şərti olaraq göstərilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ədliyyə Nazirliyi ilə razılaşdırılmış təklifi qəbul edilmişdir. Odur ki, iddiaçının polisin inzibati binasında qeydiyyata alınmaları üçün müraciət etmək hüququ vardır.
27. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
28. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh qurumun imtinası qanunsuz deyil, bu səbəbdən iddia təmin edilməməlidir.
29. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva