Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-655/2025 26.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, İslamova Minayə Etibar qızının katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri X2 və Uçotunun Təşkili Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı MMC cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri X5 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********911200 nömrəli qərarının qanunsuz hesab edilərək ləğv edilməsi, iddiaçının bank hesabından silinmiş pul vəsaitlərinin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********911200 nömrəli qərarı ilə İddiaçı MMC-yə 103,5 manat məbləğində sığorta haqqı məbləği hesablanmışdır. Vergi Məcəlləsinin 62.3-cü maddəsinə əsasən bu Qərardan xx.xx.2023-cü il tarixdə şikayət verilmiş, bu şikayətə Bakı şəhəri X5 üzrə Baş İdarəsi xx.xx.2023-cü il tarixli məktubla cavab verilərək yuxarıda qeyd edilən xx.xx.2023-cü il tarixli Qərar dəyişdirilmədən saxlanılmışdır. Aşağıda qeyd olunan hüquqi əsaslara görə, Bakı şəhəri X5 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli Qərarı qanunsuz hesab edilərək ləğv edilməli, müxtəlif vaxtlarda vergi orqanının sərəncamları əsasında bank hesabındansilinmiş pul vəsaitləri geri qaytarılmalıdır. Belə ki, Vergi Xidməti əlavə sığorta haqqı məbləğinin hesablanmasını onunla əsaslandırıb ki, uçot-baza məlumatlarına əsasən aparılmış təhlillər nəticəsində 2023-cü ilin 3-cü rübü üzrə sahibkarlıq fəaliyyətinin olmasına (gəlirin olmasına) baxmayaraq tərəfimizdən bu dövr üzrə “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)” göstəriciləri azaldılmaqla təqdim edilmiş və bu da kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Bakı şəhəri X5 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli məktubda isə hər hansı bir qanunvericilik normasına istinad edilmədən tutarsız cavab verilmişdir. Qeyd edilməlidir ki, hüquqi şəxsin əmək müqaviləsi üzrə işləyən hər hansı bir işçisi olmadığından məcburi dövlət sosial sığortanın hesablanması əsassızdır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında’ və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunlarında edilmiş dəyişikliklərə əsasən sosial sığorta haqqları və işsizlikdən sığorta haqqları üzrə yığımların təmin edilməsi xx.xx.2019-cu il tarixdən etibarən vergi orqanına həvalə edilmişdir. Uçotbaza məlumatlarına əsasən vergi ödəyicisi tərəfindən göstərilmiş xidmətlərə (görülmüş işlərə) görə 2023-ci ilin sentyabr ayı ərzində 2114,0 manat dəyərində elektron qaiməfakturaların təqdim olunduğu müəyyən edilmişdir. Lakin vergi ödəyicisi tərəfindən MDDS, işsizlikdən sığorta və icbari tibbi sığorta hesabatının məlumatları azaldılmaqla təqdim olunmuşdur ki, bu da kənarlaşmaya səbəb olmuşdur. Kənarlaşma aradan qaldırılmadığı üçün kameral vergi yoxlaması ilə 2023-cü ilin 3-cü rübü üçün muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı) üzrə 103,50 manat əlavə sosial sığorta haqqı məbləği hesablanmışdır. Aparılmış hesablama ilə bağlı vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********911200 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərar göndərilmişdir. İddiaçının mübahisələndirdiyi məsələ hüquqi şəxsin icra orqanının rəhbəri ilə hüquqi şəxsin arasında olan münasibətlərin xarakteri ilə əlaqədardır. Bildirirlər ki, Əmək Məcəlləsinin müddəalarına əsasən hüquqi şəxslə onun rəhbəri arasında qanunvericiliklə müəyyən olunmuş qaydada əmək müqaviləsi bağlanmalı, ona müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş və dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az olmayan əmək haqqı ödənilməlidir. Hüquqi şəxsin rəhbəri olan şəxslə həmin hüquqi şəxs arasında əmək müqaviləsinin bağlanmasını istisna edən hər hansı müddəa qanunvericilikdə nəzərdə tutulmamışdır. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında Qanunun 2-ci maddəsinə əsasən qanuni təmsilçi nizamnaməsinə (əsasnaməsinə) müvafiq olaraq qurumu təmsil etmək səlahiyyətinə malik olan şəxs və ya şəxslərdir. Cəmiyyətin nizamnaməsinin 7.5-ci bəndinə əsasən cəmiyyətin fəaliyyətinə cari rəhbərlik cəmiyyətin icraedici orqanı və qanuni təmsilçilik funksiyasına malik olan Baş direktor tərəfindən həyata keçirilir. Baş direktor qanunvericiliklə və cəmiyyətin Nizamnaməsi ilə təsisçinin və digər idarəetmə orqanlarının səlahiyyətlərinə aid edilməyən səlahiyyətləri həyata keçirir, həmçinin bu Nizamnaməyə uyğun olaraq cəmiyyətin adından etibarnaməsiz fəaliyyət göstərir, cəmiyyətin operativ idarə edilməsini həyata keçirir, üçüncü şəxslərlə münasibətdə, o cümlədən məhkəmədə cəmiyyəti təmsil edir, Ümumi yığıncağın təsdiqinə verilən sənədləri hazırlayır, cəmiyyətin adından bu Nizamnaməyə və qanunvericiliyə zidd olmayan əqdlər bağlayır, rəsmi sənədləri imzalayır, cəmiyyətin işçilərini təsisçinin yazılı razılığı ilə vəzifəyə təyin edir, başqa işə keçirir və vəzifədən azad edir. Əmək münasibətləri - əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. Təsadüfi deyildir ki, 2018-ci il N 1448-VQD nömrəli Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanuna əsasən Əmək Məcəlləsinin 7-ci maddəsinə aşağıdakı məzmun əlavə edilmişdir: 1-2.“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə ilk dəfə bağlanmış əmək müqaviləsi həmin Qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan hüquqi qüvvəyə minir. Hansı ki, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin onlayn dövlət qeydiyyatı prosesi üzrə istifadəçi təlimatında da nəzərdə tutulmuşdur ki, istifadəçi işçilərlə bağladığı əmək müqavilələrinin məlumatlarını sistemə daxil edir. Ən azı bir müqavilətəmsilçinin (rəhbərin) müqaviləsi daxil edilməlidir. Yuxarıda qeyd edilənlərlə əlaqədar vergi ödəyicisi İddiaçı MMC-nin hüquqi şəxs olduğu üçün maddi məsul şəxsləri fəaliyyəti ücün məsuliyyət daşıyırlar və ən azı 1 (bir) nəfər işçinin (direktor,rəhbər) olması zəruridir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən, bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, X2ni keçirmək hüququ vardır. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə ilə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Həmin Məcəllənin 67.1-ci maddəsinə uyğun olaraq həmin Məcəllənin 37.4-cü və 50.1.1- ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Həmin Məcəllənin 94-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi orqanının, vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən həmin Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən vergi orqanının hüquq və vəzifələrini icra edərək iddia ərizəsinə münasibət bildirilməklə sadalanan faktlara və hüquq normalarına əsaslanaraq məhkəmədən iddiaçı X7 və Konsaltinq Xidmətləri” MMC-nin iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X6 iddia tələbini müdafiə edərək cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********911200 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 iddia tələbini təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İşin hallarından müəyyən olunur ki, İddiaçı MMC ********** VÖEN-lə xx.xx.2010-cu il tarixdə vergi orqanında dövlət qeydiyyatına alınmıdır. Hüüquqi şəxsə məxsus Nizamnamə və Kommersiya hüquqi şəxslərin Dövlət reyestrindən çıxarışdan görünür ki, İddiaçı MMCnin təsisçisi və qanuni təmsilçisi X4r. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri X5 üzrə Baş İdarəsinin (hazırkı adı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər X2 və Uçotunun Təşkili Baş İdarəsi) xx.xx.2023-cü il tarixli **********911200 nömrəli qərarına əsasən kameral vergi yoxlaması ilə 2023-cü ilin 3-cü rübü üçün muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı) üzrə İddiaçı MMC-yə 103,50 manat əlavə sosial sığorta haqqı məbləği hesablanmışdır. Vergi ödəyiciləri üzrə hüquqi qüvvəyə minmiş əmək müqavilələri barədə hesabatdan görünür ki, İddiaçı MMC-nin rəhbəri X1 baş direktor vəzifəsinə təyin edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə müddətsiz müqavilə bağlanılmışdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. Hazırkı iş üzrə iddiaçı cavabdehin xx.xx.2023-cü il tarixli qərarını xx.xx.2023-cü il tarixdə mübahisələndirərək 30 günlük iddia müddətini ötürməmişdir. Beləliklə, iddia ümumi və xüsusi mümkünlük şərtlərinə cavab verir. İddianın mahiyyətinə gəlincə məhkəmə hesab edir ki, iddia əsaslıdır. İşin hallarından müəyyən edilir ki, cavabdeh mübahisələndirilən qərarın qəbul edilməsini onunla əsaslandırmışdır ki, uçot-baza məlumatlarına əsasən vergi ödəyicisi tərəfindən göstərilmiş xidmətlərə (görülmüş işlərə) görə 2023-ci ilin sentyabr ayı ərzində 2114,0 manat dəyərində elektron qaimə-fakturaların təqdim olunduğu müəyyən edilmişdir. Lakin vergi ödəyicisi tərəfindən MDDS, işsizlikdən sığorta və icbari tibbi sığorta hesabatının məlumatları azaldılmaqla təqdim olunmuşdur ki, bu da kənarlaşmaya səbəb olmuşdur. Kənarlaşma aradan qaldırılmadığı üçün kameral vergi yoxlaması ilə 2023-cü ilin 3-cü rübü üçün muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı) üzrə 103,50 manat əlavə sosial sığorta haqqı məbləği hesablanmışdır. Cavabdehin bu mövqeyi ilə bağlı məhkəmə qeyd edir ki, mübahisələndirilən qərarın qəbul edildiyi vaxt İddiaçı MMC-nin əmək müqaviləsi üzrə işləyən hər hansı bir işçisinin olmaması və cəmiyyətin təsisçisi, eyni zamanda qanuni təmsilçisi X1 olması işin mübahisələndirilməyən halıdır. Vergi Məcəlləsinin 13.2.34-cü maddəsinə əsasən muzdlu iş - əmək qanunvericiliyinə uyğun olaraq müqavilə (kontrakt) əsasında haqqı ödənilməklə yerinə yetirilən əmək fəaliyyətidir. Muzdlu işləyən şəxs bu Məcəllənin məqsədləri üçün «işçi», bu cür fiziki şəxsin işçi kimi göstərdiyi xidmətlərin haqqını ödəyən şəxs «işəgötürən», bu cür haqq isə «əmək haqqı» adlandırılır. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 1.1.10-cu maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqqı – sığortalamaya görə sığortaçıya ödənilən pul vəsaitidir. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci bəndinə əsasən əmək müqaviləsi (kontraktı) (bundan sonra – əmək müqaviləsi) – işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci bəndinin j yarımbəndinə əsasən işçilərin qanunla müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta, işsizlikdən sığorta və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə sığorta haqlarının vaxtında və tam həcmdə ödənilməsini təmin etmək işəgötürənin əsas vəzifələrindən biridir. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci bəndinə əsasən bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 304-cü maddəsinin 2-ci bəndinə əsaəsn işəgötürən hər bir işçini onunla əmək müqaviləsi bağladığı zaman “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta olunmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin məcburi dövlət sosial sığorta olunması, o cümlədən onun əlavə sığorta olunub-olunmaması barədə müvafiq məlumatlar mütləq göstərilməlidir. Göründüyü kimi qanunvericilikdə əmək müqaviləsi bağlanmış, muzdlu işçisi olan hər bir vergi ödəyicisi Vergi Məcəlləsi ilə müəyyən edilən müddətdə və qaydada vergi orqanına Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsini təqdim etməlidir. Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə bəyannamə rüblük hesabat şəklində təqdim olunur. Hazırkı işdən müəyyən olunur ki, cavabdeh iddiaçı müəssisə üçün 2023-cü ilin 3cü rübü, yəni 2023-cü ilin iyul, avqust, sentyabr ayları üçün muzdlu işlə əlaqədar ödəmə mənbəyində vergi hesablamışdır. Halbuki, həmin dövrdə, müəssisənin sistem üzrə aktiv əmək müqaviləsi olan işçisi olmamışdır. Belə ola halda cavabdeh qüvvədə olan hər hansı əmək müqaviləsi olmadan iddiaçı hüquqi şəxsə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi üzrə hesabatın təqdim edilməməsinə əlavə vergi hesablamaqda haqlı olmamışdır. Təqdim edilmiş icraat materiallarından da görünür ki, iddiaçı yalnız xx.xx.2024-cü il tarixdə müəssisənin direktoru ilə əmək müqaviləsini elektron sistem üzərindən bağlamışdır ki, bu halda iddiaçının yalnız əmək müqaviləsinin qüvvəyə mindiyi vaxtdan sonrakı dövr üçün muzdlu işçiyə görə müvafiiq vergi hesabatları vermək və hesablanmış vergiləri ödəmək vəzifəsi yaranmışdır. Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd еdilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən hər hansı əmək müqaviləsi olmadan iddiaçıya muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi hesablanması əsassız olduğundan iddia tələbi təmin edilməli, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********911200 nömrəli qərarı ləğv edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Cavabdeh Bakı şəhər X2 və Uçotun Təşkili Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********911200 nömrəli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №e-2-1(112)-655/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-655/2025
26.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver