Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-6565/2021 08.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “İddiaçı” MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə qarşı “hərəkətsizliyin qanunsuz hesab edilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə hazırlıq icraatı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “İddiaçı” MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İqtisadiyyat Nazirliyinə ünvanlanan 03M/21 saylı 03.03.2021-ci il tarixli məktuba cavab verilməsi vəzifəsinin cavabehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2 saylı Ərazi Vergilər Baş idarəsinin (bundan sonra - Baş idarə) “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında’’ 16.07.2020-ci il tarixli **********2154 nömrəli Qərarına əsasən 20.07.2020-ci il tarixdə “İddiaçı" MMC-də (bundan sonra - Cəmiyyət) operativ vergi nəzarəti tədbiri (bundan sonra - OVN) keçirilmişdir. OVN zamanı 08.01.2020 - 24.03.2020-ci il tarixləri aralığında Cəmiyyətin nəzarət-kassa aparatına (bundan sonra - NKA) daxil olunmuş 88.897,17 manat məbləğdə malın 22 çek üzrə təqdim edildiyi aşkar edilmişdir. Bunun nəticəsində “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə- faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” 20.07.2020-ci il tarixli DVX seriyalı 000769 nömrəli akt (bundan sonra - Akt) tərtib olunmuşdur. Həmin akt əsasında Baş idarə tərəfindən qəbul edilmiş 03.09.2020-ci il tarixli **********5170 nömrəli Qərarla İddiaçı MMC-yə (bundan sonra - Cəmiyyət) maliyyə sanksiyası tətbiq edilmişdir. Cəmiyyət həmin qərara qarşı 03.10.2020 tarixli məktubla Baş idarəyə müraciət etmişdir. Lakin bu müraciət Baş idarə tərəfindən təmin edilməmişdir. Cəmiyyət bu məsələ ilə bağlı 10.11.2020-ci tarixli şikayət ərizəsi ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (bundan sonra - Dövlət Vergi Xidməti) müraciət etmişdir. Dövlət Vergi Xidmətinin 09.02.2021 tarixli **********592300 saylı “inzibati şikayətin təmin edilməməsi haqqında” qərarı ilə Cəmiyyətin bu müraciəti də təmin edilməmiş və Baş idarənin həmin Qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cəmiyyət 04.03.2021 tarixində Baş idarənin həmin qərarından İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına (bundan sonra - «Apellyasiya Şurası) onlayn qaydada, 05.03.2021-ci il tarixində isə xəbərnaməli poçtla ünvanladığı 03M/21 saylı 03.03.2021 tarixli məktuba Apellyasiya Şurası tərəfindən bugünədək (üzərindən 60 gündən çox müddət keçməsinə baxmayaraq) heç bir cavab verilməmişdir. Bundan başqa, qanunda inzibati icraat üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması üçün inzibati icraatın müddəti inzibati orqan tərəfindən hər dəfə 30 gün olmaqla iki dəfə uzadıla biləcəyi, lakin bu halda inzibati orqan tərəfindən müddətin uzadılması barədə maraqlı şəxsə məlumat verilməsi tələb edilir. Apellyasiya Şurası bu qaydanı da pozmuş və müddət uzadılmış belə olsa, iddiaçıya uzatma barəsində heç bir məlumat verməmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsni xahiş edilmişdir. İş üzrə məhkəmə hazırlıq icraatının iclası 08 iyul 2021-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasın vaxtı və yeri barədə iddiaçı lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir rəsmi məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin nümayəndəsi X2 iş üzrə vəsatət verərək, iddiaçının müraciəti üzrə onun rəhbəri və səlahiyyətli nümayəndələrinin iştirakı ilə 25 iyun 2021-ci il tarixdə Apellyasiya Şurasının iclasının keçirildiyi, həmin iclasın nəticəsi olaraq 44 nömrəli qərarın qəbul edildiyini, nəticə etibarilə işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığını bildirərək, inzibati iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin edildiyindən və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “İddiaçı” MMC tərəfindən 03 mart 2021-ci il tarixli, 03M/21 saylı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 09.02.2021 tarixli **********592300 saylı “İnzibati şikayətin təmin edilməməsi haqqında" Qərarına etirazın surətindən və digər sənədlərdən aydın görünür ki, 03 sentyabr 2020-ci il tarixli Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında № **********5170 saylı qərarına əsasən "İddiaçı" Məhdud Məsuliyyətli Cəmiyyəti 88897.17 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmiş və 14.09.2020 tarixədək 88897.17 manat məbləğin büdcəyə ödənilməsi təmin edilməsi haqqında qərar qəbul edilmişdir. İddiaçı həmin qərardan inzibati qaydada Azıərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə inzibati şikayət ünvanlamış, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 09 fevral 2021-ci il tarixli, “İnzibati şikayətin təmin edilməməsi haqqında” № **********592300 saylı qərarından görünür ki, “İddiaçı” MMC-nin 17.11.2020-ci il tarixli şikayəti təmin edilməmiş, Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 03 sentyabr 2020-ci il tarixli, **********5170 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Daha sonra iddiaçı həmin qərara etiraz ərizəsini İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına göndərmişdir. Hazırki iddia ilə də iddiaçı cavabdeh inzibati orqan tərəfindən hərəkətsizlik edildiyini, etiraz ərizəsinə cavab verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. İş üzrə araşdırma zamanı müəyən olundu ki, Azərbaycan Respublikası İqtisadiyyat nazirliyinin Apellyasiya Şurasının 44 nömrəli, 25 iyun 2021-ci il tarixli Qərarına əsasən hüquqi şəxs “İddiaçı” MMC-nin inzibati şikayəti təmin edilməmiş, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 09.02.2021 tarixli **********592300 saylı “İnzibati şikayətin təmin edilməməsi haqqında" Qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya Şurasının qərarı 05 iyul 2021-ci il tarixli göndərişlə iddiaçı “İddiaçı” MMC-nin ünvanına göndərilmiş, qərar poçt qəbzi imza edilməklə qəbul edilmişdir. Beləliklə, Azərbaycan Respublikası İPM-nin 67.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Azərbaycan Respublikası İPM-nin 67.2-ci maddəsinə əsasən, sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Azərbaycan Respublikası İPM-nin 67.3-ci maddəsinə əsasən, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən, Məhkəmə hesab edir ki, iddiaçı “İddiaçı” MMC-nin iddia tələbi təmin olunduğundan və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 16.3, 67-ci, 80-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddia tələbi ilə bağlı inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №e-2-1(112)-6565/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-6565/2021
08.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver