Məhkəmə qərarları › İş №e-2-1(112)-6574/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-6574/2025

03.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-6574/2025 03.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs: X4) “sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 180 nömrəli, 600 kv.m. ölçülü torpaq sahəsinin Bayramova (Ağayeva) Nigar Ağaverdi qızının adına ona ayrılması ilə bağlı Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısı tərəfindən verilmiş xx.xx.1993-cü il tarixli, 363/5 saylı inzibati aktın (sərəncamın) etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə X4 məhkəmə icraatına zəruri olaraq 3-cü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının babası Ağaverdi Ağayev 1993-cü ildə, atası Mayil Ağayev isə 2020-ci ildə vəfat etmişdir. İddiaçı Mayil Ağayevin vərəsəsidir. Əzizbəyov rayon X5 İcraiyyə Komitəsinin 11 noyabr 1988-cı il tarixli, 16/608 nömrəli sərəncamı ilə iddiaçının mərhum babası X3 fərdi yaşayış evinin tikintisi üçün Buzovna qəsəbəsində yerləşən 1/73 nömrəli, 600 kv.metr ümumi sahəsi olan torpaq sahəsi ayrılmış, babası orada ev tikmiş, sağlığında həm digər evdə, həm də orada yaşamışdır. İddiaçı, onun atası və bibiləri həmin ünvanda qeydiyyatda olmuşlar. Onun babasının 3 vərəsəsi olmuşdur. Bunlar atası iddiaçının atası X6, bibiləri Bayramova (Ağayeva) Nigar Ağaverdi qızı və Zərquliyeva (Ağayeva) Dilbər Ağaverdi qızıdır. İddiaçının bibiləri hazırda sağdır, atası isə dünyadan köçmüşdür. İddiaçı atasının irsi transmissiya üzrə vərəsəsidir. Onun vərəsəliyi tanınmış və qeydiyyata alınmışdır. Belə ki, babasının vəfatı ilə əlaqədar vərəsələrin xx.xx.2020-ci il tarixli ərizələri əsasında Bakı şəhəri 7 saylı Xüsusi Notariat Ofisində açılmış vərəsə işinə əsasən mərhum babasının vərəsələri iddiaçı və onun bibiləridir. Onlar arasında əmlakla bağlı mübahisə yaranmışdır. Əmlakın qeydiyyata alınması və paylar üzrə vərəsəliyin tanınması üçün əvvəlcə yerləşmə sxeminin əldə edilməsi üçün cavabdehə müraciət edilmişdir. Sonuncu tərəfindən yerində araşdırma zamanı müəyyən edilmişdir ki, digər vərəsələrin planın hazırlanmasına etirazı var və torpağın sənəd üzrə ölçüləri arasında uyğunsuzluq var. İddiaçı bununla bağlı cavabdehə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldırmış, iddia təmin edilmiş, lakin apellyasiya qaydasında işə yenidən baxılmış və 1-ci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmişdir (həmin qərar artıq qüvvəyə minmişdir). Apellyasiya instansiyası zamanı müəyyən edilmişdir ki, həmin torpaq sahəsi ilə bağlı 2 hüquq müəyyənedici sənəd vardır. İlkin hüquq müəyyənedici sənəd (bundan sonra ilkin sərəncam) babası X3 1/73 nömrəli, 600 kv.m. ölçülü torpaq sahəsinin ayrılması ilə bağlı Əzizbəyov rayon X5 İcraiyyə Komitəsinin 11 noyabr 1988-ci il tarixli, 16/608 nömrəli sərəncamıdır. Sərəncam qüvvədədir və ləğv olunmayıb. Sərəncama əsasən, ayrılacaq (artıq ayrılmış) torpaq sahəsində birtipli layihə əsasında ümumi sahəsi 118,3 kv.m, yaşayış sahəsi isə 66 kv.m. olacaq ev tikilməli idi. Babası da məhz həmin ölçülərə uyğun ev inşa etdirmişdir. İkinci hüquq müəyyənedici sənəd isə iddiaçının bibisi Bayramova (Ağayeva) Nigar Ağaverdi qızının adına olan 180 nömrəli, 600 kv.m. ölçülü torpaq sahəsinin ayrılması ilə bağlı Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş xx.xx.1993-cü il tarixli, 363/5 saylı sərəncamdır. Bu sərəncamdan iddiaçı üçüncü şəxs ilə aralarındakı məhkəmə çəkişmələri zamanı xəbər tutmuşdur. Həmin vaxta qədər buna qədər həmin sərəncamın mövcudluğundan heç kimin, eləcə də iddiaçının mərhum atasının xəbəri olmamışdır. Sonuncu sərəncam ilkin sərəncamı ləğv etməmiş, aradan qaldırmamış, qüvvədən düşmüş hesab etməmişdir. Həmin zaman qüvvədə olan qanunvericiliklə və həmin dövrün praktikası ilə bu, yəni XDS-nin qərarının ləğv olunması mümkün də deyildi. Çünki, ilkin sərəncam keçmiş Əzizbəyov rayon XDS-ə tərəfindən Bakı şəhəri sovetinin İK-nin müvafiq qərarının (xx.xx.1987-ci il tarixli, 19/338 nömrəli qərarının) icrası ilə bağlı və bu əsas tutularaq qəbul edilmişdi. Son sərəncam isə Əzizbəyov Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən verilmişdir. Halbuki, həmin zaman qüvvədə olan qanunvericiliyə görə Bakı şəhəri rayonlarının müstəqil torpaq ayırma səlahiyyəti yox idi. Bu, yalnız Bakı şəhər İH-nin razılığı və müvafiq qərarı əsasında ola bilerdi. Məhkəmə araşdırmaları zamanı inzibati aktın etibarsız hesab edilməsi üçün qanunda nəzərdə tutulmuş əsas aşkar edilmişdir. Belə ki, iş materiallarından müəyyən olunur ki, 1/73 nömrəli, 600 kv.m. ölçülü torpaq sahəsinin mübahisəli torpaq sahəsinin iddiaçının mərhum babası X3 ayrılması barədə Əzizbəyov rayon X5 İcraiyyə Komitəsinin 11 noyabr 1988-ci il tarixli, 16/608 nömrəli sərəncamı heç bir inzibati orqan və ya məhkəmə tərəfindən ləğv olunmadığı (qüvvədə olduğu) halda cavabdeh tərəfindən həmin torpaq sahəsinin üçüncü şəxsə ayrılması barədə icrası mümkün olmayan 180 nömrəli, 600 kv.m. ölçülü torpaq sahəsinin Bayramova (Ağayeva) Nigar Ağaverdi qızının adına ona ayrılması ilə bağlı Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısı tərəfindən verilmiş xx.xx.1993-cü il tarixli, 363/5 saylı inzibati akt (sərəncam) qəbul olunmuşdur. Cavabdeh tərəfindən iddia tələbinə yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehə qarşı torpaq sahəsinə cizgi və çıxarışın verilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsində inzibati işə baxılarkən iddiaçının babası mərhum X3 Buzovna qəsəbəsində ayrılmış torpaq sahəsi kimi göstərdiyi ünvanda yaşayan iddiaçının qohumu olan üçüncü şəxs Nigar Bayramova mübahisəli 1/73 saylı torpaq sahəsinin faktiki olaraq mövcud olmadığını bildirmişdir. Əzizbəyov Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.1993-cü il tarixli, 363/5 nömrəli sərəncamla Buzovna qəsəbəsində 180 saylı sahədə ona ayrılmış torpaq sahəsi isə uzun müddətdir istifadəsindədir. X9 və Ekspertiza Mərkəzi MMC-nin xx.xx.2022-ci il tarixli, 53 nömrəli rəyində bildirilmişdir ki, Xəzər (Əzizbəyov) rayon XDS İK-nin 16/608 saylı, xx.xx.1988-ci il tarixli Qərarı ilə X3 ayrılmış Bakı şəhəri, Buzovna qəsəbəsində yerləşən 1/73 saylı sahənin yerini müəyyən etmək mümkün olmadığından təyinatını, konfiqurasiyasını, koordinatlarını və sair sualları cavablandırmaq mümkün olmamışdır. Bundan əlavə, Cavabdeh tərəfindən Bakı İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 1281 nömrəli məktubla Buzovna qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilən məlumatda X1 ayrılmış 180 saylı torpaq sahəsi ilə mərhum X3 ayrılmış 1/73 saylı torpaq sahəsinin ərazisi eyni yer göstərildiyindən və bu məsələ mübahisə predmeti olduğundan, cizgi və xəritədən çıxarışın verilməsinin məqsədəuyğun sayılmadığı bildirilmişdir. Eyni zamanda, işin hallarında göründüyü kimi, iddiaçı hazırda mübahisələndirdiyi qərarın ləğvi üçün müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür. Odur ki, iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş edilir. Üçüncü şəxs tərəfindən iddia tələbinə yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının hazırkı iddiası üzrə istinad etdiyi faktlarla əlaqədar Bakı İnzibati Məhkəməsinin icraatında (hakim Mehriban xanım Qarayevanın) 2-1(112)- 776/2023 nömrəli inzibati iş olmuş və həmin iş üzrə qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərardadla iddia mümkünsüz hesab edilmişdir. İddiaçı qanunvericilik aktının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktda müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, yeni qanuna istinadla inzibati iddianı qaldıra bilməz. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Beləliklə də hazırkı iddianın ilk növbədə xüsusi mümkünlük şərti yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. Məhkəmə iddianın mümkünlüyü məsələsinin məhkəmə iclasında müzakirə edilməsini zəruri hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, Vəkil iddia ərizəsinin məzmununa oxşar izahat verərək iddianın mümkün sayılmasını və təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə onların (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaçıya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-in 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3.). İddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1.). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2.). Məcəllənin qeyd olunan normasının mənası baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia – inzibati prosessual qanunvericiliyə uyğun verilməli, inzibati icraatda baxılan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddəti çərçivəsində və qanuna müvafiq cavabdehliyi olan inzibati orqana qarşı verilməli, hüquq və azadlıqların pozulması (sübutlarını da əlavə etməklə) əsaslandırılmalıdır ki, həmin iddianın məhkəmə icraatında baxılması mümkün olsun. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Qeyd edilən normalara əsasən işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Yəni, inzibati orqan qanunla üzərinə düşən vəzifəni pozan qanunsuz hərəkət etməklə və ya vəzifəsini icra etməkdən yayınmaqla-bilavasitə hərəkətsizlik etməklə iradəsini ifadə etmiş olmalı, eyni zamanda belə iradə ifadəsinin məhz iddiaçının hüquqlarına toxunması sonuncu tərəfindən əsaslandırılmalıdır. İddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. “İnzibati icraat haqqında” Qanunda göstərilmişdir ki, aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. Göründüyü kimi Qanunda inzibati aktın etibarsız hesab edilməsi üçün konkret hallar müəyyən edilmişdir ki, yalnız həmin halların mövcudluğu halında inzibati akt etibarsız hesab edilə bilər. Qeyd edilməldir ki, iddiaçı bir dəfə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli, 363/5 saylı inzibati sərəncamının ləğv edilməsini xahiş etmiş və inzibati aktın mübahisələndirilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş müddəti ötürdüyü üçün iddia mümkünsüz sayılmışdır. Hazırda iddiaçı həmin sərəncamın etibarsız hesab edilməsi barədə iddia qaldırmışdır. İddiaçının əsas dəlili ondan ibarət olmuşdur ki, Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli, 363/5 saylı inzibati sərəncamı ilə müvafiq torpaq sahəsi üçüncü şəxs ayrılarkən artıq həmin torpaq sahəsinin iddiaçının babası X3 ayrılması barədə Əzizbəyov rayon X5 İcraiyyə Komitəsinin 11 noyabr 1988-cı il tarixli, 16/608 nömrəli sərəncamı qüvvədə olduğundan Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli, 363/5 saylı inzibati sərəncamı vermək səlahiyyəti olmamışdır. Qeyd edilməlidir ki, müvafiq inzibati aktın mübahsələndirilməsi və ya onun etibarsızlığının tanınması üçün əsas mövcud olmuş olsa belə, həmin əsaslara söykənərək inzibati aktı mübahisələndirmək və ya onun etibarsızlığının tanınmasını tələb etmək üçün iddiaçı öncə bununla bağlı subyektiv hüquqa malik olmalıdır. İddiaçı mərhum X2 vərəsəsi olmasına əsaslanaraq hazırkı iddianı qaldırmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır (1146). Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir (1151.1.). Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir (1151.2.). Miras qoyan vəsiyyətnamənin tərtib edildiyi vaxt onda olmayan əmlakı vəsiyyətnamədə o halda nəzərdə tuta bilər ki, mirasın açılacağı vaxtadək bu əmlak onun mülkiyyəti olsun (1152.). Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər (1159.1.). Öncə qeyd edilməlidir ki, iddiaçı X2 birinci dərəcəli vərəsəsi deyildir. O, X3 məxsus olmuş əmlakdan vərəsə kimi o zaman pay ala bilərdi ki, Ağaverdi Ağayev ölən vaxt iddiaçının vərəsə olacaq valideyni sağ olmasın. İş materialları ilə müəyyən edilir ki, Buzovna qəsəbəsində yerləşən 1/73 nömrəli, 600 kv.metr ümumi sahəsi olan torpaq sahəsi Əzizbəyov rayon X5 İcraiyyə Komitəsinin 11 noyabr 1988-cı il tarixli, 16/608 nömrəli qərarı ilə iddiaçının babası olan Ağaverdi Ağayevə 5 nəfərlik ailə tərkibi ilə (özü, arvadı və 3 uşağı) ayrılmışdır. Ağaverdi Ağayev xx.xx.1993-cü ildə vəfat etmişdir. Bundan sonra həmin torpaq sahəsi Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993cü il tarixli, 363/5 saylı inzibati sərəncamı ilə Ağaverdi Ağayevin qızı (iddiaçının bibisi) olan üçüncü şəxsə ayrılmışdır. Göründüyü kimi Əzizbəyov rayon X5 İcraiyyə Komitəsinin 11 noyabr 1988-cı il tarixli, 16/608 nömrəli qərarının ünvanlandığı şəxs ona ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququ əldə edənə kimi vəfat etmişdir. Bu səbəbdən həmin torpaq sahəsi Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli, 363/5 saylı inzibati sərəncamı ilə üçüncü şəxsin adına ayrılmışdır. Həmin sərəncamın verilməsinə əsas olan sənədlərin arxiv nüsxələri hazırda mövcud olmasa da, ailə tərkibinə ayrılmış torpaq sahəsinin sonradan ailənin digər üzvünə ayrılması böyük ehtimalla ailə üzvlərinin ümumi razılığı əsasında mümkün olmuşdur. Eyni zamanda iddiaçının atası Mayıl Ağayev xx.xx.2020-ci ildə vəfat etmiş və Ağaverdi Ağayevi ailə üzvü və birinci dərəcəli vərəsəi olmaqla həmin sərəncamı mübahisələndirməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Qeyd edilməlidir ki, Buzovna qəsəbəsində yerləşən 1/73 nömrəli, 600 kv.metr ümumi sahəsi olan torpaq sahəsi üzərində Ağaverdi Ağayevin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmadığı üçün həmin torpaq sahəsinə onun mülkiyyəti və dolayısı ilə miras əmlak kimi yanaşmaq olmaz. Öncə həmin torpaq sahəsinin Ağaverdi Ağayevə məxsusluğu daşınmaz əmlakın dövlət reyestrindən arayışla təsdiq edilməli, bundan sonra vərəsəlik qaydasında onun vərəsələrinə keçməli idi. Hətta həmin torpaq sahəsinə miras əmlak kimi yanaşılsa belə yenə iddiaçı vərəsəlik hüququna əsaslanaraq həmin torpaq sahəsi ilə bağlı iddia qaldıra bilməz. Belə ki, Mülki Məcəlləyə əsasən Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər (1134.1.). Əgər vərəsə miras açıldıqdan sonra ölərsə, ölmüş vərəsənin ilkin miras qoyandan pay almaq hüququ həmin vərəsənin miras əmlakı kimi ümumi qaydada öz vərəsələrinə keçir (1252). Göründüyü kimi iddiaçının atası X11 Ağayevin vəfat etdiyi vaxt həyatda olmuş, Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli, 363/5 saylı inzibati sərəncamını mübahisələndirməmişdir. Hazırkı iş üzrə iddiaçı isə Ağaverdi Ağayevin vəfatından çox sonralar dünyaya gəlmiş, öz doğum tarixindən də əvvəl qəbul edilmiş inzibati aktı mübahisələndirmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı Ağaverdi Ağayevin birinci dərəcəli vərəsəsi olan atasının vəfat etdiyi günə qədər mübahisələndirmədiyi inzibati aktı mübahisələndirməkdə subyektiv hüquqa malik olmamışdır. Belə ki, iddiaçı dünyaya gəldiyi vaxt artıq həmin torpaq sahəsi artıq üçüncü şəxsə ayrılmışdı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqelərə görə subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iddia mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs: X4) “sərəncamın etibarsız hesab edilməsi” barədə iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada elan olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar