Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-6576/2025 12.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X3, Üçüncü şəxsin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı (3-cü şəxs: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi) “qərarların ləğv edilməsi və s.” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq: TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və s” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iddia tələbi “cavabdehin əmək pensiyasının təyin edilməsi haqqında qərarının ləğv edilməsi barədə 16 yanvar 2025-ci il tarixli və Əmək pensiyasının dayandırılması haqqında 16 yanvar 2025-ci il tarixli qərarının ləğv edilməsi” formasında icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə hazırki iş üzrə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına adi qaydada cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iddia tələbinə əlavə olaraq tələb “əvvəlki pensiyanın hesablanma qaydasının bərpa edilməsi, ödənilməmiş pensiya məbləğinin ödənilməsinin cavabdehə həvalə edilməsi” formasında icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının vergi xidmət orqanında və gömrük orqanında xüsusi rütbəli şəxs kimi xidmət ili 21 ildən artıq təşkil etmişdir. xx.xx.2022-ci il tarixdə xüsusi rütbəli şəxs kimi güzəştli pnesiya hüququ qazanmışdır. Cavabdeh tərəfindən vətəndaşa 29 dekabr 2024-cü il tarixdə məktub ünvanlanaraq aparılmış araşdırmalar nəticəsində aşkar edilmiş hallar əsasında təyin edilmiş pensiya ödənişinin dayandırılması bildirilmişdir. İnzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət edilməmiş, inzibati icraat lazımı qaydada aparılmamış, onun iştirakı olmadan, dinlənilmə hüququ təmin edilmədən məzmununa etimad göstərdiyi pensiya təyinatı ilə bağlı inzibati aktda öz təşəbbüsü ilə dəyişiklik edilmiş, nəticədə iddiaçının pensiya təminatı hüququna qanunsuz müdaxilə edilmişdir.Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı Etirazın məzmunu onunla əlaqədardır ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi edilmiş iddiaçıya dair ***-**** nömrəli məlumat vərəqində qeyd edilən 24 il 10 ay 20 gün xidmət müddətinə görə (təqvimi xidmət illəri 22 il 4 ay 20 gün, ali təhsil müddəti 2 il 6 ay) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 20.14.1-ci maddəsinin 1 yanvar 2024-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən, ona 14 sentyabr 2022-ci il tarixindən hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək ödənilib. Aparılan araşdırma ilə əlaqədar, müvafiq məlumatların dəqiqləşdirilməsi üçün Dövlət Gömrük Komitəsinə sorğu verilib. Cavab olaraq sözügedən Komitə tərəfindən təqdim edilmiş məlumatlara əsasən iddiaçının xidmət illərinin 6 il 6 ay 2 gün (təqvimi xidmət illəri 4 il 2 gün, ali təhsil müddəti 2 il 6 ay) hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi, qalan dövrünün isə dövlət qulluqçusu kimi fəaliyyət müddətinin olduğu müəyyən edilib. İddiaçıya vaxtilə təyin edilmiş sabiq hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi yaşa görə əmək pensiyası hüququna yenidən baxılması ilə bağlı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati icraata başlanılıb, həmçinin nəzərdə tutulan tədbirlər haqqında mülahizələri dinlənilərək müvafiq qərar qəbul edilməsi üçün 29 dekabr 2024-cü il tarixli 3-17-1/2-B-323750/2024 nömrəli məktub göndərilməklə 15 yanvar 2025-ci il tarixinədək Mərkəzi Filiala gəlməyi xahiş edilib. Lakin qeyd edilən tarixədək iddiaçı Mərkəzi Filiala gəlməmişdir. Bundan sonra, iddiaçıya ödənilən əmək pensiyasının dayandırılması haqqında qərar qəbul edilib. Eyni zamanda, xx.xx.2022xx.xx.2024-cü il tarixləri arasındakı dövr üzrə iddiaçıya ümumilikdə 98099,01 manat artıq ödənilmiş pul vəsaiti müəyyən olunub. Həmin vəsaiti könüllü şəkildə büdcəyə qaytarmağı iddiaçıya bildirilib. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 29 dekabr 2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyin tələblərinə uyğunluğunun araşdırılması ilə bağlı “İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddəsinə əsasən iddiaçı barəsində inzibati icraat başlanılmış və ona artıq pensiya ödənildiyi aşkar edilmişdir. Belə ki, xidmət keçilən qurum tərəfindən göndərilən məlumat vərəqəsində göstərilmiş xidmət illərinin düzgün hesablanmadığı aşkar edilmişdir. Cavabdehin iddiaçıya əmək pensiyasının təyin edilməsi haqqında qərarının ləğv edilməsi barədə 16 yanvar 2025-ci il tarixli qərarından görünür ki, şəxsə pensiya təyin edilməsi barədə 29 mart 2024-cü il tarixli qərar ləğv edilmiş, əmək pensiyasının ödənişinin dayandırılması və artıq ödənilmiş pensiya məbləğinin müəyyən edilməsi qərara alınmışdır. Əmək pensiyasının dayandırılması haqqında 16 yanvar 2025-ci il tarixli qərardan görünür ki, əmək pensiyasının dayandırılması qərara alınmışdır. Dövlət Gömrük Komitəsinin 27 dekabr 2024-cü il tarixli məktubundan görünür ki, xidmət illərinin hesablanması ilə bağlı məlumat cavabdehə təqdim edilmişdir. Siyahıdan görünür ki, həmin xidmət illəri xx.xx.1999-xx.xx.2001-ci il tarixlərdə X1 dövlət qulluğu, xx.xx.2001-xx.xx.2018-ci il tarixlərdə Vergilər Nazirliyində dövlət qulluğu və xx.xx.2018-xx.xx.2022-ci il tarixlərdə Dövlət Gömrük Komitəsində dövlət qulluğunun xüsusi növü üzrə xidmətin aparıldığı illəri nəzərdə tutulmuşdur. Əmək pensiyasının yenidən hesablanması barədə 10 may 2024-cü il tarixli qərardan görünür ki, 14 sentyabr 2022-ci il tarixdə təyin edilmiş əmək pensiyası yeni məlumat vərəqəsinə əsasən yenidən hesablanmış məbləğ 5840,52 manat çatdırılmışdır. Həmin qərardan görünür ki, pensiya ödənişləri xx.xx.2022-ci il tarixdən həyata keçirilməkdədir. Dövlət Gömrük Komitəsinin ***-**** nömrəli məlumat vərəqəsindən görünür ki, iddiaçının cəmi iş stajı və xidmət illəri 24 il 10 ay 20 gün təşkil edir. Təqvim üzrə xidmət illəri 22 il 4 ay 20 gün, ali təhsil 2 il 6 ay təşkil edir. Gömrük orqanında son xidmət dövrü 13 sentyabr 2022-ci il tarixdəndir. Təminat xərcliyi 7674,10 manat təşkil edir. Əmək pensiyasının təyin edilməsi haqqında 29 mart 2024-cü il tarixli qərardan görünür ki, iddiaçının pensiya hüququnun yarandığı tarix 14 sentyabr 2022-ci il tarixdir. Ümumi iş stajı 23 il 10 ay 24 gün kimi götürülmüşdür. 099-2024-cü il tarixli məlumat vərəqəsindən görünür ki, iddiaçının cəmi iş stajı və xidmət illəri 23 il 10 ay 24 gün kimi götürülmüşdür. Təqvim üzrə xidmət illəri 21 il 4 ay 24 gün, ali təhsil dövrü 2 il 6 ay təşkil edir. Əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1997-ci il tarixdən Nəsimi Rayon X1 fəaliyyətə başlamış, 29 yanvar 1999-cu il tarixdən Müfəttişlikdə dövlət vergi müfəttişi vəzifəsinə təyin edilmiş, 19 aprel 2001-ci il tarixdən Suraxanı rayonu Vergilər İdarəsində dövlət vergi müfəttişi olmuş, 2001-ci ildən 2018-ci il tarixədək vergi orqanlarında xidmət etmiş, 11 sentyabr 2018-ci il tarixdən Dövlət Gömrük Komitəsinin İnsan Resursları İdarəsinin rəisi vəzifəsinə təyin edilmiş, 13 sentyabr 2022-ci il tarixdən öz xahişi ilə həmin vəzifədən azad edilmişdir. Bakı İnzibati Məhkəməsinin 15 fevral 2024-cü il tarixli qərarından görünür ki, iddiaçı Dövlət Gömrük Komitəsinə qarşı 19 aprel 2001-ci il tarixdən 10 sentyabr 2018-ci il tarixədək vergi orqanlarında mövcud iş stajının gömrük orqanlarındakı iş stajına hesablanaraq pensiya təyin edilməsi üçün məlumat vərəqəsinin tərtib edilməsi barədə iddia ilə məhkəməyə müraciət etmiş, iddia tələbi təmin edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, iddiaçı Dövlər Vergi Xidmətində həmin illər ərzində xüsusi rütbədə işləməsi işin mübahisəsiz halı olduğundan həmin dövr gömrük orqanlarında xidmət illərinə əlavə edilməlidir. Belə olduğu təqdirdə 13 sentyabr 2022-ci il tarixdən iddiaçı işdən azad olduğu tarixdən pensiya hüququ qazanmış olur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 nömrəli Qərarının müddəalarının iddiaçıya münasibətdə tətbiq edilməsi Konstitusiyanın 149-cu maddəsinin tələblərinə uyğun olmamışdır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Məhkəmə ilk növbədə qeyd edir ki, AR İPM-nin 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktları qəbul etmiş inzibati orqan həmin aktların qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Göründüyü kimi hazırkı iş üzrə mübahisələndirilən qərarların qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu məhz cavabdeh sübut etməlidir. İşin hallarına əsasən əmək pensiyasının təyinatı üçün əsas olan məlumat vərəqəsi Dövlət Gömrük Xidməti tərəfindən tərtib edilmiş, həmin məlumat vərəqəsinin tərtib edilməsinin əsasında məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olmuşdur. Bakı İnzibati Məhkəməsinin qərarından görünür ki, iddiaçı Dövlət Gömrük Komitəsinə qarşı 19 aprel 2001-ci il tarixdən 10 sentyabr 2018-ci il tarixədək vergi orqanlarında mövcud iş stajının gömrük orqanlarındakı iş stajına hesablanaraq pensiya təyin edilməsi üçün məlumat vərəqəsinin tərtib edilməsi və pensiya orqanına göndərilməsi barədə iddia ilə məhkəməyə müraciət etmiş, iddia tələbi təmin edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, iddiaçı Dövlər Vergi Xidmətində həmin illər ərzində xüsusi rütbədə işləməsi işin mübahisəsiz halı olduğundan həmin dövr gömrük orqanlarında xidmət illərinə əlavə edilməlidir. Belə olduğu təqdirdə 13 sentyabr 2022-ci il tarixdən iddiaçı işdən azad olduğu tarixdən pensiya hüququ qazanmış olur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 nömrəli Qərarının müddəalarının iddiaçıya münasibətdə tətbiq edilməsi Konstitusiyanın 149-cu maddəsinin tələblərinə uyğun olmamışdır. Göründüyü kimi pensiya təyinatının əsasında duran məlumat vərəqəsinin tərtib edilmə zərurəti məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında həyata keçirilmişdir ki, cavabdehin əmək pensiyasının təyin edilməsi barədə həmin mövqe əsas götürülməklə tərtib edilmiş məlumat vərəqəsi nəzərə alınmadan əmək pensiyasının təyinatını ləğv etməsi və dayandırması barədə qərarlarının qəbul edilməsi zərurəti müəyyən edilməməkdədir. Bundan başqa, Məhkəmə qeyd etməyi zəruri hesab edir ki: 1) Qanunvericlikdə dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi ilə bağlı normativ aktlar mövcuddur. Həmin aktlar aşağıdakılardır: a) “Dövlət qulluğu haqında” Azərbaycan Respublikasının Qanunu (31 may 2021-ci il tarixli 340-VİQD nömrəli Qanunla əlavə edilmiş redaksiya): Maddə 22.7-1. Dövlət qulluqçusunun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. Maddə 22.7-2. Qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınaraq, dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. b) “Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 fevral 2024-cü il tarixli qərarı: Maddə 3.1. dövlət qulluğunun xüsusi növündə rütbə nəzərdə tutulan vəzifələrdə qulluq (xidmət) illəri hesablanarkən dövlət qulluğunda aşağıdakı dövrlər nəzərə alınır: 3.1.1. dövlət qulluqçusunun tutduğu vəzifədə qulluq stajı; 3.1.2. dövlət qulluqçusu digər dövlət qulluğu vəzifəsinə keçirildikdə və qəbul edildikdə əvvəlki dövlət qulluğu vəzifəsindəki qulluq stajı; 3.1.3. məhkəmə və ya müvafiq səlahiyyətli orqan tərəfindən müəyyən edilmiş dövlət qulluqçusunun məcburi işburaxma dövrü; 3.1.4. dövlət qulluğu vəzifəsində staj və sınaq müddəti; 3.1.5. dövlət qulluğu vəzifəsinin və əməkhaqqının saxlanılması şərtilə dövlət qulluqçusunun dövlət qulluğundan ayrıldığı müddət; 3.1.6. əmək qabiliyyətinin müvəqqəti itirildiyi müddət; 3.1.7. ödənişli məzuniyyət dövrləri, o cümlədən uşağa qulluq etmək üçün qismən ödənişli sosial məzuniyyət müddəti; 3.1.8. müddətli həqiqi hərbi xidmətə çağırılmazdan əvvəl dövlət qulluğu vəzifəsində qulluq etmiş və ehtiyata buraxıldıqdan sonra yenidən dövlət qulluğu vəzifəsinə təyin edilmiş dövlət qulluqçularının müddətli həqiqi hərbi xidmətdə olduqları müddət. Cavabdehin Nazirlər Kabinetinin həmin qərarı ilə bağlı bildirir ki, həmin Qaydalar əmək pensiyaçılarının deyil, işləməkdə olan şəxslərin qulluq illərinin hesablanmasını tənzimləyir. Buna görə də, sözügedən Qayda və şərtlərə əsasən, gömrük orqanlarının xüsusi rütbəli əməkdaşlarının əmək pensiyasının hesablanması üçün xidmət illəri müəyyən edilərkən onların dövlət qulluqçusu kimi fəaliyyət müddətlərinin nəzərə alınması və buna uyğun məlumat vərəqi göndərilməsi qanunvericiliyə ziddir. Məhkəmə bununla bağlı qeyd edir ki, Qaydalarda əmək pensiyaçılarının deyil, işləməkdə olan şəxslərin qulluq illərinin hesablanmasını tənzimləməsi ilə bağlı hər hansı qeyd yoxdur. Cavabdehin həmin Qaydalara bu formada şərh verməsi qəbul edilməməkdədir. Qaydaların 1-ci bəndində (ümumi müddəalar) qeyd edilmişdir ki, “...bu Qayda “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 22.7-2-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında qulluq (xidmət) keçmiş şəxslərin “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi dövlət orqanlarında qulluğa qəbul edilməsi zamanı dövlət qulluğunun xüsusi növündə xüsusi, hərbi və ya diplomatik rütbə (bundan sonra – rütbə) nəzərdə tutulan vəzifələrdə qulluq (xidmət) illərinin dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajına və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi dövlət orqanlarında qulluq keçmiş şəxslərin dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında rütbə nəzərdə tutulan vəzifələrə qulluğa (xidmətə) qəbul edilməsi zamanı dövlət qulluğunda malik olduqları qulluq stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi qaydasını və şərtlərini müəyyən edir. c) Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli, 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş, Gömrük orqanlarında xidmət haqqında Əsasnamə (29 noyabr 2024-cü il tarixli 80-VİİQD nömrəli Qanunla əlavə edilmiş redaksiya): Həmin Əsasnanənin 58-ci bəndində qeyd edil işdir ki, gömrük orqanlarında xidmət keçən və ya əvvəllər xidmət keçmiş şəxslər dövlət qulluğuna və ya digər dövlət orqanlarında dövlət qulluğunun xüsusi növünə işə qəbul edilərkən, onların gömrük orqanlarındakı xidmət illəri həmin orqanlarda qulluq (xidmət) illərinə daxil edilir və həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı olaraq uyğunlaşdırılması qaydasına əsasən müvafiq ixtisas dərəcəsi, xüsusi, hərbi və ya diplomatik rütbə verilir. Dövlət qulluğunda və ya digər dövlət orqanlarında dövlət qulluğunun xüsusi növündə işləyən və ya əvvəllər işləmiş şəxslər gömrük orqanlarına xidmətə qəbul edildikdə, onların qulluq (xidmət) illəri gömrük orqanlarında xidmət illərinə daxil edilir və həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı olaraq uyğunlaşdırılması qaydasına və bu Əsasnaməyə əsasən müvafiq xüsusi rütbə verilir. Görünüdüyü kimi, Əsasnamənin istinad edilən normasında da, dövlət qulluğundan gömrük orqanlarına keçən şəxslərin dövlət qulluğunda qulluq illərinin xidmət illərinə daxil edilməsini birbaşa tənzimləmişdir. Həmin Əsasnamə Azərbaycan Respublikasının Qanunu ilə təsdiqlənmişdir və Qanun qüvvəsinə malikdir. Belə ki, “Normativ hüququ aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanunun 2.9-cu maddəsinə görə, nizamnamələrin, əsasnamələrin, təlimatların, reqlamentlərin və qaydaların hüquqi qüvvəsi onları təsdiq edən normativ hüquqi aktın hüquqi qüvvəsi ilə müəyyən edilir. d) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 yanvar tarixli 4 nömrəli qərarı ilə təsfiq edilmiş “Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması” Qaydası: Bənd 1. Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması Qaydası (bundan sonra - Qayda) Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnaməyə, gömrük orqanlarında xidmətin xüsusiyyətlərinə əsasən hazırlanmışdır və gömrük orqanlarının vəzifəli şəxslərinin xidmət illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması qaydasını müəyyən edir. Bənd 2. Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinə aşağıdakı dövrlər daxil edilir: dövlət qulluqçusunun dövlət qulluğu vəzifəsində qulluq stajı. Qeyd olunmalıdır ki, “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın: 4.3. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin xidmət müddətinin (qulluq illərinin) hesablanması onların xidmət (qulluq) etdiyi orqanlara aid hissədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” 1992-ci il 23 noyabr tarixli 631 nömrəli, “Daxili işlər orqanlarının əməkdaşlarına fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanması Qaydasının təsdiq edilməsi barədə” 2004-cü il 22 iyul tarixli 98 nömrəli, “Yüksək ixtisaslı mütəxəssislər sırasından seçilərək kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə hərbi xidmətə qəbul olunmuş hərbi qulluqçuların hərbi xidmətə qəbul olunana qədərki əmək stajının pensiya təyin edilməsi və xidmət illərinə görə əlavə faizin ödənilməsi üçün onların xidmət illərinə hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında” 2005-ci il 1 iyul tarixli 124 nömrəli, “Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında” 2006-cı il 9 yanvar tarixli 4 nömrəli, “Prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” 2002-ci il 31 oktyabr tarixli 168 nömrəli, “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2008-ci il 29 may tarixli 123 nömrəli qərarlarına uyğun olaraq həyata keçirilir. Göründüyü kimi pensiya qanunvericiliyinin özündə xidmət illərinin hesablanması baxımından “Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması Qaydası istinad edilmişdir ki, həmin Qaydada dövlət qulluqçusunun dövlət qulluğu vəzifəsində qulluq stajının gömrük orqanlarında xidmət illərinə daxil edilməli olması barədə müddəa öz əksini tapmışdır ki, həmin müddəanın tətbiqinin istisna edilməsi müəyyən edilmir. Oxşar norma qüvvədən düşmüş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.8-bəndində də göstərilmiş, göstərilən bəndə istinadən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 15 may 2020-ci il tarixli qərarında pensiyanın hesablanmasına dair şərhi ilə bağlı “Gömrük orqanlarının vəzifəli şəxslərinə fasiləsiz xidmət illərinə görə əlavələrin ödənilməsi üçün xidmət illərinin hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2006-cı il 9 yanvar tarixli 4 nömrəli qərarına istinad etmişdir. Qüvvədə olan Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Qərar və cavabdehin üst qurumu tərəfindən təsdiq edilmiş hal-hazırda qüvvədən düşmüş Kollegiya Qərarından görünür ki, “Gömrük orqanlarının vəzifəli şəxslərinə fasiləsiz xidmət illərinə görə əlavələrin ödənilməsi üçün xidmət illərinin hesablanması Qaydası” Sosial sığorta stajının hesablanması hissəsində göstərilmişdir ki, sosial sığorta stajının hesablanması proseduru adı altında məhz göstərilən Qaydaya istinad pensiya təyinatı üzrə stajın hesablanması baxımından da həmin Qaydanın tətbiqinə imkan yaradır ki, həmin istinadı istisna edən hal müəyyən edilməməkdədir. 2) Cavabdehin istinad etdiyi analoji işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)-1576/2023 nömrəli qərarı ilə bağlı: Cavabdeh bu qərara istinad edərək hesab edir ki, analoji mübahisə üzrə iddia tələbinin rədd edilməsinə dair Ali Məhkəmə tərəfindən formalaşmış məhkəmə təcrübəsi mövcuddur. İlk növbədə qeyd edilməlidir ki, həmin qərar ədliyyə orqanlarında dövlət qulluğunda çalışmış iddiaçının iddiası üzrə qəbul edilmişdir. Baxılan işdə isə, iddiaçı ədliyyə orqanlarında deyil, gömrük orqanlarında xidmət keçmişdir. Qeyd edilən qərar qəbul edilərkən nə “Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 fevral 2024-cü il tarixli qərarı, nədəki, Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli, 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş, Gömrük orqanlarında xidmət haqqında Əsasnamənin 58-ci maddəsinin hazırkı redaksiyası mövcud deyildi. Odur ki, məhkəmənin hazırkı mövqeyi Ali Məhkəmənin istinad edilən qərındakı hüquqi mövqeyə zidd deyildir. 3) Qanunsuz əlverişsiz inzibati aktın ləğv edilməsi prosessual tələblər. Məhkəmə həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Doğrudur inzibati icraatla bağlı qanunvericiliyin tələbinə əsasən inzibati araşdırmanın öz təşəbbüsü ilə başlanılması səlahiyyəti cavabdehə verilmişdir ki, lakin həmin səlahiyyət müstəsna hallarda tətbiq edilməsi nəzərdə tutulmuşdur ki, həmin inzibati icraatın təşəbbüsü ilə başlanılma əsasları cavabdehin həmin inzibati icraat nəticəsində qəbul etdiyi qərarın qanuniliyi baxımından əhəmiyyət daşıyır. Hazırkı iş üzrə materiallardan isə müəyyən edilir ki, pensiya təyinatının əsaslılığının təyinata əsas götürülmüş halların pensiya qanunvericiliyinə uyğunluğunun araşdırılması kimi əsasa istinad edilərək inzibati icraat başlanılmışdır ki, ümumiyyətlə ümumi xarakterli həmin ifadə altında inzibati icraatın öz təşəbbüsü ilə başlanılmasının zərurəti aydın deyil. Qeyd edilməlidir ki, cavabdeh həmin ad altında kütləvi olaraq pensiya təyinatının yoxlanılması kimi müstəsna səlahiyyətə malik olacaqdır ki, həmin hal etimad hüququnun qorunduğu hallarda pensiyanı təyin edilməsi xüsusiyyətinə uyğun gəlmir. Halbuki, cavabdehin şəxsin etimadının qorunduğunu nəzərə almaq kimi də vəzifə daşıyır. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-3135/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardan (★★★) görünür ki, hazırkı qərar məhz adıçəkilən qərarda nəzərdə tutulmuş mövqe də əsas götürülməklə qəbul edilir. Qərarda xüsusi olaraq qeyd edilmişdir ki, Dövlət orqanlarından etimad hüququ çərçivəsində gözlənilən onların vaxtında, uyğun və ardıcıl şəkildə hərəkət etmək öhdəliyinə riayət etmələridir. Vətəndaşlar “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində sadalanmış hallar istisna olmaqla prinsipcə, onların xeyrinə çıxarılmış yekun əlverişli inzibati aktların və həmin aktlardan irəli gələn tətbiq tədbirlərinin etibarlılığına güvənə bilməlidirlər. Həmin güvən etimad hüququnu yaratmaqla qanunla müəyyən edilmiş həddlərdə qorunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə də, “lazımi idarəetmə” prinsipi hakimiyyət orqanlarının operativ şəkildə öz səhvlərini, hətta onların özlərinin diqqətsizliyi nəticəsində yaranan səhvlərini düzəltməsinin qarşısını almamalıdır. Lakin köhnə “səhv”in düzəldilməsi zərurəti, dövlət orqanının hərəkətinin qanuniliyinə etibar edən vicdanlı şəxsin yeni hüququna tənasübsüz şəkildə maneə törətməməlidir. Başqa sözlə, öz prosedurlarını tətbiq etməyən və ya onlara riayət etməyən dövlət orqanları öz hüquq pozuntularından fayda götürmək və ya öz vəzifələrindən yayınmaq hüququna malik olmamalıdırlar. Dövlət orqanları tərəfindən yol verilən istənilən səhvin riskini dövlətin özü daşımalı və səhvlər maraqlı şəxslərin hesabına düzəldilməməlidir (Beinaroviç və digərləri Litvaya qarşı iş üzrə, 2018-ci il 12 iyun tarixli Qərar, §140). Yuxarıda göstərilənləri nəzərə alaraq Məhkəmə hesab edir ki, cavabdeh iddiaçının əmək pensiyasının təyinatının ləğv etməsi və dayandırması barədə qərarları qəbul etməkdə haqlı olmamışdır. Odur ki, həmin qərarlar ləğv olunmalıdır. Məhkəmə, qəbul etdiyi qərarla mübahisələndirilən inzibati aktların ləğv olunmasını əsaslandırmaqla yanaşı, bu ləğvetmənin doğurduğu hüquqi nəticələrin də aradan qaldırıldığını vurğulayır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu maddənin tələblərindən irəli çıxıraq Məhkəmə qeyd edir ki, hazırki iddia ilə mübahisələndirilən inzibati aktların ləğvi özündə - bu aktların qəbul etdiyi andan yaradan hüquqi nəticələri aradan qaldırır. Eyni zamanda inzibati hüquq münasibətlərini tənzmiləyən İnzibati Prosessual Məcəlləsinin: 2.2.1.Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Məhkəmə diqqətə çatdırır ki, mübahisələndirmə haqqında iddia İPM-nin 2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən biri olmaqla, inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsini ehtiva edir. Nəzərə alınmalıdır ki, bu növ iddialarda qüvvədə olan qanunvericilik vətəndaşlara inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması barədə ərizə ilə müraciət etmək hüququ vermişdir. Qanunvericiliyin qeyd olunan tələblərini nəzərə alınmaqla məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin mübahisələndirilən qərarların ləğvi dedikdə əvvəlki pensiya məbləği və hesablama qaydasının bərpa edilməsi, hər hansı pul məbləği tutulmuşsa onun geri qaytarılması, o cümlədən qərarın icrası ilə bağlı iddiaçıya münasibətdə bütün mənfi nəticələrin aradan qaldırılması ehtiva edilir. Yəni, qərar ləğv edildikdən sonra şəxsdən hər hansı ödəniş tutulmuşdursa geri qaytarılmalı, əvvəlki pensiya məbləği bərpa edilməli, ziyanına olan hesablama qaydası ləğv edilərək əvvəlki hesablama qaydası müəyyən edilməli, bir sözlə bütün mənfi hüquqi nəticələri aradan qaldırılmalı,dır. Beləliklə məhkəmə hesab edir ki, hazırki iddia tələbi təmin olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin olunsun. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının təyin edilməsi haqqında qərarının ləğv edilməsi” barədə 16 yanvar 2025-ci il tarixli və “Əmək pensiyasının dayandırılması haqqında” 16 yanvar 2025-ci il tarixli qərarları ləğv edilsin. İddiaçı əvvəlki pensiyanın hesablanma qaydasının bərpa edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №e-2-1(112)-6576/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-6576/2025
12.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver