Məhkəmə qərarları › İş №e-2-1(112)-6578/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-6578/2025

03.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-6578/2025 03.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə qarşı üçüncü şəxslər X11, X12, X13, X7, X19, X14, X8, X15 və X20 “qeydiyyatdan çıxarılma öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Üçüncü şəxs X5 vəkili və nümayəndəsi Vəkil, Üçüncü şəxs X9 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə qarşı, (üçüncü şəxslər X11, X12, X13, X7, X19, X14, X8, X15 və X20) “qeydiyyatdan çıxarılma öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 3 aprel 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Etibar Bəkirli küçəsi (keçmiş Boru bazası küçəsi), ev 17a (Yeni qaydalarla: AZ 1048, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 10-cu Qaraçuxur, 2-ci döngə, 31) ünvanında yerləşən fərdi yaşayış evi Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş reyestr nömrəsi **********75-10301 saylı olan çıxarışa əsasən İddiaçı (bundan sonra – iddiaçı) xüsusi mülkiyyətindədir. Həmçinin Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Etibar Bəkirli küçəsi (keçmiş Boru bazası küçəsi), ev 17a ünvanında dair X10 adına X3 tərəfindən 1983-cü ildə texniki pasport tərtib edilmişdir. Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2025-cü il tarixli, ******* №-li arayışına əsasən X11, X12, X13, X7, X19, X14, X8, X15 və X20 (bundan sonra - üçüncü şəxslər) həmin mənzildə pasport qeydiyyatındadırlar. İddiaçı Suraxanı Rayon Polis İdarəsinə (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək üçüncü şəxslərin mübahisəli mənzildən qeydiyyatdan çıxarılmasını xahiş etmiş, iddiaçının müraciətinə cavab verilməmişdir. İddia tələbi və iddiaçının əsaslandırması: İddiaçı X16 cavabdeh Suraxanı rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, üçüncü şəxslərin Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Etibar Bəkirli küçəsi ev 17A (Yeni Qaydalarla: Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 10-Qaraçuxur, 2-ci döngə, 31) ünvanında yerləşən mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin üzərinə öhdəlik kimi qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, üçüncü şəxslər xeyli vaxtdır ki, həmin ünvanda yaşamır, qeydiyyatları formal xarakter daşıyır. Bu da onun mülkiyyətçi kimi bir sıra hüquqlarını məhdudlaşdırılmasına, mənzilə görə əlavə kommunal ödənişləri həyata keçirilməsinə səbəb olur. Cavabdehin etirazları: Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçının vəkili və nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Üçüncü şəxslər X19 və X5 vəkili və nümayəndəsi Vəkil məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında verdiyi izahatında bildirdi ki, 1970-ci ildən bugünə qədər sözü gedən ünvanda ailəsi ilə birgə yaşayır. Sözügedən ünvana onların texniki pasportu var. (İş matereallarına əlavə olunub). İddiaçının evi ilə onların evi ayrı-ayrı evlərdir. Qonşudurlar. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Digər üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə SMS bildiriş göndərilsə də, məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Mülki prossual Məcəllənin 135.7-ci maddəsinə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin və digər üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Tətbiq edilən hüquq: “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun: Maddə 1. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın əsasları Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür (-) Maddə 9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Məhkəmənin mövqeyi: İşin faktiki hallarına görə, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Etibar Bəkirli küçəsi (keçmiş Boru bazası küçəsi), ev 17a ünvanıda iki fərdi yaşayış evi mövcuddur: xx.xx.2024-cü il tarixli, **********75-10301 reyestr nömrəli çıxarışa əsasın iddiaçıya məxsus olan fərdi yaşayış evi; Üçüncü şəxslərin faktiki yaşadıqları və pasport qeydiyyatına alındıqları X10 adına X3 tərəfindən 1983-cü ildə tərtib edilmiş texniki pasporta əsasən və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış fərdi yaşayış evi. İddiaçının hazırkı iddianı qaldırmaq hüquqi marağı üçüncü şəxslərin həmin ünvandan pasport qeydiyyatından çıxarmağa nail olmaqdır. Məhkəmə araşdırması zamanı verilmiş sorğuya Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının Qaraçuxur qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, ünvan 3 nömrəsi ilə 2(iki) fərdi ev mövcuddur.

1. iddiaçının mülkyyətində olan fərdi yaşayış evi;

2. X6 məxsus olan fərdi yaşayış evi. X6 məxsus olan fərdi yaşayış evində üçüncü şəxslər pasport qeydiyyatındadırlar və yaşayırlar. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş arxiv qovluqlarında olan texniki pasportlardan görünür ki, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evi ilə, üçüncü şəxslərin faktiki sahibliyində olan evlər ayrı-ayrı evlərdir. Həmçinin üçüncü şəxslər tərəfədindən təqdim edilmiş kommunal xidmətlərin ödənilməsinə dair qəbzlərdən müəyyən edilir ki, üçüncü şəxslər ünvan 3 ünvanına dair kommunal xidmətləri ödəyirlər. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli “Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən verilmiş rayışsa” əsasən ünvan 3 ünvanda yerləşən torpaq sahəsinin mərhum X17 məxsus olmasına dair arayış verilmişdir. Hazırkı işdən müəyyən olunur ki, üçüncü şəxslər iddiaçının mülkiyyəıtində olan fərdi yaşayış evində deyil, X1 və istifadəsində olan, eyni ünvan lakin faktiki olaraq ayrı evlərdə yaşayırlar və yaşadıqları fərdi yaşayış evi ünvanı üzrə qeydiyyatdadırlar. Məhkəmə qeyd edir ki, qanun fiziki şəxsin bilavasitə “yaşayış yeri” üzrə qeydə alınmanı tələb edir, bu halda üçüncü şəxslərin yaşadıqları fərdi yaşayış evinin yerləşdiyi ünvan üzrə qeydiyyatda qalmaları qanunsuz, inzibati orqanın onları yaşayış yeri ünvanından qeydiyyatdan çıxarmaqdan imtinası isə əsassız hesab edilə bilməz. İş materiallarına əsasən müəyyən olunur ki, üçüncü şəxslər iddiaçının istifadəsində olan fərdi yaşayış evində deyil, eyni ünvan rekvizitlərinə malik olan ayrı evdə yaşayırlar. Üçüncü şəxslər öz fərdi yaşayış evinin faktiki sahibi olduqları və faktiki olaraq yaşadıqları halda, onlar evin mövcud ünvanından da istifadə etmək hüququna malikdirlər. Həmin ev onların sahibliyində və istifadəsində olan ayrıca bir daşınmaz əmlakdır. Belə olan halda, cavabdeh tərəfindən onların həmin ünvandan qeydiyyatdan çıxarılmaları hüquq və azadlıqlarının pozulmasını ehtiva etmiş olar. Baxılan işlə əlaqədar oxşar mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-266/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli və 2- 1(102)-1700/2023 nömrəli iş üzrə, xx.xx.2023-cü il tarixli qərarlarında da qeyd edilmişdir. 2-1(102)-1700/2023 nömrəli iş üzrə qərarında məhkəmə kollegiyası qeyd edtmişdir ki, “...apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, eyni ünvan göstəricisinə malik X2 adına xx.xx.2002-ci il tarixli qeydiyyat vəsiqəsi, eləcə də X4 aid dövlət reyestrində qeydiyyata alınmamış əmlakın olması iddiaçının eyni ünvan, lakin müxtəlif evlərdə yaşayan və qeydiyyatda olan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını tələb etmək hüququnu istisna edir”. 2-1(102)-266/2024 nömrəli iş üzrə qərarında məhkəmə kollegiyası qeyd edtmişdir ki, “...iş üzrə üçüncü şəxslər iddiaçının mülkiyyətində olan evdə deyil, onunla ilə eyni ünvan göstəricilərinə malik başqa bir evdə qeydiyyatda olmaqla yaşayırlar. Belə olan halda, iddiaçı üçüncü şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı tələb hüququna malik olmadığından apellyasiya məhkəməsi düzgün nəticəyə gəlmişdir”. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə,

qərara aldı:

İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar