Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-6581/2025 24.11.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, İddiaçının nümayəndəsi X7, Cavabdehin X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı Elm və Təhsil Nazirliyinin Xalq Təhsil Muzeyi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə qərarın ləğv edilməsi tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Elm və Təhsil Nazirliyinin Xalq Təhsil Muzeyinin inzibati binasının və onun ərazisinin mühafizəsi xidmətinin satın alınması ilə bağlı kotirovka sorğusu həyata keçirilmişdir. İddiaçı də təkliflər sorğusunda iştirak etmişdir. Xalq Təhsil Muzeyinin xx.xx.2025-ci il tarixli kənarlaşdırma protokoluna əsasən “Dövlət satınalmaları haqqında” Azərbaycan Respbulikası Qanununun 35.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq "xxxx" MMC, “X9 Şirkəti” MMC və İddiaçı MMC müsabiqədən kənarlaşdırılmışdır. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “Təchizatçının satınalmadan kənarlaşdırılması barədə satınalma komissiyasının qərarının və yekun protokolun təsdiq edilməsi barədə” xx.xx.2025-ci il tarixli AİBNDX/SQ-242/2025 nömrəli qərarda qeyd edilmişdir ki, Dövlət satınalmalarının vahid internet portalında keçirilmiş 84949 nömrəli satınalma prosedurunda 4 təchizatçı iştirak etmişdir. Onlardan 3 təchizatçı satınalma komissiyasının qərarı ilə satınalmadan kənarlaşdırılmış, "xxxx" MMC qalib elan edilmişdir. "xxxx" MMC, “X9 Şirkəti” MMC və İddiaçı MMC-nin satınalmadan kənarlaşdırılması barədə satınalma komissiyasının qərarı və yekun protokol təsdiq edilsin. İddiaçının tələbi, əsaslandırması və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin xx.xx.2025-ci il tarixli AİBNDX/SQ-242/2025 qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Elm və Təhsil Nazirliyi Xalq Təhsil Muzeyinin inzibati binasının və onun ərazisinin mühafizəsi üzrə satınalan təşkilat olan Xalq Təhsil Muzeyinin elan etdiyi 102566 saylı kotirovka üzrə zərflərin açılışı zamanı ən aşağı qiymətin İddiaçı MMC tərəfindən verilməsi müəyyən edilmişdir. Lakin xx.xx.2024-cü il tarixdə satınalan təşkilat portalın bildirişlər bölməsində qalib kimi digər təchizatçını, onları isə kənarlaşmağını göstərmiş, lakin müsabiqədən kənarlaşmağının səbəbi ilə bağlı onlara heç bir rəsmi məlumat təqdim etməmişdir. Bununla bağlı satınalan təşkilata portalın “suallar, cavablar/şikayətlər” bölməsində sorğu verilmiş, həmçinin əlaqə nömrələrinə zəng edilmiş, portal üzərindən kənarlaşmanın səbəbi barədə onlara heç bir məlumat verilməsə də, zəngə cavab verən, lakin özünü təqdim etməyən şəxs uzun müddətdir həmin obyekti mühafizə edən təchizatçını tanıdıqlarını, onlarla mühafizə işini davam etdirmək istədiklərini, təqdim etdikləri 8 nəfərlik işçi heyətindən 1 nəfərinin 3 illik iş təcrübəsinə malik olmadığını bildirmişdir. Sözügedən müsabiqədə qanun pozuntusu olması barədə nəzarət orqanı olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə portal üzərindən 24 dekabr 2024-cü il tarixdə müraciət olunmuş və müraciətinə baxılaraq nəzarət orqanı tərəfindən satınalan təşkilatın yekun protokolunun ləğv olunması haqqında qərar verilməsi və satınalmanın qiymətləndirmə prosesinə geri qaytarılması barədə 07 yanvar 2025-ci il tarixdə portala nəzarət orqanı tərəfindən rəsmi məlumat yerləşdirilmişdir. Satınalan təşkilat yenə də onu müsabiqədən kənarlaşdıraraq xx.xx.2025-ci il tarixdə portal üzərindən səbəb olaraq təqdim etdiyini 8 nəfərlik işçi heyətindən 1 nəfərinin, yəni, X1 mühafizə işi üzrə 3 il iş təcrübəsi olmadığının müəyyən edildiyini bildirmişdir. Hansı ki, qeyd olunan şəxsin əvvəllər işlədiyi qurumda “Baş nəzarətçi” vəzifəsində 3 ildən çox fəaliyyət göstərdiyi onun əmək kitabçasında qeyd olunmuş, əmək kitabçasının surəti isə portalın işçi qüvvəsi ilə bağlı təqdim edilmiş sənədlər bölməsinə iddiaçı tərəfindən əvvəlcədən yerləşdirilmişdir. Satınalan təşkilatın yenidən qanunsuzluqlara yol verməsi ilə bağlı nəzarət orqanına 10 yanvar 2025-ci il tarixdə müraciət olunmuş və satınalan təşkilatın yekun protokolunun nəzarət orqanı tərəfindən təsdiq olunması barədə barədə 13 yanvar 2025-ci il tarixdə portala nəzarət orqanı tərəfindən rəsmi məlumat yerləşdirilmişdir. Lakin yenə də onlara kənarlaşdırılmalarıyla bağlı heç bir qərar təqdim edilməmişdir. Qərarların onlara təqdim edilməsi üçün tərəflərindən 13 yanvar 2025-ci il tarixdə portal üzərindən nəzarət orqanına müraciət edilsə də, nəzarət orqanının ünvanladığı 15 yanvar 2025-ci il tarixli məktubda göstərilmişdir ki, baxılmış materiallara əsasən şərtlər toplusunda “müvafiq tələblərə cavab verən işçi qüvvəsinin olması” barədə tələbdə ümumilikdə 8 nəfər mühafizəçi barədə məlumatların təqdim edilməsi tələb edilsə də, sözügedən tələbə cavab olaraq tərəfinizdən təqdim edilən mühafizəçi vəzifəsi üzrə sənədlərdə tələb olunan təcrübənin təmin edilmədiyi nəzərə alınaraq satınalmadan kənarlaşdırılmanız barədə satınalma komissiyasının qərarı Dövlət Xidmətinin xx.xx.2025-ci il tarixli AİBNDX/SQ-242/2025 nömrəli qərarı ilə təsdiq edilmişdir. Lakin onlara yenə də heç bir qərar təqdim edilməmişdir. Hesab edirlər ki, satınalan təşkilatın yekun protokolu və nəzarət orqanının qəbul etdiyi xx.xx.2025-ci il tarixli AİBNDX/SQ-242/2025 nömrəli qərarı əsassız və qanunsuzdur. Belə ki, 1. Təqdim etdikləri X1 ******* nömrəli əmək kitabçasından görünür ki, o, xx.xx.2015-ci ildən xx.xx.2018-ci il tarixədək “İrşad” İAM-da “Baş nəzarətçi”, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu ilədək həmin şirkətdə yenə də, “Baş nəzarətçi” vəzifəsində, yəni ümumilikdə 3 il, 3 ay 11 gün mühafizə işi üzrə 3 il iş təcrübəsi olmuşdur. X5 şəxsi işinə əlavə edilmiş dəvətnamələrdən görünür ki, “Bakutel”in Bakı expo mərkəzində 5-8 dekabr 2017-ci il tarixdə keçirdiyi tədbirə o, “İrşad hotel”in “Təhlükəsizlik üzrə menecer” vəzifəsində dəvət olunmuşdur. Bundan başqa Vidadi Allahverdiyev “securica cips”-in Bakı expo mərkəzində 19-22 oktyabr 2016-ci il tarixdə təşkil etdiyi “9-cu Xəzər Beynəlxalq mühafizə, təhlükəsizlik və xilasetmə vasitələri sərgisi”nə də “İrşad hotel”in “Təhlükəsizlik üzrə menecer” vəzifəsində dəvət olunmuşdur. 2. Xalq Təhsil Muzeyinin inzibati binasının və onun ərazisinin mühafizəsi üzrə 102566 saylı kotirovka sorğusunun şərtlər toplusunun qiymətləndirmə meyarının işçi qüvvəsi ilə bağlı 3.2-ci bəndində göstərilmişdir ki, “8 nəfər mühafizəçi, ən azı 3 il iş təcrübəsi olmalı”. Bundan əlavə satınalan təşkilatın ikinci dəfə kanarlaşdırılmasının səbəbi barədə xx.xx.2025-ci il tarixdə portal üzərindən yerləşdirdiyi cavabda göstərilmişdir ki, “X1 mühafizə işi üzrə 3 il iş təcrübəsi olmadığı müəyyən edilmişdir”. Göründüyü kimi şərtlər toplusunda və verilmiş cavabda məhz konkret olaraq “Mühafizəçi” adı altında işləmiş tələbi deyil, ümumi anlayış ifadə edən mühafizə işində işləmiş və ya özlərinin dediyi kimi “mühafizə işi üzrə 3 il iş təcrübəsi” tələbi irəli sürülmüşdür. 3. ümumi anlayış ifadə edən “mühafizəçi” funksiyasını həyata keçirən şəxsin hər hansı bir təşkilatda “mühafizəçi”, “nəzarətçi” və ya “növbətçi” vəzifəsi ilə işə qəbul edilməsi heç bir qanunla qadağan edilməmiş və eyni funksiyanı həyata keçirirlər. Şərtlər toplusunda məhz mühafizə sahəsi üzrə iş təcrübəsi olan şəxsdən söhbət gedir ki, təqdim etdikləri namizəd də, hətta “Baş nəzarətçi” vəzifəsində 3 il işləmişdir. 4. Bir daha qeyd edirlər ki, satınalan təşkilat ikinci dəfə kənarlaşdırılmalarının səbəbi barədə xx.xx.2025-ci il tarixdə portal üzərindən yerləşdirdiyi cavabda göstərilmişdir ki, “X1 mühafizə işi üzrə 3 il iş təcrübəsi olmadığı müəyyən edilmişdir”. Hansı ki, tərəflərindən təqdim edilən şəxsin “Baş nəzarətçi” olaraq hansı vəzifəni icra etməsi barədə satınalan təşkilat tərəfindən heç bir dəqiqləşdirmə barədə onlara sorğu göndərmədən, bu barədə heç bir araşdırma aparmadan həmin şəxsin mühafizə işi üzrə 3 il iş təcrübəsi olmadığını müəyyən etmişlər. Yəni, satınalan təşkilatın bu “müəyyən etməsinin” heç bir əsası yoxdur və buna cəhd də göstərməmişlər. Halbuki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respbulikası Qanununun 23.11-ci maddəsinə əsasən satınalan təşkilat təchizatçı tərəfindən təqdim edilən uyğunluq göstəriciləri barədə verdikləri qeyri-dəqiq və natamam məlumatları tələb edə bilərdi, təchizatçı isə həmin məlumatları 3 iş günü ərzində aradan qaldırmalıdır. Nəzarət orqanı isə qeyri-dəqiq və natamam məlumatların aradan qaldırılması üçün satınalan təşkilat qarşısında vəzifə qoya bilərdi ki, Nəzarət orqanı da bu vəzifəsini icra etmədən yekun protokolunu öz qərarı ilə təsdiq etmişdir. Təcrübədə məhz bu cür hallar olmuşdur ki, satınalan təşkilat tərəfindən əsassız olaraq kotirofka sorğusundan kənarlaşdırılmışdıq, bununla bağlı nəzarət orqanına tərəflərindən müraciət olunduqda nəzarət orqanı satınalan təşkilat üzərinə məlumatların dəqiqləşdirilməsi barədə vəzifə qoyaraq onlara sorğu göndərilmişdir. Onlar isə həmin məlumatları cavab məktubu ilə dəqiqləşdirdikdən sonra müsabiqənin qalibi elan edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə Elm və Təhsil Nazirliyinin Xalq Təhsil Muzeyi üçüncü şəxs qismində zəruri cəlb etmə qaydasında məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbinə etirazın əsasları: Cavabdeh tərəfindən iddia ərizəsinə yazılı məlumat təqdim edilmiş və məlumat onunla əsaslandırılmışdır ki, iddiaçının iddiasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə aid olan hissədə əsassız və qanunsuz olduğundan iddia həmin hissədə mümkün hesab edilməməlidir. 1. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən satınalma sahəsində dövlət nəzarətini həyata keçirdir. Qanunun 14.2-ci maddəsinə əsasən Dövlət Xidmətinin satınalma sahəsində dövlət nəzarəti ilə bağlı aşağıdakı səlahiyyətləri vardır: 14.2.1. satınalan təşkilatlardan və təchizatçılardan keçirilən satınalma proseduru ilə əlaqəli sənədləri (məlumatları) tələb etmək; 14.2.2. satınalma planında göstərilən ehtimal olunan qiymətlə bağlı şübhələr olduqda onun dəqiqləşdirilməsi ilə bağlı satınalan təşkilatlara müraciət etmək, satınalma planında kənarlaşmalar aşkar etdikdə isə aradan qaldırılmasını tələb etmək; 14.2.3. satınalma komissiyalarının iclaslarında müşahidəçi qismində iştirak etmək; 14.2.4. satınalmalarla bağlı araşdırma aparmaq və nəticəsindən asılı olaraq bu Qanunda nəzərdə tutulmuş qaydada tədbirlər görmək; 14.2.5. satınalma predmetinin həcminin (miqdarının) 10 faizə qədər artırılıbazaldılmasına razılıq vermək; 14.2.6. bu Qanunda nəzərdə tutulmuş hallarda satınalma komissiyalarının qərarlarının (protokollarının) təsdiq olunub-olunmaması haqqında qərar qəbul etmək; 14.2.7. satınalmalar üzrə illik hesabatı hazırlamaq və portalda yerləşdirmək; 14.2.8. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada satınalan təşkilatların, satınalma müqavilələrinin və etibarsız təchizatçıların reyestrlərini aparmaq, təchizatçıların həmin reyestrdə qalma müddəti barədə qərar qəbul etmək. Lakin, İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); 2.2.6. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; 2.2.8. bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına; 2.2.9. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankın ərizələrinə. Yuxarıda göstərilənlər nəzərə alınsa, iddiaçı hazırda inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsi üzrə iddia ilə məhkəməyə müraciət edir. Sözügedən inzibati akt da iddia ərizəsinin mahiyyətinə baxdıqda "xxxx" MMC-nin Elm və Təhsil Nazirliyinin Xalq Təhsil Muzeyinin tender komissiyası tərəfindən sözügedən müsabiqədən kənarlaşdırılması barədə qərarıdır. Əlavə olaraq bildirilir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən satınalma komissiyası fəaliyyətində müstəqildir, qərarlarını əsaslandırmaqla və bu Qanunu rəhbər tutmaqla sərbəst qəbul edir. Satınalma prosedurları zamanı Qanunun 34.3-cü maddəsinə əsasən satınalma komissiyası bu Qanunun tələbləri nəzərə alınmaqla aşağıdakı qərarlardan birini və ya bir neçəsini qəbul edir: 34.3.1. uyğunluğa dair sənədlər toplusunun və (və ya) şərtlər toplusunun təsdiq edilməsi haqqında; 34.3.2. uyğunluğa dair sənədlər toplusuna və (və ya) şərtlər toplusuna (o cümlədən, təkliflərin cəlb edilməsi barədə elanın məzmununa) dəyişiklik edilməsi haqqında; 34.3.3. təchizatçıların satınalmadan kənarlaşdırılması haqqında; 34.3.4. satınalmanın ləğv edilməsi haqqında; 34.3.5. təchizatçılar arasında birinci, ikinci və üçüncü yerlərin müəyyənləşdirilməsi haqqında; 34.3.6. heç bir təklif satınalma predmetinin tam həcmdə icrasını təmin etmədikdə, bu zaman bir neçə təchizatçının hissəvi təkliflərinin cəmi bir təchizatçının təklifindən daha səmərəli və ya qiyməti daha aşağı olarsa, habelə satınalma predmetinin daha yüksək həcmdə icrasını təmin edərsə, satınalma predmetinin iki və ya daha çox təchizatçı arasında bölünməsi haqqında; 34.3.7. təkliflərin qiymətləndirilməsi nəzərdə tutulan müddət ərzində başa çatmadıqda, bu Qanunun 31.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla müddətin uzadılması haqqında. Qanunun 34.8-ci maddəsinə əsasən yalnız yekun protokol Dövlət Xidməti tərəfindən təsdiq edildikdən sonra qalib təchizatçıya təklifin akseptinə dair bildiriş göndərilə və (və ya) satınalma müqaviləsi bağlana bilər, habelə çərçivə sazişi tətbiq ediləcəyi halda isə çərçivə sazişi bağlana bilər. Qanunun 34.9-cu maddəsinə əsasən satınalma portal vasitəsilə keçirildikdə, təkliflər onların təqdim edilməsi üçün müəyyən edilən müddət başa çatdıqdan dərhal sonra real vaxt rejimində qiymət təklifinin ardıcıllığına uyğun olaraq portal vasitəsilə elektron qaydada satınalma komissiyasına göndərilir. Komissiya təkliflərin qüvvədə olma müddətində təklifləri qiymətləndirir, yekun qərar qəbul edir və bu Qanunun 34.8-ci maddəsinin tələbləri nəzərə alınmaqla satınalan təşkilatın adından bu Qanunun 15.4-cü və 38-ci maddələrinə uyğun olaraq təklifin akseptinə dair bildiriş təqdim edir. Göründüyü kimi tender komissiyasının qərarının mübahisələndirilməsi ilə əlaqədar Dövlət Xidmətinin sözügedən məhkəmə işində cavabdeh qismində prosesə cəlb edilməsi əsassızdır. Bununla əlaqədar bildirirlər ki, Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Eyni zamanda, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilmişdir ki, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Bir neçə tələbdən ibarət olan və bir neçə cavabdehə qarşı verilən iddianın mümkünlük şərtləri hər bir tələbə və cavabdehə münasibətdə yoxlanılmalı, tələblərdən birinin digərindən asılılığı nəzərə alınmaqla ilkin baxılmalı olan tələb üzrə mümkünlük şərtlərinə riayət edildiyi müəyyən olunduqda, iddiaya həmin hissədə baxılmalı, digər hissədə (hissələrdə) iddia mümkün sayılmamalıdır. 2. Digər hallar üzrə isə aşağıdakıları məhkəmənin nəzərinə çatdırırlar: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsinə əsasən satınalma komissiyası uyğunluq sənədlərini (o cümlədən bu Qanunun 25.1.19-cu maddəsinə əsasən subpodratçının uyğunluq sənədlərini) və təklifləri uyğunluğa dair sənədlər toplusunda və şərtlər toplusunda göstərilmiş meyarlara və prosedurlara əsasən qiymətləndirir. Uyğunluğa dair sənədlər toplusunda və ya şərtlər toplusunda göstərilməyən meyarlardan və prosedurlardan istifadə edilməsi qadağandır. Habelə Qanunun 33.3-cü maddəsinə əsasən satınalma komissiyası bu Qanunun 33-cü maddəsinin tələblərini nəzərə almaqla, şərtlər toplusunda göstərilmiş tələblərə cavab verən təklifi formal tələblərə uyğun təklif hesab edir. Qanunun 35.1.5-ci maddəsinə əsasən satınalma komissiyası təkliflərin qüvvədə olma müddətində təchizatçının təqdim etdiyi təklif formal tələblərə uyğun gəlmədikdə təchizatçıların satınalmadan kənarlaşdırılması haqqında əsaslandırılmış qərar qəbul edir. Bununla əlaqədar olaraq, iddiaçı barəsində satınalma komissiyası tərəfindən iddiaçının tender təklifinin şərtlər toplusuna uyğun olmaması səbəbindən kənarlaşdırma haqqında qərar qəbul edilmişdir. Belə ki, Dövlət Xidmətində aparılan icraat zamanı baxılmış materiallara əsasən şərtlər toplusunda “müvafiq tələblərə cavab verən işçi qüvvəsinin olması” barədə tələbdə ümumilikdə 8 nəfər mühafizəçi barədə məlumatların təqdim edilməsi tələb edilsə də, sözügedən tələbə cavab olaraq tərəfinizdən təqdim edilən mühafizəçi vəzifəsi üzrə sənədlərdə tələb olunan təcrübənin təmin edilmədiyi nəzərə alınaraq satınalmadan kənarlaşdırılma barədə satınalma komissiyasının qərarı Dövlət Xidmətinin xx.xx.2025-ci il tarixli AİBNDX/SQ-242/2025 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Əlavə olaraq “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən təchizatçıların uyğunluq göstəriciləri təchizatçılara dair ümumi və xüsusi tələblərdən ibarətdir. Təchizatçıların uyğunluq göstəricilərinə dair tələblər şərtlər toplusunda ətraflı izah olunur və bütün təchizatçılara eyni dərəcədə şamil edilir. Qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48ci maddəsinin tələblərini rəhbər tutaraq iddiaçı tərəfindən verilən iddia ərizəsinin Dövlət Xidmətinə aid olan hissədə mümkünsüz hesab edilməsi xahiş edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazını bildirərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Mübahisələndirilən xx.xx.2025-ci il tarixli inzibati akt iddiaçıya münasibətdə hüquqi nəticə yaradır. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddia mümkündür. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əsas anlayışlar 1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: ... 1.1.7. xidmətlər – mallardan və işlərdən başqa, hər hansı digər satınalma predmeti; ... 1.1.20. satınalma metodu – satınalmanın keçirilməsi üçün bu Qanunun 7-ci fəsli ilə müəyyən edilmiş qaydada tətbiq olunan açıq tender, ikimərhələli tender, qapalı tender, kotirovka sorğusu və bir mənbədən satınalma metodu; ... 1.1.26. təchizatçı – satınalan təşkilatla bağlanacaq və ya bağlanmış satınalma müqaviləsinin, yaxud çərçivə sazişinin potensial və ya real tərəfi olan fiziki şəxs, hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan birgə fəaliyyət aparmaq üçün hüquqi və (və ya) fiziki şəxslərin müqavilə əsasında yaratdığı müvəqqəti və ya daimi birliyi; ... Maddə 23. Təchizatçıların uyğunluq göstəriciləri 23.1. Təchizatçıların uyğunluq göstəriciləri satınalma komissiyası tərəfindən bu Qanunun 23-cü maddəsinə uyğun olaraq müəyyənləşdirilir və qiymətləndirilir. 23.2. Təchizatçıların uyğunluq göstəriciləri təchizatçılara dair ümumi və xüsusi tələblərdən ibarətdir. Təchizatçıların uyğunluq göstəricilərinə dair tələblər şərtlər toplusunda ətraflı izah olunur və bütün təchizatçılara eyni dərəcədə şamil edilir. 23.4. Təchizatçılara dair xüsusi tələblər aşağıdakılardır: 23.4.1. satınalma müqaviləsinin icrası üçün müvafiq sahədə peşəkarlığının və təcrübəsinin olması; 23.4.2. satınalma müqaviləsinin icrası üçün maliyyə imkanlarının və ödəmə qabiliyyətinin olması; 23.4.3. texniki imkanlarının və maddi-texniki bazasının olması; 23.4.4. müvafiq tələblərə cavab verən işçi qüvvəsinin olması. 23.5. Təchizatçıların uyğunluq göstəriciləri satınalma metodlarına aşağıdakı qaydada şamil olunur: 23.5.1. bu Qanunun 23.3-cü maddəsində qeyd olunan tələblər – satınalmanın bütün metodlarına; 23.5.2. bu Qanunun 23.4.1-ci maddəsində qeyd olunan tələblər – açıq tender, ikimərhələli tender, qapalı tender və bir mənbədən satınalma metodlarına, habelə işlərin və xidmətlərin satınalınması ilə bağlı kotirovka sorğusu metoduna; 23.5.3. bu Qanunun 23.4.2-ci maddəsində qeyd olunan tələblər – açıq tender, ikimərhələli tender, qapalı tender və bir mənbədən satınalma metodlarına, habelə işlərin satınalınması ilə bağlı kotirovka sorğusu metoduna; 23.5.4. bu Qanunun 23.4.3-cü maddəsində qeyd olunan tələblər – işlərin satınalınması ilə bağlı satınalmanın bütün metodlarına; 23.5.5. bu Qanunun 23.4.4-cü maddəsində qeyd olunan tələblər – işlərin və xidmətlərin satınalınması ilə bağlı satınalmanın bütün metodlarına. 23.6.4. bu Qanunun 23.3.3-cü (daşınmaz əmlaka və nəqliyyat vasitələrinə münasibətdə istisna olmaqla), 23.3.8-ci, 23.4.1-ci, 23.4.3-cü və 23.4.4-cü maddələrində qeyd olunan tələblər üzrə – təchizatçının özü tərəfindən hazırlanmış arayış, məlumat və təsdiqedici sənədlər təchizatçıların uyğunluq göstəricilərini təsdiq edən sənədlərdir. Maddə 33. Uyğunluq sənədlərinin və təkliflərin qiymətləndirilməsi 33.1. Satınalma komissiyası uyğunluq sənədlərini (o cümlədən bu Qanunun 25.1.19-cu maddəsinə əsasən subpodratçının uyğunluq sənədlərini) və təklifləri uyğunluğa dair sənədlər toplusunda və şərtlər toplusunda göstərilmiş meyarlara və prosedurlara əsasən qiymətləndirir. Uyğunluğa dair sənədlər toplusunda və ya şərtlər toplusunda göstərilməyən meyarlardan və prosedurlardan istifadə edilməsi qadağandır. 33.2. Uyğunluq sənədlərinin və təkliflərin qiymətləndirilməsini asanlaşdırmaq məqsədilə satınalma komissiyası təchizatçıdan təqdim etdiyi uyğunluq sənədlərinə və ya təkliflərə dair izahat tələb edə bilər. Təchizatçı bu cür izahatı 5 (beş) iş günü ərzində satınalan təşkilata təqdim edir. 33.3. Satınalma komissiyası bu Qanunun 33-cü maddəsinin tələblərini nəzərə almaqla, şərtlər toplusunda göstərilmiş tələblərə cavab verən təklifi formal tələblərə uyğun təklif hesab edir. Maddə 35. Təchizatçıların satınalmadan kənarlaşdırılması 35.1. Satınalma komissiyası təkliflərin qüvvədə olma müddətində aşağıdakı hallarda təchizatçıların satınalmadan kənarlaşdırılması haqqında əsaslandırılmış qərar qəbul edir: 35.1.1. təchizatçı və (və ya) subpodratçı uyğunluq göstəricilərinə cavab vermədikdə; .... 35.1.5. təchizatçının təqdim etdiyi təklif formal tələblərə uyğun gəlmədikdə ... Maddə 57. İnzibati qaydada və məhkəməyə şikayət Təchizatçılar nəzarət orqanının qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və məhkəməyə şikayət verə bilərlər. İlk öncə qeyd edilməlidir ki, iddiaçının hazırkı iddianı qaldırmaqda hüquqi marağı məhz cavabdehin xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsinə yönəlmişdir. Hazırkı inzibati mübahisə iddiaçının iştirak etdiyi satınalmadan kənarlaşdırılması və bu barədə satınalma komissiyasının qərarının və yekun protokolun cavabdeh tərəfindən təsdiqlənməsi ilə bağlı yaranmışdır. İddiaçı satınalmanın şərtlər toplusunda müəyyən edilmiş tələblərə uyğun olaraq təkliflər təqdim etdiyi qənaətindədir, cavabdeh isə üçüncü şəxs tərəfindən iddiaçının satınalmadan kənarlaşdırılması barədə qərarını “Dövlət satınalmaları haqqında” Qanunun tələblərinə uyğun hesab etmişdir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd edir: Xalq Təhsil Muzeyinin inzibati binasının və onun ərazisinin mühafizəsi üzrə 102566 saylı kotirovka sorğusunun şərtlər toplusunun qiymətləndirmə meyarının işçi qüvvəsi ilə bağlı “8 nəfər mühafizəçi, ən azı 3 il iş təcrübəsi olmalı” şərtinin mövcudluğu işin mübahisələndirilməyən halıdır. İddiaçı MMC tərəfindən şərtlər toplusunun xüsusi tələblərində qeyd edilən müvafiq tələblərə cavab verən işçi qüvvəsinə (8 nəfər mühafizəçi ən azı 3 il iş təcrübəsi olmalı) uyğun olaraq 1 nəfər mühafizəçinin (X3) mühafizə işi üzrə 3 il iş təcrübəsi olmadığı müəyyən edilmişdir. Belə ki, iddiaçının təqdim etdiyi X2 məxsus ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, V.Allahverdiyev müxtəlif şirkətlərdə baş nəzarətçi, nəzarətçi və növbətçi vəzifəsində işləmişdir. İddiaçı MMC-nin uyğunluq göstəricilərinə V.Allahverdiyevin baş nəzarətçi, nəzarətçi və növbətçi vəzifəsində işləyərkən məhz mühafizə işini yerinə yetirən şəxslərlə eyni əmək funksiyalarını yerinə yetirməsinə dair hər hansı sənəd əlavə etməsi iş materiallarından müəyyən edilmir. Göründüyü kimi, iddiaçı tərəfindən təqdim edilən namizədlərdən V.Allahverdiyevin işlədiyi vəzifənin şərtlər toplusunun xüsusi tələblərinə cavab verməməsi iş materialları ilə öz təsdiqini tapmışdır. “Dövlət satınalmaları haqqında” Qanunun 36.5, 36.5.3-cü maddəsinin tələbinə görə, tender təklifi formal tələblərə uyğun gəlmirsə tender təklifinin kənarlaşdırılması barədə qərarın qəbulu üçün əsas yaranmış olur. Bu halda, satınalan təşkilat tender təklifinin kənarlaşdırılması barədə əsaslandırılmış qərar qəbul edir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının satınalmadan kənarlaşdırılması barədə satınalma komissiyasının qərarının və yekun protokolun təsdiq edilməsi barədə cavabdehin xx.xx.2025-ci il tarixli qərarı yuxarıda qeyd edilən qanunvericiliyin tələblərinə riayət edilməklə qəbul edilmişdir. Məhkəmə iddiaçının tələbinin əsaslılığı ilə bağlı gətirdiyi dəlillərə (iddia ərizəsində göstərilən) münasibətdə bildirir ki, iddiaçı tərəfindən gətirilən dəlillər sübuta yetirilməmiş, əksinə işin araşdırılması zamanı mübahisələndirilən inzibati aktın ləğvinə əsas ola biləcək hal aşkar edilməmişdir. Ən aşağı qiymətin iddiaçı tərəfindən təklif edilməsi dəlilinə gəldikdə isə, məhkəmə nəzərə alır ki, iddiaçının tender təklifi satınalan təşkilat tərəfindən “Dövlət satınalmaları haqqında” Qanunun 36.5, 36.5.3-cü maddəsinin tələbinə əsasən artıq satınalma prosesindən kənarlaşdırıldığından, iddiaçının əsaslandığı xüsusat (təkliflər arasındakı qiymət fərqi) vəziyyəti onun xeyrinə dəyişmir və nəticəyə təsir etmir. Beləliklə, məhkəmə qeyd edir ki, cavabdeh iddiaçıya münasibətdə mübahisələndirilən qərarı qəbul edərkən qanunauyğun davranış sərgiləmiş, iddiaçıya münasibətdə qanun pozuntusuna yol verilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.0.2. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Maddə 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. İPM-in: 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №e-2-1(112)-6581/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-6581/2025
24.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver