Məhkəmə qərarları › İş №e-2-1(112)-6582/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-6582/2023

05.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-6582/2023 05.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv olunması” tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra - Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********964700 saylı 25 yanvar 2023-cü il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, iddiaçı ƏDV-yə cəlb edilən əməliyyatlarla yanaşı Vergi Məcəlləsinin 164.1.37-ci maddəsinə əsasən (quş ətinin satışı) ƏDV-dən azad olunan əməliyyatlar da aparır. Belə ki, İddiaçı MMC tərəfindən xx.xx.2023-cü il tarixdə 2022-ci ilin oktyabr ayı üçün dəqiqləşdirilmiş ƏDV bəyannaməsi vergi orqanına təqdim olunmuşdur. Bəyannamə məlumatlarına əsasən hesabat ayında ƏDV-yə cəlb edilən əməliyyatlar üzrə 154.968,0 manat dəyərində, ƏDV-dən azad olunan əməliyyatlar üzrə isə 462.731,45 manat dəyərində mal təqdim olunmuş və təqdim olunmuş mala görə ƏDV-yə cəlb olunan əməliyyatlar üzrə 71.662,34 manat ƏDV-dən azad olunan əməliyyatlar üzrə isə 241.961,98 manat pul vəsaiti daxil olmuşdur. Ümumilikdə hesabat ayında 617.699,45 manat dəyərində mal təqdim edilmişdir ki, həmin malların ümumi dəyərində ƏDV-dən azad olunan əməliyyatların xüsusi çəkisi 74,91%-ni təşkil edir. Eyni zamanda hesabat ayında 44.285,89 manat dəyərində (ƏDV- 7.971,46) elektron qaimə-fakrurası əsasında alınmış malların dəyəri ödənilmiş və 240.352,8 manat (ƏDV 43.263,5) dəyərində mal idxal edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 175.4-cü maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan əməliyyatlar və bu Məcəllənin 164-cü maddəsinə uyğun olaraq ƏDV-dən azad edilmiş əməliyyatlar aparırsa, ƏDV üzrə əvəzləşdirmə üçün vergi tutulan dövriyyənin ümumi dövriyyədəki xüsusi çəkisinə uyğun olaraq müəyyən edilən ƏDV-nin məbləği qəbul olunur. Bu səbəbdən elektron qaimə-fakrurası əsasında alınmış mallara görə ödənilmiş ƏDV-nin və idxal edilmiş mallara görə ödənilmiş ƏDV-nin dəyəri ümumilikdə 51.234,96 manat təşkil etdiyi üçün bu məbləğin 74,91 faizi, yəni 38.380,11 manat ƏDV əvəzləşməsindən çıxarılmış və həmin bəyannamənin 315-ci sətrində qeyd edilmiş, yalnız 12.854,85 manat əvəzləşdirilməli ƏDV məbləğini ƏDV bəyannaməsinin 317 sətrində qeyd etməklə əvəzləşdirilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli yazılı etirazında göstərmişdir ki, iddiaçı tərəfindən 2022-ci il üzrə təqdim edilmiş ƏDV bəyannamələri üzrə Vergi Məcəlləsinin 164.1.37-ci maddəsinə zidd olaraq idxal edilən heyvan və quş ətlərinin dəyəri əvəzləşdirilmişdir. Belə ki, “Mark Keytrinq" MMC tərəfindən xx.xx.2022-xx.xx.2022ci il dövrü üzrə ümumi olaraq ƏDV məbləği 498968,46 manat olan mallar, o cümlədən 486192,61 manat dəyərində heyvan və quş əti idxal edilmiş və müvafiq dövr üzrə təqdim edilmiş ƏDV bəyannamələri üzrə əvəzləşdirilmiş, eyni zamanda ƏDV bəyannamələrinin 315-ci sətirlərində VM 175.4-cü maddəsinə əsasən əvəzləşdirilməsinə yol verilməyən ƏDV məbləği 414912,43 manat qeyd edilmişdir. Yekun olaraq ƏDV məbləği 71280.18 manat (486192,61-414912,43) olan heyvan və quş ətlərin xx.xx.2022-xx.xx.2022-ci il dövr üzrə təqdim edilmiş ƏDV bəyannamələrində əvəzləşdirildiyi müəyyən edilmişdir ki, bu da kənarlaşma yaranmasına səbəb olmuşdur. Eyni zamanda iddiaçı tərəfindən idxal edilən heyvan və quş ətlərin təqdim etmə (satış) zamanı ƏDV-yə cəlb edilmədiyi müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********161500 nömrəli uyğunsuzluq məktubu göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, lakin iddiaçı tərəfindən yaranmış kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş ƏDV vergisi bəyannaməsi təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2022-ci il oktyabr ƏDV bəyannaməsi üzrə 71280,18 manat əlavə vergi məbləği hesablanaraq, bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********964700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərar göndərilmişdir. Vergi Məcəlləsinin 164.1.37-ci maddəsinə əsasən heyvan və quş ətinin satışı 2020-ci il yanvarın 1-dən 4 il müddətinə ƏDV-dən azaddır və məcəllənin 175.6-cı maddəsinə əsasən ƏDV-dən azad olunan əməliyyatlar aparan şəxslər tərəfindən mallar (işlər, xidmətlər) alınarkən ödənilmiş ƏDV məbləğləri əvəzləşdirilmir. Eyni zamanda iddiaçının ödədiyi ƏDV məbləğlərini əvəzləşdirmək hüququ olmadığı üçün əvəzləşdirilə bilinməyən ƏDV məbləğləri məhsulun maya dəyərinə aid edilir. Göründüyü kimi, satışı ƏDV-dən azad olunmuş malların alışı (idxalı) üzrə ödənilmiş ƏDV məbləğləri əvəzləşdirilmir. Eyni zamanda, Vergi Məcəlləsinin 175.4-cü maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan əməliyyatlar və bu Məcəllənin 164-cü maddəsinə uyğun olaraq ƏDV-dən azad edilmiş əməliyyatlar aparırsa, ƏDV üzrə əvəzləşdirmə üçün vergi tutulan dövriyyənin ümumi dövriyyədəki xüsusi çəkisinə uyğun olaraq müəyyən edilən ƏDV-nin məbləği qəbul olunur. Vergi ödəyicisi tərəfindən ƏDV-yə cəlb edilən əməliyyatlarla yanaşı, ƏDV-dən azad olunan əməliyyatlar aparılarkən, bu əməliyyatlara aid olan mallar (işlər, xidmətlər) üzrə sənədləşdirilmiş məlumatlar əsasında ƏDV ödənilməklə və ƏDV-dən azad edilməklə mədaxil edilən malların (işlərin, xidmətlərin) ayrı-ayrılıqda uçotu aparıldığı halda, ƏDV tutulan əməliyyatlar üçün alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilmiş ƏDV-nin məbləği bu Məcəllənin 175.1-ci maddəsinə uyğun olaraq tam məbləğdə əvəzləşdirilir. Qeyd olunanlara əsasən, Cəmiyyət tərəfindən ƏDV-yə cəlb edilən əməliyyatlar çərçivəsində alınmış (idxal edilmiş) mallar ƏDV-dən azad olunan əməliyyatlar çərçivəsində təqdim edildikdə, həmin mallara görə ödənilmiş ƏDV məbləğləri əvəzləşdirilmir. Belə ki, Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. 2022-ci il yanvarın 1-dən 3 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi vergitutma obyektidir. Vergi Məcəlləsinin 175.12-ci maddəsinə əsasən kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olan vergi ödəyiciləri tərəfindən 2022-ci il yanvarın 1-dən əldə edilmiş kənd təsərrüfatı məhsullarına görə 3 il müddətində ödənilmiş ƏDV məbləğləri əvəzləşdirilmir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə təqdim etdiyi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddiaçı cavabdehin qərarının ləğv edilməsini xahiş edir ki, bu iddia mübahisələndirmə haqqında iddiadır (İPM, maddə 2.2.1). Qərar iddiaçı barəsində qəbul edilməklə onun üçün əlavə vergi öhdəliyi yaratdığından onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1). İddiaçı qanunvericiliklə nəzərdə tutulmuş müddətdə iddianı qaldırmışdır. Belə ki, o, xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi barədə hazırkı iddia ərizəsini xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim etməklə qanunla nəzərdə tutulmuş müddətdə məhkəməyə müraciət etmişdir (İPM, maddə 38). İddianın əsaslılığına gəldikdə isə məhkəmə aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia əsaslıdır, buna görə də təmin edilməlidir. Belə ki, cavabdeh xx.xx.2022-ci il tarixdə iddiaçıya kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub ünvanlayaraq, bildirmişdir ki, Vergi Məcəlləsinin 175.12-ci maddəsinə əsasən kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olan vergi ödəyiciləri tərəfindən 2022ci il yanvarın 1-dən əldə edilmiş kənd təsərrüfatı məhsullarına görə 3 il müddətində ödənilmiş ƏDV məbləğləri əvəzləşdirilmir. Eyni zamanda Vergi Məcəlləsinin 164.1.37-ci maddəsinə əsasən heyvan və quş ətinin satışı 2020-ci il yanvarın 1-dən 4 il müddətinə ƏDV-dən azaddır. Aparılmış araşdırılma zamanı iddiaçı tərəfindən xx.xx.2022-xx.xx.2022ci il dövrü üzrə təqdim edilmiş ƏDV bəyannamələrində müvafiq dövr üzrə idxal edilmiş kənd təsərrüfatı məhsulları, heyvan və quş əti üzrə ödənilmiş 463215,33 manat cəmi ƏDV məbləğinin əvəzləşdirildiyi müəyyən edilmişdir ki, bu da kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Buna görə də kameral vergi yoxlamasının başa çatdırılması üçün 5 (beş) iş gün ərzində cari (dəqiqləşdirilmiş) vergi bəyannamələri və zəruri sənədlərin (məlumatları) vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********964700 saylı qərarından görünür ki, cavabdeh 2022-ci ilin oktyabr ayı üzrə iddiaçıya 71324,55 manat məbləğində əlavə dəyər vergisi hesablamışdır. Qərar bununla əsaslandırılmışdır ki, xx.xx.2022-xx.xx.2022-ci il dövrü üzrə təqdim edilmiş ƏDV bəyannamələrində müvafiq dövr üzrə idxal edilmiş kənd təsərrüfatı məhsulları, heyvan və quş əti üzrə ödənilmiş 486192,61 manat cəmi ƏDV məbləğinin əvəzləşdirildiyi müəyyən edilmişdir, 315-ci sətirdə əvəzləşdirilməyən ƏDV məbləği nəzərə alınmaqla, 71280.18 manat kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Göründüyü kimi, cavabdeh iddiaçı tərəfindən kənd təsərrüfatı məhsulları, heyvan və quş əti üzrə ödənilmiş ƏDV məbləğinin əvəzləşdirilməsi ilə razılaşmayaraq, iddiaçıya əlavə vergi hesablamış, bu zaman Vergi Məcəlləsinin 175.6 və 175.12-ci maddələrinə istinad etmişdir. Məhkəmə cavabdehin bu hesablaması ilə bağlı qeyd edir ki, Vergi Məcəlləsinə (bundan sonra – VM) əsasən: - Maddə 153.1. Əlavə dəyər vergisi (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. - Maddə 153.2. Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı ƏDV ticarət əlavəsindən hesablanan verginin məbləğidir. - Maddə 153.3. 2022-ci il yanvarın 1-dən 3 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı ƏDV ticarət əlavəsindən hesablanan verginin məbləği hesab edilir. - Maddə 154.1. ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və ya qeydiyyatdan keçməli olan şəxs ƏDV-nin ödəyicisidir. - Maddə 154.3. Azərbaycan Respublikasına ƏDV tutulan malları idxal edən şəxslər bu cür idxal malları üzrə ƏDV-nin ödəyiciləri sayılırlar. - Maddə 159.1. Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. 2022-ci il yanvarın 1-dən 3 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi vergitutma obyektidir. - Maddə 159.2. Bu fəslin müddəalarına uyğun olaraq vergidən azad edilən malların göndərilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən başqa, müstəqil sahibkarlıq fəaliyyəti və ya hüquqi şəxs yaratmadan birgə sahibkarlıq fəaliyyəti çərçivəsində malların göndərilməsi, işlər görülməsi və xidmətlərin göstərilməsi, onlar bu Məcəllənin 167-ci və ya 168-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində həyata keçirilirsə, vergi tutulan əməliyyatlar sayılır. Bu Məcəllənin 168-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının hüdudlarından kənarda xidmətlər göstərilməsi və ya işlər görülməsi vergi tutulan əməliyyatlara daxil edilmir. - Maddə 159.3. Malların idxalı bu fəsilə uyğun olaraq vergidən azad edilən idxal istisna edilməklə, vergi tutulan idxal sayılır. Tranzit yük daşınması qaydasında, müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallar və ya gömrük qanunvericiliyinə uyğun olaraq daxili istehlak üçün idxal edilmiş və ya qəbul olunmuş sayılmayan mallar ƏDV-nin məqsədləri üçün idxal malları hesab edilmir. - Maddə 164.1. Malların ixracından başqa, malların təqdim edilməsinin, işlər görülməsinin və xidmətlər göstərilməsinin aşağıdakı növlərindən, habelə idxalın aşağıdakı növlərindən ƏDV tutulmur: - Maddə 164.1.37. heyvan və quş ətinin satışı – 2020-ci il yanvarın 1-dən 4 il müddətinə (Qeyd: Bu Məcəllənin 164.1.37-ci maddəsinin müddəaları kəsilmə və dondurulma əməliyyatlarına məruz qalan heyvan və quş ətləri istisna olmaqla, emal əməliyyatlarına məruz qalan heyvan və quş ətinə münasibətdə tətbiq edilmir). - Maddə 174.1. Bu Məcəllənin 166-cı maddəsinə uyğun olaraq hesabat dövrü ərzində vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin məbləği bu Məcəllənin 173.1-ci maddəsinə uyğun olaraq vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin 175-ci maddəsinə uyğun olaraq əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqlə müəyyən olunur. - Maddə 175.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. - Maddə 175.4. Vergi ödəyicisi vergi tutulan əməliyyatlar və bu Məcəllənin 164-cü maddəsinə uyğun olaraq ƏDV-dən azad edilmiş əməliyyatlar aparırsa, ƏDV üzrə əvəzləşdirmə üçün vergi tutulan dövriyyənin ümumi dövriyyədəki xüsusi çəkisinə uyğun olaraq müəyyən edilən ƏDV-nin məbləği qəbul olunur. Vergi ödəyicisi tərəfindən ƏDV-yə cəlb edilən əməliyyatlarla yanaşı, ƏDV-dən azad olunan əməliyyatlar aparılarkən, bu əməliyyatlara aid olan mallar (işlər, xidmətlər) üzrə sənədləşdirilmiş məlumatlar əsasında ƏDV ödənilməklə və ƏDV-dən azad edilməklə mədaxil edilən malların (işlərin, xidmətlərin) ayrı-ayrılıqda uçotu aparıldığı halda, ƏDV tutulan əməliyyatlar üçün alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilmiş ƏDV-nin məbləği bu Məcəllənin 175.1-ci maddəsinə uyğun olaraq tam məbləğdə əvəzləşdirilir. İddiaçının həm vergi tutulan əməliyyatlar, həm də Vergi Məcəlləsinin 164-cü maddəsinə uyğun olaraq ƏDV-dən azad edilmiş əməliyyatlar aparması işin mübahisəsiz halını təşkil edir. Deməli, yuxarıda qeyd olunan normalara əsasən büdcəyə ödəmələr müəyyən edilərkən əvəzləşdirilən ƏDV-nin məbləği iddiaçı tərəfindən VM-in 175.4-cü maddəsinə əsasən müəyyən edilməlidir. İddia ərizəsində də qeyd edildiyi kimi, işdə olan 2022-ci ilin oktyabr ayı üzrə dəqiqləşdirilmiş əlavə dəyər vergisi bəyannaməsindən görünür ki, elektron qaimə-fakrurası əsasında alınmış mallara görə ödənilmiş ƏDV-nin və idxal edilmiş mallara görə ödənilmiş ƏDV-nin dəyəri ümumilikdə 51.234,96 manat təşkil etmiş və Vergi Məcəlləsinin 175.4-cü maddəsinə uyğun olaraq həmin məbləğin 25,09%-i (154968 manat : 617699,45 manat x 100 = 25,087%), yəni 12854,85 manat hissəsi əvəzləşdirilmişdir (xx.xx.2022-xx.xx.2022-ci il dövrü üzrə bütün hesabat dövrlərində, hesablama bu qaydada həyata keçirilmişdir). İddiaçının bəyan etdiyi vergi dövriyyəsi, alınmış mallara görə ödənilmiş ƏDV-nin və idxal edilmiş mallara görə ödənilmiş ƏDV-nin dəyəri cavabdeh tərəfindən mübahisələndirilməmiş, cavabdeh iddiaçının VM-nin 175.4-cü maddəsini tətbiq etməklə ƏDV üzrə əvəzləşdirmə aparmasını qəbul etməmiş, bu zaman həm VM 175.6-cı maddəsinə, həm də 175.12-ci maddəsinə istinad edərək əvəzləşdirməyə yol verilmədiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, VM-nin 175.6-ci maddəsinə görə həmin Məcəllənin 160.4-cü maddəsində göstərilən hal istisna olmaqla, ƏDV-dən azad olunan, yaxud ƏDV-yə cəlb edilməyən əməliyyatlar aparan şəxslər tərəfindən mallar (işlər, xidmətlər) alınarkən bu maddə ilə müəyyən edilmiş qaydada ödənilmiş ƏDV məbləği əvəzləşdirilmir. Dövlət büdcəsindən ayrılan vəsaitlər (subsidiya və geri qaytarılmalı vəsaitlər istisna olmaqla) hesabına mallar (işlər, xidmətlər) alınarkən, ödənilmiş ƏDV-nin məbləği əvəzləşdirilmir. Göründüyü kimi, istinad olunan norma qarışıq əməliyyat aparan şəxslərə, yəni vergi tutulan əməliyyatlar və VM-in 164-cü maddəsinə uyğun olaraq ƏDV-dən azad edilmiş əməliyyatlar aparan şəxslərə, o cümlədən iddiaçıya deyil, yalnız ƏDV-dən azad olunan, yaxud ƏDV-yə cəlb edilməyən əməliyyatlar aparan şəxslərə şamil edilir. Belə olan halda aydındır ki, cavabdeh VM-in 175.6-cı maddəsini iddiaçıya tətbiq etməkdə haqlı olmamışdır. VM-nin 175.12-ci maddəsinə gəldikdə, həmin maddəyə əsasən kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olan vergi ödəyiciləri tərəfindən 2022ci il yanvarın 1-dən əldə edilmiş kənd təsərrüfatı məhsullarına görə 3 il müddətində ödənilmiş ƏDV məbləğləri əvəzləşdirilmir (xx.xx.2022-ci il tarixdən qüvvəyə minən bu tənzimləmənin səbəbi VM-nin 153.3-cü maddəsinə əsasən 2022-ci il yanvarın 1-dən 3 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı ƏDV-nin ticarət əlavəsindən hesablanması olmuşdur). Məhkəmə qeyd edir ki, VM-in 13.2.61-ci maddəsinə görə kənd təsərrüfatı məhsullarının satışı – bu Məcəllənin məqsədləri üçün aşağıdakı tələblər çərçivəsində kənd təsərrüfatı məhsullarının təqdim edilməsidir: 13.2.61.1. istehsal olunan (o cümlədən sənaye üsulu ilə, xüsusi broyler təsərrüfatlarında, avtomatlaşdırılmış tövlə sistemlərində və digər yerlərdə) canlılar diri şəkildə, habelə onlardan diri şəkildə olarkən əldə edilmiş məhsullar ilkin formada, heç bir kimyəvi təsirə məruz qalmadan təqdim edilməlidir (məsələ diri quş, diri heyvan, onlardan ədə edilən yumurta və sair); 13.2.61.2. bitkiçilik məhsulları və digər kənd təsərrüfatı məhsulları təqdim edilərkən təbiətdə olduğu ilkin formasını saxlamalı, kimyəvi tərkibi dəyişdirilməməli, konservləşdirilməməlidir. İstinad olunan normadan və vergi qanunvericiliyinin təhlilindən görünür ki, vergi qanunvericiliyi kənd təsərrüfatı məhsulları ilə heyvan və quş ətini fərqləndirmiş, heyvan və quş ətini kənd təsərrüfatı məhsulları anlayışına daxil etməmişdir. İşdən görünür ki, iddiaçı kənd təsərrüfatı məhsullarını (diri heyvan və ya quş) deyil, heyvan və quş ətinin təqdim edilməsini həyata keçirmiş, digər tərəfdən onun fəaliyyəti yalnız kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı ilə bağı olmamışdır. Buna görə də cavabdehin iddiaçının tətbiq etdiyi əvəzləşdirməni Vergi Məcəlləsinin 175.12-ci maddəsinə istinadən ləğv etməsi qanunsuz olmuşdur. O da qeyd edilməlidir ki, VM-in 177.2-ci maddəsinə əsasən ƏDV-nin bəyannaməsi hər hesabat dövrü üçün, hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq verilir. VM-in 178-ci maddəsinə əsasən ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. VM-in 173.1-ci maddəsinə görə ƏDV-nin dərəcəsi hər vergi tutulan əməliyyatın və hər vergi tutulan idxalın dəyərinin 18 faizidir. VM-in 173.2-ci maddəsinə əsasən vergi tutulan dövriyyə hesabat dövrü ərzində vergi tutulan əməliyyatların ümumi dəyərindən ibarətdir. VM-in 174.1-ci madəsinə əsasən həmin Məcəllənin 166-cı maddəsinə uyğun olaraq hesabat dövrü ərzində vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin məbləği bu Məcəllənin 173.1-ci maddəsinə uyğun olaraq vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin 175-ci maddəsinə uyğun olaraq əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqlə müəyyən olunur. VM-in 174.2-ci maddəsinə görə həmin Məcəllənin 163-cü maddəsində göstərilən hallarda ödənilməli olan ƏDV-nin məbləği vergi ödəyicisinin bəyannamədə göstərdiyi ƏDV-nin məbləğindən artıq olduqda, artıq məbləğ bu Məcəllənin 163.1-ci maddəsində göstərilən halların yarandığı hesabat dövrü ərzində ödənilməli olan ƏDV sayılır və bu Məcəllənin 174.1-ci maddəsinə uyğun olaraq hesabat dövrü ərzində ödənilməli olan verginin məbləğinə əlavə edilir. İşdən görünür ki, cavabdeh ƏDV üzrə 2022-ci ilin oktyabr ayının hesabat dövrü üzrə təqdim edilmiş bəyannaməyə əsasən iddiaçıya əlavə vergi hesablayarkən, həmçinin 2022ci ilin yanvar-sentyabr ayları üzrə hesabladığı əlavə vergi məbləğini də həmin dövrə aid etmiş, bununla da yuxarıda qeyd edilən normaların tələblərini pozmuşdur. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarının pozulduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Normanın mənasına görə formal (prosessual) hüquqi tələblərin pozulmasına görə inzibati akt o zaman ləğv olunur ki, həmin pozuntu qərara təsir etsin, yəni müddəaya riayət edilmiş olacağı təqdirdə oxşar deyil, fərqli qərar qəbul edilsin. Hazırkı halda cavabdeh orqan maddi hüquq normaları ilə yanaşı, prosesual normalarının tələblərinə də əməl etməmiş, bununla da iddiaçı barəsində qanunsuz əlverişsiz inzibati akt qəbul etmişdir. VM-in 36.2-ci maddəsinə görə vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. VM-in 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmçinin VM-in 94.0-cı maddəsinə görə verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: - 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; - 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Beləlikə, göstərilənlərə əsasən cavabdehin qəbul etdiyi qərarın əsaslandığı hallar vergi qanunvericiliyinə uyğun olmadığından və iş materialları ilə təsdiq edilmədiyindən, cavabdeh bununla bağlı konkret faktları və bu faktları təsdiq edən sübutları təqdim etmədiyindən məhkəmə hesab edir ki, mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmir. Buna görə də iddia təmin edilməli və cavabdehin 25 yanvar 2023-cü il tarixli qərarı ləğv edilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********964700 saylı 25 yanvar 2023-cü il tarixli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar