Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-6584/2025 22.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X14 Vahid oğlunun sədrliyi, Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı üçüncü şəxs qismində X5 cəlb olunmaqla cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinə qarşı “çıxarışın verilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: I.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinə qarşı ünvan 1 ünvanında yerləşən iki mərtəbəli fərdi yaşayış evinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair çıxarışın və planölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən torpaq sahənin bir hissəsi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X10 şəxsin ********** nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışa əsasən mülkiyyətindədir. Həmin torpaq sahəsində tərəfindən fərdi yaşayış sahəsi inşa edilmişdir. 2022-ci ildə "xxxx" MMCya müraciət edərək ünvan 1 sahənin bir hissəsində yerləşən fərdi yaşayış evinə memarlı planlaşdırma lahiyəsinin verilməsini xahiş etmişdir və xx.xx.2025-ci il tarix də fərdi yaşayış evi üçün memarlı planlaşdırma lahiyəsi hazırlanmışdır. Mülkiyyətində olan torpaq sahəsinə 2 mərtəbəli fərdi yaşayış evinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət xx.xx.2024-ci il tarixli ərizə ilə müraciət etdikdə, ona, elektron kadastr məlumatlarına əsasən fərdi yaşayış evinin əksər hissəsinin digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş sahəsi ilə üst-üstə düşdüyünü, həmçinin torpaq sahəsinin sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlardan olduğuna görə müraciətimə imtina edimişdir. Lakin, həmin ərazidə yerləşən torpaq sahələrinin sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlarının üzərində tikilən fərdi yaşayış evinə hüquqların daşınmazəmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Belə olan hala tərəfindən məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. Məhkəmənin e-2-1(112)-6584/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə iddia tələbi dəqiqləşdirilərək, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin planı və ölçü sənədində olan koordinatlarının faktiki istifadə vəziyyətinə uyğunlaşdırılması və ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin üzərində iddiaçının mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi icraata qəbul olunmuşdur. Məhkəmənin e-2-1(112)-6584/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə X5 məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Cavabdeh iddiaya dair yazılı etirazla müraciət edərək bildirmişdir ki, İddiaçı ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli fərdi yaşayış evinin mənim adıma mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla, dövlət reyestrindən çıxarışın və plan - ölçünün verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddia tələbi etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və **********53 nömrəli xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr məlumatlarına əsasən fərdi yaşayış evinin əksər hissəsi digər fiziki şəxs X2 (fin: 22RBG9S) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş torpaq sahəsi ilə üst-üstə düşür. Həmçinin göstərilən torpaq sahəsi sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlardır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ərarvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.3cü maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olubolmamasının müəyyən edilməsi yolu ilə aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. II. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Üçüncü şəxs X5 məhkəmə iclasında iddiaçı ilə mübahisəsinin olmadığını və öz torpa sahəsinə dair çıxarışını olduğunu bildirmişdir. İİİ. Tədqiq edilən sübutlar İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli 3-21-3- 30/2-Q-06928/2024 **********07 nömrəli məktubdan görünür ki, Bakı şəhəri. ünvan 4 ünvanında inşa edilmiş fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2024-cü il tarixli müraciətə baxılmışdır. Müraciətlə əlaqədar bildirilir ki, elektron kadastr məlumatlarına əsasən fərdi yaşayış evinin əksər hissəsi digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş sahəsi ilə üst-üstə düşür. Həmçinin tərəfindən göstərilən torpaq sahəsi sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlardır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, Daşınmaz əmlakın dövlət reyestrı haqqında Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatın alınmasından imtina edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2018-ci il tarixli X7 və X5 arasında bağlanmış AZ-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, ünvan 2 saylı sahənin bir sahəsi 0.025 ha olan torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X1. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2018-ci il tarixli ********** nömrəli çıxarışdan görünür ki, ünvan 2 saylı sahənin bir sahəsi ünvanında yerləşən torpaq sahəsi X2 xüsusi mülkiyyətindədir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli ********** nömrəli çıxarışdan görünür ki, ünvan 2 saylı sahənin bir sahəsi ünvanında yerləşən torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin ********** nömrəli xx.xx.2022-ci il tarixli ünvan 2 saylı sahənin bir sahəsi ünvanında yerləşən torpaq sahəsinin bölgü sxemi X6-300 kv.m, X8-200 kv.m, X5- 250 kv.m, İddiaçı-250 kv.m-dır. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli baxış aktından görünür ki, ünvan 2 ünvanında yerləşən torpaq sahəsi hüquq müəyyənedici sənəd üzrə 0.025 ha, 6 otaq-114.54 kv.m, köməkçi-86.68 kv.m, zirzəmi-92.40 kv.m, ümumi-293.62 kv.m, faktiki sahəsi isə 0.025 ha, 6 otaq-114.54 kv.m, köməkçi-86.68 kv.m, zirzəmi-92.40 kv.m, ümumi-293.62 kv.m-dır.Torpaq sahəsi mişar daşı ilə hasarlanmışdır. Torpaq sahəsinin texniki pasportunda qeyd olunan kordinat cədvəli faktiki yerləşməsi ilə fərq var. Faktiki Hs ilə sənədlə Hs arasında sürüşmə var. Bu səbəbdən Hs-nin əksər hissəsi və fy evinin əksər hissəsi **********38 reyestr nömrəli Hs ilə üst-üstə düşür, üst-üstə düşən qonşuda X5 göstərilməklə bölgü sxemi əlavə edildi. Ərazinin kateqoriyası sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlardır. Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı Rayonu İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli 5-20/2-519/2025 saylı məktubundan görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “ünvan 1 ünvanında yerləşən iki mərtəbəli fərdi yaşayış evinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair çıxarışın və plan-ölçünün verilməsi” tələbinə dair inzibati iş məhkəmənin icraatında olduğundan yaranmış zərurətlə əlaqədar olaraq, ünvan 1 ünvanında yerləşən iki mərtəbəli fərdi yaşayış evinin inşa edilməsi ilə bağlı iddiaçı tərəfindən məlumatlandırma icraatına əməl olunub-olunmaması barədə sorğuya Suraxanı Rayon İcra Hakimiyyətində baxılmışdır. Bildirilir ki, sorğuda qeyd olunan ünvanda inşa edilmiş fərdi yaşayış evinə dair Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-cı maddəsinə əsasən məlumatlandırma icraatı ilə bağlı vətəndaş İddiaçı tərəfindən RİH-ə heç bir müraciət daxil olmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin 3-21-3-30/2-7909/2025 saylı xx.xx.2025-ci il tarixli məktubu ilə təqdim olunmuş X12 və İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli AZ-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, ünvan 1 saylı sahənin bir hissəsi ünvanında yerləşən ümumi sahəsi 0.025 ha olan torpaq sahəsi tam mülkiyyət üzrə İddiaçı 34500 manat qiymətinə satılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin 3-21-3-30/2-16954/2025 saylı xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, göstərilən torpaq sahəsi faktiki olaraq hasardaxili 0.025 ha təşkil edir. Torpaq sahəsinin üzərində ümumi sahəsi 293.62 kv.m olan yaşayış evi mövcuddur. Torpaq sahəsinə dair plan ölçü (texniki pasportda) sənədində göstərilən koordinatlara əsasən faktiki yerləşməsində fərq mövcuddur. Vahid elektron kadastr baza məlumatlarına əsasən faktiki torpaq sahəsi ilə sənəd üzrə torpaq sahəsi arasında uyğunsuzluq mövcuddur. Belə ki, faktiki torpaq sahəsinin bir hissəsi **********38 reyestr nömrəli X2 xüsusi mülkiyyətində olan sahə ilə üst-üstə düşür (S=168.0 kv.m). Ərazi “Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kateqoriyasına aiddir. Daşınmaz əmlakın real bazar münasibətlərinə uyğun dəyərinin müəyyənləşdirilməsinə dair arayışdan görünür ki, qiymətləndirmə zamanı daşınmaz əmlak bazarında analoji torpaq sahələrinin bazar dəyəri üçün əsas olan parametrlər və bazar trendi nəzərə alınmaqla xx.xx.2018-ci il tarixinə bazar dəyəri 10.000 manat təşkil edir. IV.İddianın növü və mümkünlüyü Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. İddia mümkündür. V. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi İddiaçı ünvan 1 ünvanında yerləşən iki mərtəbəli fərdi yaşayış evinə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alanaraq çıxarışın verilməsini tələb edir. İddiaçı mülkiyyətində olan torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa etmişdir. İddiaçı həmin fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh elektron kadastr məlumatlarına əsasən fərdi yaşayış evinin əksər hissəsi digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş sahə ilə üst-üstə düşməsi və göstərilən torpaq sahəsi sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqları olduğunu bildirərək iddiaçının müraciətini təmin etməkdən imtina etmiş, nəticədə hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır. Fərdi yaşayış evinin əksər hissəsi digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş sahə ilə üst-üstə düşməsi halı mümkün deyildir. Belə ki, üçüncü şəxs X4 da mülkiyyətində olan sahə üzrə bölgü sxemi fərdi yaşayış evi inşa edilməzdən əvvəlki tarixə, yəni xx.xx.2022-ci il tarixdə qeydə alınmadan imtina edən cavabdeh tərəfindən təsdiq edilmişdir. Yerində bölgü aparılmadan bölgü sxemini təsdiq edilməsi ağlabatan deyil. Həmçinin üçüncü şəxs X3 torpaq sahəsinə mülkiyyətini təsdiq edən çıxarış verilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, imtinada qeyd edilən hal fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtina edilməsi üçün əsas deyildir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında qeyd olunmuşdur ki, bu Qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; Hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri təmin edildiyindən, cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Bundna başqa məhkəmə sorğusuna cavab olaraq təqdim edilən **********93 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan göründüyü kimi, həmin ünvanda təyinatı sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar olan torpaq sahəsində fərdi yaşayış evinə xüsusi mülkiyyət hüququ qeydiyyatdan keçmişdir. Göründüyü kimi, cavabdeh iddiaçı ilə eyni faktiki və hüquqi əsaslara söykənə oxşar işlərdə mülkiyyət hüquqlarına dair çıxarışlar vermiş, nəticədə iddiaçıya münasibətdə bərabərlik və etimad prinsiplərinin tələblərini pozmuşdur. “İnzibati icraat haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən, hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Nəzərə almaq lazımdır ki, Konstitusiyanın 25-ci maddəsinin V hissəsinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə isə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınmasına xidmət edir. Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. İnzibati orqanlar özlərinin praktikalarında hamıya münasibətdə bərabər yanaşmanı və ardıcıl münasibəti təmin edəcək qaydada davranmalıdırlar. Hər hansı dövlət xidməti müxtəlif səbəblərdən qanunsuz olaraq göstərilmişdirsə, inzibati orqanlar ilk növbədə həmin qanunsuzluğun aradan qaldırmasına yönəlmiş hərəkətlər etməli, eləcə də məsələyə münasibətdə özlərinin sonrakı praktikalarını dəyişdirdiklərini göstərməklə bu halı aşkar nümayiş etdirməlidirlər. Bu qaydada hərəkət etməyərək əvvəlki təcrübəyə uyğun davranmaqda davam etdikdə, inzibati orqanlar eyni hallara əsaslanan sonrakı müraciətləri həll edərkən bərabərlik və etimadın qorunması hüququnun tələblərini nəzərə almalıdır. Məhkəmə qeyd edir ki, mövcud qanunvericilik daşınmaz əmlaka dair hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir (Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8-ci maddəsi). Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən edilmiş mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasından imtina edilməsinə qanuni əsaslar (həmin qanunun 15-ci maddəsində göstərilmiş əsaslar) mövcud deyildir. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən iddiaçının mülkiyətində olan torpaq sahəsinin planı və ölçü sənədində olan koordinatları faktiki istifadə vəziyyətinə uyğunlaşdırılsın və iki mərtəbəli fərdi yaşayış evinə İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və planölçünün verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. X16
Məhkəmə qərarları › İş №e-2-1(112)-6584/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-6584/2025
22.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver