Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-6585/2023 20.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Zeynalova Leyla Afiq qızının katibliyi iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxs qismində "xxxx" Firması cəlb olunmaqla) «torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və planölçünün verilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və planölçünün verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)- 3830/2022 saylı iş üzrə 3 iyun 2022-ci il tarixli qətnaməsinə əsasən mediasiya prosesinin nəticəsində İddiaçı ilə "xxxx" Firmasının direktoru X6 arasında bağlanmış barışıq sazişi təsdiq edilmiş və "xxxx" Firmasının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 2,25 ha torpaq sahəsinin 2 ha hissəsi "xxxx" Firmasının İddiaçı olan borcunun bir qisminə, yəni 1.750.000 manat məbləğinin əvəzində İddiaçı mülkiyyətinə verilmişdir. 17 oktyabr 2022-ci il tarixdə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 2,25 ha torpaq sahəsinin plan cizgiyə uyğun 2 ha hissəsinə onun (İddiaçı) mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bununla bağlı reyestrdən çıxarışın və texniki pasportun verilməsini xahiş etmişdir. Lakin cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin 29 dekabr 2022-ci il tarixli **********89 nömrəli məktubu ilə onun ərizəsinin təmin olunmasından imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-3830/2022 saylı iş üzrə 3 iyun 2022-ci il tarixli qətnaməsi ilə 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə hər hansı bir öhdəlik qoyulmamışdır. Göründüyü kimi, cavabdehin imtinası tamamilə qanunsuz və əsassızdır. İddiaçının cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanan ərizəsində məhkəmə qətnaməsinin icra olunması tələb olunmamış, ərizə ilə müvafiq torpaq sahəsinə onun mülkiyyət hüququnun qeydiyyata alınması üçün qanunamüvafiq sənədlər təqdim edilmişdir. İmtina məktubunda cavabdehin əməkdaşları əsassız olaraq məhkəmə qətnaməsində qurumun üzərinə öhdəliyin qoyulmamasını əsas gətirərək mülkiyyət hüququnun qeydə alınmasından imtina olunmuşdur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 2-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatından imtina əsasları göstərilmişdir. Lakin cavabdeh inzibati orqanın məktubunda imtina əsaslarının heç biri həmin Qanunun 15-ci maddəsi ilə uyğunluq təşkil etmir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, İPMin 14, 45, 68, 73-cü maddələrinə əsaslanaraq, ünvan 1 ünvanında yerləşən 2,25 ha torpaq sahəsinin 2 ha hissəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bununla bağlı reyestrdən çıxarışın və texniki pasportun (plan və ölçü) verilməsi öhdəliyinin cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin iddia ilə bağlı məhkəməyə təqdim edilmiş yazılı etirazına bildirilir ki, İddiaçı iddiası etirazla qarşılanır. İddiaçı ünvan 3 ünvanda yerləşən daşınmaz əmlaka dair hüquqların dövlət reystrində qeydiyyata alınması ilə bağlı 20 oktyabr 2022-ci il tarixli ərizəsi İdarəyə daxil olmuşdur. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, iddiaçı tərəfindən ərizəyə əlavə edilmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)- 3830/2022 saylı iş üzrə 3 iyun 2022-ci il tarixli qətnaməsi ilə 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. Müvafiq ünvanda yerləşən əmlak kompleksinə dair iddiaçı X4 cavabdehlər İddiaçı, X7, "xxxx" Firmasına və “Saloğlu fərdi firması”na qarşı «əmlakın real bölgüsünün aparılması və müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair iddiası üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-838/2019 saylı iş üzrə 28 fevral 2019-cu il tarixli qərardadı mövcuddur. Bundan başqa, İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən yerli baxış zamanı müəyyən edilmişdir ki, əmlak kompleksi kimi müəssisənin faktiki ölçüsü 7.462,1 kv.m, yerləşdiyi torpaq sahəsinin faktiki ölçüsü 2,31313 ha-dır. Həmçinin notarial qaydada təsdiq edilmiş bölgü sxemi təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261-ci maddəsində iş üzrə icraata xitam verilməsinin əsaslarından biri kimi tərəflər arasında barışıq sazişinin bağlanması qeyd olunmuşdur. Belə ki, həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə iş üzrə icraata xitam verilir. «İcra haqqında» Qanunun 20.1.2-ci maddəsinə əsasən məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə, icra sənədi üzrə icraata xitam verilir. Qeyd olunanlara əsasən mülki işlər üzrə mübahisələrdə tərəflər barışıq sazişi bağlamaqla icra ilə bağlı yalnız öz üzərlərinə öhdəlik götürürlər və üçüncü şəxslərə münasibətdə (o cümlədən səlahiyyətli dövlət orqanları) icra ilə bağlı hər hansı öhdəliyin icrası nəzərdə tutulmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 191-ci maddəsinin tələbinə əsasən məhkəmə tərəflərin təqdim etdiyi barışıq sazişini təsdiq etdikdə iş üzrə icraata xitam verilmə barədə qərardad çıxarır və bu qərardad öhdəlik müəyyən etməyən qərardaddır. Barışıq sazişi ilə tərəflər öz üzərlərinə öhdəlik götürürlər. Həmçinin «İcra haqqında» Qanunun 20.1.2-ci maddəsinə əsasən məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə icra sənədi üzrə icraata xitam verilir. Göründüyü kimi, qeyd olunan maddələrin də məzmunundan aydın olur ki, icraata xitam verilməsi haqqında qərardad və barışıq sazişi dövlət reyestrində qeydiyyata alınma üçün əsas deyil. Bununla bağlı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə **********92 saylı 5 avqust 2022-ci il tarixli və İddiaçı **********89 saylı 28 dekabr 2022-ci il tarixli cavab məktubları ünvanlanmışdır. Belə ki, qeyd olunan daşınmaz əmlakın iddiaçıların adına qeydiyyata alınmasına dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı müəyyən edilmişdir ki, sözügedən daşınmaz əmlakın faktiki ölçüsü 7.462,1 kv.m-dır. Belə ki, obyektin tiklilərində rekonstruksiya işləri aparılaraq genişləndirilib, bəzi tiklilərin üzərində 2-ci mərtəbə tikilmişdir. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Göstərilənlərə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 11, 23-cü maddələrinə əsaslanaraq, məhkəmədən iddia təmin edilməməsi xahiş olunur. İPM-in 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Məhkəmənin qərardadı ilə "xxxx" Firması inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. "xxxx" Firmasının iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı münasibətində bildirilir ki, "xxxx" Firması İddiaçı olan 5.250.000 manat borcunun 1.750.000 manat hissəsinin qarşlığında mülkiyyətində olan torpaq sahəsindən bölgü sxemdə göstərilən 2 ha hissəsinin üzərində yerləşən “B” bölməli tikili daxil İddiaçı verilməsi ilə bağlı tərəflər arasında mediasiya prosesində barışıq sazişi bağlanmış və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3830/2022 saylı iş üzrə 3 iyun 2022-ci il tarixli qətnaməsi ilə barışıq sazişi təsdiq edilmişdir. "xxxx" Firması məhkəmənin icraatında olan iş üzrə İddiaçı iddiasına etiraz etmir və məhkəmə prosesinin Firmanın nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil bildirdi ki, "xxxx" Firmasının İddiaçı olan 1.750.000 manat məbləğində borcunun qarşılığında həmin Firmaya məxsus torpaq sahəsinin 2 ha hissəsinin İddiaçı verilməsi barədə mediasiya qaydasında onlar arasında bağlanmış saziş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3 iyun 2022-ci il tarixli qətnaməsi ilə təsdiq olunmuşdur. X2 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, həmin torpaq sahəsinin onun mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Lakin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən həmin məhkəmə qətnaməsində İdarənin üzərinə hər hansı öhdəlik qoyulmaması əsas gətirilərək ərizə təmin edilməmişdir. İddianın təmin edilməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 bildirdi ki, hazırkı iddiaya qarşı cavabdehin etirazı təqdim olunmuşdur. Məhkəmə praktikasında bu qəbildən işlər olmuşdur. İmtina belə əsaslandırılmışdır ki, tərəflər arasında barışıq sazişi bağlansa da, 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə öhdəlik qoyulmamış və İdarə tərəf kimi işdə çıxış etməmişdir. Saziş tərəf üçün nəticə yaratmışdır. Ona görə də 1 saylı Bakı Ərazi İdarəsi onun icrasını həyata keçirə bilməmişdir. Bundan başqa, məhkəmənin diqqətinə çatdırılır ki, müayinə aktına əsasən yerli baxış zamanı torpaq sahəsinin ölçüsünün 2.313 ha olduğu müəyyən edilmişdir. Odur ki, etirazda göstərilənləri təsdiq edərək, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Qanunun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 28.1-ci maddəsinə görə inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi, inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi, inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublıikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Nizami rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Məhkəmə qeyd edir ki, hazırkı inzibati mübahisə Bakı şəhərinin Nizami rayonu ərazisində yerləşən daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, ona həmin əmlakın olduğu yer üzrə müvafiq məhkəmə kimi Bakı İnzibati Məhkəməsində baxılması İPM-in tələblərini pozmur. Həmçinin qeyd olunmalıdır ki, “öhdəliyin icrası haqqında” iddialara münasibətdə İPM iddia müddətinin tətbiqini nəzərdə tutmamışdır. Bundan başqa, iddiaçının qaldırılan məsələ ilə bağlı cavabdeh inzibati orqana müraciəti və öz növbəsində cavabdehin də ona müvafiq imtina məktubu olduğundan, inzibati mübahisə mövcud olmuş qiymətləndirilir. Bunları və iddianın mümkünlüyünü istisna edən başqa halların olmamasını nəzərə alaraq, məhkəmə iddianı mümkün sayır. İnzibati mübahisənin mahiyyəti ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: «İnzibati icraat haqqında» Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - (8.0.3) daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; - (8.0.4) qanuni qüvvəyə minmiş məhkəmə qərarları. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: (15.1.1) dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, (15.1.2) hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, (15.1.3) hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, (15.1.4) daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, (15.1.5) daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda (15.1.6) bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, mövcud qanunvericiliyin müddəaları («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən etmiş və daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələri və qanuni qüvvəyə minmiş məhkəmə qərarlarını bu əsaslar sırasında nəzərdə tumuşdur. Hazırkı işin hallarına görə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)- 3830/2022 saylı iş üzrə 3 iyun 2022-ci il tarixli qətnaməsinə əsasən hazırkı İddiaçı ilə üçüncü şəxs "xxxx" Firması arasında bağlanmış barışıq sazişi təsdiq edilmişdir və həmin sazişin müddəalarına görə "xxxx" Firmasının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 2,25 ha torpaq sahəsinin 2 ha hissəsi qurumun İddiaçı olan borcunun əvəzində sonuncunun mülkiyyətinə verilmişdir. İddiaçı hazırkı cavabdeh inzibati orqan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin cavabdeh sözügedən məhkəm qətnaməsi iıə onun üzərinə hər hansı öhdəlik qoyulmamasını, eləcə də torpaq sahəsindəki tikililərin ölçüləri ilə bağlı fərqli xüsusatların mövcudluğunu bildirərək məsələnin həllindən imtina etmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə ilk növbədə diqqətə çəkir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatında olmuş mülki mübahisə üzrə qəbul olunan qətnamə ilə inzibati orqanın üzərinə torpaq sahəsinə hüququn qeydiyyata alınması barədə hər hansı öhdəlik qoyula bilməz, lakin belə öhdəliyin olmaması həmin daşınmaz əmlaka hüququn ayrıca inzibati icraatda qeydiyyata alınmasından imtina üçün əsas deyil. Məhkəmə qeyd edir ki, hazırkı iddiaçının qeyd olunan məhkəmə qətnaməsinə istinadən əlavə ərizə ilə cavabdeh inzibati orqana müraciəti ayrıca inzibati icraatın başlanmasına əsas olmuşdur və bu icraat çərçivəsində iddiaçı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.4-cü maddəsində qeydiyyat üçün əsas kimi nəzərdə tutulmuş “məhkəmə qərarı”nı təqdim etmişdir. İddiaçının təqdim etdiyi məhkəmə qətnaməsi ilə "xxxx" Firmasının mülkiyyətində olan torpaq sahəsi müvafiq müqaviləyə görə hazırkı İddiaçı mülkiyyətinə keçmişdir ki, bu da noratial qaydada təsdiqlənməsə də, sözügedən Qanunun 8.0.3-cü maddəsində təsbiq olunmuş müqaviləni ehtiva etmiş olur. Həmçinin forma və məzmun baxımından da fərqlənməyən məhkəmə qərarı ilə təsdiqləniş barışıq sazişi və notarial qaydada rəsmiləşdirilmiş müqavilə daşınmaz əmlak üzərində qeydiyyata münasibətdə eyni xassəli əsas kimi çıxış edə bilər. Bununla da, məhkəmə cavabdeh inzibati orqanın iddiaçının müraciəti üzrə hüququn qeydyyatından imtina üçün “məhkəmə qətnaməsi ilə müvafiq öhdəliyin qoyulmaması” dəlilini əsaslı qiymətləndirilmir. Cavabdehin digər dəlilinə gəldikdə isə, torpaq sahəsinin üzərində tikililərin ölçülərindəki fərqli xüsusatlar həmin torpaq sahəsinə hüququn qeudiyyatına mane ola bilməz. Məhkəmə həmçinin qeyd edir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin başqa bir akt – 2(008)-838/2019 saylı iş üzrə 28 fevral 2019-cu il tarixli qərardadı ilə təsdiqlənmiş barışıq sazişi ilə "xxxx" Firmasının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən müvafiq torpaq sahəsinin 0,23 ha hissəsi həmin iş üzrə iddiaçı X1 mülkiyyətinə verilmişdir. Belə olan halda, müvafiq ərazidə "xxxx" Firmasının mülkiyyətində hazırda torpaq sahəsi 2 ha deyil, 1, 8844 ha ölçüdə qalmış olur. Odur ki, məhkəmə hesab edir ki, daşınmaz əmlakın dövlət reyestrində hazırkı iddiaçının mülkiyyəti kimi həmin ölçüdə torpaq shaəsi qeydiyyat alınmalıdır. Belə olan halda məhkəmənin qənaətinə görə ünvan 5 ünvanında yerləşən 1,8844 ha torpaq sahəsinə İddiaçı mülkiyyət hüququ yarandığından, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.4 və 10-cu maddələrinə əsasən onun həmin daşınmaz əmlaka hüququ qeydiyyata alınmalı və bu barədə reyestrdən çıxarış verilməlidir. Odur ki, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qismən (1,8844 ha torpaq sahəsi hissəsində) qanuna zidd sayılmalı və iddiaçının mülkiyyətçi kimi hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə «Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları» təsdiq edilmişdir. Qaydaların 4-cü bəndinə görə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 gün müddətində icra edilir. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. Məhkəmə həmçinin qeyd edir ki, torpaq sahəsinə hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı halda, mövcud qanunvericilik bu barədə reyestrdən çıxarışın və “torpaq sahəsinin planı və ölçüsü”nün verilməsini birmənalı şəkildə nəzərdə tutur. İddia tələbində “texniki pasport” göstərilməsini məhkəmə formal xəta qismində qiymətləndirir və həmin ifadəni “plan və ölçü” sənədi kimi qəbul edir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, ünvan 1 ünvanında yerləşən 1,8844 ha torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün (texniki pasportun) verilməsi öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 52, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia qismən təmin edilsin. ünvan 1 ünvanında yerləşən 1,8844 ha torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün (texniki pasportun) verilməsi öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №e-2-1(112)-6585/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-6585/2023
20.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver