Məhkəmə qərarları › İş №e-2-1(112)-6585/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-6585/2025

24.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-6585/2025 24.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 1200 kv.m. olan torpaq sahəsinə dair hüququn İddiaçı mərhum əri X2 məxsus olması haqqında arayışın İddiaçı verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2024-cü il tarixdə ünvan 2 ofisinə müraciət edərək, xx.xx.2005-ci il tarixdə məhrum X1 adına olan ünvan 1 ünvanında yerləşən 1200 kv.m. olan torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Həmin müraciətlə bağlı 22 saylı notariat kontoru qanunvericiliyin tələbinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək İddiaçı mərhum ərinin adına olan ünvan 1 ünvanında yerləşən 1200 kv.m. olan torpaq sahəsinə dair çıxarışın ünvan 2 ofisinə göndərilməsini xahiş etmişdir. Lakin, 22 saylı notariat kontorunun sorğusuna Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən heç bir cavab verilməmişdir. Bundan sonra, İddiaçı arxivə müraciət edərək həmin torpağa dair sənədləri əldə etdikdən sonra, hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Qeyd etmək istəyir ki, həmin torpaq sahəsinə xx.xx.2012-ci il tarixdə, 32611 nömrə ilə uçota alınmış A№ 420085 nömrəli texniki pasport mövcuddur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2024-cü il tarixli məktubla iddiaçının müraciətindən imtina edərək bildirmişdir ki, Bakı Şəhər Xalq Deputatları İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 15/558 nömrəli qərarı əsasında tərtib edilmiş, torpaq sahəsinin plan və ölçüsü sənədində istinad olunan order təqdim olunmamış və İdarənin arxivində sizin adınıza order aşkar edilməmişdir. Bundan başqa, təqdim edilmiş arxiv arayışında ayrılması nəzərdə tutulmuş torpaq sahəsinin nömrəsi və ölçüsü qeyd olunmamışdır. Əlavə olaraq bildirmişlər ki, təqdim olunan sənədlər surətdir.

3. Cavabdehin iddiaçının müraciətinə imtina məktubunda qeyd edilmişdir ki, “təqdim olunmuş Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 15/558 nömrəli qərarı əsasında tərtib edilmiş, torpaq sahəsinin plan və ölçüsü sənədində istinad olunan order təqdim olunmamış və İdarənin arxivində sizin adınıza order aşkar edilməmişdir. Bundan başqa, təqdim edilmiş arxiv arayışında ayrılması nəzərdə tutulmuş torpaq sahəsinin nömrəsi və ölçüsü qeyd olunmamışdır. Əlavə olaraq bildiririk ki, təqdim olunan sənədlər surətdir.”

4. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan etirazda qeyd edilmişdir ki, təqdim olunmuş Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 15/558 nömrəli qərarı əsasında tərtib edilmiş, torpaq sahəsinin plan və ölçüsü sənədində istinad olunan order təqdim olunmamış və İdarənin arxivində iddiaçının adına order aşkar edilməmişdir. Bundan başqa, təqdim edilmiş arxiv arayışında ayrılması nəzərdə tutulmuş torpaq sahəsinin nömrəsi və ölçüsü qeyd olunmamışdır. İdarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı faktiki torpaq sahəsinin 0,1169 ha olduğu müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Bakı şəhər X5 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 15/558 nömrəli bağ-tikinti kooperatinin yaradılması və bağ sahələrinin ayrılmasına dair qərarına əsasən, Ləhiş 141 nömrəli bağ-tikinti kooperativi üzvlərinin siyahısında X1 adı qeyd edilmişdir.

6. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Ləhiş 141 nömrəli bağ-tikinti kooperativinin xx.xx.1990-cı il tarixli 1 nömrəli orderində qeyd edilmişdir ki, X2 Ləhiş 141 nömrəli bağtikinti kooperativi 3201 nömrəli bağ sahəsi ayrılması ilə bağlı order verilmişdir.

7. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş X7 və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A nömrəli 420085 nömrəli torpaq sahəsinin planı və ölçüsündə qeyd edilmişdir ki, mərhum X3 Bakı şəhər İK-nin xx.xx.1990-ci il tarixli 15/558 saylı qərarı, BTİ və İB-nin xx.xx.1990-cı il tarixli 01 saylı orderi əsasında 1200 kv.metr olan Sabunçu rayonu Ləhiş massivi 3201 saylı bağ evi tikintisi üçün torpaq sahəsi ilə bağlı torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir.

8. ünvan 2 Ofisinin cavabdehə ünvanlandığı xx.xx.2024-cü il tarixli 171/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixdə ünvan 2 ofisinə müraciət edərək, xx.xx.2005-ci il tarixdə ölmüş əri X1 adına olan ünvan 1 ünvanında yerləşən 1200 kv.m. olan torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1325-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Qanunvericiliyə uyğun olaraq vərəsəlik şəhadətnaməsi yalnız miras əmlaka mülkiyyət hüququnun təsdiq edən sənəd təqdim edildikdən sonra verilə bilər. Qeyd olunanlarla bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-1ci maddəsinin tələbinə uyğun olaraq xx.xx.2005-ci il tarixdə ölmüş X1 adına olan ünvan 1 ünvanında yerləşən 1200 kv.m. olan torpaq sahəsinə dair çıxarışın sorğunu təqdim etmiş şəxs vasitəsilə ünvan 2 ofisinə göndərilməsi xahiş edilmişdir.

9. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2025-ci il tarixli müayinə (baxış) aktında qeyd edilmişdir ki, Ləhiş bağ massivi 3201 saylı bağın faktiki sahəsi 1169 kv.metrdir. Bağ sahəsinin iki tərəfi qonşu hasar, bir tərəfi 3 daş hasar, bir tərəfinə isə 2-3 cərgə mişar daşı düzülərək sərhədlənmişdir. Sahədə köməkçi tikili var.

10. Məhkəmənin şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçının vəkili iddia tələbini müdafiə edərək iddia tələbini təmin edilməsini xahiş etmişdir.

11. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

II. İddianın növü və mümkünlüyü

12. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

13. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

14. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

15. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

16. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, Bakı şəhər X4 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 15/558 nömrəli qərarına və 141 nömrəli bağ-tikinti kooperativinin xx.xx.1990-cı il tarixli 1 nömrəli orderinə əsasən mərhum X2 3201 nömrəli 0,12 ha bağ sahəsi ayrılmışdır. X3 xx.xx.2005-ci il tarixdə vəfat etmişdir. Notariat ofisi tərəfindən cavabdehə məktub ünvanlanaraq sözügedən əmlaka dair ölmüş şəxsin adına hüquqmüəyyənedici sənəd verilməsi xahiş edilmişdir.

17. Vərəsəlik dedikdə, ölümündən sonra fiziki şəxsin başqa şəxslərə verilə bilən hüquqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) digər şəxslərə keçməsi başa düşülür. Şəxsin ölümü əmlak və bəzi qeyri-əmlak hüquqlarının və vəzifələrinin xitamına səbəb olmur, əksinə onlar vərəsəlik hüquq normalarında göstərilən qaydada başqa şəxslərə keçir.

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1133.1. Şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsində qeyd olunmuşdur: “Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir”.

20. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:

21. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

22. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

23. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir.

24. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

25. Azərbaycan Respublikası Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

27. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

28. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

29. Cavabdehin imtina və etirazında göstərdiyi əsas dəlili ondan ibarətdir ki, təqdim olunmuş Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 15/558 nömrəli qərarı əsasında tərtib edilmiş, torpaq sahəsinin plan və ölçüsü sənədində istinad olunan order təqdim olunmamış və İdarənin arxivində order aşkar edilməmişdir. Bundan başqa, təqdim edilmiş arxiv arayışında ayrılması nəzərdə tutulmuş torpaq sahəsinin nömrəsi və ölçüsü qeyd olunmamışdır.

30. Məhkəmə cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, məhkəmə araşdırılması nəticəsində müəyyən edilir ki, Bakı Şəhər X4 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 15/558 nömrəli qərarına və Ləhiş 141 nömrəli bağ-tikinti kooperativinin xx.xx.1990-cı il tarixli 1 nömrəli orderinə əsasən mərhum X2 3201 nömrəli 0,12 ha bağ sahəsi ayrılmışdır. X7 və Xəritəçəkmə Komitəsi tərəfindən Sabunçu rayonu, Ləhiş massivində yerləşən 1200 kv.metr olan 3201 saylı bağ sahəsinin planı və ölçüsü tərtib edilmişdir.

31. Bununla yanaşı qeyd edilməlidir ki, məhkəmə sorğusu nəticəsində əldə olunan bağ sahələrinin sxematik xəritəsinin və qonşuluqda yerləşən bağ sahələrinin ortofotosunun qarşılaşdırılması zamanı iddiaçının faktiki istifadəsində olan bağ sahəsinin “3201” saylı bağ sahəsinə uyğunluğu müəyyən olunur.

32. Məhkəmə cavabdehin orderin idarənin arxivində aşkar edilməməsi dəlilinə münasibətdə qeyd edir ki, X7 və Xəritəçəkmə Komitəsi Sabunçu rayonu Ləhiş massivində yerləşən 1200 kv.metr olan 3201 saylı bağ sahəsinin planı və ölçü sənədini məhz order əsasında tərtib etmişdir. Göründüyü kimi Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi 141 nömrəli bağ-tikinti kooperativinin xx.xx.1990-cı il tarixli 1 nömrəli order əsasında ayrılmış torpaq sahəsinin iddiaçının mülkiyyətində olmasını qəbul etmiş, Bakı şəhər X5 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 15/558 nömrəli qərarına və 141 nömrəli bağ-tikinti kooperativinin xx.xx.1990-cı il tarixli 1 nömrəli orderinə istinad edərək iddiaçıya ayrılmış 1200 kv.m torpaq sahəsinə dair plan-ölçü sənədini tərtib etmişdir. Baxmayaraq ki, plan-ölçü sənədi texniki sənəd kimi çıxış edir, hazırkı halda qərar və order əsasında X2 ayrılmasını təsdiq etmişdir.

33. Odur ki, təqdim edilən sənədin həqiqiliyi şübhə doğurmadığından və torpaqla bağlı hər hansı mübahisə (üçüncü şəxslərin müraciəti) olmadığından, cavabdeh orqan tərəfindən mərhum X1 adına bağ sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənədin (order) idarənin arxivində aşkar edilməməsi”nə dair irəli sürdüyü dəlil daşınmaz əmlak üzərində hüquqların qeydə alınmasından imtina üçün əsas ola bilməz.

34. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;

35. Beləliklə məhkəmə hesab edir ki, mərhum X1 istifadəsinə verilmiş torpaq sahəsinə dair qərar və order qüvvədədir, torpaq sahəsi digər şəxslərin hüquqları ilə yüklü deyil, iddiaçının istifadəsindədir, torpaqla bağlı hər hansı mübahisə mövcud deyil.

36. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

37. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 1.1–ci bəndinə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir; 3.1–ci bəndinə əsasən bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.21. hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılması, ünvan reyestri, dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək cavabdeh DƏDKR-in vəzifələrinə aid edilmişdir.

38. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuni hesab edilə bilməz və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

39. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

40. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

41. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

42. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən sahəsi 1200 kv.m. olan 3201 saylı bağ sahəsinə dair mülkiyyət hüququnun mərhum X2 məxsus olması barədə arayışın İddiaçı verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar