Məhkəmə qərarları › İş №e-2-1(112)-6587/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-6587/2025

15.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-6587/2025 15.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: X2) “torpaq sahəsinə dair hüquq müəyyənedici sənədin verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən 21 may 1998-ci il tarixli, 62 saylı sərəncam ilə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "AB" yaşayış massivində yerləşən torpağa dair iddiaçının adına hüquq müəyyənedici sənədin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə X2 məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçıya Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən 21 may 1998-ci il tarixli, 62 saylı sərəncam ilə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "AB" yaşayış massivində torpaq sahəsi ayrılmışdır. O, sözügedən torpaq sahəsinə hüquq müəyyənedici sənəd almaq üçün cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nda nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər təqdim edilməmişdir. İdarənin mütəxəssisləri tərəfindən yerində aparılmış müayinə zamanı məlum olmuşdur ki, torpaq sahəsi yaşayış binasından və avtomobil yolundan 9 metr aralı ərazidə yerləşir, daxilində çoxillik şam ağacları mövcuddur. Elektron baza məlumatına əsasən torpaq sahəsinə digər fiziki şəxsin X1 müraciəti daxil olmuşdur. Tərəflərə və üçüncü şəxsə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişlər. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən tərəflərin və üçüncü şəxsin (nümayəndələrinin) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubunda Suraxanı rayon İcra Hakimiyyətinin arxiv fondu üzrə 1998-ci il tarixli, 62 saylı sərəncamının xx.xx.1998-ci il tarixli deyil, xx.xx.1998-ci il tarixli olmaqla Dövlət Arxivinin Bakı filialında mövcud olması, lakin həmin sərəncamda İddiaçı barədə heç bir məlumatın olmaması bildirilmiş və Suraxanı rayon İcra Hakimiyyətinin arxiv fondu üzrə xx.xx.1998-ci il tarixli, 62 saylı sərəncamının təsdiq edilmiş kserosurəti məhkəməyə təqdim edilmişdir. Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli, 62 saylı sərəncamından görünür ki, X3 3 nəfər ailə tərkibi ilə birlikdə mənzil növbəsinə götürülmüşdür. Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyətinin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubunda ötən illərə, o cümlədən 2019-cu ilə dair sənədlərin Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialına təhvil verildiyindən sorğunun cavablandırılmasının imkanları xaricində olması bildirilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi "xxxx" MMCnin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, aparılmış araşdırma zamanı Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli Sərəncamı ilə İddiaçı 0,28 ha torpaq sahəsinin ayrılmasına dair məlumat aşkar edilməmişdir. Cavabdeh tərəfindən iddiaçıya verilmiş imtina məktubu iddiaya yazılı etirazla oxşar məzmunda əsaslandırılmışdır. Məhkəmə iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində torpaq sahəsinə dair hüquq müəyyedici sənədlərin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (139-1.1.8.). Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (bundan sonra – Torpaq Məcəlləsi) göstərilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır (55). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). Bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (8.0.8.). Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.7-ci bəndində “yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar” öz əksini tapmışdır. İşdən görünür ki, iddiaçı Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 21 may 1998-ci il tarixli, 62 saylı sərəncamına əsaslanaraq Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "AB" yaşayış massivində yerləşən torpaq sahəsinə dair öz adına hüquq müəyyənedici sənədin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Cavabdehin imtinasının əsasını o təşkil etmişdir ki, torpaq sahəsinə dair müvafiq hüquq müəyyənedici sənədlər təqdim edilməmişdir. Torpaq sahəsi yaşayış binasından və avtomobil yolundan 9 m aralı ərazidə yerləşir, daxilində çoxillik şam ağacları mövcuddur. Torpaq sahəsinə digər fiziki şəxsin - X1 müraciəti daxil olmuşdur. İPM-də göstərilmişdir ki, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür (14.3.). Məhkəmə hesab edir ki, iddiaçı iddia etdiyi torpaq sahəsinin həqiqətən ona ayrılmış olduğunu sübut edə bilməmişdir. Eyni zamanda, bu hal müvafiq məhkəmə sorğularına cavab məktubları ilə də təsdiq olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının məhkəmə sorğusuna cavab məktubunda Suraxanı rayon İcra Hakimiyyətinin arxiv fondu üzrə 1998ci il tarixli, 62 saylı sərəncamının xx.xx.1998-ci il tarixli deyil, xx.xx.1998-ci il tarixli olmaqla Dövlət Arxivinin Bakı filialında mövcud olması, lakin həmin sərəncamda İddiaçı barədə heç bir məlumatın olmaması bildirilmişdir. Eyni zamanda, məhkəməyə təqdim edilmiş Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli, 62 saylı sərəncamından müəyyən edilmişdir ki, həmin sərəncama əsasən X3 3 nəfər ailə tərkibi ilə birlikdə mənzil növbəsinə götürülmüşdür. Göründüyü kimi sözügedən sərəncam iddiaçı barəsində yox, başqa bir şəxsin mənzil növbəsinə götürülməsi barədə verilmişdir. Həmçinin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi "xxxx" MMC-nin məhkəmə sorğusuna cavab məktubunda da Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli Sərəncamı ilə İddiaçı 0,28 ha torpaq sahəsinin ayrılmasına dair məlumatın aşkar edilmədiyi bildirilmişdir. Göründüyü kimi iddiaçı ona aidiyyəti olmayan torpaq sahəsinə dair hüquq müəyyənedici sənədlərin verilməsini xahiş etmişdir. Dəfələrlə məhkəmə iclasında iştirakının təmin edilməsi üçün məhkəmə iclasları təxirə salınsa da, iddiaçı məhkəmə iclaslarında iştirak etməmiş, yuxarıda qeyd edilən halı təkzib edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi cavabdeh inzibati orqanın imtinası əsaslı olmuş və iddiaçının hüquqlarını pozmamışdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair hüquq müəyyənedici sənədin verilməsi” barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar