Məhkəmə qərarları › İş №e-2-1(112)-6595/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-6595/2025

07.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-6595/2025 07.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏSİ Bakı İnzibati Məhkəməsi, X1 Əmir oğlunun sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Maştağa Tərəvəzçilik-Südçülük sovxozunun xx.xx.1999-cu il tarixli 17 nömrəli əmri ilə Abşeron Rayon İHB-nın xx.xx.1999-cu il tarixli 285 nömrəli qərarı nəzərə alınaraq, İddiaçı (bundan sonra iddiaçı) fərdi ev tikmək üçün 0.12 ha torpaq sahəsi ayrılmışdır. Abşeron Rayon Dövlət Arxivi fondun sənəd materialları əsasında verilmiş Maştağa Tərəvəzçilik-Südçülük sovxozunun xx.xx.1999-cu il tarixli 17 nömrəli əmrindən çıxarışa əsasən “Sovxozun ərazisində yaşayan həyətyanı torpaq sahəsinə ehtiyacı olan və ərizə ilə sovxoz rəhbərliyinə müraciət edən aşağıda adları qeyd olunan vətəndaşlara Abşeron Rayon İcra Hakimiyyəti başçısının 14 dekabr 1999-cu il tarixli 285 sayl sərəncamına əsasən hər bir ailəyə 0.12 hektar hesabı ilə torpaq sahəsi ayrılsın: ...11. İddiaçı Əsas: Abşeron RİH başçısının 14 dekabr 1999-cu il tarixli 285 saylı sərəncamı və sovxoz həmkarlar komitəsinin xx.xx.1999-cu il tarixli 03 saylı protokolu.” Bakı Şəhər Sabunçu Rayon İcra Hakimiyyətinin iddiaçıya ünvanladığı xx.xx.2023- cü il tarixli məktubundan və ona əlavə edilmiş sxemdən görünür ki, Maştağa Tərəvəzçilik- Südçülük sovxozunun 17 saylı 24 dekabr 1999-cu il tarixli əmrinə əsasən ayrılmış 1200,0 kv.m. torpaq sahəsinin yerləşmə sxemi təsdiq olunaraq iddiaçıya göndərilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən elektron məhkəmə sistemi vasitəsilə təqdim edilmiş xx.xx.2024-cü il tarixli Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında göstərilmişdir ki, “...Torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 1200.0 kv.m, faktiki 1200 kv.m təşkil edir, mişar daşı ilə hasarlanmışdır. (3-4 mişar daşı hündürlükdə) 4 nəfər qonşu, 1 hissə yol. Nəticə: Göstərilən torpaq sahəsi təqdim edilmiş yerləşmə sxeminə uyğundur. Göstərilən mövcud vəziyyətə və yerləşmə sxeminə uyğun koordinat cədvəli akta əlavə edildi. Qeyd: Yerləşmə sxemindəki təqdim edilmiş koordinatlar yanlışdır. Belə ki, koordinatlarla perimetrik ölçü, sahə fərqi yaranır və yerləşmə sxemindəki koordinatlarla sahənin bir hissəsi hasardan kənara qonşu torpaq sahəsinə düşür.” İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa Tərəvəzçilik-Südçülük sovxozu ərazisində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh xx.xx.2024cü il və xx.xx.2025-ci il tarixli məktublarla iddiaçının müraciətindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Maştağa Tərəvəzçilik-Südçülük sovxozunun xx.xx.1999-cu il tarixli, 17 №-li əmri ilə İddiaçı torpaq sahəsi ayrılan zaman Azərbaycan Respublikası Torpaq Məcəlləsinə əsasən yerdə (naturada) sahənin hüdudları müəyyən edilərək müvafiq rəsmiləşdirmə işlərinin aparılması təmin edilməmişdir. Belə ki, təqdim edilmiş yerləşmə sxemi torpaq sahəsi ayrılan zaman sovxoz tərəfindən deyil, sonradan Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilmişdir. Bundan başqa, təqdim edilmiş yerləşmə sxemində koordinatlar xətalı verildiyindən, faktiki sahə ilə cizgi arasında perimetrik ölçü və sahə fərqi yaranır, həmçinin həmin koordinatlara əsasən torpaq sahəsinin bir hissəsi hasarlanmış sahədən kənarda, qonşu torpaq sahəsinin daxilində yerləşir. İddia tələbi, tələbin əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi ünvanında yerləşən 0.12 ha torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasını və torpağa dair mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının 285 nömrəli xx.xx.1999-cu il tarixli sərəncamına əsasən Maştağa Tərəvəzçilik-Südçülük sovxozunda fərdi yaşayş evinin tikintisi üçün 0.12 ha torpaq sahəsi İddiaçı ayrılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinin torpaq sahəsinin üzərində olan hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina olunması barədə bildirişinə əsasən hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli xx.xx.2024-cü il tarixli müraciətinə baxılmış və nəticə etibarilə imtina edildiyi bildirilmişdir. Qeyd edilən imtina əsassızdır. Belə ki, torpağın ayrılmasna dair əsas sənəd olan qərar və onun təsdiq edilmiş surəti müraicətə əlavə edilmişdir. Bundan başqa, həmin ərazi Sabunçu rayon inzibati ərazi hüdudlarında yerləşdiyindən, qeyd edilən torpaq sahəsinin yerləşmə sxemi Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir. Torpaq sahəsi istifadəsindədir. Qonşuları torpaq sahələrinə çıxarışlar əldə etmişdilər. Cavabdeh iddiaya yazılı etiraz təqdim etmişdir. Etiraz imtina məktubu ilə eyni məzmunludur. Tərəflərin iştirakı və izahatları: İddiaçının vəkili və nümayəndəsi xx.xx.2025-ci il tarixdə məhkəmənin dəftərxanası vasitəsi ilə ərizə təqdim edərək işə onun iştirakı olmadan baxılmasını, şifahi məhkəmə baxışına təyin edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibatiProsessual Məcəlləsinin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”: ...

2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: ... 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış; ... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. ... Maddə 7. Daşınmaz əmlakın texniki göstəriciləri və ünvanı 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. ... Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; ... Maddə 12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İddiaçıya torpaq sahəsinin ayrılması barədə Maştağa Tərəvəzçilik-Südçülük sovxozunun xx.xx.1999-cu il tarixli 17 nömrəli əmri Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndində nəzərdə tutulmuş sənədlərə uyğundur. Odur ki, qeyd edilən xx.xx.1999-cu il tarixli 17 nömrəli əmr iddiaçının həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsasdır və həmin qərar hazırda qüvvədədir. Belə ki, həmin əmr geri çağırılmamış, ləğv olunmamış, dəyişdirilməmiş və ya qüvvədən düşmüş hesab olunmamışdır, cavabdeh də bu əmrin qüvvədə olmasını mübahisələndirilmir. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Belə olan halda, məhkəmə cavabdeh inzibati orqan tərəfindən iddiaçının qanuni əsaslarla əldə etdiyi torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtina edilməklə iddiaçının göstərilən hüququnun və qanunla qorunan mənafelərinin pozulmasına yol verilməsi barədə mövqeyini əsassız hesab edir. Torpaq sahəsinin ayrılan zaman sovxoz tərəfindən yerdə (naturada) sahənin hüdudları müəyyən edilərək müvafiq rəsmiləşdirmə işlərinin aparılmaması, bu işlərin sonradan Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən aparılması (torpaq sahəsinin yerləşmə sxeminin tərtib edilməsi) barədə cavabdehin mövqeyi iddiaçının hüququnun məhdudlaşdırılmasının əsası kimi çıxış edə bilməz. İddiaçı başqasının öz vəzifəsini sonacan yerinə yetirməməsindən törəyən nəticəyə görə məsuliyyət daşımamalıdır. Məhkəmə cavabdehin “təqdim edilmiş yerləşmə sxemində koordinatlar xətalı verildiyindən, faktiki sahə ilə cizgi arasında perimetrik ölçü və sahə fərqi yaranır, həmçinin həmin koordinatlara əsasən torpaq sahəsinin bir hissəsi hasarlanmış sahədən kənarda, qonşu torpaq sahəsinin daxilində yerləşir” dəlili ilə bağlı isə qeyd edir ki, bu hal da iddiaçının hüququnun məhdudlaşdırılmasının əsası kimi çıxış edə bilməz. Torpaq sahəsi 1999-cu ildə iddiaçıya ayrılmışdır, onun qanuni istifadəsindədir. İddiaçı ayrılmış 1200.0 kv.m torpaq sahəsinin yerləşmə sxemində göstərilən koordinatlar aşağıdakı kimi qeyd edilmişdir:

X - 416072,71 Y- 4491564,95 X - 416104,32 Y- 4491564,37 X - 416104,80 Y- 4491530,15 X - 416077,74 Y- 4491530,63 X - 416077,48 Y- 4491534,15 X - 416072,87 Y- 4491534,19

Cavadeh orqanın mütəxəssisləri tərəfindən xx.xx.2024-cü il tarixdə yerində müayinə (baxış) keçirilmiş və tərtib edilmiş Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında göstərilmişdir ki, “...Torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 1200.0 kv.m, faktiki 1200 kv.m təşkil edir, mişar daşı ilə hasarlanmışdır. (3-4 mişar daşı hündürlükdə) 4 nəfər qonşu, 1 hissə yol. Nəticə: Göstərilən torpaq sahəsi təqdim edilmiş yerləşmə sxeminə uyğundur. Göstərilən mövcud vəziyyətə və yerləşmə sxeminə uyğun koordinat cədvəli akta əlavə edildi. Qeyd: Yerləşmə sxemindəki təqdim edilmiş koordinatlar yanlışdır. Belə ki, koordinatlarla perimetrik ölçü, sahə fərqi yaranır və yerləşmə sxemindəki koordinatlarla sahənin bir hissəsi hasardan kənara qonşu torpaq sahəsinə düşür.” Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əlavə edilmiş mövcud vəziyyətə və yerləşmə sxeminə uyğun koordinatlar aşağıdakı kimi qeyd edilmişdir: X Y 0 416102,839 4491563,880 1 416103,373 4491525,834 2 416075,954 4491526,885 3 416075,909 4491530,384 4 416071,209 4491530,323 5 416070,756 4491564,920

Göründüyü kimi, cavadeh orqanın mütəxəssiləri tərəfindən yerində müayinə (baxış) zamanı iddiaçıya məxsus torpaq sahəsinin yerləşmə sxeminə uyğun olması, lakin yerləşmə sxemindəki təqdim edilmiş koordinatların yanlış olması müəyyən edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, yerləşmə sxemindəki təqdim edilmiş koordinatların yanlış olması iddiaçıdan asılı olmayan haldır və bununla əlaqədar hər hansı uyğunsuzluğun mövcud olması imtina üçün əsas hesab edilə bilməz. Hər hansı uyğunsuzluq olsa belə, onun aradan qaldırılması cavabdehin vəzifəsidir (“Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanının 2.3-cü bəndi). “X.Mustafayevanın şikayəti şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, “...Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.” Beləliklə, məhkəmə qeyd edir ki, cavabdehin dəlilləri əsassızdır və formal xarakter daşıyır. İPM-in: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəməaa

qərara aldı:

İddia təmin edilsin. Maştağa Tərəvəzçilik-Südçülük sovxozunun xx.xx.1999-cu il tarixli 17 nömrəli əmri ilə verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bununla bağlı müvafiq çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar