Məhkəmə qərarları › İş №e-2-1(112)-6596/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-6596/2025

07.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-6596/2025 07.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışda edilmiş düzəlişin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 29 noyabr 2024 tarixli 321330/2-48108/2024 **********08 nömrəli bildirişin etibarsız hesab edilməsi, xx.xx.2024cü il tarixli ********** qeydiyyat nömrəli ərizə əsasında aparılmış düzəlişin ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, cavabdeh Dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi barədə 29 noyabr 2024 tarixli 321330/2-48108/2024 **********08 nömrəli bildirişə qeyd etmişdir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1492/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı icra olunması üçün 1 saylı Bakı Ərazi idarəsinə daxil olmuşdur. Qeyd olunan qərarın icrası zamanı araşdırma aparılarkən məlum olmuşdur ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(82)- 4500/2017 nömrəli qərarı ilə ünvan 1 ünvanındakı fərdi yaşayış evinin 115.9 kv.m. ölçüdə tikintialtı torpaq sahəsi ilə birlikdə vahid əmlak kimi dövlət reyestrində qeydiyyata alınması qərara alınmışdır. Lakin, qərar icra olunduğu zaman fərdi yaşayış evinin sahəsi ilə bağlı texniki səhvə yol verilmiş, çıxarışda evin ümumi sahəsi 306,7 kv.m olaraq göstərilmişdir. Odur ki, Bakı inzibati Məhkəməsinin 2-1(112)-1492/2023 nömrəli qərarı nəzərə alınaraq, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin müddəalarına əsasən xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli ərizə əsasında texniki səhv aradan qaldırılmışdır. Bildirişdə Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə istinad olunmuşdur həmin qanunun 16.1. maddəsində “Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırılmışdır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir” qeyd olunmuşdur. Qanunda 48 saat müddətində qeyd olunsa da, iddiaçıya icra edildikdən 22 gün sonra bu barədə bildiriş göndərilmişdir. Həmçinin həmin qanunun 16.2. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılmışdır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz, edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılmışdır. Göründüyü kimi hüquq sahibinə zərər vurulmadığı halda həmin düzəlişlərin icra orqanı tərəfindən aparılması qanunda əksini tapmışdır. Lakin həmin düzəlişin aparılması iddiaçıya olduqca böyük zərər vurmuş, 306.7 kv.m kimi qüvvədə olan Çıxarışı heç bir əsas olmadan ləğv edilmişdir. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında bildirmişdir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(82)- 4500/2017 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş və İddiaçı ünvan 1 ünvanındakı evin 115.9 kv.m. ölçüdə tikintialtı torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq həmin evlə birlikdə sözügedən torpaq sahəsinə dair vahid əmlak kimi reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh üzərinə qoyulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(103)-1477/2018 saylı qərarı ilə cavabdehin apellyasiya şikayətinin təmin edilməmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(82)-4500/2017 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərar xx.xx.2018-ci il tarixində İdarəyə icra edilməsi üçün daxil olmuşdur. Qeyd olunan qərar və təqdim edilmiş layihə nəzərə alınaraq ünvan 2 ünvanında yerləşən sahəsi 306.7 kv.metr olan fərdi yaşayış evi, 115.9 kv.metr torpaq sahəsi ilə birlikdə xx.xx.2018-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və texniki pasport tərtib edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(82)- 4500/2017 saylı qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(82)-4500/2017 nömrəli qərarı ləğv edilmiş və X4, X3, X2 və Əmrahova Kifayət İsa qızı zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-1492/2023 saylı qərarı ilə iddia təmin edilmiş və İddiaçı ünvan 3 ünvanındakı evin 115.9 kv.m ölçüdə tikintialtı torpaq sahəsinin mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq həmin evlə birlikdə sözügedən torpaq sahəsinə dair vahid əmlak kimi reyestrdən çıxarış verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Qeyd olunan qərardan İdarə və üçüncü şəxslər tərəfindən apellyasiya şikayəti verilməmişdir. Üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş şəxslər tərəfindən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(82)-4500/2017 nömrəli qərarının icrasında dönüş edilməsi ilə bağlı ərizə ilə məhkəmə müraciət etmiş və Bakı İnzibati Məhkəməsinin xx.xx.2023- cü il tarixli, 2-1(112)- 1492/2023 saylı qərardadı ilə ərizə təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(82)-4500/2017 nömrəli qərarının icrasına geriyə dönüş edilərək, 1 saylı ünvan 4 ünvanına dair İddiaçı adına xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmış RX seriyalı ******* nömrəli çıxarış və xx.xx.2018-ci il tarixində tərtib edilmiş texniki pasport ləğv olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(103)-3780/2023 saylı qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmuş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)- 1492/2023 saylı qərardadı ləğv edilmiş və üçüncü şəxslər X4 və Əmrahova Kifayət İsa qızının “icrada dönüş” barədə ərizəsi təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(102)-780/2024 saylı qərarı ilə üçüncü şəxslər X4 və Əmrahova Kifayət İsa qızının kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(103)-3780/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı Şəhər İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Müliyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş FM seriyalı 011730 nömrəli qeydiyyat vəsiqəsində qeyd olunan 175.8 kv.metr sahəsi olan fərdi yaşayış evi və 116 kv.metr torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2024-cü il tarixində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Həmçinin iddiaçıya xx.xx.2024- cü il tarixli, **********08 xaricolma nömrəli “Daşınmaz əmlakın dövlət reyestrində düzəlişlərin edilməsi barədə bildiriş” ünvanlanmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək etirazı müdafiə etdi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan Bakı Şəhər İcra Hakimiyyəti baçısının xx.xx.2001-ci il tarixli 800 nömrəli Sərəncamı və Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Mənzil Məsələləri üzrə İctimai Komissiyanın xx.xx.2001-ci il tarixli 08 nömrəli protokolundan çıxarışdan görünür ki, Ermənistan Respublikasından qaçqın düşmüş İddiaçı yaşadığı Nərimanov rayonu, R.Axundov küçəsi 43 ünvanında özbaşına tikilmiş evə qeydiyyat vəsiqəsinin verilməsi qərara alınmışdır. İş materiallarından görünür ki, ünvan 5 ünvanında yerləşən, yaşayış sahəsi 96,7 kv.m olan, ümumi sahəsi 175,8 kv.m torpaq sahəsindən ibarət fərdi yaşayış evinə İddiaçı mülkiyyət hüququ tanınmış və adına Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən FM seriyalı 011730 nömrəli xx.xx.2002-ci il tarixdə Qeydiyyat Vəsiqəsi verilərək rəsmiləşdirilmişdir. İş materiallarından görünür ki, “Bakı Torpaq” Lahiyə Smeta Bürosu tərəfindən “Tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi”nə dair İddiaçı adına xx.xx.2017-ci il tarixdə ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin eskiz layihəsi hazırlanmış və Nərimanov Rayon İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq edilmişdir. İş materiallarından görünür ki, R.Axundov küçəsi 43 ünvanında qeydiyyatda olan vətəndaş İddiaçı ərizə ilə Nərimanov Rayon İcra Hakimiyyətinə müraciət edərək, özünə məxsus fərdi yaşayış evinin təqdim edilmiş layihəyə uyğun mövcud vəziyyətdə öz adına sənədləşdirilməsinə icazə verilməsini xahiş etmiş, Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli 479 saylı sərəncamı ilə R.Axundov küçəsi 43 ünvanında yerləşən fərdi yaşayış evinin təqdim edilmiş layihəyə uyğun mövcud istifadə vəziyyətində vətəndaş İddiaçı adına sənədləşdirilməsinə dair qərar verilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4500/2017 nömrəli iş üzrə xx.xx.2017-ci il qərarından gğrünür ki, İddiaçı iddiası təmin edilmiş, iddiaçının ünvan 8 ünvandakı evin 115,9 kv.m. ölçüdə tikintialtı torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq həmin evlə birlikdə sözügedən torpaq sahəsinə dair vahid əmlak kimi reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. İş materiallarından görünür ki, Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati İqtisadi məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(82)-4500/2017 saylı qərarın icrası təmin olunaraq Bakı şəhəri, Nərimanov rayonu, Abbas Zamanov küçəsi,ev 43H ünvanına dair İddiaçı adına RX seriyalı ******* nömrəli xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarış hazırlanmış, çıxarışda fərdi yaşayış evinin ümumi sahəsi 306,7 kv.metr, torpaq sahəsinin ölçüsü 0,01159 ha göstərilmişdir. İşdən görünür ki, ərizəçilər E.Həsənov, K.Əmrəhova, Ə.Həsənzadə və İ.Həsənzadə Bakı İnzibati Məhkəməsinə xx.xx.2020-ci il tarixdə ərizə təqdim edərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4500/2017 nömrəli, xx.xx.2017-ci il qərarı maraqlarına toxunduğundan onların hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmalarını, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarının ləğv olunmasını və iş üzrə icraatın təzələnməsini xahiş etmişdirlər. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(82)-4500/2017 nömrəli qərardadı ilə ərizənin rədd edilməsi qərara alınmışdır. Ərizəçilər xx.xx.2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2- 1(82)-4500/2017 nömrəli qərardadından apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi və ərizənin təmin edilməsi barədə yeni qərardadın qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2 1(103)-1325/21 nömrəli qərardadı ilə ərizəçilərin apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(82)-4500/2017 nömrəli qərardadının ləğv edilməsi, işin baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2 1(103)-1325/2021 nömrəli qərardadından narazı qalan iddiaçı həmin qərardaddan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(102) 1568/2021 nömrəli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)-1325/2021 nömrəli qərardadından verdiyi kassasiya şikayəti mümkün sayılmamış və onun icraata qəbulundan imtina edilmişdir. Təzələnmiş icraat üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1492/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı ünvan 3 ünvanındakı evin 115.9 kv.m ölçüdə tikintialtı torpaq sahəsinin mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq həmin evlə birlikdə sözügedən torpaq sahəsinə dair vahid əmlak kimi reyestrdən çıxarış verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Həmin qərar qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş və iddiaçıya xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestindən çıxarış verilmiş, çıxarışda fərdi yaşayış evinin ümumi sahəsi 175,8 kv.metr, torpaq sahəsinin ölçüsü 0,0116 ha göstərilmişdir. İddiaçı hazırda bu çıxarışla razılaşmayaraq, fərdi yaşayış evinin sahəsinin RX seriyalı ******* nömrəli xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarışda göstərilən uyğun 306,7 kv.metr göstərilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Konstitusiyanın 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə mübahisəli çıxarış fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsinə vahid əmlak kimi hüququn qeydə alınması barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında verildiyindən orada göstərilən məlumatların ayrıca məhkəmə icraatı çərçivəsində mübahisələndirilməsi yolverilməzdir və bu, həmin qərarın icrası qaydasında həll etməlidir. Əks hal bu, eyni məsələ üzrə iki məhkəmə qərarının qəbul edilməsinə gətirib çıxarmaqla, dövlətin adından çıxarılmış qərarın məcburi icrasını aradan qaldırmış olur ki, bu da yolverilməzdir. İşdə olan cavabdehin məhkəməyə ünvanlanmış **********48 saylı məktubunda da görünür ki, xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1492/2023 saylı xx.xx.2023-cü il tarixli qərarının icrası ilə bağlı verilmişdir. Məhkəmə bu zaman onu da nəzərə alır ki, işdə olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Bakı şəhəri 2-1(103)-3780/2023 xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, üçüncü şəxslər X4 və Əmrahova Kifayət İsa qızı məhkəməyə ərizə ilə müraciət edərək, ləğv edilmiş 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2- 1(82)-4500/2017 saylı qərarı əsasında 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ünvan 2 ünvanına dair İddiaçı adına xx.xx.2018-ci il tarixdə tərtib edilmiş texniki pasport ləğv olunmaqla əvvəlki vəziyyətə geriyə dönüş edilməsini məhkəmədən xahiş etmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1492/2023 saylı 14 iyun 2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017 ci il tarixli 2- 1(82)4500/2017 saylı qərarının icrasına dönüş edilərək, 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ünvan 2 ünvanına dair İddiaçı adına xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmış RX seriyalı ******* nömrəli Çıxarış və xx.xx.2018-ci il tarixdə tərtib edilmiş texniki pasportun ləğv olunması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1492/2023 saylı 14 iyun 2023-cü il tarixli qərardadından narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi və ərizənin rədd edilməsi haqqında yeni qərardad qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya məhkəməsinin həmin qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmuş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1492/2023 saylı 14 iyun 2023-cü il tarixli qərardadı ləğv edilərək üçüncü şəxslər X4 və Əmrahova Kifayət İsa qızının “icra dönüş” barədə ərizəsi təmin edilməmişdir. Məhkəmə qərardadda ona istinad etmişdir ki, “icrada dönüş işin mahiyyəti üzrə baxılması təzələnərkən həyata keçirilməyib, sonradan yekun məhkəmə aktının qəbul edildiyi anda həyata keçirilməsi üçün məhkəmənin əvvəlki qənaətindən fərqli qənaətə gəlməsi vacib idi ki, bu hal da hazırki işdə baş verməmişdir. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən əvvəlki qərarda gəlinən nəticədən fərqli nəticəyə gəlmədiyi halda, eyni nəticəyə gəlməsi barədə yekun məhkəmə aktı qəbul edərkən 3-cü şəxslərin ərizəsi əsasında həm də əvvəlki məhkəmə qərarının icrası ilə bağlı icra dönüş etməsinə bir zərurət olmamışdır.” Göründüyü kimi, işin qeyd olunan halları ilə istər ******* nömrəli xx.xx.2018-ci il qeydiyyat tarixli, istərsə də xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestindən çıxarış qanuni qüvvəsini almış məhkəmə qərarı əsasında verildiyi işin halları ilə öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Republikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səlma Qənbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar