Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-6600/2023 06.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, üçüncü şəxsin X2 nümayəndəsi və vəkili X3 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X5) qarşı “torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış xx.xx.2021-ci il tarixli qeydin ləğv edilməsi vəzifəsinin cavabehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki vətəndaş X2 ünvan 1 ünvanında yerləşən 498.3 kvm. Fərdi yaşayış evi üzərində xüsusi mülkiyyət hüququ Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın X9 və Reyestri Xidməti Publik Hüquqi Şəxsi tərəfindən xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. X1 xx.xx.2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. X1 məxsus ünvan 2 ünvanında yerləşən 498.3 kv.metr fərdi yaşayış evi “Neft Kəmərləri İdarəsinin” istifadəsində olan torpaq sahəsinin Qeyd edilən Tikili yüksək təhlükə mənbəyi olmaqla yanaşı həm "Neft Kəmərləri İdarəsinin" qanuni maraqlarına toxunur, həm də Azərbaycan Respublikası Qanunvericilik aktlarının tələblərini kobud şəkildə pozur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun23.1-ci maddəsinin tələbinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra- İPM) 45.4cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(112)-6600/2023 saylı qərardadı ilə X5 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə və üçüncü şəxsə göndərilmiş, iddiaçıya İPM-in 13-cü maddəsinə müvafiq olaraq hüquqi yardım məktubu göndərilmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə iddiaya dair yazılı etirazını məhkəməyə təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçı müvafiq tələblə ********** daxil olma nömrəli, xx.xx.2023cü il tarixli məktubla 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmçinin cavabdeh qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya **********44 nömrəli, xx.xx.2023-cü il tarixli cavab məktubu ünvanlanmışdır. Məlumat üçün bildirilir ki, sözügedən fərdi yaşayış evi torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd əsasında yerləşdiyi 0,0288 ha torpaq sahəsi ilə birlikdə vahid daşınmaz əmlak olaraq X2 adına qeydiyyatdan keçmişdir və hazırda X2 oğlunun xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikasinin Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göstərilənlərə əsasən, cavabdeh iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş tərəflərin nümayəndələri hər hansı səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasın tərəflərin nümayəndələrinin iştirakları olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə üçüncü şəxsin nümayəndəsi və vəkilinin izahatını dinləyib, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 498,3 kv.metr olan fərdi yaşayış evi və 0,0350 ha torpaq sahəsi üzərində X2 mülkiyyət hüququ qeydiyyata alınmış və ona bu barədə çıxarış verilmişdir. Belə ki, İPM inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı məhkəmə, "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Həmin Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Qanunun tələbinə əsasən, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Hazırkı iddia tələbi üzrə iddiaçı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin “Neft Kəmərləri İdarəsi”nin istifadəsində olan neft və boru kəmərlərinin mühafizə zonasında yerləşməsinə istinad edərək cavabdeh inzibati orqan tərəfindən X2 adına mülkiyyət hüquqları üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış xx.xx.2021-ci il tarixli reyestr qeydinin ləğv edilməsini tələb edir. Məhkəmə araşdırması dövründə müvafiq sorğu əsasında cavabdeh DƏDKR-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən üçüncü şəxsin adına olan xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın verilməsi üçün əsas olan sənədlər məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərdən görünür ki, satıcı X6 ilə alıcı X5 arasında 3 saylı Bakı “ASAN Xidmət” mərkəzindəki notariat kontorunda bağlanmış “Daşınmaz əmlakın alqı satqısı”na dair 05 aprel 2017-ci il tarixli, AN-İ №0614622 №li müqavilə bağlanmışdır. Müqavilənin 1-ci bəndindən görünür ki, satıcı Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, ev 258 ünvanda yerləşən ümumi sahəsi 0,07 ha olan torpaq sahəsinin 0,035 ha hissəsini alıcıya satmışdır. Həmin müqavilə əsasında xx.xx.2017-ci il tarixdə AR ƏMDK yanında DƏDRX-in Bakı Şəhər Ərazi İdarəsi tərəfindən X2 adına torpaq sahəsinin planı və ölçüsü tərtib edilmiş, eyni tarixdə ********** nömrəli qeydiyyat yazısı ilə dövlət reyestrindən çıxarış verilmişdir. Həmin sənədlərə əlavə edilmiş xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, X8 Rayon İcra Hakimiyyətinə məlumatlandırma icraatı qaydasında müraciət edərək mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivində yerləşən fərdi yaşayış evini inşa etdirdiyini bildirmişdir. Baxılan iddia tələbi üzrə işin hallarından göründüyü kimi, iddiaçının mübahisələndirdiyi daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxsin adına xx.xx.2021ci il tarixli qeydiyyatın aparılması və bu barədə çıxarışın verilməsi üçün əsas həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair 3 saylı Bakı “ASAN Xidmət” mərkəzindəki notariat kontorunda bağlanmış “Daşınmaz əmlakın alqı satqısı”na dair 05 aprel 2017-ci il tarixli, AN-İ №0614622 №li müqavilə olmuşdur. "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 04 nömrəli Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülkihüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 17-ci bəndində göstərilir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı halda mübahisəli torpaq sahəsi üzərində üçüncü şəxsin adına reyestrdə qeydiyyat mülki-hüquqi əqd əsasında aparıldığından əvvəlcə həmin sənəd mübahisələndirilməlidir. İddiaçı hüquqi marağına uyğun olaraq ilk növbədə yuxarıda adıçəkilən mülki hüquqi əqdi (alqı-satqı müqaviləsini) mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə ümumi məhkəmədə (rayon (şəhər) məhkəməsi) mübahisələndirərək iddia qaldırmaq hüququna malikdir. Beləliklə, aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №e-2-1(112)-6600/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-6600/2023
06.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver