Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-6650/2024 17.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 645 nömrəli sərəncamı ilə Zirə tərəvəzçilik-südçülük sovxozu ərazsində X2 saxlanılmış torpaqdan 0,6880 ha torpaq sahəsinə dair hüquqlarımın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin torpaq sahəsinə dair müvafiq çıxarışın verilməsini cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı tərəfin ərizəsi nəzərə alınaraq məhkəmənin müvafiq qərardadı ilə iddia tələbi Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 645 nömrəli sərəncamı ilə Zirə tərəvəzçilik-südçülük sovxozu ərazisində X2 saxlanılmış torpaqdan 0,6880 ha torpaq sahəsinə dair icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin torpaq sahəsinə dair müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi kimi dəqiqləşdirilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 645 nömrəli sərəncamı ilə Zirə tərəvəzçilik-südçülük sovxozu ərazisində X2 saxlanılmış torpaqdan 0,6880 ha torpaq sahəsinin kənd təsərrüfatı məqsədilə 99 il müddətinə iddiaçıya ayrılması və icarə müqviləsinin bağlanması qərara alınmış, elə həmin tarixdə də Abşeron Rayon İcra Hakimiyyəti ilə iddiaçı arasında 645 nömrəli icarə müqaviləsi bağlanmış və 0,6880 ha torpaq sahəsi ona icarəyə verilmişdir. İddiaçı qeyd etmişdir ki, həmin torpaq sahəsi illərdir aşkar istifadəsindədir və icarə müqaviləsində müəyyən edilmiş icarə haqqı da tərəfindən vaxtı-vaxtında ödənilir, sahənin sxemi və xəritədən çıxarışı mövcuddur. İcarəyə verilən sahənin çıxarışının olmaması onun hüquqlarını məhdudlaşdırdığı üçün cavabdehə müraciət edərək ona icarəyə verilən Zirə tərəvəzçilik-südçülük sovxozu ərazisində X2 saxlanılmış torpaqdan 0,6880 ha torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyesterində qeydiyyata alınması və həmin torpaq sahəsinə dair müvafiq çıxarışın verilməsi xahiş edilmişdir. Lakin cavabdehin hüquqlarının qeydiyyatından imtina etmişdir. İddiaçı qeyd etmişdir ki, icarəyə götürdüyü torpaq sahəsini abadlaşdıraraq və rekultivasiya edərək illərdir həmin sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Hesab edir ki, artıq müvafiq torpaq sahəsinə dair hüquqları daşınmaz əmlakın dövlət reyesterində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh iddiaya dair yazılı münasibətini (etirazını) məhkəməyə təqdim etmişdir. Etirazda bildirilmişdir ki, sərəncamın icrası zamanı aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, elektron kadastr məlumatlarına əsasən Abşeron Rayon İcra Hakimiyyəti başçısının 645 nömrəli, xx.xx.2013-cü il tarixli sərəncamı ilə ayrılması nəzərdə tutulmuş 6880 kv.m torpaq sahəsinin 4457 kv.m hissəsi Zirə Südçülük-Tərəvəzçilik sovxozunun ərazi hüdudları daxilində olmuş, Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli, 2866 nömrəli sərəncamı ilə Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmışdır. Odur ki, 2013-cü il tarixdə sözügedən ərazi hüdudları daxilində torpaq sahəsinin ayrılması Abşeron Rayon İcra Hakimiyyətinin səlahiyyətləri xaricində olmuşdur. Bundan başqa, xx.xx.2024-cü il tarixində İdarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman məlum olmuşdur ki, sənəd üzrə torpaq sahəsinin ölçüsü 6880 kv.m qeyd olunsa da, faktiki 6920 kv.m təşkil edir. Cavabdeh “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə istinad edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verərək tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən torpaq sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinə baxılmış və etirazdakı dəlillərə uyğun imtina cavabı verilmişdir. -Abşeron Rayon İcra Hakimiyyəti başçısının “Abşeron rayonuna təhkim olunmuş, X2 saxlanılmış torpaqlardan İddiaçı X1 sovxozu ərazisindən torpaq sahəsi ayrılması barədə tərtib olunmuş icarə müqaviləsi və digər torpaqayırma sənədlərinin təsdiq edilməsi haqqında” xx.xx.2013-cü il tarixli 645 saylı sərəncamından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli, 42 nömrəli qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydaları”na uyğun olaraq Abşeron rayonunun Dövlət Ehtiyat torpaq Fondunda saxlanılmış torpaqlardan X1 sovxozunun ərazisindən kənd təsərrüfati məqsədilə 0,6880 hektar 99 (doxsan doqquz) il müddətində icarə qaydasında İddiaçı torpaq sahəsi ayrılması haqqında tərtib edilmiş icarə müqaviləsinə və digər torpaqayırma sənədlərinin təsdiq edilməsi qərara alınmışdır. -İddiaçı ilə Abşeron Rayon İcra Hakimiyyəti arasında bağlanmış 645 saylı, xx.xx.2013-cü il tarixli torpaq icarə müqaviləsindən görünür ki, 0,6880 hektar ölçüsü olan torpaq sahəsi, hər il 34 (otuz dörd) manat icarə haqqı ödəmək şərti ilə, 99 il müddətinə iddiaçının icarəsinə verilmişdir. Eyni zamanda adıçəkilən torpaq sahəsinin Abşeron Rayon İcra Hakimiyyəti başçısı və DTXK-nin Abşeron rayon şöbəsi tərəfindən yerquruluşu planı tərtib edilərək müvafiq qaydada təsdiq edilmişdir -İddiaçı Abşeron rayon İcra Hakimiyyəti, DTXK-nin Abşeron rayon şöbəsinin səlahiyyətli şəxslərinin işirakı ilə tərtib edilərək təsdiq olunmuş aktda aşağıdakılar qeyd olunmuşdur: “Torpağa baxış keçirərkən müəyyən olunmuşdur ki, həmin torpaq sahəsi Abşeron rayonuna təhkim olunmuş, X2 saxlanılmış torpaq sahəsi X1 sovxozu ərazisində yerləşir, uqodiyasına görə əkin kimi uçota alınmışdır. İstənilən torpaq sahəsinin 1:10000 miqyaslarında yerquruluşu planı hazırlanmış və sərhədləri göstərilmişdir. Qeyd olunanlar nəzərə alınaraq İddiaçı 99 (doxsan diqquz) il müddətinə kənd təsərrüfatı məqsədilə torpaq sahəsi ayrılmasına komissiya aşağıdakı şərtlərlə etiraz etməmişdir: Torpaqdan istifadə edilməmişdən əvvəl torpaq icarəsi haqqında Azərbaycan Respublikasının 11 dekabr 1998ci il tarixli, 587-İQ Xa-li Qanununa müvafiq olanıq ilkin torpaqayırma sənədlərinin tərtib etdirilsin, fiziki şəxsə tapşırılsın ki, torpaq üzərində hüququn qeydə alınmasını Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon ərazi idarəsi vasitəsi itə təmin etsin, fiziki şəxsə tapşırılsın kı, torpaq üzərində hüququn qeydə alınmasını Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon ərazi idarəsi vasitəsi ilə təmin etsin.” Məhkəmə aşağıda göstərilən qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 706.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Həmin Məcəllənin 706.2-ci maddəsinə əsasən torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. Həmin Məcəllənin 706.3-cü maddəsinə əsasən torpaq icarəsi müqaviləsində icarəyə verilən torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, təyinatı, icarənin müddəti, icarə haqqı, ödənilmə qaydaları, torpaqların istifadəsi, mühafizəsi və keyfiyyətinin yaxşılaşdırılması şərtləri, habelə torpaq qanunvericiliyi ilə və bu Məcəllə ilə müəyyənləşdirilmiş digər şərtlər nəzərdə tutula bilər. Həmin Məcəllənin 707.1-ci maddəsinə əsasən icarə müqaviləsi üzrə hüquq münasibətlərinə girməzdən əvvəl icarəyə verən və icarəçi icarəyə verilən torpağın təsvirini birlikdə tərtib etməlidirlər. Təsvirdə torpağın həcmi, habelə verildiyi an olduğu vəziyyət göstərilir. Təsvir hüquq münasibətlərinə xitam verildikdə də tərtib edilir. Təsvirə onun tərtib olunduğu günün tarixi qoyulmalı və müqavilənin hər iki iştirakçısı imza atmalıdır. Həmin Məcəllənin 707.2-ci maddəsinə əsasən müqavilə iştirakçılarından biri təsvirin tərtibində iştirakdan imtina etdikdə və ya tərtib zamanı mühüm ixtilaflar yarandıqda müqavilənin istənilən iştirakçısı tələb edə bilər ki, təsvir ekspert tərəfindən tərtib edilsin, amma torpağın icarəyə verildiyi vaxtdan doqquz aydan çox və ya icarə hüquq münasibətlərinə xitam verildiyi vaxtdan üç aydan çox keçdiyi hallar istisna təşkil edir. Belə hallarda tərəflərdən birinin iddiası üzrə ekspert məhkəmənin qərarı ilə məcburi qaydada təyin edilə bilər. Bununla əlaqədar əmələ gələn xərcləri müqavilənin hər iki iştirakçısı yarıbayarı çəkir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51.3-cü maddəsinə əsasən icarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər. Həmin Məcəllənin 51.4-cü maddəsinə əsasən icarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. Həmin Məcəllənin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Həmin Məcəllənin 66.1-ci maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Həmin Məcəllənin 66-cı maddəsinin 2-ci hissəsinə görə torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. “Torpaqların icarəsi haqqında” Qanunun 1-ci maddəsinə görə torpaq icarəsi müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Həmin Qanunun 12-ci maddəsinə görə isə torpaq sahəsi üzərində müddəti on bir aydan çox olan icarə hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri və torpaq sahəsinin planı və ölçüsü əlavə olunmalıdır (10.2.1, 10.2.2.). Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin «Bakı şəhərinin inzibati ərazi hüdudlarında bəzi torpaqlardan istifadənin səmərəliliyinin artırılması tədbirləri haqqında» 13 iyun 2008-ci il tarixli 2866 nömrəli Sərəncamı ilə qərara alınmışdır ki, (Sərəncamın 1-ci bəndi) Bakı şəhərinin Binəqədi, Əzizbəyov, Xətai, Sabunçu və Suraxanı rayonlarının inzibati ərazilərində yerləşən, bu Sərəncama 1-17 nömrəli əlavələrdəki yerquruluşu planlarında göstərilmiş Abşeron Rayon İcra Hakimiyyətinin istifadəsində olan cəmi 25983,31 ha torpaq sahələrinin 9954,75 ha, 0 cümlədən Binəqədi rayonu üzrə 52,84 ha, Əzizbəyov rayonu üzrə 5820,26 ha, Xətai rayonu üzrə 202,49 ha, Sabunçu rayonu üzrə 2502,81 ha və Suraxanı rayonu üzrə 1376,35 ha təşkil edən hissəsi həmin rayonların inzibati ərazi hüdudlan nəzərə alınmaqla Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılsın. Beləliklə, işin faktiki hallarından görünür ki, iddiaçı Abşeron rayon İcra Hakimiyyəti başçısının 18 oktyabr 2013-cü il tarixli 645 nömrəli sərəncamına və torpağın icarəyə verilməsinə dair eyni tarixli icarə müqaviləsini və sözügedən sahənin yerququruluşu planını təqdim edərək 0,6880 hektar sahədən ibarət torpaq sahəsi üzərində icarə hüququnun dövlət reyestrində qeydə alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. Cavabdehin əsas dəlili ondan ibarətdir ki, elektron kadastr məlumatlarına əsasən Abşeron Rayon İcra Hakimiyyəti başçısının 645 nömrəli, xx.xx.2013-cü il tarixli sərəncamı ilə iddiaçıya ayrılmış 6880 kv.m torpaq sahəsinin 4457 kv.m hissəsi Zirə Südçülük- Tərəvəzçilik sovxozunun ərazi hüdudları daxilində olmuş və həmin sahə Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli, 2866 nömrəli sərəncamı ilə Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmışdır. Ona görə də 2013-cü il tarixdə sözügedən ərazi hüdudları daxilində torpaq sahəsinin ayrılması Abşeron Rayon İcra Hakimiyyətinin səlahiyyətləri xaricində olmuşdur. Məhkəmə qeyd edir ki, qüvvədə olan əmlak qanunvericiliyi (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini, hüquqların qeydə alınması üçün təqdim edilən sənədlərə dair tələbləri və hüquqların dövlət qeydiyyatından imtina üçün səbəbləri konkret müəyyən edir. Qanunverici qeyd olunan Qanunun 8-ci maddəsində nəzərdə tutulan hər hansı sənədlərdən birinin təqdim olunmasını hüquqların dövlət qeydiyyatı üçün kifayət sayır. Məhkəmə hesab edir ki, iddiaçının təqdim etdiyi Abşeron Rayon İcra Hakimiyyəti başçısının 18 oktyabr 2013-cü il tarixli 645 nömrəli sərəncamı və eyni tarixli müqavilə istinad olunan Qanunun 8.0.1-ci maddəsində nəzərdə göstərilmiş aktlara uyğun gəlir. Belə ki, iddiaçı sərəncamın və müqavilənin, habelə torpaq sahəsinin yerini müəyyən etməyə imkan verən sənədləri cavabdehə təqdim etmişdir. Həmin sənədlərin mötəbərliyini və həqiqiliyini şübhə altına alan hər hansı hal müəyyən olunmamışdır. Həmin sərəncamın və müqavilənin ləğv edilməsi, etibarsız hesab edilməsi, yaxud qüvvəsini itirməsi ilə bağlı cavabdeh tərəfindən hər hansı dəlil təqdim edilməmişdir. Bununla belə, bu sənədlər iddiaçıya 0,6880 hektar sahəsinin tam şəkildə üzərində hüquqlarının qeydiyyata alınması üçün əsas vermir. Belə ki, qeyd olunan sənədlər əsasında iddiaçıya ayılmış torpaq sahəsinin 4457 kv.m hissəsinin Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli, 2866 nömrəli sərəncamı ilə Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış ərazidə olması işin mübahisəli halı deyil. Nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqan daşınmaz əmlakın kadastr uçotuna alınmasını təmin etmək, daşınmaz əmlakın vahid dövlət kadastrını, dövlət torpaq kadastrını və onun tərkib hissəsi olan torpaq reyestrini tərtib etmək və aparılması vəzifələrini daşıyır (Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0.19-cu bəndi). Odur ki, məhkəmə qeyd olunan məlumatı mötəbər sübut kimi qiymətləndirir. Belə olan halda məhkəmə hesab edir ki, iddia olunan 0,6880 ha torpaq sahəsinin 4457 kv.metr hissəsi 2008-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış əraziyə düşdüyündən Abşeron rayon İcra Hakimiyyətinin 2013-cü il tarixdə sözügedən ərazi hüdudları daxilində torpaq sahəsinin ayrılması səlahiyyəti olmadığından həmin hissədə təmin edilə bilməz. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1.5ci maddəsinə görə, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadığı müəyyən edildikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Odur ki, cavabdeh inzibati orqanın imtinası qeyd olunan hissədə qanunazidd olmamışdır. Belə olan halda, iddia tələbi qismən, yəni sözügedən torpaq sahəsinin 2423 kv.m hissəsi üzərində iddiaçının icarə hüququnun qeydiyyata alınması hissəsində əsaslıdır və təmin edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, İddiaçı Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 645 nömrəli sərəncamı ilə Zirə tərəvəzçilik-südçülük sovxozu ərazisində ayrılmış 6880 kv.m torpaq sahəsindən Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış əraziyə düşməyən 2423 kv.metr hissəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. İddiaçı Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 645 nömrəli sərəncamı ilə Zirə tərəvəzçilik-südçülük sovxozu ərazisində ayrılmış 6880 kv.m torpaq sahəsindən Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış əraziyə düşməyən 2423 kv.metr hissəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №e-2-1(112)-6650/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-6650/2024
17.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver