Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-6655/2024 29.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsi üzərində mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsi üzərində mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 29 may 2024cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı Şəhəri Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 30 yanvar 1991-ci il tarixli 1/16 №-li qərarına əsasən Azərbaycan SSR Nazirlər Sovetinin 2 iyun 1988-ci il tarixli 195 №-li qərarına və Bakı Şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il tarixli 6/333 №-li qərarına uyğun olaraq X5 Goradil massivində 102 №-li BTK nəzdində bağ sahəsi ayrılmışdır. Həmin qərara əsasən Goradil bağlar sahəsində 102 №-li BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan “357b” bağ sahəsinin X5 ayrılmasına dair B/S saylı order verilmişdir. X6 xx.xx.2023-cü il tarixdə ölmüşdür. Bakı şəhəri 44 saylı notariat ofisi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Reyestri Xidmətinin müvafiq Ərazi İdarəsinə ünvanlanmış 06 noyabr 2023-cü il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə əsasən xx.xx.2023-cü ildə ölmüş X4 birinci növbədə vərəsəsi olan oğlu-İddiaçı müraciətinə əsasən Bakı şəhəri 44 saylı notariat ofisində vərəsəlik işi açılmışdır. Qeyd olunanlarla bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-1-ci maddəsinin tələbinə uyğun olaraq mərhum –X5 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivi ünvanında yerləşən 357b saylı bağ sahəsi barəsində daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı sorğunu təqdim etmiş şəxs vasitəsilə Bakı şəhəri 44 saylı notariat ofisinə göndərilməsi xahiş olunmuşdur. İddiaçı həmin bağ sahəsi üzərində X4 hüququnun dövlət qeydiyyatına alınması barədə ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd etmişdir ki, idarənini arxiv məlumatlarına əsasən eyni Bağ-Tikinti Kooperativi nəzdində eyni nömrəli və tarixli qərar əsasında “254h” saylı torpaq sahəsi mərhum X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq özgəninkiləşdirilmişdir. İddia tələbi, iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində 0,12 hektar torpaq sahəsində yerləşən “357b” nömrəli bağ sahəsi üzərində mülkiyyət hüququnun mərhum X5 məxsus olması barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (İddia tələbi dəqiqləşdiirilmişdir). İşin yuxarıda sadalanan hallarına istinad edilərək iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 30 yanvar 1991-ci il tarixli 1/16 №-li qərarla atasına iki qonşu bağ sahəsi ayrılmış, biri 31 nömrəli order əsasında “257h” nömrəli bağ sahəsi, digəri isə B/S nömrəli order əsasında “357b” saylı bağ sahəsi olmuşdur. Hər iki torpaq sahəsi onların istifadələrində olmuşdur, biri satılmış, digəri isə hal-hazırda da sahiblik və istifadələrindədir. Odur ki, hesab edir ki, cavabdehin imtinası qanunsuzdur. Cavabdeh iddiaya yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İdarənin arxiv məlumatlarına əsasən eyni Bağ- Tikinti Kooperativi nəzdində eyni nömrəli və tarixli qərar əsasında “254h” saylı torpaq sahəsi mərhum X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq özgəninkiləşdirilmişdir. Təqdim edilən order mərhum X4 adına verilmişdir. Mərhuma məxsus daşınmaz əmlaka dair çıxarışın tərtib edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Vahid elektron kadastr baza məlumatlarına əsasən sözügedən bağ nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə aşkar olunmamışdır. Əlavə olaraq, torpaq sahəsinin 341 kv.m hissəsi elektrik xəttinin mühafizə zolağında yerləşir. xx.xx.2024-cü il tarixdə İdarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman məlum olmuşdur ki, torpaq sahəsinin ölçüsü sənəd üzrə 1200 kv.m qeyd olunsa da, faktiki olaraq 1215 kv.m təşkil edir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddianın rədd edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu iddiaçının müraciətini təmin etməkdən imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına görə, Bakı Şəhəri Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 30 yanvar 1991-ci il tarixli 1/16 №-li qərarına əsasən X5 Goradil massivində 102 №-li BTK nəzdində bağ sahəsi ayrılmışdır. Həmin qərara əsasən Goradil bağlar sahəsində 102 №-li BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan “357b” bağ sahəsinin X5 ayrılmasına dair B/S saylı order verilmişdir. R.Eyvazov həmin bağ sahəsinə dair mülkiyyət hüququnu qeydə aldırmadan ölmüşdür. İddiaçı həmin bağ sahəsinin mərhum anasına məxsus olması barədə arayış verilməsini xahiş edir. Cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı hesab edir. İddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 139-1.1. və 139-1.1.7-ci və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0 və 8.0.7-ci maddələri təşkil edir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0. və 8.0.7-ci maddələrinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Mülki Məcəllənin 139-1.1. və 139-1.1.7-ci maddlərinə görə, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İddiaçı həmin normada göstərilən hüquqmüəyyənedici sənəd kimi mərhum atasının adına olan Bakı Şəhəri Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin qərarını və X3 və İstismarı Birliyinin orderini təqdim edir. Qeyd edilən normaların məzmununa əsasən, mərhum R.Eyvazov mübahisələndirilən bağ sahəsini özəlləşdirmək hüququ olsa da, o, bu hüququnu realizə etmədən vəfat etmişdir. Məhkəmə qeyd edir ki, şəxsin vəfat etməsi onun mülkiyyət hüquqlarının xitamına səbəb olmur, əksinə qanun və ya vəsiyyət üzrə vərəsəsinə ötürülür. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın (2 nömrəli əlavənin) 7.2-ci bəndinə əsasən Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. Həmin Təlimatın 7.1-ci bəndinə görə, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. Cavabdeh aşağıdakı dəlillərə istinad edərək iddiaçının tələbini təmin etməkdən imtina edir və iddia tələbinə etiraz edir: 1) İdarənin arxiv məlumatlarına əsasən eyni Bağ-Tikinti Kooperativi nəzdində eyni nömrəli və tarixli qərar əsasında “254h” saylı torpaq sahəsi mərhum X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq özgəninkiləşdirilmişdir; 2) Mərhuma məxsus daşınmaz əmlaka dair çıxarışın tərtib edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır; 3) Təqdim edilmiş sənədlərdə bağ sahəsi 1200.0 kv.m, faktiki isə 1215.0 kv.m təşkil edir; 4) Torpaq sahəsinin 341 kv.m hissəsi elektrik xəttinin mühafizə zolağında yerləşir. 5) Vahid elektron kadastr baza məlumatlarına əsasən sözügedən bağ nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə aşkar olunmamışdır. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən cavabdehin imtinasının və etirazının əsası kimi istinad etdiyi halları əsassız hesab edir. Belə ki, 1-ci halla bağlı məhkəmə qeyd edir ki, yuxarıda qeyd edildiyi kimi iddiaçı qeyd edilən normalarda sadalanmış hüquqmüəyyənedici sənəd kimi həm Bakı Şəhəri Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin qərarını, həm də Bağlar Təsərrüfatının orderini təqdim etmişdir. İddiaçının təqdim etdiyi order “357b” bağ sahəsi qeyd edilmişdir. Qeyd edilən sənədlər cavabdeh tərəfindən təqdim edilmiş BTK-nın arxiv qovluğunda mövcuddur. İddiaçı bağ sahəsinin atasına ayrılmasına dair qərar və Order təqdim edir. Göründüyü kimi, bağ sahəsinin R.Eyvazova ayrılmasına dair arxiv sənədləri mövcuddur. Təqdim edilən orderin mötəbərliliyini şübhə altına alacaq hallar müəyyən edilmir. İddiaçının hüquqmüəyyənedici sənədələrə malik olmasını cavabdeh də mübahisələndirmir. Lakin cavabdeh hesab edir ki, eyni tarixli qərar əsasında eyni BTK ərazisində iddiaçının atasının adına başqa bağ sahəsi (254H) özəlləşdirirlərək özgəninkiləşdirilmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçının mərhum atasında torpaq bağ sahəsinin ayrılmasına dair Sərəncamda bağ sahəsinin ölçüsü göstərilməmişdir. İddiaçı tələbində qeyd edir ki, atasına iki yan-yana bağ sahəsi ayrılmışdır. Belə olan halda cavabdeh imtinasının əsası kimi istinad etdiyi halı əsaslandırmamış, iddiaçının atasına torpaq 0,12 ha deyil, 0,24 ha torpaq sahəsinin ayrılmasının qadağan edən hər hansı bir normaya istinad edə bilməmişdir. İş materiallarından görünür ki, hər iki torpaq sahəsinə dair order mövcuddur və hər iki orderdə torpağın ölçüsü 0,12 ha-dır. İddiaçı da bu halı inkar etmir və digər 0,12 ha olan torpaq sahəsini özəlləşdirərək satıldığını bildirir. Cavabdeh isə bu məhdudiyyətlə bağlı hər hansı qanunvericilik normasına sitina etmədən iddiaçının müraciətini təmin etməkdən imtina edir. 2-ci halla bağlı məhkəmə qeyd edir ki, məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım göstərilərək tələbində dəqiqləşmə təklif edilmiş və iddiaçı tələbini dəqiqləşdirərək torpaq sahəsinin mərhum atasına məxsus olmasına dair arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi kimi dəqiqləşdirmişdir. 3-cü halla bağlı məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində faktiki istifadəsində olan torpaq sahəsinə deyil, sənəd üzrə ona ayrılmış 0,12 ha torpaq sahəsinə dair tələb irəli sürmüşdür. 4-cü halla bağlı məhkəmə qeyd edir ki, ilk növbədə cavabdeh bu dəlili ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Digər tərəfdən təqdim edilsə belə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”na əsasən: - bənd 6. Elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. - bənd 7. Torpaq mülkiyyətçisi və yaxud istifadəçisi tərəfindən hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında həmin xətlərin istismarçılarını qabaqcadan xəbərdar etməklə kənd təsərrüfatı, suvarma və digər işlər aparılır. - bənd 12. Elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan aşağıda göstərilən işlərin yerinə yetirilməsi qadağandır: a) binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi; Göründüyü kimi, qanunverici elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin mülkiyyətə verilməsi ilə bağlı deyil, həmin torpaq sahəsində görülən işlərlə bağlı məhdudiyyətlər nəzərdə tutmuş, bu zaman həmin işlərin görülməsini şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığından asılı etmişdir. Qeyd edilən hal, iddiaçının müraciətini təmin etməkdən imtina edilməsi üçün əsas deyildir. 5-ci halla bağlı məhkəmə qeyd edir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən sözügedən bağ nömrəsinin bağların bölgüsünə dair sxematik xəritədə aşkar olunmaması iddiaçının müracətini təmin etməkdən imtina üçün əsas deyildir. Belə ki, iddia predmeti olan bağların yerləşdiyi BTK-nın sxematik xəritəsi tələb edilmişdir. Sxematik xəritədən müəyyən edilir ki, “357b” nömrəli bağ BTK-nın sxematik xəritəsində əks olunmamışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, BTK lar yardılarkən ilkin olaraq ayrılmış bağ sahələrinin sxematik xəritələri çəkilmiş və ilkin bağ sahələrinin nömrələri həmin xəritədə əkıs olunmuşdur. Lakin sonradan BTK-ya yeni üzvlərin qəbul edilməsi və yeni torpaq sahələrinin ayrılması baş verərkən sxematik xəritələr təzələnməmişdir. Bu isə iddiaçının məsuliyyət sferasına aid deyil. İddiaçı order təqdim edir və həmin orderdə bağın nömrəsi göstərilmişdir. Həmçinin cavabdehin mütəxəssiləri tərəfindən torpaq sahəsinin müayibnəsi aparılmış, torpaq sahəsinin dəqiq yerləşməsi koordinatları müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə cavabdehin imtinasını və etirazının dəlilləri kimi istinad etdiyi halları əsassız hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin olunsun. Bakı Şəhəri Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 30 yanvar 1991-ci il tarixli 1/16 №-li qərarına əsasən Bakı şəhər icraiyyə komitəsinin X1 və İstismarı Birliyinin B/S saylı orderi ilə Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində 0,12 hektar torpaq sahəsində yerləşən “357b” nömrəli bağ sahəsi üzərində mülkiyyət hüququnun mərhum X5 məxsus olmas barədə arayışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı m0əhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №e-2-1(112)-6655/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-6655/2024
29.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver