Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-6662/2024 30.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüquqların qeydə alınmaqla, reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi – X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüquqların qeydə alınmaqla, reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, Təsviri hissə İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Goradil qəsəbəsində yerləşən 2001 saylı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının qeydə alınmasını və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti aparatının Əhaliyə Xidmət, fərdi və bag evlərinin tikintisi üzrə baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı idarəsinin 48 nömrəli order əsasında 04 avqust 1993-cü il tarixli 1496 saylı qərarına əsasən Goradil Bağlar İdarəsində 0.12 ha torpaq sahəsi olan 2001 nömrəli bağ sahəsi ayrılmışdır. Həmin bağ sahəsi faktiki olaraq həmin tarixdən hazırki vaxtadək onun istitadəsindədir. Bağ sahəsinə dair mülkiyyət hüquqlarını dövlət reyestrində qeydə alınması məqsədilə cavabdeh orqana hüquqmüəyyənedici sənədlər ilə müraciət etmişdir. Cavabdeh daşınmaz əmlak üzərində hüquqlarının qeydə alınmasından əsassız olaraq imtina etmişdir. Cavabdehin ona ünvanladığı xx.xx.2023-cü il tarixli imtina məktubunda qeyd edilir ki, “İdarənin arxiv məlumatlarına əsasən təqdim edilmiş orderin nüsxəsi idarənin arxivində aşkar edilməmişdir. Bundan başqa, elektron kadastr məlumatlarına əsasən ümumi ərazidə hasarlanma sxrmatik xəritəyə uyğun aparılmadığından və Bağlar Tikinti Kooperativinin sxemi idarənin arxiv əsaslarında mövcud olmadığından sahənin yerləşməsinin düzgünlüyünü araşdırmaq mümkün olmamışdır. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, onun tərəfindən 2001 nömrəli bağ sahəsinin ayrılmasına dair 48 nömrəli orderin əsli və Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilmiş 06 oktyabr 2023-cü il tarixli arxiv arayışı təqdim edilmişdir. Yəni hamin order BŞİHnin arxivində saxlanılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin etirazları: Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş iddia ərizəsinə dair etirazda göstərilmişdir ki, iddiaçı müvafiq iddia tələbi ilə bağlı xx.xx.2023-cü il tarixli ərizə ilə idarəyə müraciət etmiş və xx.xx.2023-cü il tarixli, **********05 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, idarənin arxiv məlumatlarına əsasən təqdim edilmiş orderin nüsxəsi idarənin arxivində aşkar edilməmişdir. Bundan başqa, elektron kadastr məlumatlarına əsasən ümumi ərazidə hasarlanma sxematik xəritəyə uyğun aparılmadığından və Bağlar Tikinti Kooperativinin sxemi İdarənin arxiv əsaslarında mövcud olmadığından sahənin yerləşməsinin düzgünlüyünü araşdırmaq mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən, Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə verilməsini təmin edilməsi və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılması qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili Vəkil iddianın mahiyyəti üzrə izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh DƏDKR-nin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi-X2 etiraza uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 2.2.3-cü və 34.1-ci maddələrinə əsasən cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb etmək hüququnu müəyyən edən öhdəliyin icrası haqqında iddia üzrə ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət, Fərdi və Bağ Evlərinin tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsi tərəfindən Goradil bağlar sahəsindəki 247 №-li kooperativ tərəfindən verilmiş 48 №-li orderin surətindən müəyyən olunur ki, Bakı şəhər İcra Hakimiyyətinin 04 avqust 1993-cü il tarixli 1496 №-li qərarına əsasən İddiaçı Goradil bağlar sahəsində 247 №-li BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 2001 №-li bağ sahəsi ayrılmışdır. Bakı şəhər İcra Hakimiyyətinin 3-52/2-M-625/2-112/2/2023 saylı xx.xx.2023-cü il tarixli arxiv çıxarışı ilə təqdim olunmuş Bakı şəhər İcra Hakimiyyəti başçısının “Bağ sahələrinin ayrılması, ada keçirilməsi, bölünməsinə dair” xx.xx.1993-cü il tarixli, 1496 nömrəli sərəncamından çıxarışdan müəyyən olunur ki, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il 6/33 №-li və Azərbaycan SSR Nazirlər Kabinetinin 2 iyun 1988-ci il 195 №-li qətnaməsinə əsasən Goradildə 48 nəfərlik 247 №-li Bağ-tikinti kooperativinin tərkibi təsdiq edilmişdir. Siyahıda 4.48 sıra nömrəsində İddiaçı Siyafir oğlu - SP-13917 qeyd olunmuşdur. Məhkəmənin müvafiq sorğusu əsasında DƏDKR-nin publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin **********61 saylı xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, 247 nömrəli ВТК nəzdində Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən 2001 saylı bağ sahəsinə dair sənəd (order) İdarənin arxivində aşkar edilməmişdir. Məktuba əlavə olunmuş Goradil bağ massivi, 247 nömrəli ВТК nəzdində 2001 saylı torpaq sahəsinə dair xx.xx.2023-cü il tarixdə tərtib edilmiş daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktında (surətində) qeyd olunmuşdur ki, torpaq sahəsinin hüquq müəyyənedici sənəd üzrə sahəsi 1200 kv.m, faktiki sahəsi də 1200 kv.m təşkil edir, göstərilən sahənin bir tərəfi qonşu hasar digər döngə nöqtələrinə isə mişar daşı qoyularaq sərhədləndiyi, sahədə tikilinin olmadığı qeyd olunmuşdur. Göstərilən sahənin koordinatları aşağıdakı kimi qeyd olunmuşdur. X=403273.4039 Y=4490854.4684 Z=0.0000 X=403273.6523 Y=4490830.4697 Z=0.0000 X=403323.6492 Y=4490831.0813 Z=0.0000 X=403323.4002 Y=4490855.0800 Z=0.0000 İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin **********05 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Binəqədi rayonu, Göradil qəsəbəsində yerləşən “2001” saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizəyə baxılmışdır. İdarənin arxiv məlumatlarına əsasən təqdim edilmiş orderin nüsxəsi idarənin arxivində aşkar edilməmişdir. Bundan başqa, elektron Kadastr məlumatlarına əsasən ümumi ərazidə hasarlanma sxematik xəritəyə uyğun aparılmadığından və Bağlar Tikinti Kooperativinin sxemi idarənin arxiv əsaslarında mövcud olmadığından sahənin yerləşməsinin düzgünlüyünü araşdırmaq mümkün olmamışdır. Tətbiq edilən hüquq. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu. Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı. 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. ... 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Maddə 12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İPM: İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması (mülkiyyətə, icarəyə, istifadəyə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Həmin hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı ona Bakı şəhəri, Binəqədi rayonu, Goradil qəsəbəsində 247 saylı BTK nəzdində 1200 kv. m. sahəsi olan 2001 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına və bu barədə çıxarışın verilməsinə yönəlmişdir. İşin hallarından müəyyən olunur ki, mübahisələndirilən bağ torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli, 1496 nömrəli sərəncamı əsasında iddiaçıya ayrılmış və həmin qərar hal-hazıradək qüvvədədir. Qərarın ləğv edilməsi və ya dəyişdirilməsi barədə, yəni onun qüvvədə olmasını şübhə altına alan hər hansı sübut yoxdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun tələbinə əsasən isə həmin qərar iddiaçının mübahisəli bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun İİ fəslində daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatının aparılması qaydası, 8-ci maddəsində isə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar müəyyən edilmişdir. Həmin Qanunun 8.0.7-ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış həmin torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatının aparılması üçün əsasdır. Analoji qayda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1-ci maddəsində də nəzərdə tutulmuşdur. Cavabdeh imtinasında və etirazdında qeyd edir ki, idarənin arxiv məlumatlarına əsasən təqdim edilmiş orderin nüsxəsi idarənin arxivində aşkar edilməmişdir. Bundan başqa, elektron Kadastr məlumatlarına əsasən ümumi ərazidə hasarlanma sxematik xəritəyə uyğun aparılmadığından və Bağlar Tikinti Kooperativinin sxemi idarənin arxiv əsaslarında mövcud olmadığından sahənin yerləşməsinin düzgünlüyünü araşdırmaq mümkün olmamışdır. Məhkəmə hesab edir ki, qeyd olunan əsaslar hazırkı iddianın təmin edilməməsi üçün tutarlı əsas sayıla bilməz. Çünki, həmin hal iddiaçının iradəsindən asılı deyil və bu uyğunsuzluğun aradan qaldırılması da cavabdehin səlahiyyətlərindədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli Qərarında mülkiyyət hüququnun obyekti kimi torpağın Konstitusiyada təsbit olunmuş xüsusi əhəmiyyətini və ondan səmərəli istifadə edilməsinin vacibliyini nəzərə alaraq Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, torpaq üzərində hüquqların dövlət qeydiyyatı aparılarkən müvafiq icra hakimiyyəti orqanı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda göstərilən tələblərə daha diqqətlə yanaşmalı, təqdim olunan sənədlərin qanunvericilikdə göstərilən tələblərə uyğun olub-olmamasının yoxlanılmasına xüsusi diqqət yetirməlidir. Məhkəmə hesab edir ki, orderin nüsxəsi idarənin arxivində aşkar edilməməsi iddiaçının təqsiri ilə bağlı olmayan haldır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən, Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə verilməsini təmin edilməsi və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll edilməsinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılması qərara alınmışdır. Bununla bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin” Nizamnaməsinin 3.0.20-ci maddəsində isə təsbit edilmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək DƏDKR-in vəzifəsidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatından imtinanın konkret əsasları göstərilmişdir. Məhkəmə nəzərə alır ki, hazırkı iş üzrə iddiaçının mübahisəli Bağ Torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydə alınmasından imtinaya səbəb ola biləcək həmin əsaslardan hər hansı birinin mövcudluğu da müəyyən edilməmişdir. Beləliklə məhkəmə qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Goradil qəsəbəsində yerləşən 2001 saylı torpaq sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüququnun Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmaqla, onun adına Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №e-2-1(112)-6662/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-6662/2024
30.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver