Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-6679/2025 25.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, Vəkil, cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı MTK-nın cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çoxmərtəbəli yaşayış binasının daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydinin silinməsi və yeni qaydalarla verilən ünvanın saxlanması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MTK (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıya məxsus 5 girişli çoxmərtəbəli yaşayış binasının daşınmaz əmlakın dövlət reyestrində Bakı şəhəri, Yasamal Rayonu, İnşaatçılar prospekti, ev 33 ünvanı qeyd yazısının silinməsi, yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 115, 117, 119, 121, 123 nömrəli ünvanın saxlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 79 №-li Sərəncamına əsasən ünvan 2 ünvanda 8373 kv.m torpaq sahəsində yaşayış binasının layihələşdirilməsi və tikintisinə icazə verilmişdir. İddiaçıdan mənzil almış alıcılar sonradan aldıqları mənzili alqı-satqı etdikdə mənzil üzərində sərəncam verə bilmirlər. Məsələn, çıxarışda mənzilin ünvanı ünvan 3Z1065, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, giriş 123, M16, m4) qeyd edilmişdir. Mülkiyyətçi xüsusi mülkiyyətində olan mənzili satmaq üçün müvafiq notariat kontoruna yaxınlaşdırda məlum olur ki, Bakı şəhəri, Yasamal Rayonu, İnşaatçılar prospekti, ev 33, mənzil 56-da X1 qeydiyyatı vardır. Halbuki həmin mənzilin X3 heç bir aidiyyəti yoxdur. Bununla belə yeni qaydalarla olan ünvan üzrə reyestrdə yoxlanış etdikdə həmin mənzildə X1 qeydiyyatı aşkar edilmir. Ünvana düzəlişlə bağlı iddiaçı cavabdehə müraciət etmiş, cavabdeh bundan imtina etmişdir. Hazırda yaranan mübahisədən göründüyü kimi dövlət reyestrində iddiaçıya məxsus 5 girişli çoxmərtəbəli yaşayış binası Bakı şəhəri, ünvan 4 ünvanda digər binanın bina ilə üst-üstə düşür və hər iki binanın mənzil sahiblərinin sərəncam hüquqları pozulur. Bununla da MTK-dan alınmış mənzillər üzərində mülkiyyətçilərin sərəncam hüquqlarının məhdudlaşdırılmasının aradan qaldırılması məqsədilə vətəndaşlara hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilən çıxarışlarda köhnə ünvan götürülməli, reyestrdə yalnız yeni qaydalarla müəyyən edilən ünvan yazılmalıdır. Cavabdehin iddia ərizəsinə dair yazılı münasibətində bildirilmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, qeyd edilən çoxmənzilli yaşayış binalarının yerləşdiyi nəqliyyat infrastrukturu obyektində "Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli, 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2012-ci il tarixli, 590 nömrəli Fərmanına uyğun olaraq yeni qaydalarla ünvanvermə işləri aparılmışdır. Belə ki, yaşayış binasına yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 115, 117, 119, 121, 123 giriş nömrələri təyin edilmişdir. Qeyd edilir ki, yaşayış binasında yerləşən mənzil sahələrinin hüquq sahibləri tərəfindən müraciət edildiyi təqdirdə yeni qaydalarla müəyyən edilmiş ünvan rekvizitlərinin sənədlərdə göstərilməsi təmin ediləcəkdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsi ilə oxşar məzmunlu izahat verdi və həmçinin bildirdi ki, iddiaçı hazırk iddianı qaldırmaqda subuektiv hüquqa malikdir. Çünki ünvan bütövlükdə binaya verilmişdir. Həmin binanı inşa edən isə iddiaçıdır. Bunanın sakinləri yaranmış problemlə əlaqədar MTK rəhbərliyinə müraciət edir və problemin yaranmasında təqsiri MTK-da görrlər Qeyd edilənlərə əsasən nümayəndə iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaçıya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-in 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3.). İddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1.). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2.). Məcəllənin qeyd olunan normasının mənası baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia – inzibati prosessual qanunvericiliyə uyğun verilməli, inzibati icraatda baxılan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddəti çərçivəsində və qanuna müvafiq cavabdehliyi olan inzibati orqana qarşı verilməli, hüquq və azadlıqların pozulması (sübutlarını da əlavə etməklə) əsaslandırılmalıdır ki, həmin iddianın məhkəmə icraatında baxılması mümkün olsun. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Qeyd edilən normalara əsasən işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Yəni, inzibati orqan qanunla üzərinə düşən vəzifəni pozan qanunsuz hərəkət etməklə və ya vəzifəsini icra etməkdən yayınmaqla-bilavasitə hərəkətsizlik etməklə iradəsini ifadə etmiş olmalı, eyni zamanda belə iradə ifadəsinin məhz iddiaçının hüquqlarına toxunması sonuncu tərəfindən əsaslandırılmalıdır. İddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı Bakı şəhəri, Yasamal Rayonu, İnşaatçılar prospekti, ev 33 ünvanında çoxmənzilli yaşayış binası kompleksi inşa etmişdir. Sonradan binanın ünvan rekviziti dəyişmiş və Bakı şəhəri, Yasamal Rayonu, İnşaatçılar prospekti, giriş 115, 117, 119, 121, 123 kimi müəyyən edilmişdir. Lakin, həmin binada mənzil mülkiyyətçisi olan şəxslərin çıxarışlarında cavabdeh tərəfindən təzə ünvan rekviziti ilə yanaşı köhnə ünvan rekviziti də saxlanmışdır. Mənzillərin köhnə ünvan rekviziti isə həmin bina ilə qonşu olan digər binada yerləşən məznillərin ünvanları ilə üst-üstə düşdüyü üçün sakinlər üçün müəyyən problemlərin meydana çıxmasına səbəb olur. Bu səbəbdən iddiaçı yaşayış binasının daşınmaz əmlakın dövlət reyestrində köhnə ünvan qeyd yazısının silinməsini xahiş edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə X2 Sistemində yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir (12.1.). Dövlət reyestrindən elektron çıxarışın məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (12.2.). Çıxarışda göstərilən məlumatlar X2 Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Çıxarışda göstərilən məlumatların X2 Sistemi üzərindən təqdim edilməsi çıxarışın təqdim edilməsinə bərabər tutulur (12.3.). Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli, 27 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”na əsasən çoxmənzilli binaların, qeyriyaşayış binalarının, onların tərkib hissələrinin və fərdi yaşayış evlərinin girişlərinə ünvan verilir. Hər bir girişə nəqliyyat infrastrukturu obyektinin başlanğıcından sağdakılara cüt, soldakılara tək olmaqla ünvan nömrəsi verilir. Nəqliyyat infrastrukturu obyektinə çıxışı olan torpaq sahələrinə və onlar üzərindəki qurğulara ünvan verilir (3.9.). Çoxmənzilli binaların hər bir mənzilinə, tərkibindəki qeyri-yaşayış sahələrinə və qeyri-yaşayış binalarının hər bir tərkib hissəsinə ünvan nömrəsi verilir. Çoxmənzilli binaların hər bir mənzilinə, tərkibindəki qeyri-yaşayış sahələrinə və qeyri-yaşayış binalarının hər bir tərkib hissəsinə ünvan nömrəsi verilərkən mərtəbəlilik nəzərə alınır. Bu zaman nömrələmə giriş qapısının yerləşdiyi mərtəbədən başlanır. Çoxmənzilli binaların hər bir mənzilinin, tərkibindəki qeyriyaşayış sahələrinin və qeyri-yaşayış obyektinin tərkib hissəsinin ünvan nömrəsi binanın və ya qeyri-yaşayış obyektinin girişinin, həmin mərtəbənin və mənzilin, qeyri-yaşayış sahəsinin və ya qeyri-yaşayış obyektinin tərkib hissəsinin nömrəsindən ibarət olur. Çoxmənzilli binanın girişlərinə və çoxmənzilli binanın tərkib hissəsi olan mənzillərə (qeyri-yaşayış sahələrinə) ünvanların təyin edilməsi, müvafiq olaraq, tikintisinə icazə alınmış, lakin tikintisi başa çatmamış binanın sifarişçisinin və ya çoxmənzilli binanın mülkiyyətçisinin və ya onun səlahiyyətli nümayəndəsinin müraciəti əsasında Dövlət Xidməti tərəfindən, hər bir mənzilin nömrələnməsi (qapı nömrəsinin quraşdırılması) isə bina inşa edildikdən sonra binanın sifarişçisi və ya mülkiyyətçisi tərəfindən təmin edilir (3.11.). Yuxarıda qeyd edilən normaların məzmunundan görünür ki, çoxmənzilli binalara ünvan verilərkən yalnız binanın yerləşdiyi rayon (şəhər), həmçinin şəhər rayonu və küçə ilə yanaşı binanın giriş nömrələri təyin edilir. Lakin, bu yalnız ünvanın bir hissəsi hesab edilməlidir. Çünki, çoxmənzillə yaşayış binaları mənzillərdən ibarət olmaqla, hər bir mənzilə konkret ünvan təyin edilir. Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışlar əsasında hər bir mənzil üzərində mülkiyyət hüquqları müəyyən edilir və çıxarışda mənzilin ünvanı öz əksini tapır. Belə olan halda verilən tam ünvan yalnız fərdi qaydada hər bir mənzilə aid olduğu üçün pyaşayış binasının ümumi ünvan rekvizitinin dəyişməsi hərbir mənzilin ünvanının avtomatik dəyişməsinə səbəb olmayacaqdır. Yəni, hər bir halda mənzil mülkiyyətçiləri fərdi qaydad aenvanlarının dəyişməsi üçün cavabdehə müraciət etməlidirlər. Azərbaycan Respublikasının Mənzil məcəlləsinə (bundan sonra – Mənzil Məcəlləsi) əsasən yaşayış sahələrinə olan ehtiyacın ödənilməsi üçün üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə müvafiq binaların tikintisi və (və ya) yenidənqurulması, habelə müəyyən dövr ərzində kooperativ binada yaşayış və qeyri-yaşayış sahələrinin bu Məcəllənin 141-1-ci maddəsinə uyğun olaraq idarə edilməsi məqsədi ilə fiziki və (və ya) hüquqi şəxslərin üzvlüyə əsaslanan könüllü birliyi mənzil-tikinti kooperativləri hesab edilir (109.1.). Mənzil-tikinti kooperativi üzvləri öz vəsaitləri hesabına çoxmənzilli binanın tikilməsində, yenidən qurulmasında və onun sonrakı saxlanmasında iştirak edirlər (109.2.). Mənzil-tikinti kooperativləri istehlak kooperativləridir (109.3.). Mənzil-tikinti kooperativləri kooperativ binanın tikilməsi və (və ya) yenidən qurulması, həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin öz üzvləri arasında tam bölüşdürülməsi, üzvlərinin pay haqlarını tam həcmdə ödəmələri üçün tələb olunan müddətə yaradılırlar (109.4.). Kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir (109.5.). Qeyd edilən hüquq normalarının məzmunudan göründüyü kimi mənzil tikinti kooperativləri (bundan sonra - MTK) binanın tikilməsi və (və ya) yenidən qurulması, həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin öz üzvləri arasında tam bölüşdürülməsi, üzvlərinin pay haqlarını tam həcmdə ödəmələrinin təmin edilməsi məqsədilə yaradılırlar. MTK-ların inşa edilmiş yaşayış binaları üzərində mülkiyyət hüququ mövcud deyildir. Belə olan halda MTK-lar yaşayış binasına münasibətdə mülkiyyətçiyə xas olan hüquqları həyata keçirə bilməzlər. Hazırkı işə gəldikdə isə qeyd edilməlidir ki, iddiaçı həmin yaşayış binasının mülkiyyətçisi olmamaqla binaya təyin edilmiş (dolayısı ilə hər bir mənzilə verilmiş) ünvan rekvizitində dəyişlik edilməsini tələb etməkdə subyektiv hüquqa malik deyildir. Belə ki, yaşayış binasındakı mənzillərin mülkiyyətçiləri hər biri fərdi qaydada öz ünvan rekvizitinə düzəliş edilməsi üçün cavabdehə müraciət edə, imtina cavabı aldıqda isə məhkəmədə iddia qaldıra bilər. İddiaçının isə mənzil mülkiyyətçilərinin adından çıxış edərək onlara aid ünvanda dəyişiklik edilməsini tələb etməkdə subyektiv hüququ yoxdur. Məhkəmə qeyd edir ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı MTK-nın cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çoxmərtəbəli yaşayış binasının daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydinin silinməsi və yeni qaydalarla verilən ünvanın saxlanması” barədə iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada elan olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №e-2-1(112)-6679/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-6679/2025
25.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver