Məhkəmə qərarları › İş №e-2-1(112)-6681/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-6681/2025

15.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-6681/2025 15.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəməyə müraciət edərək, Bakı şəhəri XDS İK-nin xx.xx.1990-cı il tarixli 1/23 saylı qərarı (6 saylı orderlə) ilə 153 saylı X5 ərazisindən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 931 saylı 0,12 ha torpaq sahəsinə mülkiyyət hüququnun X10 məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edilmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 931 saylı 0,12 ha torpaq sahəsi mərhum atası X2 miras qalmışdır. Bağ sahəsi atasına Bakı şəhəri XDS İK-nin xx.xx.1990-cı il tarixli 1/23 saylı qərarı ilə 153 saylı X5 ərazisindən verilmişdir. Hazırda həmin torpaq sahəsindən istifadə edir. Lakin, torpaq sahəsini bu günədək mülkiyyət hüququ üzrə öz adına sənədləşdirməmişdir. Bu məqsədlə ərizə ilə cavabdehə müraciət etmişdir. Müraciəti ilə bağlı cavabdeh ona xx.xx.2024-cü il tarixdə cavab vermişdir ki, “Müraciətinizlə əlaqədar bildiririk ki, İdarənin mütəxəssisləri tərəfindən texniki baxış və çöl-ölçmə işləri aparılan zaman müvafiq torpaq sahəsinin digər fiziki şəxslər tərəfindən hasarlanmış ərazidə yerləşdiyi məlum olmuşdur. Bundan başqa, təqdim edilmiş orderin arxiv nüsxəsi idarənin arxivində aşkar edilməmişdir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.” O cavabdehin qeydiyyatdan imtina cavabını əsassız hesab edir. Belə ki, torpaq sahəsi onun tərəfindən hasara alınıb və istifadə olunur. Bağa dair heç kəsin iddiası da yoxdur. Bundan başqa isə, onda bağ sahəsinə dair orderin bir nüsxəsi və bağ sahəsinin atasını adına ayrılmasına dair arxiv arayışı da vardır. Orderin digər nüsxəsinin cavabdehdə olmaması bağa dair hüquqların dövlət qeydiyyatından imtina üçün əsas sayıla bilməz.

3. Cavabdehin iddiaçıya olan imtina məktubunda qeyd edilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən texniki baxış və çöl-ölçmə işləri aparılan zaman müvafiq torpaq sahəsinin digər fiziki şəxslər tərəfindən hasarlanmış ərazidə yerləşdiyi məlum olmuşdur. Bundan başqa, təqdim edilmiş orderin arxiv nüsxəsi idarənin arxivində aşkar edilməmişdir.

4. Cavabdehin iddiaya dair yazılı etirazı onunla əsaslandırılmışdır ki, idarənin mütəxəssisləri tərəfindən texniki baxış və çöl-ölçmə işləri aparılan zaman müvafiq torpaq sahəsinin digər fiziki şəxslər tərəfindən hasarlanmış ərazidə yerləşdiyi məlum olmuşdur. Bundan başqa, təqdim edilmiş orderin arxiv nüsxəsi idarənin arxivində aşkar edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul etməyinizi xahiş etmişdir.

5. İddiaçı tərəfindən təqdim edilmiş Bakı şəhəri İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 1/23 nömrəli sərəncamına 1 saylı əlavəsində yer almış Ləhiş 153 nömrəli bağ-tikinti kooperativi üzvlərinin siyahısında X12 (Tariq Əhmədoviç) adı yer almışdır.

6. Ləhiş 153 nömrəli bağ-tikinti kooperativi tərəfindən verilmiş xx.xx.1990-cı il tarixli 6 nömrəli orderdə qeyd edilmişdir ki, Ləhiş bağ sahəsində yerləşən 931 saylı 0,12 ha torpaq sahəsi X11 (Tariq Əhmədoviç) ayrılmışdır.

7. 117438 nömrəli doğum haqqında şəhadətnamədən qeyd edilmişdir ki, İddiaçı atası X12 anası isə Axundova (Abdulova) Suraya Hüseynovnadır.

8. AZ-İ seriyalı 124533 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X13 xx.xx.2005ci il tarixdə vəfat etmişdir.

9. Ədliyyə Nazirliyi ünvan ünvanladığı xx.xx.2024-cü il tarixli X-460 nömrəli məktubunda qeyd edilmişdir ki, X4 Bakı şəhəri 36 saylı notariat ofisinə müraciət edərək xx.xx.1924-cü ildə doğulmuş, xx.xx.2005-ci il tarixdə vəfat etmiş atası X3mış miras əmlaka (Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi ünvanında yerləşən, ümumi sahəsi 0.12 ha olan 931 saylı bağ) dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir.

10. Cavabdehin daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) aktında qeyd edilmişdir ki, Ləhiş bağ massivi 931 saylı bağın ölçüsü hüquqmüəyyənedici sənəd üzrə 0,12 ha, faktiki olaraq 0,12 ha təşkil edir. Bağ sahəsinin sərhədləri iki tərəfdən şərtidir, şimal-şərq tərəfdən qonşu hasarla ayrılıb, cənub qərb tərəfdən isə digər fiziki şəxslər tərəfindən 2 sıra mişar daşı ilə hörülüb. Tikili yoxdur.

11. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.

12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

İİ. İddianın növü və mümkünlüyü

13. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

14. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.

15. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

16. İddia mümkündür.

İİ. Məhkəmənin mövqeyi

17. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 1/23 nömrəli qərarın 1 saylı əlavəsinə əsasən Ləhiş 153 nömrəli bağ-tikinti kooperativi üzvlərinin siyahısında X9 adı yer almışdır. Ləhiş 153 nömrəli bağtikinti kooperativi tərəfindən verilmiş xx.xx.1990-cı il tarixli 6 nömrəli orderə əsasən Ləhiş bağ sahəsində yerləşən 931 saylı 0,12 ha torpaq sahəsi X10 ayrılmışdır. X13 xx.xx.2005ci il tarixdə vəfat etmişdir. Notariat ofisi tərəfindən cavabdehə məktub ünvanlanaraq sözügedən əmlaka dair ölmüş şəxsin adına hüquqmüəyyənedici sənəd verilməsi xahiş edilmişdir.

18. Vərəsəlik dedikdə, ölümündən sonra fiziki şəxsin başqa şəxslərə verilə bilən hüqqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) digər şəxslərə keçməsi başa düşülür. Şəxsin ölümü əmlak və bəzi qeyri-əmlak hüquqlarının və vəzifələrinin xitamına səbəb olmur, əksinə onlar vərəsəlik hüquq normalarrrında göstərilən qaydada başqa şəxslərə keçir.

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1133.1. Şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsində qeyd olunmuşdur: “Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir”.

21. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:

22. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

23. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

24. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir.

25. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

26. Azərbaycan Respublikası Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

28. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

29. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

30. Cavabdehin imtina və etirazında göstərdiyi əsas dəlili ondan ibarətdir ki, idarənin mütəxəssisləri tərəfindən texniki baxış və çöl-ölçmə işləri aparılan zaman müvafiq torpaq sahəsinin digər fiziki şəxslər tərəfindən hasarlanmış ərazidə yerləşdiyi məlum olmuşdur. Bundan başqa, təqdim edilmiş orderin arxiv nüsxəsi idarənin arxivində aşkar edilməmişdir.

31. Məhkəmə öz hüquqi mövqeyini bildirərək qeyd etməyi zəruri hesab edir ki, mövcud qanunvericilik daşınmaz əmlaka dair hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir (Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8-ci maddəsi). Hazırkı işin halları üzrə mərhum X1 müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun məxsus olmasına dair arayışın verilməsindən imtina edilməsinə qanuni əsaslar mövcud deyildir.

32. Belə ki, məhkəmə cavabdehin orderin idarənin arxivində aşkar edilməməsi dəlilinə münasibətdə qeyd edir ki, orderin arxivdə olmaması iddiaçının məsuliyyət dairəsi ilə əhatə olunmur və bu hal bağ sahəsinə hüquqların qeydiyyata alınmamasına əsas vermir.

33. Bakı şəhər X8 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 1/23 nömrəli qərarına və 153 nömrəli bağ-tikinti kooperativinin 6 nömrəli orderinə əsasən mərhum X10 931 nömrəli 0,12 ha bağ sahəsi ayrılmışdır. (sənədlərin əslinə məhkəmə iclasında baxış keçirildi)

34. Bununla yanaşı qeyd edilməlidir ki, məhkəmə sorğusu nəticəsində əldə olunan bağ sahələrinin sxematik xəritəsinin və qonşuluqda yerləşən bağ sahələrinin ortofotosunun qarşılaşdırılması zamanı iddiaçının faktiki istifadəsində olan bağ sahəsinin “931” saylı bağ sahəsinə uyğunluğu müəyyən olunur.

35. Məhkəmə cavabdehin torpaq sahəsinin iddiaçının istifadəsində olmaması dəlilinə münasibətdə qeyd edir ki, xx.xx.2024-cü il tarixli müəyinə aktından bəlli olur ki, etirazda və müayinə aktında göstərilən əsaslar qonşu bağda yaşayan naməlum vətəndaş tərəfindən bildirilən məlumatlar əsasındadır. İddiaçının nümayəndəsi isə məhkəmə iclasında (xx.xx.2025-ci il tarixli) bildirdi ki, torpaq sahəsi hasar daxilində olmaqla iddiaçının istifadəsindədir.

36. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;

37. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuni hesab edilə bilməz və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

38. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

39. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

40. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

41. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsində ümumi sahəsi 0,12 ha olan 931 saylı bağ sahəsinə dair mülkiyyət hüququnun mərhum X10 məxsus olması barədə arayışın İddiaçı verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar