Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-6715/2022 01.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakları ilə, iddiaçı-İddiaçı cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra mətndə DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək kitabçasına əsasən iş stajının, həmçinin “Buta” kooperativində və "xxxx" firmasında işlədiyi iş stajının sosial sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsinə (tələbin dəqiqləşdirilməsi) dair ərizə təqdim edərək, İddiaçı 65 yaşının tamam olduğu 02.12.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, qanunvericiliklə nəzərdə tutulmuş pensiya yaşına çatdığından, yəni 65 yaşı tamam olduğundan yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 3 saylı Bakı “DOST” Mərkəzinə müraciət etmişdir. Təqdim etdiyi sənədlər, əmək kitabçası və digər zəruri sənədlər üzrə müraciətinə aidiyyatı üzrə Mərkəzi Filialda baxılmış və yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması barədə qərar qəbul edilmişdir. Ünvanladıqları 09 fevral 2022-ci il tarixli, **********0 nömrəli imtina məktublarında göstərmişlər ki, təqdim etdiyi sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən 06.05.1975-ci il tarixindən 24.05.1977-ci il tarixinədək hərbi xidmət müddəti, eyni zamanda əmək kitabçasının surətində qeyd edilən digər dövrlər nəzərə alınmaqla sığorta stajı 21 il 2 ay 15 gün olmaqla qanunvericiliklə tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda 01.01.2006-cı il tarixinədək sığorta stajına (19 il 2 ay 15 gün) uyğun pensiya kapitalı 14.638,09 manat, 01.02.2019-cu il tarixindən 01.07.2021-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 1.632,25 manat olmaqla, ümumilikdə 16.270,34 manat təşkil edir ki, bu məbləğ pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 28.800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Fondun Sosial Ödənişlərin Təyinatı üzrə X1 və araşdırma şöbəsinin xidməti məruzəsinə əsasən əmək kitabçasının surətində qeyd edilmiş 02.01.1995-ci il tarixindən 01.10.1996-cı il tarixinədək işlədiyi “Buta” kooperativinin arxiv sənədləri saxlanılmadığından, həmçinin 02.10.1996-cı il tarixindən 02.12.1999-cu il tarixinədək işlədiyi "xxxx" firmasına aid işə girmə əmrini təsdiq edən əmr kitabından başqa sənəd təqdim edilmədiyindən həmin dövrlər sığorta stajına əlavə edilməmişdir. Beləliklə ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Hesab edir ki, DSMF-nin yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası tamamilə əsassız və qanunsuzdur. Belə ki, əmək kitabçasından da görünür ki, o, 01.02.1974-cü il tarixdən əmək fəaliyyətinə başlamaqla müxtəlif vaxtlarda müxtəlif yerlərdə işləmişdir və ümumilikdə iş stajı 28 il 4 ay 09 gün təşkil edir. X4 imtina məktubunda qeyd etdiyi və iş stajı kimi nəzərə almadığı “Buta” kooperativində və "xxxx" firmasında işləməyi əmək kitabçasına əsasən, eyni zamanda "xxxx" firmasına aid əmək müqaviləsi və əmrin surətindən də görünür. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə etdiyi müraciətinin cavablandırılması barədə 10 dekabr 2021-ci il tarixli məktubda göstərilmişdir ki, qurumun qeydiyyat qovluğunda mövcud olan nizamnaməsinə əsasən 28.10.1988-ci ildə qeydiyyata alınmış “Buta” Kooperativi Ədliyyə Nazirliyi tərəfindən 27.09.1995-ci ildə 25801 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. “İlisi” firması 09.03.1994-cü ildə 7249 nömrə ilə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı adından DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya dair yazılı etirazda göstərilmişdir ki, İddiaçı 02.12.2021-ci il tarixdə pensiya hüququ yaranmış, 10 dekabr 2021-ci il tarixində Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filiala ona yaşa görə əmək pensiyasının təyin olunması üçün ərizə ilə müraciət etmişdir. DSMF Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsaslanaraq iddiaçının tələb olunan 25 il sosial sığorta stajına qarşı 21 il 2 ay 15 gün sosial sığorta stajına malik olduğundan, eyni zamanda tələb olunan 28.800 manat məbləğindən pensiya kapitalına qarşı 16.270,34 manat məbləğində pensiya kapitalı olduğundan imtina məktubu ilə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Cavabdeh inzibati orqan tərəfindən aparılan inzibati araşdırma zamanı iddiaçının 02.01.1995-ci il tarixdən 01.10.1996-cı il tarixədək işlədiyi “Buta” kooperativinin arxiv sənədlərinin saxlanılmadığı və 02.10.1996-cı il tarixdən 02.12.1999-cu il tarixədək işlədiyi "xxxx" firmasına aid işə daxilolma əmrindən başqa sənəd təqdim edilmədiyi müəyyənləşdirilmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin “a” bəndinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda, kooperativlərdə, əmək müqaviləsi əsasında, yaxud kolxozlarda və digər kooperativ üzvlük əsasında işləyənlər-Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sığorta haqları keçirmək şərti ilə şəxslərin əmək pensiyası almaq hüququ vardır.Maddənin məzmunundan da göründüyü kimi, şəxsin, işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt - işlədiyi həmin dövr üçün dövlət sosial sığorta haqlarının ödənilməsidir. İş materiallarına əsasən, “Buta” kooperativinin və "xxxx" firmasının sənədlərinin mühafizə olunmaq üçün arxivə təhvil verilmədiyinə görə inzibati orqan tərəfindən vətəndaşın həqiqətən də işləyib- işləmədiyini, əməkhaqqı alıb- almadığını və əməkhaqqından sosial sığorta haqlarının tutulub-tutulmaması yoxlanıla bilmədiyi üçün həmin müəssisədə 02.01.1995-ci il tarixdən 01.10.1996-cı il tarixədək və 02.10.1996-cı il tarixdən 02.12.1999-cu il tarixədək işlədiyini iddia etdiyi illər iddiaçının sosial sığorta stajına daxil edilmir. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 -ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd olunan Qanunun 7-ci maddəsindən də aydındır ki, vətəndaşa yaşa görə əmək pensiyasının təyin edilməsi o zaman mümkündür ki, qanunvericiliyin 2 tələbi qarşılansın: İddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür. Qanunvericiliyin tələbinə əsasən vətəndaş 2021-ci il üçün yaş tələbi olan 65 yaşa 02.12.2021-ci il tarixdə çatdığı üçün pensiya təyin edilməsi üçün yaş tələbini ödəmişdir. İddiaçı pensiya təyin edilməsi üçün yaş tələbini ödəsə belə, 25 illik sosial sığorta stajı tələbini ödəmədik də ona yaşa görə əmək pensiyası təyinatı aparılmır. Belə ki, iddiaçının təqdim etdiyi sənədlərə əsasən 21 il 2 ay 15 gün sosial sığorta stajı mövcuddur. Bu səbəbdən də iddiaçıya yaşa görə əmək pensiyası təyin etmək mümkün deyildir.Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması barədə qərar çıxarılması xahiş edilmişdir. İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil ayrı-ayrılıqda iddianın mahiyyəti üzrə izahat verərək məhkəmədən qeyd olunanların nəzərə alınmaqla iddianın təmin olunmasını xahiş etdilər. Cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X3 məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək və etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq iddiaçının, onun və cavabdehin nümayəndələrinin izahatlarını dinləyərək, hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: iddiaçıya məxsus 20.08.2011-ci il tarixdə Xətai RPİ tərəfindən verilmiş AZE seriyalı 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1956-cı ildə Şəki rayonu, Baqqal kəndində doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon İdarəsi tərəfindən verilmiş 04.03.2022-ci il tarixli 86 №li arayışdan görünür ki, 1956-cı il təvəllüdlü İddiaçı 06.05.1975-ci il tarixdən 24.06.1977-ci il tarixədək keçmiş SSR-i Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. İddiaçıya məxsus 05 fevral 1974-cü ildə doldurulmuş əmək kitabçasının notarial qaydada təsdiqlənmiş (tərcümə olunmuş) surətindən müəyyən olunur ki, İddiaçı 01.02.1974-cü ildə Azneftkimya Sənayesi Nazirliyi “Azneftkimyazavodtəmir” trestinin 4 nömrəli təmir-tikinti idarəsinə tikinti qrupuna 1-ci dərəcə ilə fəhlə işinə qəbul edilmişdir (Əmr №-li 12-k 30.01.1974-cü il); 01.10.1974-cü ildə 2-ci (ikinci) çilingərlik dərəcəsi verilmişdir (Əmr №-li 25.10.1974-cü il); 21.04.1975-ci ildə Sovet Ordusu sıralarına xidmətə çağırılması ilə əlaqədar işdən azad edilmişdir (Əmr № 88-k, 21.04.1975-ci il); 10.01.1978-ci ildə Hərbiləşdirilmiş Mühafizə dəsətsinə atıcı vəzifəsinə qəbul edilmişdir ( Əmr №-li 5, 09.01.1978-ci il); 31.03.1978-ci ildə vəzifəsindən azad edilmişdir (Əmr №-li 41, 03.04.1978-ci il); 07.06.1978-ci ildə “Xüsusimeliosutikinti” TQİ-yə 1-ci dərəcəli fəhlə vəzifəsinə qəbul olunmuşdur (Əmr №-li 56 k, 07.06.1978-ci il); 14.05.1979-ci ildə vəzifəsindən azad edilmişdir. - İddiaçıya məxsus ИT-İ seriyalı ******* №-li əmək kitabçasının notarial qaydada təsdiqlənmiş (tərcümə olunmuş) surətindən müəyyən olunur ki, İddiaçı 24.05.1979-cu ildə “Xüsusimeliosutikinti” TQİ-1-də 3-cü dərəcəli takelajçı işinə qəbul edilmişdir (Əmr 66 k №li, 24.05.1979-cu il); 01.07.1982-ci ildə 5-ci dərəcəli maşinist-ekskavatorçu işinə keçirilib (Əmr №-li 48-a, 01.07.1982-ci il); 01.05.1983-cü ildə “Xüsusimeliosutikinti” TQİ-1 “Aztunelxüsusitikinti” TQİ adı ilə yenidən təşkil edilib (SSRİ Su Təsərrüfatı Nazirliyinin 57 saylı 25.02.83-cü il tarixli əmri); 03.10.1983-cü ildə vəzifəsindən azad edilmişdir (Əmr №-li 106/k, 03.10.83-cü il); 07.12.1983-cü ildə “Bakıbaştikinti” İdarəsinin 8 №li NSBİ zavoda təmir qrupuna maşinist buldozerçi işinə qəbul edilmişdir (Əmr №-li 155/k, 15.12.83-cü il); 01.05.1984-cü ildə 6-cı (altıncı) dərəcə verilmişdir ( Əmr №-li 43k, 27.04.1984-cü); 31.10.1985-ci ildə vəzifəsindən azad edilmişdir (Əmr №-li 133k, 31.10.1985-ci il); 06.11.1985-ci ildə “BŞTİ” tresti TTİ-203-də 6-cı dərəcəli maşinist buldozerçi vəzifəsinə qəbul edilmişdir (Əmr №-li 146/k, 05.11.1985-ci il); 27.02.1992-ci ildə işdən azad edilmişdir (Əmr № 10 28.02.1992) 01.03.1992-ci ildə “Buta” Müstəqil Kooperativində iş icraçısı vəzifəsinə qəbul olunmuşdur (Əmr №-li 05.03.1992-ci il); 30.06.1993-cü ildə vəzifəsindən azad edilmişdir (Əmr №-li 30.06.1993-cü il); 01.07.1993-cü ildə Nərimanov rayonu Təsəsrrüfat Hesablı TTQS-də 6-cı dərəcəli elektrik qaynaqçısı vəzifəsinə qəbul olunmuşdur (Əmr №-li 18-k, 01.07.1993-cü il); 02.01.1995-ci ildə “BUTA” Kooperativinə 6cı dərəcəli elektrik qaynaqçısı vəzifəsinə qəbul edilmişdir ( Əmr №-li 01, 02.01.1995-ci il); 01.10.1996-cı ildə vəzifəsindən azad edilmişdir (Əmr №-li 21, 01.10.1996-cı il); 02.10.1996-cı ildə "xxxx" firması ilə əmək müqaviləsinə əsasən işə qəbul edilmişdir; 02.12.1999-cu ildə "xxxx" firmasında əmək müqaviləsi başa çatmasına görə işdən azad edilmişdir (Əmr №-li 02.12.1999-cu il; 14.02.2019-cu ildə "xxxx" MMC-də Xətai rayonu ərazisində təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməçkçi vəzifəsinə qəbul edilmişdir ( 14.02.2019-cu il tarixli əmək müqaviləsi); "xxxx" firması tərəfindən verilmiş 02.10.1996-cı il tarixli 20 №-li əmrin və əmək müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı 02.10.1996-cı il tarixdən "xxxx" firmasına əmək müqaviləsinə əsasən qaynaqçı vəzifəsinə qəbul edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 10.12.2021-ci il tarixli **********519300 saylı məktubda qeyd olunmuşdur ki, qurumun qeydiyyat qovluğunda mövcud olan nizamnaməsinə əsasən 28.10.1988-ci ildə qeydiyyata alınmış “Buta” Kooperativi Ədliyyə Nazirliyi tərəfindən 27.09.1995-ci ildə 25801 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Eyni zamana "xxxx" Firması 09.03.1994-cü ildə 7249 nömrə ilə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. İddiaçının hazırki tələblə bağlı müraciətinə cavab olaraq, DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən ona ünvanlanmış 09.02.2022-ci il tarixli **********0 saylı məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.Təqdim etdiyi sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrü o cümlədən, 06.05.1975-ci il tarixindən 24.05.1977-ci il tarixinədək hərbi xidmət müddəti, eyni zamanda əmək kitabçasının surətində qeyd edilən digər dövrlər nəzərə alınmaqla sığorta stajı 21 il 2 ay 15 gün olmaqla qanunvericiliklə tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda 01.01.2006-cı il tarixinədək sığorta stajı (19 il 2 ay 15 gün) uyğun pensiya kapitalı 14638,09 manat, 01.02.2019-cu il tarixindən 01.07.2021-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 1632,25 manat olmaqla, ümumilikdə 16270,34 manat təşkil edir ki, bu məbləğ pensiya yaşınızın tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 28.800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Əlavə olaraq bildiririk ki, 01.01.2022-ci il tarixindən etibarən qanunvericiliklə tələb olunan pensiya kapitalının məbləği 34.560 manat, minimum əmək pensiyasının məbləği isə 240 manat müəyyən edilmişdir.Qanunun 22-1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Belə ki, 2019-2022-ci illərdə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Həmçinin bildiririk ki, 01.01.2006-cı il tarixindən 01.07.2018-ci il tarixinədək fərdi hesabı sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Fondun Sosial Ödənişlərin Təyinatı üzrə X1 və araşdırma şöbəsinin xidməti məruzəsinə əsasən əmək kitabçasının surətində qeyd edilmiş 02.01.1995-ci il tarixindən 01.10.1996-cı il tarixinədək işlədiyi “Buta” kooperativinin arxiv sənədləri saxlanılmadığından, həmçinin 02.10.1996-cı il tarixindən 02.12.1999-cu il tarixinədək işlədiyi "xxxx" firmasına aid işə girmə əmrini təsdiq edən əmr kitabından başqa sənəd təqdim edilmədiyindən həmin dövrlər sığorta stajına əlavə edilməmişdir.Qeyd olunanlara əsasən ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İPM-nin 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə hesab edir ki, iddia həmçinin əsaslıdır və cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun deyil. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. İşin hallarına görə müvafiq dövrə münasibətdə sosial sığorta stajının mövcudluğunu cavabdeh qəbul etmədiyindən, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. İddiaçının mübahisələndirilən sığorta stajı əmək kitabçasında qeyd olunsa da həmin illərə münasibətdə cavabdeh tərəfindən nəzərə alınmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündə başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının” 3-cü bəndində aşağıdakılar nəzərdə tutulmuşdur: sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Sonuncu müddəadan göründüyü kimi, cavabdehin qəbul etdiyi normativ aktda stajın iki hissədən ibarət olduğu müəyyən edilmişdir: 01 yanvar 2006-ci il tarixinə qədər ümumi iş stajı, həmin tarixdən sonra isə - sosial sığorta stajı. “Ümumi iş stajı” anlayışı ilə bağlı 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş 23.09.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda aşağıdakılar müəyyən olunmuşdur: - 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. -....g) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoruntada və klinik ordinaturada təhsil müddəti ümumi iş stajına daxil edilir. - 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidentin mühafizə orqanlarında xidmət müddəti də daxil edilir. - 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işçinin peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş (qərar hazırda qüvvədən düşmüşdür) "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə"nin 1-ci bəndinə görə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə - Qanun) : - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Göründüyü kimi istər indiki dövr qanunvericiliyi, istərsə də həmin dövr qüvvədə olmuş qanunvericilik əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, arayışları əmək stajını təsdiq edən sənəd kimi qəbul etmişdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 21 noyabr 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə-Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür (3.1-ci bənd); Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir (3.1.1-ci bənd); Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur və “Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayış” müvafiq formada təsdiq olunur (3.1.2-ci bənd). İşin müəyyən edilmiş hallarına görə əmək kitabçasında qeyd olunmuş məlumatlar və hərbi xidmət dövrü nəzərə alınmaqla iddiaçının 01.01.2006-cı il tarixə qədər 25 ildən artıq stajı mövcuddur. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İş materialarından müəyyən olunur ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunla müəyyən olumuş yaş həddinə (65 yaş) 02.12.2021-ci il tarixdə çatmışdır. Yuxarıda sözügedən normaya əsasən iddiaçıya yaşa görə əmək pensiyası təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır – 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun (01 iyul 2017-ci ilədək olan redaksiyası) 31.1-ci maddəsinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İş materiallarından müəyyən olunur ki, inzibati orqan tərəfindən iddiaçının sığorta stajı müəyyən dövrə münasibətdə mübahisələndirilsə də, qeyd olunan dövrlə bağlı əmək kitabçasında aparılmış qeydlərin mötəbərliyinin müəyyən edilməsi üçün heç bir tədbir görülməmiş və həmin məlumatları təkzib edəcək heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Əksinə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının əmək kitabçasındakı qeydlər qanunla müəyyən olunmuş qaydada (əmək stajı haqqındaişə girdiyi gün, ay, il, işçinin peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir) aparılmış və iddiaçının işlədiyi (cavabdeh tərəfindən mübahisələndirilən dövr üzrə) müəssisə Azərbaycan Respublikasının müvafiq Qanunvericiliyinə uyğun olaraq dövlət qeydiyyatındam keçmişdir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən 5 hal kimi təsbit edilməmişdir. Bununla bağlı olaraq məhkəmə həmçinin qeyd edir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə yerləşmiş məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıxx.xx.1956-cı il təvəllüdlü İddiaçı 65 yaşının tamam olduğu 02.12.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı-xx.xx.1956-cı il təvəllüdlü İddiaçı 65 yaşının tamam olduğu 02.12.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №e-2-1(112)-6715/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-6715/2022
01.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver